Azərbaycan tənqidində nə çatışmır?

31 Baxış


sorğu 2Ədəbiyyat adamları arasında sorğu keçirilib: “Sizcə, Azərbaycan tənqidində nə çatışmır?” Senet.az Teleqraf.com tərəfindən keçirilən sorğuda səslənən fikirləri təqdim edir: 

Şəmil Sadiq 2Şəmil Sadiq: “Məncə, son dövrlər Azərbaycan ədəbi tənqidi, demək olar ki, yoxdur. Bəlkə də var, ancaq klassiklərin əsərləri üzərində – çevir tatı-vur tatı formasındadır. Düzdür, Ədəbiyyat İnstitutunda keçən il Ədəbi Tənqid Şöbəsi yaradıldı və illik ədəbi prosesin nəticələrini yenidən nəzərdən keçirməyə başladı. Lakin bu da məsələnin tam həllini ifadə edə bilmir. Çünki hələ də yaşlı tənqidçilərimiz sovet ədəbiyyatı ənənələrindən uzaqlaşa, yeni nəsil isə oxucu rəyindən başqa heç nə yaza bilmir. Ədəbi tənqid bu gün yerini ədəbi piara verib. Piar isə məlumdur ki, sırf reklam məqsədi ilə fəaliyyət göstərir. Yenə də tənqidçilər ya vəzifədə olan məmur yazıçılardan yazır, ya da öz dostlarından. İş o yerə çatıb ki, şəxsən tanımadıqları yazarın yaradıcılığı ilə bağlı ad çəkməyi belə özlərinə sığışdırmır, bunun kimisə reklam edəcəyindən qorxurlar. Təəssüf ki, baş tənqidçi rolunda çıxış eləyən professor Vaqif Yusifli də bu ampluada çıxış edir. Obyektiv olsalar, adamı narahat eləməz. Mən düşünürəm ki, biz bunu ədəbi tənqid yox, ədəbi piar adlandıraq və hər dəstənin öz piarçısı olsun. Onsuz da belədir. Özümüzü niyə aldadaq ki? Bunun bir səbəbi də müstəqil ədəbi mətbuatın olmamasıdır. Yazıçılar Birliyinin orqanları maksimum ehtiyatla davranaraq öz səhifələrində ədəbi tənqidin Axundzadənin təbirincə desək, yalnız birinci tərəfi ilə məşğuldur: təriflə! Yerdə qalan ədəbi mətbuat isə (əgər buna ədəbi mətbuat deyə biləriksə) sifarişlə işləyərək rəsmi qurumun mətbuatından heç də fərqlənmir. Mən deyə bilərəm ki, bu gün bizdə birmənalı şəkildə ədəbi tənqid yoxdur. Əlbəttə, istisnalar qaydaları pozmur. Şəxsən mən bu gün obyektiv tənqidçi tanımıram…” 

əsəd Cahangir

 

 

 

 

 

Əsəd Cahangir: “Elə tənqidçi var ki, onda heç nə çatmır, eləsi də var ki hər şey var. Belə ümumiləşdirməni düzgün saymıram”.

fərid Hüseyn

 

 

 

 

 

 

Fərid Hüseyn: “Tənqidlə bağlı problemlər göz önündədir. Məncə, bir yazıçının bütövlükdə əsərini təhlil etmək, yaxud yaradıcılığı haqqında ümumi söz demək uğurlu yol deyil. Arzu edərdim ki, tənqidi məqalələrdə tematik mövzular üstünlük təşkil etsin”. 

Cavid Zeynallı

 

 

 

Cavid Zeynallı: “Düzünü deyim, bizim tənqidin səviyyəsindən o qədər də bədgüman deyiləm. Hər halda, yaxşı əsər yazılırsa, münasibət bildirilir. Amma “dost-aşna tənqidçiləri” fikrində həqiqət payı var. Tənqidçilər daha çox oturub-durduğu, münasibəti olan qələm adamlarını diqqətdə saxlayırlar. Bu, deyingənlik deyil. Giley də deyil. Sadəcə, mənzərə bunu deməyə əsas verir. Dostu pis mətn də yazsa, onun haqqında mütləq yazı yazılır. Pis mətn haqqında yazılan yazının içində bir cümlə tənqidi fikir keçir, yerdə qalanı “qələm dostu”nun ədəbiyyat qarşısındakı tarixi xidmətlərinə həsr olunur”.

 

Sexavet_Sahil

Səxavət Sahil: “Məncə, Azərbaycan tənqidində ən çox obyektivlik çatışmır. Bizdə tənqid daha çox peşəkarlıqla deyil, həvəskar və ya şəxsi münasibət üstündə qurulur. Təbii ki, peşəkar tənqidlə məşğul olanlar var, lakin onlar ədəbi gündəmə o qədər də təsir edə bilmirlər. Gərək vəzifən və ya pulun ola ki, səni saya salıb tənqid eləsinlər. Yaxud da gərək təsadüfləri gözləyəsən. Hörmətsizlik olmasın deyə ad çəkmirəm, ciddi ədəbiyyatşünaslardan birinə kitabımı vermişdim. Bir müddət sonra görüşəndə dedi ki, oxumuşam, lazım olsa geniş danışarıq. Üstündən xeyli keçmişdi. Bir neçə yazarla həmin bu sənətkara rast gəldik, söhbət kitabdan, oxumaqdan düşəndə dedi ki, məzuniyyətdə oxumaq üçün kitablar seçmişəm, sənin də kitabın onların arasındadır, istirahətdə oxuyacam. … Bax, bizdə tənqid bu vəziyyətdədir”.


Əsəd qaraqaplan koshe 3

 

 

Əsəd Qaraqaplan: “Məncə, Azərbaycan tənqidində çatışmayan bir şey varsa, o da onun özüdür, yəni yoxluğu. Çünki indi sözdə tənqidlə məşğul olanlar özləri uğursuz yazarlardır. Bu həm də onların yoxluğu deməkdir. Ona görə də bu gün gərçək tənqidi də elə yazarların özləri edirlər. Elmlər Akademiyası və universitetlərdəki bu sahənin adamlarının ya müasir ədəbiyyatdan, ya tənqid elmindən, ya da ümumiyyətlə, heç nədən xəbərləri yoxdur. Dediyim bir-iki nəfər də mədhiyyələr yazmaqla məşğuldur. Məncə, deməyə bir söz qalmadı. Yəni Azərbaycan tənqidinin çatışmayan tərəfi elə tənqidin olmamasıdır. Ancaq bir məsələ də var: Soruşsalar ki, ümumiyyətlə, tənqidə gərək varmı? Bax, onda da demək olar ki, yox, yoxdur”.

Sayman Aruz

 

 

 

Sayman Aruz: “Deyərdim ki, istisnaları çıxmaq şərtilə həm tənqidə layiq əsər, həm də əsərə layiq tənqidçi yoxdur. Mən öz romanımın tənqidində bunun şahidi oldum. Bir nəfərdən başqa hamı romana öz mövqe və maraqlarına uyğun baxmışdı, halbuki, tənqid ərəb sözü “neqd”dən yaranmış və mənası da yaxşı və pisi ayırıb sərgiləmək anlamına gəlir. Bu zaman önəmli olan tənqidçinin yox, oxucunun mövqeyidir”.