Azərbaycanda İlk Buktreyler Festivalı

14 Baxış

buktreylerAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıt Şəhərinin Tarix Muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edərkən kinoaktyor Ruslan Sabirli tərəfindən ölkəmizdə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə Azərbaycanda İlk Buktreyler Festivalının keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, bu təşəbbüs nazir Əbülfəs Qarayevin marağına səbəb olmuş və Buktreyler Festivalının keçirilməsinə kömək məqsədilə o, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirmişdir. Nazir müşavirədə Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü bəyəndiyini bildirmiş, sözügedən festivalın cəmiyyətimizə və ölkəmizin gəncliyinə verə biləcəyi tövhələrini vurğulamışdır. Daha sonra isə kinoaktyor Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac duyulan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişdir.

Müşavirədə Festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. kimi mühüm məsələlər müzakirə olunmuşdur.

İşlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək artırılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilmişdir. Nazir Əbülfəs Qarayev bu sadalananların gənclərin festivalda iştirakını stimullaşdırması üçün mühüm şərt hesab etdiyini söyləmiş, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə lazımi təşkilati dəstək göstərəcəyini bildirərək bu məqsədlə müvafiq göstərişlər vermişdir.

Məlumat:

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

 

Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətdə təbliği;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Festivalın saytı: www.booktrailer.az

Festivalın Facebook səhifəsi: www.facebook.com/BooktrailerFest

İşlərin son qəbul tarixi: 10 Aprel, 2016

Festivalda iştirak şərtləri və buktreylərə olan tələblərlə bu linkdən tanış olmaq olar:

https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217

Yaranmış bütün suallarla bağlı aşağıdakı email vasitəsilə müraciət etmək mümkündür:

Email: festival2016@booktrailer.az