Azərbaycanlı rəssamın Özbəkistanda fərdi sərgisi- FOTO

8 Baxış

Yusif HüseynovDaşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun “За кулисами” adlı fərdi sərgisinin açılışı olub.

Sərgidə Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış mədəniyyət, incəsənət, rəssamlıq sahəsi üzrə xadimləri, rəssamla birgə çalışmış sənət adamları, diaspora fəalları, Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri iştirak ediblər.

Sərginin açılışı edildikdən sonra çıxış edən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi, azərbaycanlı Yusif Hüseynovun yaradıcılığı haqqında danışıb, azərbaycanlıların Özbəkistanın mədəni həyatında daim fəal olduqlarını qeyd edib. O, Seyid Rza Əlizadə, Sidqi Ruhulla, Maqsud Şeyxzadə, Firudin Səfərov, Yusif Hüseynovun qardaş Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin inkişafına öz töhvələrini verdiklərini vurğulayıb.

Sərgidə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan mədəniyyətinin son zamanlar Özbəkistanda təbliği, Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsinin öyrənilməsi və əbədiləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Natiq Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Daşkənddə barelyefinin və fərdi sərgisinin açılışının  bir daha Azərbaycan dövlətinin öz soydaşlarının yaradıcılığına necə diqqət və qayğı ilə yanaşdığının göstəricisi olduğunu bildirib.

Yusif Hüseynovun sənət dostları, rəssam Mirkamil Babaxanov, Vyaçeslav Axunov onun  yaratdığı əsərlər barədə danışaraq, tanınmış özbək incəsənətində xidmətlərini qeyd ediblər.

Sərgidə qeyd edilib ki, rəssam Yusif Hüseynovun öz vətəni Azərbaycana çox bağlı insan olub, 1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təəsirlənərək  “Материнство” (“Analıq”) adlı rəsm əsəri yaradıb.

Yusif Hüseynovun “За кулисами” adlı fərdi sərgisində ümumilikdə rəssamın 18 əsəri bir ay müddətində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan – Azərbaycan Dostluq  Muzeyində nümayiş olunacaqdır.  Sərgidə rəssamın bir sıra əsərləri ilk dəfə olaraq ictimaiyyətə təqdim olunacaqdır.

Sərgi ilə Daşkənddəki incəsənət sahəsində bir çox ali məktəblərin müəllim və tələbələrinin tanış olması nəzərdə tutulub.

Qeyd edək ki, tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun 70 illik yubileyi münasibəti ilə onun Daşkənddə yaşadığı binanın qarşısında xatirə löhvəsi qoyulub və rəssamın fərdi sərgisi təşkil olunub.