Azad Qaradərəli. Nobelə doğru

54 Baxış

Patrick-Modiano-Kimliyi-bəlli-olmayan-qadınlar2-655x345(Fransiz  yazıçısı Patrik Modianonun “Kimliyi bəlli olmayan qadınlar”               kitabının “Hədəf” nəşriyyatında çapdan çıxması münasibətilə)

 

İki il əvvəl Kanada hekayəçisi Alisa Monro ədəbiyyat üzrə Nobel ödülünə layiq görüləndə çoxları ağzını büzdü.  Bu çox aşağı səviyyəli yazıçıymış, əsərləri o qədər də etkiləyici deyilmiş, Nobel ödülünün verilmə mexanizmində qüsurlar varmış və sair və ilaxır…

…İllər öncə ali məktəbdə oxuyarkən biz filoloji fakültə tələbələrini  oxuduğumuz ali məktəbdə şairlərlə görüşə aparmışdılar. O görüşdən yadımda qalan Məmməd Arazın nərildəyə-nərildəyə (onda hələ iflic keçirməmişdi) oxuduğu “Nobel mükafatı” şeiri oldu. Şair iddia edirdi ki, bu mükafat bizim Bakı neftinin hesabına formalaşıb…

…Mənim xahişimlə “Yazı” dərgisi üçün A.Monronun hekayələrini çevirdilər və biz o hekayələri çap etdik. Oxuyanlar bilər, Nobelçi xanım heç də deyildiyi qədər  aşağı səviyyəli yazar deyildi. Sadəcə bu dəfə ömründə roman yazmayan birisinə – çoxlu sayda hekayə müəllifinə verilmişdi ödül…

Və həmin günlərdə məni ANS televiziyasına çağırdılar – bir hekayəçi kimi. Sual belə qoyulmuşdu ki, bəs  bizim yazarlar haçan Nobel alacaqlar. Mənim cavabım öz yerində, amma aparıcı qəribə bir ricət eləmişdi sonluqda: belə görünür ki, hələ uzun zaman Nobel mükafatı Azad Qaradərəlilərə deyil, qara dərililərə veriləcək… (Sözügedən müsahibə yotube-də var, baxmayanlar girib baxa bilərlər)

2014-cü ilin Nobel ödülünü fransız  yazar Patrik Modiano də alanda eyni bayatılar oxundu kulislərdə: hər dəfə olduğu kimi yenə bir yəhudi əsilliyə verdilər,(Modianonun kökənində yəhudi əsilliyi vardı)  bu o qədər də sanballı yazıçı deyilmiş, dünya bu yazarı yaxşı tanımır… və həkəza.

Biz “Yazı” dərgisində Modianonun bir motivli üç romanını (onun romanları kiçik həcmli olur adətən) Araz Gündüzün tərcüməsində çap etdik. Əsərə maraq o dərəcədə oldu ki, “Hədəf” nəşriyyatının təşəbbüsü ilə bu yaxınlarda ayrıca kitab şəklində nəşr olundu.

Sözügedən kitab “Kimliyi bəlli olmayan qadınlar” adlanır. Modianonun qəhrəmanlarında belə bir xüsusiyyət var zatən: sirli olarlar, onlar haqda bilgilər son anda bəlliu olar, yaxud heç bəlli olmaz. Modiano oxucuya daha çox yer saxlayır: düşüncəsinə zor etmir. Hətta o dərəcədə ki, əsərin qəhrəmanlarından biri 2-ci dünya müharibəsində həlak olmuş atası haqda həqiqətləri  uzun illər sonra birindən eşidir. Hətta onun qızına buraxdığı silahı da axırda qızının əlində açılır… müharibə bitsə də acıları bitməz… Nobel komitəsi yazıçıya zatən mükafatı elə bu bacarığına görə vermişdi: …ən təsəvvürəgəlməz insan talelərinə işıq tutan və işğal gerçəklərini üzə çıxaran xatırlama məharətinə görə”.

Yazını burda bitirir və sonda bunları da deməyi lazım bilirəm: Nobelçi yazarların hamısını həm çox yaşayan, (Kamyu xaric, o faciəli şəkiuldə həlak olmuşdu) həm də çox məhsuldar olan gördüm. Bizim kafelər küncündə küllənən, ayda-ildə gücənib bir hekayə yazanlarımız bunu qulaqlarında sırqa etməlidirlər. Yazıçı deyilən kəsin bir peşəsi var: yazmaq! Eynən Modiano kimi…

KÖŞƏ YAZARLARI
TOP 10