Azad Qaradərəli: “Şair, şeir və qırx mərasimi”

79 Baxış

1421075028azad_QaraBoyat  söhbətlər

Bir  şairin qırxına getmişdik. Fikrimiz vardı ki, həmkar borcumuzu verək, bir qədər  məclisdə  oturaq, bir az kədərlənək və qayıdıb gedək işimizin-gücümüzün dalıncan. (Belə də oxuya bilərsiniz: gedək öz növbəmizi gözləməyə.) Yasxanaya girər-girməz bir-iki şair və şairkimiylə rastlaşdıq. Şələbığın biri yeridi üstümüzə:

-Boy-boy, ə sizi xoş gördük! Ə gəlin çıxın dana!

Mən utanmağa hazırlaşırdım ki, yol yoldaşım olan şair “Boy-boy”la qucaqlaşdı. Març-murç və bizi çəkdilər mağara. Heç beş-on dəqiqə keçməmişdi, molla oxuduğu ( nə zaman oxumuşdu biləmmədik) Yasini xəym elədi və qab-qaşıq səsi mağarı götürdü. Yol yoldaşıma göz elədim ki, duraq bəlkə? O da göz basdı ki, hara duraq, bozbaş gəlir?

Beləcə, məclis ilişdi bozbaşa, nə ilişdi. Yanımda oturan cavan şair qurcuxa-qurcuxa qalmışdı, tikələr boğazından ötmürdü. Aşkar araq istəyirdi uşaq, körpə soska istəyən kimi. Əlimdə əlacım olsaydı… yox idi o əlac…

Bir partiya sədri də bizimlə üzbəüz oturmuşdu. Vaxtilə şeir yazanlardan idi. Şeirdə əli gətirmədiyindən keçmişdi siyasətə. Ağzında iri bir tikəni hərləyə-hərləyə yol yoldaşıma söz atdı:

-Şairlər indi nə işlə məşquldular? Yanı ki, şeir dövrü bitdi axı, day nə yazırsınız?

Yol yoldaşım  şair ağzındakı yağlı bir tikənin hayındaydı, elə-belə gövşəmədən udmağa risk eləmirdi. Ona görə qoyma dişiylə tikəni iki dəfə sıxçalayıb gülümsəməyə çalışdı:

-Şeir çezdi getdi o yana… Sən siyasətdən danış, nə var sizdə var!

Sədr xiyar turşusunu əngində hərləyib udqundu:

-Bizdə işlər pis getmir, büdcəyə girə bilsək, olacaq əla. Onda sizlərdən bir-ikisinə maliyyə yardım-zad da edə biərik…

-İnəklər necədir, inəklər? – yol yoldaşım soruşur və mənə göz vurur. –Bilirsən də, məllimin 20 baş malı var. Fermer-partiya sədri… Bu, Azərbaycanda bir ilkdir.

-Ə nə var, inəkdə var, şeirdə nə var, ə?! – Sədr amiranə səslə qışqırır.

Hər kəs son tikəsini tələm-tələsik basır ağzına və mollanın işarəsinə müntəzir durur. Mən  yol yoldaşım şairi üzümə tutub otraya deyirəm:

-Bəs deyirdilər bu rəhmətlik acınnan öldü. Bu boyda əti-kartofu, qəndi-çayı, xurmanı-halvanı  nə təhər aldılar, nəylə aldılar?

Partiya sədri qaş-qabağını tökür, iri gözlərini dolandırıb  ortaya deyir:

-Bizdə şairə, şeirə, sözə, sənətə həmişə hörmət olub, olajax da…

Molla süfrə duası verir və axırda xahiş edir ki, bu mərhumun özünün və əmvatının ruhuna bir salavat çevirsinlər… Sonra da fatihə verib məclis əhlini “azad” edir.  Yanımdakı cavan şair cəld yerindən qalxır və adamları itələyə-itələyə mağarı tərk edir. Mən isə mərhum şairin xalçanın üstündən boylanan yorğun-arğın  şəklinə baxa-baxa o gənc şairi düşünürəm.

…Gənci deyə bilmərəm, amma insafən ölən yaxşı şair idi.

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10