Azadlıq Doktrinası-Gumbel məsələsi ilə bağlı

36 Baxış

Albert EINSTEIN televize

Senet.az  “Mənim gözümdən dünya” layihəsi çərçivəsində Albert Eynşteynin ikinci məqaləsini təqdim edir.  Məqaləni Ramilə Bayramova dilimizə uyğunlaşdırıb. 

 

Əvvəli burada:

I Yazı

 

Çoxlu sayda akademik dərəcə var, ancaq ağlı başında və nəcib müəllimlərin sayı çox azdır. Mühazirə otaqları çoxsaylı və böyükdür, ancaq həqiqət və ədalət aclığı çəkən gənclərin sayı çox azdır. Təbiət nemətlərini ürəyiaçıqlıqla paylayır, ancaq adətən seçim azadlığı vermir. Əslində, bu hamımızın bildiyi bir şeydir, bəs onda niyə şikayət edirik? Bu həmişə belə olub və həmişə də belə olacaq, elə deyilmi? Əlbəttə ki. İnsan təbiətin verdikləri ilə kifayətlənməyi bacarmalıdır. Ancaq həm də, “zamanın ruhu” adlandırılan, müəyyən bir nəslin təfəkkür tərzini, davranışını formalaşdıran və bir insandan başqasına keçərək bütün cəmiyyətin ruhi vəziyyətini müəyyənləşdirən bir şey vardır. Zamanın ruhunu dəyişdirmək üçün hamımız öhdəmizə düşən kiçik vəzifəni yerinə gətirməliyik.

Bundan yüz il əvvəl, universitetlərimizdə gəncləri fəaliyyətə təhrik edən o ruh ilə bu günün hakim ruhunu qarşılaşdırın. O gənclər cəmiyyəti sağalda biləcəklərinə inanırdılar və hər cür səmimi baxışa hörmətlə yanaşırdılar. Tarixin ən vacib şəxslərinin uğruna yaşadığı və vuruşduğu tolerantlığa sahib idilər. O günlərdə insanlar, həmin vaxtlar Almaniya olaraq adlandırılan daha böyük bir siyasi birlik üçün mübarizə aparırdılar. Bu idealları ayaq üstdə saxlayan isə universitet tələbələri və müəllimləri idi.

Bu gün belə ictimai tərəqqiyə, tolerantlığa və düşüncə azadlığına, Avropa adlandırılan daha böyük bir siyasi birliyə tərəf yönələn bir aktivlik var. Ancaq bizim universitetlərin tələbələri, müəllimləri kimi millətin ümid və ideallarını yüksəltməkdən tamamilə əl çəkmişlər. Zəmanəmizə soyuqqanlılıqla və tərəfsiz baxan hər bir kəs buna etiraz etməlidir.

Bu gün burada özümüzü qiymətləndirmək üçün yığışmışıq. Bu görüşün zahiri səbəbi Gumbel məsələsidir. Bu ədalət həvarisi böyük bir zəhmətkeşliklə, cəsarət və nümunəvi ədalətlilik ilə cəzalandırılmamış siyasi cinayətlərlə bağlı yazılar yazaraq cəmiyyətə xidmət etmişdir. Bu gün bir çox tələbə və müəllimlərin uzaqlaşdırmağa çalışdığı şəxs məhz belə biridir.

Siyasi ehtirasın bu vəziyyətə gəlib çıxmasına icazə vermək olmaz. Əminəm ki, Herr Gumbelin kitablarını aydın ağılla oxuyan hər kəs eyni təəssüratı yaşayacaq. Əgər sağlam siyasi cəmiyyət istəyiriksə, onun kimi insanlara ehtiyacımız var. Hamı başqasının danışdıqlarına görə deyil, öz oxuduqlarına görə qərarını versin. Əgər bu reallaşarsa, Gumbel məsələsi xoş olmayan başlanğıca baxmayaraq, faydalı bir nəticəyə doğru istiqamətlənmiş olar.

 

Pis və Yaxşı

İnsan irqinin və onun həyatının ucaldılmasında ən çox əməyi olan şəxslərin ən sevilən şəxslər olmalı olduğu prinsipial olaraq həqiqətdir. Ancaq əgər kimsə onların kim olduğu barədə soruşarsa qarşıya heç də kiçik olmayan maneələr çıxar. Siyasi və hətta dini liderlərin faydadan çox ziyan verib-vermədiyi şübhəlidir. Buna görə də məncə, insanlığa edilə biləcək ən böyük xidmət onların özlərini ucaldacaq şeylərlə məşğul olmasına şərait yaratmaq və beləliklə, onlara dolayı yolla da olsa mənliklərini zənginləşdirmək imkanı verməkdir. Bu vəzifə xüsusilə incəsənət adamlarının, sonra isə elm adamlarının öhdəsinə düşür. Əlbəttə ki, insanı ucaldan və onun təbiətini zənginləşdirən şey, elmi araşdırmaların nəticələri deyil, intellektual bir əsəri yaradıcı və intuitiv bir formada anlamaq səyləridir. Məsələn, Talmudun (Tövratın təfsirini ehtiva edən külliyyat) dəyərini onun irəli sürdüyü zehni məhsullarla ölçməyə cəhd göstərmək axmaqlıqdır.

İnsanın həqiqi dəyəri, ilk növbədə öz-özündən azad olmağı nə dərəcədə və hansı mənada bacara bildiyi ilə müəyyənləşir.

 

Cəmiyyət və Şəxsiyyət

Həyatımızı və səylərimizi nəzərdən keçirdikdə, demək olar ki bütün fəaliyyət və arzularımızın başqa insanların varlığına bağlı olduğunu və təbiətimizin ictimai heyvanlarınkına bənzədiyini görürük. Başqalarının yetişdirdiyi şeyləri yeyir, başqalarının tikdiyi paltarları geyinir, başqalarının tikdiyi evlərdə yaşayırıq. Bilik və inamlarımızın böyük bir hissəsi başqalarının yaratdığı dil vasitəsilə və yenə başqaları tərəfindən bizə çatdırılmışdır. Dil olmasaydı, zehni bacarıqlarımız onurğalı heyvanlarınkı ilə eyni səviyyədə olardı. Bu mənada, qəbul etməliyik ki, heyvanlardan ən əsas üstünlüyümüzü cəmiyyətdə yaşamağımıza borcluyuq. Doğulduğu andan etibarən yalnızlığa məhkum edilmiş birisi, düşüncə və hissləri baxımından təsəvvür edə bilməyəcəyimiz qədər ibtidai olar və heyvana bənzəyər. Fərdi digər canlılardan fərqləndirən və özü olmasına şərait yaradan ən mühüm şey onun fərdiliyindən daha çox fiziki və psixi mövcudluğunu beşikdən məzara qədər istiqamətləndirən insan birliyinin bir nümayəndəsi olmasıdır.

Bir insanın cəmiyyət içərisindəki dəyəri ilk növbədə, onun düşüncə, hiss və səylərində digərlərinin mənafeyini nə dərəcədə nəzərə alması ilə ölçülür. Onun yaxşı və ya pis olması bu məsələdəki baxışı ilə əlaqəlidir. İlk nəzərdə bir insanı sadəcə onun ictimai xüsusiyyətlərinə görə qiymətləndirdiyimiz düşünülə bilər. Ancaq bu doğru deyildir. Çünki cəmiyyətdən qazandığımız hər cür fiziki, psixi və əxlaqi davranış bizə əvvəlki nəsillərdən miras qalıb. Odun kəşfi, bitkilərin becərilməsi, buxar maşının icadı və s.-hamısı fərdlər tərəfindən kəşf edilmişdir.

Yalnız fərdlər düşünmək qabiliyyətinə malikdir və yalnız onlar cəmiyyətin əxlaqi standart olaraq qəbul edəcəyi yeni dəyərlər yarada bilərlər. Necə ki, insanın şəxsiyyəti cəmiyyətdən qidalanmadan formalaşa bilməz, eləcə də, cəmiyyətin inkişafı yaradıcı, azad düşüncəli və hökmlər verən şəxsiyyətlər olmadan mümkün deyildir.

Buna görə də, sağlam cəmiyyət onu formalaşdıran fərdlərin azadlığı ilə yanaşı, onların siyasi mənadakı birliyindən asılıdır. Orta əsrlər Avropasını süquta uğradan Yunan-Avropa-Amerikan mədəniyyətinin, xüsusilə İtalyan İntibahının fərdin azadlığı və cəmiyyətdən ayrılması ilə bağlı olduğu fikri əksərən doğrudur.

İndi də, yaşamaqda olduğumuz bu dövrü qiymətləndirək. Cəmiyyətin və fərdin vəziyyəti necədir? Müasir dövrdə mədəni cəmiyyətlərin əhalisi əvvəlki dövrə nəzərən daha çoxdur: Avropanın hazırki əhalisi yüz il əvvəlkinə nisbətdə təxminən üç dəfə çoxdur. Lakin cəmiyyət içindən ayrılan dahi şəxsiyyətlərin sayı əhali sayına nisbətdə çox aşağıdır. Təşkilatlanma xüsusilə tekniki sahədə və elmdə dahi insanların yerini tutmuşdur.

İncəsənət sahəsində görkəmli şəxslərin yoxluğu xüsusilə nəzərə çarpır. Musiqi və rəsm tamamilə korlanmış və popularlığını böyük ölçüdə itirmişdir. Siyasətdəki problem isə təkcə liderlik xüsusiyyətləri olan şəxslərin yoxluğu deyil, eyni zamanda vətəndaşların ədalətə və onun azadlığına olan inamlarının mühüm dərəcədə azalmasıdır. Belə bir azadlıq anlayışını əsas götürən demokratik sistem bir çox ölkələrdə iflasa uğramış, insan ləyaqəti və fərdi hüquqlarına olan inam əvvəlki kimi güclü olmadığına görə meydana çıxan diktatorlar dözümlülüklə qarşılanmışdır. Qoyun sürüsünə bənzəyən kütlələr KİV vasitəsilə o qədər asanlıqla qızışdırıla bilər ki, iki həftə ərzində bəzi təbəqələrin bir qəpiyə dəyməz məqsədləri uğruna ölməyə və öldürməyə hazır ola bilərlər. Mənim fikrimcə, məcburi hərbi xidmət, mədəniyyətə ziyan verən və şəxsi ləyaqəti alçaldan iradəsizliyin ən utancverici əlamətlərindən biridir. Mədəniyyətin tezliklə yox olacağı ilə bağlı proqnoz verənlərin az olmamasına təəccüblənmirəm.Ancaq mən onlar kimi pessimist deyiləm, mən xoşbəxt günlərin yaxınlaşdığına inanıram. Bu inamımın səbəblərini qısa şəkildə izah etməyə icazə verin.

Mənim fikrimcə, bu günkü tənəzzülün əlamətləri sənayeləşmə və mexanikləşmənin insanın mövcudluq uğrunda mübarizəsini daha da çətinləşdirərək, fərdin azad inkişafına zərər verə biləcək həddə gəlib çatması ilə izah etmək olar. Digər tərəfdən, mexanikləşmənin inkişafı insanın cəmiyyətin ehtiyaclarını ödəmək üçün getdikcə daha az işləməsi deməkdir. Gün keçdikcə daha vacib yer tutan planlaşdırılmış əmək bölgüsü, eyni zamanda fərdin təhlükəsizliyini də təmin etməkdədir. Fərd bu təhlükəsizliyi, asudə vaxtı və enerjisini istədiyi kimi istifadə edə bilər. Bunun nəticədə cəmiyyət öz sağlamığını yenidən bərpa edə bilər. Gələcəyin tarixçilərinin bu dövrün nasaz vəziyyətini, qarşısına yüksəlmək məqsədi qoyan bəşəriyyətin həddən artıq inkişaf səbəbindən tutulduğu bir uşaq xəstəliyi olaraq izah etməsinə ümid edirik.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10