“Azdram”da eşşək dağlayırlar

196 Baxış

azdram

Dünən Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun anım günü idi. Anım mərasimindən sonra “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olundu.

 

Düzü, tamaşa Mirzə Fətəli Axundov haqqında olduğu üçün səbrsizliklə gözləyirdim. Ancaq təxmini 90 dəqiqə ərzində gördüklərim fikrimi “Bilsəm heç gəlməzdim”ə tərəf dəyişdirdi. Tamaşa Axundovun oğlu Rəşidlə yazışmalarından, Rəşidin sevgisi fonunda şərq-qərb mübarizəsindən bəhs edir.

 

Ümumilikdə, Vəfa Rzayeva oyunu ilə səhnədə illərin sənətkarlarını, hətta tozda qoyurdu, desək yanılmarıq. Rəşid obrazını canlandıran Elşən Cəbrayılov isə əsərin əvvəllərində obraza girə bilməsə də, sonradan özünü toparladı. Xalq artisti Hacı İsmayılov sadəcə yorğun görünürdü. Söhbət heç də mənəvi yorğunluqdan yox, birbaşa fiziki yorğunluqdan gedir. Hacı İsmayılov rolunun öhdəsindən pis gəlirdi, demək, insafsızlıq olardı, ancaq sanki texniki oynayırdı, illərin verdiyi ustalıqdan istifadə edib, rolu öz axarında aparırdı. Əjdər Həmidovun tamaşaya canlanma qatmaq istəyi isə ümumilikdə yersiz canfəşanlıq kimi görünürdü.

 

İşin müsbət tərəfi odur ki, aktyorlarımız pafosdan uzaqlaşa biliblər. İndi işimiz qalıb rejissorları pafosdan uzaqlaşdırmaq. Tamaşa boyu psevdo-vətənpərvərlik nümayiş olunur, şüarçılıq baş alıb gedirdi. Elə bil, teatrda tamaşaya yox, hansısa turizm sərgisində Azərbaycanın tanıtım video çarxına baxırsan.

 

Tamaşada dekor və bir neçə nüans gözəl işlənmişdi. Məsələn, Fransuanın Firəngizə çevrilməyi yaxşı tapıntı idi. Ancaq Firəngizin Fransuaya çevrilməsi əsl mütərəqqi addım olardı. Ümumilikdə, şərq-qərb mübarizəsində gözüyumulu şərqə üstünlük vermək, dayanmadan şərqi, vətəni tərifləmək heç də xoş görüntü yaratmırdı.

 

Tamaşanın kulminasiyası Axundovla bağlıdır. Bunu birdəfəlik bilmək lazımdır, Axundov ateist idi. Bunu sağa-sola çəkməyin heç bir adı yoxdur. Axundovu dinə qaytarmaq, səhnəyə çıxardıb tövbə etdirmək nəyə lazımdır? Axundovun cənazəsi üç gün yerdə qalıb. Sonra hanballar tərəfindən, pulla dəfn olunub. Ancaq Axundovun cənazəsinə yaxın getməyənlərin davamçıları, ondan bu cür qisas alırlar. Axundovun bu cür dəfn olunmağını qəbul edə bilmirlər. Onu qəbirdən götürüb səhnəyə çıxardır, axırda da ona “Kəlmeyi-Şəhadət”i dedizdirirlər. Özü də bütün bunları Axundovun banisi olduğu dünyanın – teatrın səhnəsində edirlər. Cənablar, Axundov bu xəyanəti bağışlayan deyil.

 

Bu, tamaşaçılara xoş gəlmək üçün edilirsə, Məhərrəmlik ayıdır, teatrın səhnəsində birbaşa Şəbeh tamaşası qurulsun. İnanıram ki, onda zal ağzına qədər dolar. Boş yerə götürüb Axundovun özünü niyə şəbehə çevirirsiniz ki? Ümumiyyətlə, “Teatr müqəddəs məbəddir” deyəndə – nə məscidi, nə sinaqoqu, nə də kilsəni nəzərdə tuturlar. Cənablar, siz səhv anlamısınız. Bu müqəddəsliyin, bu məbədin heç bir dini tərəfi yoxdur. Hardasa ilahi bir tərəfləri var, o da siz anladığınız formada deyil.

 

Bəlkə də, kimsə qəflətə düşüb “Bu da rejissorun öz yanaşmasıdır” deyəcək. Ancaq bilin və agah olun ki, teatrın funskiyası tamamilə fərqli bir şeydir. O, heç də cəmiyyətin maraqlarına xidmət edib, arxasınca getməli deyil. Əksinə, cəmiyyətdəki problemlərin ən ağır formada tənqid edib, yarası qaysaq bağlamasın, cəmiyyət bu yara ilə yaşamağa öyrəşməsin deyə, üstünə duz səpməlidir. Ta ki, əsl müalicəsini tapana kimi…

 

“Azdram” dili ilə desək, bir də o tərəflərə ayaq bassam on iki imam mənə qənim olsun!

 

Rövşən Danyeri

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10