“Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın illik hesabat iclası keçirildi

11 Baxış

hg

 

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) 2021-ci ilin yekunlarına dair illk hesabat iclası keçirib.

Senet.az ANAİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bütün üzvlərin iştirakı ilə baş tutan iclasın əsas mövzusu 2021-ci ildə görülmüş işlərin hesabatı, layihələrin müzakirəsi və 2022-ci il üçün ilkin fəaliyyət planının hazırlanması olub.

2021-ci ildə görülmüş işlərin hesabatını təqdim edən ANAİB sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq birliyin yeni yaranmasına baxmayaraq son bir ildə gördüyü işlərin əhəmiyyətindən danışıb, birliyin beynəlxalq sərgilər və naşirlər toplantısında, eləcə də yerli sərgilərdə – xüsusilə ANAİB-in təşkilatçılığı ilə baş tutan “I Sumqayıt Kitab Sərgisi” və “I Gəncə Kitab Sərgisi”nin – iştirakından bəhs edib. Şəmil Sadiq Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə mükafatlandırılan ANAİB üzvlərinə təbrikini çatdırıb.

Daha sonra sədr birliyin internet saytının ilkin təqdimatını edib. Üzvlərə üzvlük sertifikatı və döş nişanlarını təqdim olunub.

Sonra ANAİB-in sədr müavini Nurman Tariq 2022-ci ildə planlaşdırılan tədbirlər haqqında məlumat verib və yeni ildə də əsas işlər sırasında bölgələrdə kitabla bağlı fəaliyyətin yer alacağını bildirib.

ANAİB-in Layihələrlə iş şöbəsinin rəhbəri Rafiq İsmayılov cari ildə üzərində çalışdığı layihələrdən, ölkəmizdə layihələrin işlənib hazırlanmasının texnologiyasından, hansı növ layihələrin həyata keçirilməsinin daha aktual olmasından danışıb, nəşriyyat işində ehtiyac olan redaktə, korrektə, dizayn kimi sahələrdə seminar və mühazirələrin keçirilməsinin önəmindən bəhs edib.

hg

ANAİB-in Xarici Əlaqələr Şöbəsinin rəhbəri Hafiz Əyyubov qonşu ölkələrdə, Avropada və ərəb ölkələrində keçirilən beynəlxalq sərgi və görüşlərdə Azərbaycanın mütəşəkkil iştirakının vacibliyindən, təşkilatlanmanın perspektivlərindən, bu işdə qonşu dövlətlərin təcrübəsindən yararlanmağın zəruratindən danışıb, 2022-ci ilin birinci yarısında planlaşdırılan, Azərbaycanın iştirakının vacib olduğu beynəlxalq tədbirlər barədə məlumat verib.

ANAİB-in Nəzarət-Təftiş Komissiyasının rəhbəri Rasim Qaraca ölkədə vahid satış şəbəkəsinin qurulmasının perspektivlərindən, redaktə və korrektə işində çatışmazlıqlardan danışıb, ölkədə yeni bir ədəbi mükafata yaranmış ehtiyacdan, belə bir mükafat olarsa, təltifetmə meyarlarından bəhs edib. Beynəlxalq təşkilatlarda iştirakın önəmini vurğulayaraq özünün xarici təcrübəsini, xarici səfərlər zamanı kimlərlə görüşə biləcəklərini iştirakçıların nəzərinə çatdırıb.

“Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz beynəlxalq təşkilatlarda Azərbaycan kitablarının təqdimatının lazım olduğunu bildirib, nəşriyyat işiylə bağlı onlayn seminarların keçirilməsi təcrübəsindən danışıb. ANAİB daxilində Uşaq nəşriyyatları şöbəsinin yaradılmasını, hər ilin 2 aprelində uşaq kitabları sərgisinin keçirilməsini təklif edib.

hg

Qeyd edək ki, dekabrın 24-də Mədəniyyət Nazirliyi bir sıra naşir və mədəniyyət xadimini “Nizami Gəncəvinin 880 illiyi” döş nişanı ilə mükafatlandırıb.

Mükafata layiq görülən ANAİB üzvləri aşağıdakılardır:

1. Şəmil Sadiq (“Hədəf Qrup”un baş direktoru);
2. Rafiq İsmayılov (“Altun Kitab” nəşriyyatının direktoru);
3. Rasim Qaraca (“Alatoran Yayınları”nın direktoru);
4. Nurman Tariq (“Parlaq İmzalar” nəşriyyatının direktoru);
5. Fatimə Alxaz (“Ağıllı Bala” nəşriyyatının direktoru);
6. Şöhlət İxtiyaroğlu (“Qədim Qala” nəşriyyatının direktoru);
7. Tural Axundov (“Təhsil” nəşriyyatının direktoru);
8. Veysəl Məmmədov (“Libra Kitab” nəşriyyatının direktoru);
9. Bəhram Oruclu (“Çinar Yayınları”nın direktoru).

Bölmə : Xəbər