Bədii kitab çap edən nəşriyyatlar kommersiya baxımından uduzmuş olur

150 Baxış

xanSenet.az “Hədəf” Nəşrlərinin direktoru, yazıçı Müşfiq XANın “Aydın Yol” qəzetinə verdiyi müsahibəni təqdim edir: 

 

– Hazırda Azərbaycandakı nəşriyyat sisteminin işini necə dəyərləndirirsiniz?

– Ümumi mənzərə qənaətbəxş deyil. Bir neçə il əvvəl – biz yeni fəaliyyətə başlayanda rəsmi dövlət qeydiyyatından keçən 200-dən çox nəşriyyat adının yer aldığı siyahıyla tanış olmuşdum. Nəzərə alsaq ki, son 5-6 ildə nəşriyyatların yaranması prosesi daha da sürətlənib, bu rəqəm indi bəlkə də 400-ə çatıb. Əlbəttə, balaca bir ölkə üçün bu qədər nəşriyyat fantastik göstəricidir. Ümumiyyətlə, biz bolluğu sevən insanlarıq. Hansısa işin, məhsulun keyfiyyəti bizimçün üçüncü, bəlkə də dördüncü dərəcəli qayğıdır. Çox olsun, ucuz olsun – bu bizi istisnasız qane edir, əksər hallarda hətta razı da salır. Dediyim nəşriyyatların 80 faizi bu gün faktiki olaraq fəaliyyət göstərmir. Bildiyiniz – adı və qeydiyyatı var, vəssalam. Təxminən 15 faiz nəşriyyatlar isə nəyə görə mövcud olduqlarını çox təəssüf olsun ki, özləri də bilmir. Yerdə nə qaldı? 5 faiz də, hə? Bu da təxminən 20-ə yaxın nəşriyyat deməkdir. Sərgilərdə də, kitab yarmarkalarında da, tədbirlər də az-çox adlarını eşitdiyimiz, kitablarını, yeniliklərini gördüklərimiz də bunlardır.

– Sovet dövrüylə müqayisədə hansı üstünlüklər və naqisliklər var?

– Senzura yoxdur. Azad bazarın formalaşması çağdaş ədəbiyyatın xeyrinədir. Yəni dünya təcrübəsində bu belədir. Uzağa getməyək Türkiyəyə baxsaq, bunun şahidi olarıq – ixtisaslaşmalar var, uşaq ədəbiyyatını, dərsliyi, klassik ədəbiyyatı, texniki ədəbiyyatı, incəsənətlə bağlı kitabları, proqramlaşdırma kitablarını, tibbi dərslikləri, tarixi romanları və sairi və ilaxırı çap edən bəlli yayın evlərinə sahibdirlər. Bizdə isə belə deyil. Razıyam, böyük nəşriyyatların işləri çoxsahəli ola bilər. Bu tamam başqa bir məsələdir. Amma hansısa istiqamətdə özünü doğrulda bilməyən nəşriyyatın bir layihəni yarımçıq qoyub başqasına keçməsi, sonra üçüncü, dördüncü, beşinci kateqoriyalı nəşrlərə rəm atması naşı Azərbaycan oxucusuna nə verə bilər ki? Baxın, Zahir Əzəmət kimi kitabın cikinə-bikinə bələd olan insanın təsis etdiyi “Zero” adlı nəşriyyat layihəsi olan “Cib kitabları” seriyası ilə həm Borxesi, həm Şərif Ağayarı, yaxud da Azad Qaradərəlini çap etməsi hansı naşir məntiqinə sığır? Absurdluğun dibidir. Olmazdımı ki, nəşriyyatlarımızın işinə qatqıda bulunmaqçün, məsələn, “Altun Kitab”da Rafiq İsmayılov kimi fəaliyyətə bəlli bir tərəfdən – uşaq ədəbiyyatından, yaxud “Hədəf Nəşrləri”ndə Şəmil Sadiq kimi dərsliklərdən, lap elə “Qanun”da Şahbaz Xuduoğlu kimi sistemli seçilmiş bədii kitablardan başlayıb, fəaliyyəti sonra genişləndirsinlər? Axı bu boyda həngəmayə nə ehtiyac var idi? Həftəyə bir roman yazdırıb, çap edəcəyinə, qonorar ödəyəcəyinə vəd vermək bizim nəşriyyatlar üçün, bugünkü kitab bazarımız üçün xəyalpərəstlikdən başqa bir şey deyil.

Və bir də ki, Sovet vaxtında dövlət vəsaiti hesabına tirajlanan, məcburi nüsxə hesabına bütün respublika ərazisinə yayılan imzaları, bu gün özəl nəşriyyatlar eyni şövqlə, buna yaxın tirajla çap edə bilmirlər.

 

– Ümumiyyətlə necə düşünürsünüz, nəşriyyat təklif və tələb balansını necə qorumalıdır? Yəni həm kommersiya tərəfdən uduzmasın, həm də qonorarla kitab çap etdirə bilsin?

– Oxuma-yazma qabiliyyəti olan əhalinin Ermənistanda 47, Gürcüstanda 39, bizim ölkədə isə 11 faizi kitab oxuyur. İllərdir eyni halın şahidiyəm – bizim ölkədə kitab ən az populyar sahədi. Ümumiyyətlə bizim xalq üçün “kitab” və “populyar” sözləri antonim kimi bir şeydi. Bura Türkiyə deyil ki, Ayşe Kulinin “Umut” romanının 350 minlik birinci nəşri üç həftəyə satılıb, anbarda bitsin. Bizim nəşriyyatların belə bir satış rekorduna “umutu-falan”ı yoxdur. Təsəvvür edin ki, “ALFA” yayın evində naşir dostumuz bu statistikanı kompüterində mənə göstərəndə dəhşətə gəldim, üzüldüm, utandım. Özüm də roman yazıb, çap etdirdiyimə görə xəcalət çəkdim. “İstanbul” 33-cü kitab fuarından Azərbaycana qayıdandan sonra bizim yazarlarımızın tirajlarına baxıb, təzədən özümə gəldim. Zor oldu, günlərimi aldı.

Sizin soruşduğunuz istehsal-istehlak balansı bədii ədəbiyyat sahəsində hardasa, sıfra yaxındır. Metodik nəşrlərin alıcıları isə məcburiyyət səbəbi ilə həmin kitabları alırlar. Məsələn, ali məktəbə hazırlaşırsansa, bəlli fənlərdən kitabları, test toplularını əldə etməlisən. Bu məsələnin başadüşülən və qəbul edilən tərəfidir. Təxminən belə də olmalıdır. Amma bədii kitabın bazarı tamamilə baş-ayaqdır. Bu gün bədii kitab çap edən istənilən yerli nəşriyyatımız kommersiya tərəfdən birmənalı olaraq uduzmuş durumdadır. Biz üç ildir bədii kitab çap edirik. Hansısa kitabın nəşrindən karlı sıyrılmaq kimi bir lüksümüz olmayıb. Hamısı maddi ziyan vurub. İk il müddətində İsa Muğannanın “İdeal” romanından cəmi 350 ədəd satılıb. Bu acınacaqlı bir statistikadır.

 

– Bu gün Azərbaycanda nəşr olunan kitablar dünya standartlarına cavab verə bilirmi?

– Nəşriyyatlarımız bu baxımdan ayaqlaşır, pis deyil. Yeni çap texnologiyalarını tətbiq etməyə çalışırlar, biz də çalışırıq. Əlbəttə, hər kəs kitabı ucuz çap etmək istəyir, almaq istəyir. Məsələ də elə burda qəlizləşir. Bizdə nəşriyyatlar çox olsa da, mətbəələr, yaxşı çap maşınları barmaqla sayılası qədər azdır. Təbii ki, “zirzəmi” mətbəələri həvəskar çap maşınları ilə, adətən “Riso”qrafla nəbzi tutmağa maneə yaradır. Əksər hallarda pirat kitabların dövriyyəyə girməsi müəlliflərin “ac qalmasına” səbəb olur. Bu birmənalıdır – Türkiyənin özündə korsan kitablar hər il orijinallardan 7-8 dəfə artıq satılır. Amma baxın, biologiyada təkamülün mürəkkəbdən sadəyə doğru gedən – degenerasiya deyilən forması var. Pirat kitablar və “yeraltı” nəşriyyat-mətbəələr də, işini düzgün quran, həm oxucusunu, həm yazarını, həm də öz loqosunun çəkisini qoruyan nəşriyyatlar üçün belə təkamülə zəmin yaradır. Qısası, belə nəşriyyatlar işi yoxuşa sürdükcə, professional nəşriyyatlar istər çapda, istət dizayn və tərtibatda daha sadə, amma bununla yanaşı yeni təkmil üsullara əl atır. Məsələn, biz ilk dəfə olaraq bədii kitablarda oxucunun estetik zövqünü oxşamaq üçün seçmə lakdan istifadə etdik. Bizdən sonra bir çox nəşriyyatlar da bunu tətbiq etdi.

 

– Nəşriyyatınız beynəlxalq kitab yarmarkaları və sərgilərdə iştirak edirmi?

– İştirak edirik, bəli. Təbii ki, öz hesabımıza olduğuna görə hamısına qatıla bilmirik. Məsələn, bu ilin sentyabr ayında Moskvada təşkil olunan beynəlxalq kitab sərgisində iştirak edə bilmədik. Pulumuz olmadı. Amma dostlarımızın da dəstəyi ilə ötən il İstanbulda və Londonda, bu il isə Türkmənistanda və Frankfurtda keçirilən sərgilərə qatılmışıq. Ümumiyyətlə, nəşriyyatların dünya kitab bazarından xəbərdar olması üçün bu sərgilərdə iştirak etmək olduqca əhəmiyyətlidir.

 

– Bizdə kitab bazarı öyrənilirmi?

– Kitab bazarını öyrənən naşirlər çox azdı. Adına “öyrənmək” deməyək, daha bizim oxuculardan baş açmağa çalışırlar. Qələndər demişkən, biri elə mən özüm. Oxucumuz nə istəyir? Ümumiyyətlə istəyirmi? Baxın, bu gün, ədəbiyyatın, kitabın, ədəbiyyat və sənət dərgilərinin, saytlarının az-maz dirçəldiyi bir dövrdə belə, bu sualın cavabı konkret olaraq “yox”dur. Yəni istəmir. Valideyn məktəbli oğlunun, yaxud da qızının əlindən tutub dəfələrlə “Mc Donald`s”a, “KFC”-yə, “Böyük Fırat”lara aparmağa həvəslidi, canfəşanlıq edir, əldən-ayaqdan gedir. Sükan arxasında “mənim balam kimin uşağından əskikdir” prinsipləri dayanır. Qonşumuz ilə müqayisə edirik, amma nümunə olacaq nümunələrlə müqayisə edə bilmirik, özümüzü. Bəla da burasındadır. Əlbəttə, başa düşürəm, həmin o “fast-food”lara da getmək lazımdı. Amma həmin yerlərə dönə-dönə təşrif buyuran ədəbaz valideynciklər uşağının əlindən tutub bircə dəfə olsun kitab sərgisinə gətirmir. Xaricə getməyə ehtiyac yoxdur ki, Kitab sərgi-yarmarkaları burda – Bakıda da hər ən azı iki dəfə keçirilir. Biri mayda, digəri isə oktyabrda. Hələ beynəlxalq kitab sərgilərimiz də olur. İndi susum, siz deyin, kitab görməyən, kitabla təmasda olmayan, kitabdan sərgilərindən, kitab rəflərindən didərgin olmuş uşaqların, adına “oxucu” dediyimiz sonrakı gənclərin formalaşdırdığı, daha dəqiqi “formalaşdırmadığı” kitab bazarını öyrənmək biz naşirlərə nə vəd edə bilər ki? Heç nə! Bizim kitab bazarında – işıqsız tuneldə naşirlərimiz hər iki farası sıradan çıxmış avtomobil kimidir. Oxucularımız daha çox kimlərinsə tövsiyəsi ilə kitab alır, kitaba pul xərcləyir, əksər hallarda bunun özü də dəb xatirinə baş tutur və evə gətirilən həmin populyar ədəbiyyat nümunəsi digər cansız əşyalar kimi servantda yersiz yerə yer tutur. Kitab evinə, kitab mağazasına, kitab sərgisinə gedib, bir, qafasına görə kitab seçsin, özü istədiyi bir mövzu, janr, imza olsun – bizdə belə şey yoxdu. Yaxud da uşağı yanına salıb aparsın, “özünə bir kitab seç, bala”, – desin. Mümkün deyil. Yuxu kimi bir şeydi bizimçün.

Xəcalət çəksəm də, sizə dəhşətli bir sirr açım. Deməli, bizim yerli kitab bazarında eyni xarici müəlliflərin Türkiyə türkcəsində olan tərcümələri Azərbaycan türkcəsində olan tərcümələrindən beş-altı dəfə çox satılır. Bunun adı bilirsiniz nədir? Farmazonluq. Kənardan baxanlara nümayiş etdirməyə çalışırlar ki, biz türkcə kitab oxuyuruq, bilin ha. Peşəkar tərcüməçilərdən rəy alıb yoxlamışam, həmin əsərlər ki, Türkiyə türkcəsində bizdə daha çox satılır, o əsərlər Azərbaycan türkcəsinə daha uğurla tərcümə olunub. Qiyməti də 40 faiz ucuzdur. Allah tərəfi, çap keyfiyyəti də olduqca uğurludur. Bəs nədir oxucumuzun bu qədər inamsızlığı, mən anlamıram. Biz anlamırıq. Ümumiyyətlə bunu nəinki naşirlərimiz, hətta kitab mağazalarından aylıq satış statistikasını bizə göndərən satıcılar belə anlamır. Bu mövzuda danışdıqca daha çox xəcalət çəkirəm. Yaxşısı başqa suala keçək.

 

– Çox zaman mütaliənin səviyyəsindən gileylənirlər ki, bu gileyləri bölüşürsünüzmü? Sizcə bizdə niyə kitab oxunmur?

– Həə. Bəli, bölüşürəm. Elə bil siz mənim ürəyimdən keçənlərin hamısını oxuyursuz.

Bilirsiz, mütaliəsi yerində-yurdunda olan ölkələrdə insanlar kitab oxumağı həyat tərzinə çevirməyi bacarırlar. Həmin ölkələrdə yeməkdən, içməkdən, danışmaqdan daha çox mütaliəyə üstünlük verən insanlar çoxluq təşkil edir. Mütaliə faizi dördüncü dərəcəli olan bizim ölkədə “oxucunun” gündəlik qayğıları sırasına 6-7 saat TV proqramlar düşdüyü halda, ildə cəmi 3-4 saat mütəliə ancaq yer ala bilir. Bunun səbəbi təbliğat maşınının işləməməsidir. Məsələn, “Beyaz Şou” sürətlə kitab oxuyan oğlanı efirə çağırdığı halda, bizim “Xəzər TV” beş yaşlı lənkəranlı uşağın maşın sürməsini “beş yaşlı Azərbaycanlı avtoş” adı ilə bəh-bəhlə süjetə salıb, təbliğ edir. Bu ruhda böyüyən uşaq əlbəttə ki, gələcəkdə işsiz qalıb “Unibank”ın yumurta qiymətinə kredit kampaniyasına inanacaq. Yaxud da övladına “get kitab oxu deyən” uşağın anası səhərdən-axşama kimi TV qarşısında Elgizə, Zaura, Fatmanisəyə, Gülbadama baxacaqsa, ata da işdən gələn kimi uşağa çəmkirib çayxanaya gedəcəksə, deməli o uşağın halına. Nümunə olmalıdır! “Kitab oxu”,  – deyirsənsə, özün də oxumalısan. Ümumiyyətlə oxumalısan ki, səndən dərs götürüb ətrafındakılar, ələlxüsus da nəzarətində olanlar da oxusunlar. Yəni “oxu” deməyə, əksər hallarda heç lüzum da yoxdur. Əsas məsələ icraatdır.

Mütəxəssilər bildirirlər ki, insanın peşəsindən, ovqatından asılı olmayaraq istənilən kəs hər gün heç olmasa 20 dəqiqə vaxt ayırma fürsətinə sahibdir. Bizsə tikinti sahəsində çalışan fəhlənin əlində fasilə vaxtı kitab görsək səmimi qəlbdən onu ələ salarıq. Amma, bugünkü dünya ədəbiyyatında Holivudda əsərlərinə ən çox film çəkilən Stiven Kinq nümunəsi var. İlk romanları çap olunan ərəfədə adam imkansızlıqdan biri qırx dollardan qəbir də qazırmış. Hər üstü-başı unlu olana “dəyirmançı” deməzlər ki.

 

 

Söhbətləşdi: Rəbiqə Nazimqızı

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10