Bədii yaradıcılıq və tarix –  Aynurə Mustafayeva 

6 Baxış

img-8225

Təcrübə göstərir ki, ictimaiyyət  vaxtaşırı tarixi həqiqətlərin təhrif olunduğu bədii əsərləri müzakirələrə çıxarır, mübahisələr edir, qınaqlar söyləyir. Bütün bunlar gəldi-gedər hadisə, bəzən iddia olunduğu kimi savadsız yanaşma, qeyri-peşəkarlıq deyil, əslində, tarixin bağışlaya bilmədiyi tarixi yanlışlıqdır.

Tarix qədim dövrdən başlayaraq günümüzə qədər ədəbiyyatın başlıca müraciət obyektlərindən biri olaraq  qalır. Tarixi mövzuya  hələ qədim dövrdən başlayan və zaman-zaman səngiməyən belə marağın səbəbi nədir? Yazıçı tarixə yalnız bədii predmet xatirinəmi müraciət edir?

Bu müraciət yalnız ideyanın tarixi kontekstdə ifadəsi xatirinə olmayıb, həm də bədii şüurun tarixi hadisə və şəxsiyyətlərə olan marağından qaynaqlanmışdır. Ümumiyyətlə, tarix həmişə tarixi-elmi araşdırmalar qədər bədii düşüncənin də maraq obyekti olmuşdur. Düzdür, ədəbi-tənqidi fikirdə  tarixi mövzu daha çox bədii vasitə  kimi qəbul ounmuş və bu aspektdən də elmi-nəzəri təhlillərə cəlb edilmişdir. Ancaq  burda mübahisə etməli məqamlar çoxdur.

Fikrimizcə, yazıçı tarixi mövzuya ona görə müraciət etmir və ya etməməlidir ki, bu onun üçün əlverişli bədii vasitədir.  Sanballı tarixi-bədii əsərləri yaradan yazıçı tarixiləşmiş dövrə ona görə  üz tutur ki, o, tarixin araşdırıcısı olmaq fikrinə düşür. Ancaq bu araşdırma, əlbəttə ki, tarixçi alimin araşdırmasından fərqli bir şeydir. Əgər tarixçi alim tarixi gerçəkliyin obyektiv mənzərəsini  əldə etməyə can atırsa, predmetin statistiktərəfləri ilə maraqlanırsa, yazıçı tarixin taleyini dərk etməyə, onun fəlsəfəsini yaratmağa cəhd göstərir.

Bədii sözün hələ real təsvirdən uzaq olduğu, tarixi predmet və münasibətlərin bədii düşüncənin əfsanəvi-fantastik boyaları fonunda verildiyi bir zamanda belə həqiqi sənət əsərləri bu planda qələmə alınmışdır. XII əsrdə “İsgəndərnamə”ni yaradan Nizaminin məqsədi yalnız İsgəndərin bir fateh kimi keçdiyi  tarixi yolu təsvir etmək, çox vaxt yekdilliklə deyildiyi kimi dövrün hökmdarlarına ibrət dərsi vermək olmamış, ədib həm də böyük bir tarixi epoxanın dərki və təhlilinə çalışmış, bu epoxadan keçən insanlığın taleyi ilə maraqlanmışdır. Bu əsərdə bədii təhlillər    qocaman sərkərdə Daranın gənc İsgəndər qarşısında məğlubiyyəti, İsgəndərin fatehliyi, sarayların qəddarlığı və yaxud xalqın, ölkənin tarixi taleyi kimi tarixi yüklü məsələləri tarixi-bədii kontekstin imkanları çərçivəsində araşdırmağa çalışır. İsgəndərlə Çin xaqanının qarşılaşdığı səhnədə Çin xaqanının dilindən söylənilənlər də Nizaminin tarixi mövzuya hansı bucaq altında yanaşdığını təyin edir:

O qədər hünərsiz deyiləm ki, mən

Yenmədən qayıdam hər bir döyüşdən.

Görürsən, dağ kimi var mətin ordum

Coşqun bir dənizdən belə yox qorxum.

Yalnız arxa duran tale var səndə

 Yer sənə kölədir, göy sənə bəndə.

Sənin arxandadır bu göy, bu dövran

Dövranla döyüşmək olurmu asan?!

Göründüyü kimi,  Nizamini İsgəndər zəfərlərinin bədii araşdırmalarında tarixi-faktik detallar maraqlandırmır, bu zəfərlərin fəlsəfi mahiyyətinə enmək istəyir.  Nizamiyə görə tarixin taleyini qüvvələrin malik olduğu fiziki güc müəyyənləşdirmir. Nizami qələmində tarixin mənzərəsi yox, onun fəlsəfəsi yaranırdı. Ancaq bu fəlsəfə bədii təfəkkürün fantaziyasına yox, elmi-tarixi məntiqə əsaslanırdı. Ədib “İsgəndərnamə” əsərinin əvvəlində yazırdı:

Hansı bir pərdədə doğru söz gördüm,

O sözün telini şeirimlə hördüm.

Sözsüz ki,  digər bədii əsərlərdə olduğu kimi tarixi mövzulu əsərlərdə də yazıçı hər şeydən əvvəl yaradıcıdır. Ancaq o birilərdən fərqli olaraq burada yazıçı həm də araşdırıcıdır. Həm də onun araşdırmaları bir tarixçinin araşdırmaları qədər əhəmiyyətlidir. Yazıçı bu mövzuda yaratdıqlarında yalnız bədii məntiqə arxalana bilməz, o həm də tarixi məntiqə söykənməlidir. Bu mövzuda yalnız yaradıcılıq istedadının ortaya qoyulması, adətən, qısaömürlü, yüngül əsərlərin yaranmasına gətirib çıxarır. Yazıçı tarixdən yazarkən cəmiyyəti bu günə gətirib çıxaran ümumi ictimai inkişafın istiqamət və meyillərini müəyyənləşdirməyə çalışmalıdır. Bədii əsərin predmetinə çevrilmiş hər hansı bir zamansa bu ümuminin bir parçasıdır.

Tarixi əsər tarixi proseslərin dərkində iştirak etməlidir. Əks təqdirdə oxucunu uzaq keçmişə aparmağın heç bir  mənası yoxdur. Diqqət edək; tarixə müraciət edən yazıçı, adətən, əlamətdar tarixi hadisələrin baş verdiyi, böyük tarixi şəxsiyyətlərin iştirak etdiyi bir tarixi şəraitə üz tutur. Bədii təfəkkür tarixin təkərini irəliyə fırlayan hadisə və şəxsiyyətlərə maraq göstərir. Ancaq bədii təfəkkür tarixin yaradıcısı kimi tarixi şəxsiyyəti təhlil-tədqiq müstəvisinə çəkdikdə onu dəfedilməz güc, sarsılmaz iradə, yanılmaz əql kimi dərk etməməlidir.  Tarix göstərir ki, böyük şəxsiyyətlərin səhvləri də özləri qədər böyük olur. Çox vaxt tarixi taleyüklü məsələlərdə istiqamət bucağı onların yanıldığı yerdən, sarsıldığı məqamdan başlayır. Məhz tarixin bu tərəflərini işıqlandırmaq, onun ən dərin qatlarına nüfuz etmək bədii düşüncənin tarixə münasibətdə məqsədinə çevrilməlidir. Bu proses isə qondarma yox, gerçək tarixə əsaslana bilər.

Tarixi əsərin dəyərini yalnız müasir dövrlə assosiasiyada axtarmaq, ona bu prizmadan qiymət vermək doğru deyildir. Müasirlik keyfiyyətinin son dərəcə qabardılması bəzən bədii düşüncədə tarixə yanlış münasibəti ortaya qoymuşdur. Müasirliyin ədəbi-bədii düşüncənin mərkəz xəttinə çıxarılması, ali bədii dəyər formasını alması  tarixi gerçəkliklərə barmaqarası münasibətin formalaşmasına, onun ikinci dərəcəli bir məsələyə çevrilməsinə gətirib çıxarmışdır. Yazıçının müasir problemlərlə tarixi şərait və vəziyyətdən çıxış etməsi  ən mükəmməl bədii model kimi qəbul edilmişdir. Odur ki, ya yazıçı zor-güc müasir həyatın problemlərini tarixə yamaq etməyə cəhd etmiş, ya də tənqidçi zor-bəla əsərdə müasir problemlərin izlərini tapmağa çalışmışdır. Halbuki tarixə müasir həyatın deyil, tarixin özünün problemləri ilə müraciət etmək daha məqsədəuyğundur və daha mükəmməl bədii formanın yaranmasına gətirib çıxarır. Yaşar Qarayevin dediyi kimi, “…uzaq tarixə üz çevirdikcə müasirlikdən uzaqlaşmırıq, müasirliyin ölçü və hüdudlarını, onun ərazisini genişləndirmiş və böyütmüş oluruq”.

Tarixi-bədii əsər tarixi dövrün statistik mənzərəsindən və müasir gerçəkliyin ona yamağından yaranmamalıdır. Tarixi zaman və şəraitə onun tarixi mənasında yanaşmaq günü ilə səsləşməyən, aktuallıq qazana bilməyən əsərlərin yaranması demək deyil. Tarix elminin, görəsən, olub-keçənləri, ömrünü başa vuranları öyrənməkdə məqsədi nədir?! Olub-keçmək, ömrünü başa vurmaq hələ əhəmiyyətini itirmək demək deyil. Onlarda həyatın, zamanın əbədi qanunları həkk olunub, sualları və cavabları gizlənib.

Tarixi mövzuda tarixin özünün problemləri ilə çıxış etmək  heç də əsərin müasirlik keyfiyyətlərinin  aşağı düşməsi demək deyildir. Çünki  hər bir müasir zaman əslində hansısa tarixi zamanın  sanki tərs üzünə çevrilmiş qatıdır.   Alman filosofu Artur Şopenhauerin sözləri ilə ifadə etsək, “tarix özunu elə aparır ki, sanki hər dəfə nəsə yeni bir şeydən danışır. Əslində isə o, əvvəldən axıra ayrı-ayrı adlar altında, ayrı-ayrı qabıqlarda eyni hadisələrdən bəhs edir”.

Ədəbiyyatın gücü tarixin yaratdıqlarını mənalandırmaqda, ona bədii don geyindirməkdədir. Bəzən isə biz bunun əksini müşahidə edirik. Tarixə bədii forma vermək əvəzinə bədii məzmuna tarixi forma verilir. Odur ki, yalnız bədii sözun tələb və meyarları ilə yaranan tarixi-bədii əsərlər qarşı tərəfin – tarixçilərin narazılığına səbəb olur.

Z. Bünyadov, Ə. Rəhimovla birlikdə “Tarixi həqiqətlər… Yoxsa  təhriflər?” adlı məqaləsində yazırdı: “Tarixə müraciət heç də tarixi həqiqətləri təhrif etmək, ağa qara qaraya ağ demək deyil. Elə əsər yaratmaq lazımdır ki, oxucu buradakı hadisənin tarixi fakt olduğuna inansın. Necə ki, böyük M.F.Axundov yarımsəhifəlik tarixi məlumat əsasında “Aldanmış kəvakib” kimi gözəl bir povest yaratdı. Yaxud Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” faciəsini tarixi mənbələr əsasında qələmə aldığı üçün oxucunu çaşdırmır.

Yenə tarixçi E. Əlibəyzadə “Ədəbi əsərdə tarixi həqiqətlərə qarşı” adlı məqaləsində Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanı ilə bağlı  yazır:  “Babək gördüyü işin bəşəriliyi mənasında  dünyanın  ən böyük  tarixi  şəxsiyyətlərindəndir.  Buna görə də onun haqqında yazan istər sənətkar, istərsə də tədqiqatçı son dərəcə ehtiyatlı və dəqiq olmağa, bir an da məsuliyyət hissini unutmamağa çalışmalıdır.  Babək haqqında ağlına nə gəldi uydurmaq olmaz”.

Tarixçi Ə. Rəhimov da “Bədii həqiqət, tarixi həqiqət” məqaləsində bu məsələyə toxunaraq yazırdı: “Yazıçı tarixi hadisələri təfəkküründə genişləndirə bilər. Lakin bunu bədii təxəyyülün tarixi zorlaması mənasında başa düşmək lazım deyil”.

Tarixçilərin bu mövqeyini dəstəkləyir və düşünürük ki, ədəbiyyat ümumi ictimai həyatın bir parçasıdır və o, yalnız bədii zövqün tələbləri çərçivəsində yaranmamalı, elmi-ictimai fikrin bir hissəsinə çevrilməyi bacarmalıdır.

Bu məsələ ilə bağlı müxtəlif mövqelərdə müxtəlif münasibətlər  yer alır. Daha çox “hücum” mövqeyindən çıxış edən tarixçilərə qarşı qələm əhli “özünümüdafiə” mövqeyini tutur:

Antik ədəbiyyatın böyük nümayəndəsi Lukan: “Şeirin və poetik əsərlərin vəzifələri və qanunları bir başqadır, tarixinki isə bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o, ilahi bir qüdsiyyətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir”.

Böyük alman şairi Höte: “Şair üçün heç bir tarixi sima yoxdur. O, öz mənəvi dünyasını təsvir etmək istəyir və bu məqsədlə bəzi tarixi simaların adlarını əsərinə daxil etməklə onlara şərəf vermiş olur.”

Ardı “Ustad” jurnalının 13-cü sayında.

KÖŞƏ YAZARLARI
TOP 10