Bəhruz Kəngərli – 125

28 Baxış

1486455264232027693_1000x669

7 fevral – Bəhruz bəy Kəngərlinin anım günüdür

Sənətdə “Ustad” adını qazanmağın nə qədər çətin olduğunu bilsək də, bu gün – duyulası zaman kəsiyindən biz bu yüksək dəyərləndirməni görkəmli fırça ustası Bəhruz bəy Kəngərlinin (1892-1922) hələ öz dövründə qazandığını etiraf etməliyik. Doğrudan da cəmisi 30 il təzadlarla dolu ömür sürən və adı Azərbaycan təsviri sənət tarixinə qızıl hərflərlə yazılan, mədəniyyət tariximizdə “kiçik əsərlərin böyük ustadı” kimi tanınan gənc rəssam çox qısa, lakin məhsuldar yaradıcılığı ilə bir neçə ömrə bərabər sənət inciləri yaratmağa nail olmuşdur.

Sovet dönəmində onun yaradıcılığının təbliğinə hər hansı qadağalar qoyulmasa da, kommunist rejimi Kəngərlilər nəslinin adını əməlləri ilə şöhrətləndirən zadəgan əsilli rəssamın 1947-ci ildən sonra “Bəhruz bəy” kimi təqdimatını arzuolunmaz hesab etmişdi.

Ölkəmizin müstəqillik qazanmasından sonra isə ona münasibət köklü şəkildə dəyişdi. Rəssamın doğma yurddakı məzarının abadlaşdırılması və burada memorial abidənin ucaldılması (müəllifi Xalq Rəssamı Hüseynqulu Əliyev), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərli Muzeyinin yaradılması və 18 iyun 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışının baş tutması, B.Kəngərli adına sərgi salonunun istifadəyə verilməsi, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması, 2016-cı ildə isə şəhərdə sənətkarın adını daşıyan Rəssamlar Parkının salınması və tunc heykəlinin (müəllifi Rahib Qarayev) qoyulması, haqqında albomların nəşr olunması da dediklərimizi təsdiqləyir. Görkəmli fırça ustasının anadan olmasının 125 illiyi münasibətilə hazırlanan, rəssamın həyat və yaradıcılığına yeni baxışı ilə fərqlənən əhatəli monoqrafiyanı (müəllifləri Z.Əliyev və N.Alıyev) da bütün ömrünü milli incəsənətimizin inkişafına həsr etmiş yaradıcının xatirəsinə dərin ehtiramın ifadəsi saymaq olar…

Bəhruz bəy Kəngərlinin ömür yolu təzadlarla dolu nağıla bənzəyir. Əsl sənət fədaisi adlandırıla biləcək sənətkarın keçdiyi yola nəzər salsaq, siz də buna əmin ola bilərsiniz…

1892-ci ildə Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan oğlana Bəhruz adı verəndə də, heç kəs adı “Xoş gün” kimi tərcümə olunan uşağın otuz ildən sonra məşhur rəssam kimi gözlərini əbədi yumacağını bilmirdi. Amma Bəhruz bəy ona ayrılmış bu qısa ömür payını da duyulası təzadlarla keçirdi. Hələ körpəlikdə doğma anasını itirən, 9 yaşından isə qulaqları tutulan və səsə həsrət qalan gənc rəssam təhsilsonrası davam edən cəmisi 7 illik yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan Bəhruz bəy Azərbaycan gerçəkliyində ömrün mənasının onun uzunluğundan asılı olmadığını əyani olaraq təsdiqlədi desək, həqiqəti söyləmiş olarıq. Bu gün Bəhruz bəy adının çoxəsrlik Naxçıvan tarixi ilə qoşa çəkilməsi də onun adının ölməzliyə, əsərlərinin zamansızlığa qovuşduğunun danılmaz sübutudur…

Etiraf edək ki, Bəhruz bəy Kəngərli zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri həyata keçirmişdir. Onun özünün firavanlıqdan uzaq bir durumunda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün duyulası zaman distansiyasından adi professionallığın ifadəsindən daha əzəmətli, vətənpərvər sənətkar – vətəndaş mövqeyinin təzahürü kimi qəbul olunur və dəyərləndirilir. Ona ayrılmış ömür payının cəmisi yeddi təzadlarla zəngin ilini müstəqil yaradıcılığa həsr etməyə imkan tapan Bəhruz bəy erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında XX əsr Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşımağa məhkum olan, amma bunu sona qədər edə bilməyən rəssamların üzünü ağartdı desək, yanılmarıq. Belə ki, onun bu silsiləsi mənfur qonşularımızın əsl xislətini ifşa edən təkzibolunmaz bədii sənədlərdir…

Əgər onun çox da uzun olmayan bioqrafiyasını xronoloji ardıcıllıqla vərəqləsək, onda, ilk növbədə, uşaq yaşlarında eşitmə qabiliyyətini itirən Bəhruz bəyin təhsil aldığı rus-tatar məktəbindən uzaqlaşmağa məcbur olduğunu dilə gətirməliyik. Bundan sonra o, təhsilini evlərində atası Şirəli bəyin köməyi ilə alıb. Həmin çətin illərdə lap uşaq yaşlarından həvəs göstərdiyi rəssamlıq onun sevimli məşğuliyyətinə çevrilib. Bir müddət keçəndən sonra Bəhruz bəy qəti olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və atasından onu Tiflisə oxumağa göndərməsini xahiş edir. Şirəli bəy isə oğlunun eşitmədiyini nəzərə alaraq, onun həm də doğma evdən uzaq bir yerdə rəssamlıq məktəbində oxuya biləcəyinə inanmadığından tərəddüd edir. Lakin Tiflisdə dostlarının mövcudluğu və Bəhruz bəyin öz qüvvəsinə inamı, oxumağa olan sonsuz həvəsi Şirəli bəyi oğlunun oxumasına razılıq verməyə məcbur edir. Beləliklə, 1910-cu ildə 18 yaşlı Bəhruz bəy rəssamlıq təhsili almaq üçün Tiflisə yollanır və imtahan verib o vaxtlar Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbinə qəbul olunur. 1915-ci ilə kimi burada təhsil alan, dövrünün tanınmış fırça ustalarından sənətin sirlərini öyrənən gənc rəssam təhsili başa vurduqdan sonra doğma Naxçıvana qayıdır.

Onun cəmisi yeddi il davam edən yaradıcılığı kifayət qədər zəngin olmuşdur. Bəhruz bəyin bu müddətdə 2 minə yaxın rəngkarlıq, qrafika və teatr-dekorasiya nümunələri yaratdığı bildirilsə də, bizim dövrə onların 500-ə qədəri gəlib çatmışdır. Bu çoxsaylı əsərdə həyata və gördüklərinə onun fərdi, heç kimə bənzəməyən “Bəhruz bəy baxışı”nı duymaq mümkündür. Gənc rəssamın təcrübəli müəllimlərindən əxz etdiyi realist-gerçəkçi sənət vərdişlərinin əksini özündə yaşadan bu ecazkar sənətkarlıq nümunələri həm də realizmin bədii ifadə potensialının nəhayətsizliyini təsdiqləyir.

Başqa sözlə desək, XIX əsrin sonlarında dünyaya gələn və cəmisi 30 il ömür sürməsinə baxmayaraq yadigar qoyub getdiyi zəngin bədii irsi ilə Azərbaycan təsviri sənətinə yeni nəfəs bəxş edən Bəhruz bəy Kəngərli heç şübhəsiz məşhur nəslin şöhrətini Naxçıvan çərçivəsindən uzaqlara yayan sənətkarlardan olmuşdur. XX əsr Azərbaycan təsviri sənətində yenicə formalaşmağa başlayan bir çox janrların inkişafında gənc rəssamın əvəzsiz rolunun olması da danılmazdır. Bütünlükdə realist-gerçəkçi üsluba əsaslanan gənc rəssam bu bədii prinsipin ifadə imkanlarını duyulası dərəcədə genişləndirməyə nail olmuşdur. Belə ki, o, istər kömürlə, istərsə də yağlı, xüsusilə də sulu boya ilə çəkdiyi əsərlərlə fərdi və bu günə kimi də milli incəsənətimizdə oxşarı olmayan dünyaya baxışı olan sənətkar kimi özünü təsdiqləmişdir.

Onun yaradıcılığı janr əlvanlığı ilə seçilir. Bununla belə onun bizə yadigar qoyub getdiyi bədii irsdə portret və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda ilk fərdi sərgisini təşkil edən (1914) rəssam insanların məhz həmin janrlara olan marağını hiss etmişdi. Bunu nəzərə alan rəssamın təhsilsonrası əhali arasında yaydığı “Naxçıvan yadigarı” albomunda da mənzərələr və portretlər əsas yer tutmuşdu.

Bu yerdə deyək ki, əgər Bəhruz bəyin müxtəlif janrlı əsərlərinin yalnız az bir hissəsi insan və təbiət gözəlliyini vəsf edirsə, qalan çoxluq isə rəssam tərəfindən gördüyü və yaşadığı tarixi olduğu kimi əbədiləşdirmək, başqa sözlə desək, gələcək nəsillərə çatdırmaq üçün işlənilmişdir. Bu da gənc fırça ustasının, ilk növbədə, rəssamın vətəndaşlığının və vətənpərvərliyinin ifadəsidir desək, yanılmarıq.

Onun portretlər qalereyası kifayət qədər zəngindir. Burada əsasən rəssamla birlikdə doğma şəhərdə yaşayan müxtəlif yaşlı insanların, eləcə də erməni təcavüzündən xilas olmuş qaçqınların obrazları yer almışdır. Onun kömür və karandaşla çəkdiyi “Azərbaycanlı qadın”, “Şirin xanımın portreti”, “Əsəd ağa Kəngərli”, “Nazlı xanım Tahirova (Nəcəfova), “Mirzə Heydər Nəsirbəyovun portreti” “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti”, eləcə də yağlı və sulu boya ilə işlədiyi “Şirniyyatçı Kərbəlayı Heydərin portreti”, “Tatar kişinin portreti”, “Peyğəmbər”, “Oğlan portreti”, “Kişi portreti”, “Avtoportret”, “Dövlətli müsəlman xanımı” (“Naxçıvan xanımı”) və s. portretləri gənc rəssamın insan psixologiyasına dərindən nüfuzetmə bacarığını əks etdirir.

Bəhruz bəyin “Qaçqınlar” silsiləsini otuza qədər sulu boya ilə çəkilmiş əsər təşkil edir. Unutqanlığımızla bələnmiş həmin rəsmləri əsrlərin qovşağında çəkilmiş ürəkağrıdan kino kadrları, fotoşəkillərlə tutuşdursaq, kifayət qədər oxşar cəhətlər taparıq. Biz şübhə etmirik ki, vaxtilə Bəhruz bəy 1918-1921-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın portretlərini yaddaşımızın korşalmaması üçün işləmişdi. Bunları bir çox hallarda olduğu kimi ona sifariş edən də, satın alan da olmamışdı. Amma gənc rəssamımız böyük vətənpərvərlik nümunəsi göstərib başımıza gələnlərin bədii salnaməsini (“Qırmızı yaylıqlı qız”, “Qaçqın qadın”, “Qaçqın İmran çanta ilə”, “Canfəda kəndindən qaçqın oğlan”, “Avşar kəndindən qaçqın qız” və s.) yaratmışdı. Əminik ki, rəssam Canfəda, Afşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməklə sanki bizə bunları unutmamağı vəsiyyət etmişdi. Bu silsilədə yer almış “Qaçqın xanım” (1920) əsərindəki qadın geyiminə görə başqalarından seçilir desək, yanılmarıq. Apardığımız tədqiqat nəticəsində bu qadının rəssamın həyat yoldaşı olduğu təsdiqlənmişdir. Deyilənə görə onların evliliyi 1918-ci ildə baş tutub və bu, uzun çəkməyib, onlar iki ildən sonra ayrılıblar.

Bu yerdə rəssamın şəxsi həyatına toxunduğumuzdan, onun qalan ailə üzvləri barəsində də qısaca söz açmağa ehtiyac duyuruq. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızları –Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya ərə gedib. Bu evlilikdən üç uşaq – Davud, Rüstəm və Gültac dünyaya gəlib. Zamanında məşhur Kəngərli nəslindən olmaları bu ailəyə nə qədər başucalığı gətirmişdisə, XX əsrin otuzuncu illərində repressiya dalğası onlardan da yan keçməmiş və ailə üzvləri təzyiqlərə məruz qalmışdı…

Bəhruz bəy Kəngərlinin yaradıcılığı janr etibarilə rəngarəng olsa da, bu zənginlikdə mənzərənin say etibarilə çox olması kifayət qədər görünəndir. Öncədən deyək ki, bu mənzərələr arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil. Bu mənada əgər onun “Minarəsi zədələnmiş məscid”, “Tərk edilmiş ev”, “Naxçıvanda xarabalıqlar”, “Eylabat kəndində dağıdılmış darvaza”, “İmamzadə türbəsi”, “Mömünə xatun türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun məzarı” və s. əsərləri tarixi durumun əbədiləşdirilməsinə yönəlirdisə, “Ağaclar”, “Dağ mənzərəsi”, “Albalı ağacları”, “Qarlı dağlar”, “Cənuba görünüş”, “Dağın zirvəsi”, “Ayın doğması”, “Payız” və s. doğma yurdun təbiətinə xas gözəllikləri üzə çıxarmağa, qürur qaynağına çevirmək üçün işlənilmişdir.

Əgər rəssamın tələbəlik işlərini nəzərə almasaq, onda onun Naxçıvana qayıtdıqdan sonra yaratdığı müxtəlif janrlı əsərlərin ölçülərinin əsasən kiçik olduğunu xüsusi vurğulamaq istərdik. Bəzi tədqiqatçılar bunu rəssamın maddi vəziyyətinin çətinliyi ilə əlaqələndirməyə çalışsalar da, qənaətimizcə, bu, onun məqsədli seçimi olmaqla, müxtəlif yaradıcılıq axtarışlarına xidmət edib. Ən maraqlısı onların hər birində müəllifin tətbiq etdiyi bədii şərhlərdə obyektə ümumiləşdirmədən detallaşdırmaya kimi uzanan tapınma istəyinin duyulmasıdır. Bütünlükdə isə Bəhruz bəyin kiçikliyində qeyri-adiliyi duyulan bu kiçik lövhələrin demək olar ki, hamısı azdetallıdır. Müxtəlif ağacların və şəhəri əhatələyən dağların təsvirindən ibarət olan çoxsaylı lövhələrdə müəllifin diqqəti onların bilavasitə həmin anda daşıdığı ümumi rəng-ovqat tutumunu əks etdirməyə yönəldilmişdir. Təsvir obyektləri ilin və günün müxtəlif vaxtlarında görüntüyə alındığından onların rəng həlli fərqli və dəyişkəndir.

Mənzərə və portretlərə nisbətən rəssamın bizim dövrə gəlib çatmış natürmortları çox azdır. Onun tələbəlik illərini əhatə edə biləcək natürmortları bizim dövrə gəlib çıxmayıb. Yaradıcılığının Naxçıvanda baş tutan yeddi illik dövründən də cəmisi beş natürmort yadigar qalıb. Bunların birini o, 1916-cı ildə (“Qızıl güllər”), qalanlarını isə (“Mavi rəngli dolça”, “Çıraq”, “Naxışlı mis cam”, “Mürəkkəb qabı”) ölümündən bir il əvvəl – 1921-ci ildə çəkmişdir. Bu əsərlərdə rəssamın onu əhatələyən maddi-mədəniyyət nümunələrinə xas olan tarixiliyi, gül-çiçəklərin daşıdığı gözəllik qaynaqlarını üzə çıxarmaq, estetik qaynağa çevirmək istəyi qabarıqdır.

Çox da uzun çəkməyən yaradıcılığında süjetli lövhələr bir o qədər çox deyildir. Bu mənada gənc fırça ustasının müxtəlif illərdə yaratdığı “Elçilik” (1910-cu illər), “Naxçıvan toyu” (1910-cu illər), “Naxçıvan çaparı” (tarixi və saxlandığı yer məlum deyil), “Dükanda” (1913), “Qaçqınlar” (1920-ci illər), “Çoban sürü ilə” (1921), “İki qadın” (1920), “Namaz” (1916), “İki qaçqın qız” (1920) və “Kəndli oraq ilə” (1921) əsərlərinin adını çəkmək olar. Karandaş və sulu boya ilə çəkilmiş bu əsərlərdə Bəhruz bəyin uğurlu kompozisiya qurmaq, süjeti mənalandırmaq istedadı duyulmaqdadır.

Rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutur. Belə ki, Azərbaycanda bu sənətin davamlı şəkildə təşəkkülü səhnə tərtibatı sahəsində də istedadını sərgiləyən Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır. 1912-ci ildən etibarən Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan Bəhruz bəy bu sahədə böyük xidmət göstərmiş, tamaşalara (“Ölülər”, “Pəri-cadu”, “Dağılan tifaq”, “Arşın mal alan”, “Müsibəti Fəxrəddin”, “Nadanlıq” və s.) milli koloritdə zəngin səhnə tərtibatı vermiş, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, müxtəlif rəng çalarlarında gözəl pərdələr, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlamışdır.

Azərbaycan təsviri sənət tarixində adı həm də tez-tez çox məhsuldar rəssam kimi xatırlanan Bəhruz bəy Kəngərli 1922-ci ilin 7 fevralında dünyaya əlvida dedi. Əslində gələcəkdə bütün Azərbaycanın fəxri olacaq rəssamı lap uşaqlıqdan müxtəlif xəstəliklər izləməyə başlamışdı və gənc rəssam da çox vaxt yalnız özünə bəlli olan bu əzablara qatlaşa-qatlaşa sanki anbaan ölümünə doğru gedirdi. Amma yaratmağından da qalmırdı. Odur ki, bəlkə də bir soyuq fevral günü dünya ilə vidalaşanda Bəhruz bəy qoyub getdiklərindən narahat deyildi. Yaratdıqlarının bu gün hər birimizə qürurverici qəbul olunması da bunu təsdiqləyir. Dəfn günü onu son mənzilə yola salmağa gələn insan axınının nəhayətsizliyi isə sübut edirdi ki, Naxçıvan kimi və nəyi itirdiyini yaxşı başa düşür…

Mənbə:http://azertag.az

KÖŞƏ YAZARLARI
TOP 10