Bənövşənin kölgəsində – Səbuhi Şahmursoy

21 Baxış

a

Hekayə

Hava qaralmağa başlayanda onlar da gəlirdilər. Hava soyuqlaşır, zamanın necə keçdiyi duyulmurdu. Gündüz qarşılıqlı münasibətlərdə mülayim olan insanlar indi alt-üst dəyişirdilər. Heç kim, əslində, nə baş verdiyini anlamır və ya anlamaq barədə düşünmürdü. Hər şey duyulmayacaq ani zamanda gerçəkləşirdi. Rənglər tutqunlaşarkən müdriklər bunun elmi əsaslarını izah etməyə çalışırdılar. Gözə görünən hər şeyi süni işıqlar göstərirdi. Kamillər əsəblə Günəşin əsl rəng və hiss mənbəyi olduğunu vurğulayanda, inanclılar mələkləri sonsuz nurda təsvir edirdilər. Bitkilərin yaşıllığı öz əhəmiyyətini itirirdi. Beləcə, onların intizam qaydalarını kimsə istəsə də poza bilmirdi…

Bircə Həqiqət onları duymaqda çətinlik çəkmirdi. Bunu elə edirdi ki, onlar  öz bilinməzliyindən şübhələnmirdilər. Əslində, bütün bunların sadə bir izahı vardı, amma vəziyyət aydınlaşmağa gələndə, onları ifadə edəcək söz tapmırdı. Zaman ötdükcə artıq dərk etmişdi ki, insanlar hələ onlara ad fikirləşməyiblər. Ən azından, zamanın necə keçdiyini yalnız o və bəlkə də, dünyanın harasındasa onun kimilər duyurdular. Çünki insanların yalnız dəbdəbəli saatları vardı, zamanın varlığındansa bixəbər yaşayırdılar.

Həqiqət də insanların saatlarına görə böyüyürdü. Artıq yetkin qız olmuşdu, amma ictimai qaydalara nəzərən əqli çatışmazlığı vardı. O, Azər oğlu İbrahimin nə etdiyini lap yaxşı anlayırdı. İctimai şüurların uydurduğu vəzifələr onu maraqlandırmırdı, hətta peyğəmbərlik də… İnsanların çərçivəli düşüncə tarixi hələ qadın peyğəmbər görməmişdi, axı insan yer üzünün sakini olandan bəri heç kim buna cəhd göstərməmişdi. Heç indi də bu möcüzə baş verməyəcəkdi, ta ki, təqvimə görə, otuzuncu ildə bir kifir cadugər qarı Həqiqətə qarşı şəhadət barmağını tuşlamayınca. İnsanlar cadugərə həmişə olduğu kimi tez inandılar. Öncə Həqiqətə payız alması yedizdirib torf bataqlığında boğdular. Bir xeyri olmadı. Növbəti dəfə onu Afrika cəngəlliklərində qovaraq tutub, nizəni qıçlarının arasından ağzından çıxana kimi soxdular. Dirildi. Sonra onun adını Janna Dark qoyub tonqalda yandırdılar. Yenə sağ qaldı. Tarix onu tankın tırtılları altına kimi sürüdü, arabir qulağına Fatimə, İndira, Salatın deyə pıçıldadı. Bir dəfə onu zəhərləyib tabutda uzadarkən, kimsə dişini ağardaraq “Gözlərindən lap Klara Setkinə oxşayır” demişdi. Amma o, yenə yaşayırdı. Sonda insanlar istirahətə çıxıb gündüz gördüyü işlərlə məşğul olmağa getdilər. Onda cadugər qarı da xeyli məşhurlaşmışdı, amma məzarı pir olarkən.

Bu müddət ərzində Həqiqət Budda barəsində də eşitmişdi. Sonralar İsa və Məhəmmədi hiss edəcək, İsgəndərin güzgüsündə özünə baxacaqdı. Qəzetlərdən Məhəmməd Əmin və Çe Gevara haqqında oxuyacaqdı. Zərdüşt və Maniyə kitablarda rast gələcəkdi. Və hava qaralmağa başlarkən onların ruhunu özünə dayaq hesab edəcəkdi.

O, min illər və ya bir an ərzində gecə gələnlərə ad fikirləşməyə çalışdı. Onlar yenə də Həqiqətin gözü qarşısında min oyundan çıxırdılar. Həqiqət lap sonralar anlayacaqdı ki, onlar elə gecəni yaradan mahiyyət, gecənin tam özüdürlər. Hələ də əksər müharibələrin qərarları gecələr verilirdi. Yenə də gecə təkcə gözləri yox, həm də qəlbləri qara örtüklə ovudurdu. Gecə qətl və günahların usanmaz şahidi idi. Bu gecələrin birində Həqiqət anladı ki, onlar onu lap çoxdan duyub və bütün bu olanlarla ondan qisas alırlar. O, tək və zəif idi, lap kimsəsiz və çəlimsiz uşaqlara bənzəyirdi. Gəcələr düşündüklərini gündüzlər əmələ çevirən insanlar yenə də onu təqib edir, yeni cəza üsulları axtarırdılar. O, İbrahimin qırdığı bütlərə tamaşa etmə qalibiyyətini həsədlə xatırlayırdı.

Və nəhayət, Həqiqət insanlardan gizlənmək üçün bənövşənin kölgəsinə çəkildi. Bilirdi ki, bənövşə ən utancaq çiçəkdir və onun ismətinə heç vaxt xəyanət etməz. İndi o, tənhalığını daha dərin hiss edirdi. Qadınların ən gözəl səviyyədə bacara bildikləri iki şeydən birini – ağlamağı özünə həmdəm seçdi. Sayını unutduğu günlər qədər, göz yaşları bənövşəyə qiyamətə kimi kifayət edincəyə qədər ağladı. Zaman ötdükcə insanlar elə həmin zamanın daxilində Həqiqəti axtarırdılar, onlar üçün həyat öz marağını itirmişdi, çünki əzab verməyə başqa məbudları yox idi. Yalnız bir dəfə gecəni sevgilisiylə başa vuran bir aşiq dağın yamacından bənövşə dərib ona iylətdi. Həqiqətin göz yaşlarından qidalanıb yaranan ətri qız bütün vücuduna yayılacaq qədər sinəsinə çəkdi. Bu vaxt Həqiqət uzun zamandan sonra azacıq Günəşə tərəf boylandı və gülümsədi. Yeni həqiqətlər doğulacaqdı.

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10