“Bəxti” gətirən “Mola Nəsrəddinçi”

14 Baxış

 229962

“Keçən ildən bəri Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” adlı müsəlman yumorist jurnalı öz oxucuları arasında getdikcə daha artıq maraq cəlb edir. Az zamanda nəşr edilməsinə baxmayaraq, redaktoru istedadlı Mirzə Cəlil Məmmədquluzadə olan bu jurnal yalnız Rusiyada deyil, hətta İranda və digər müsəlman ölkələrində də özünə geniş oxucu kütləsi qazanmışdı”.
“Zakavkazye” qəzeti, 30 yanvar 1907, N-24 

Tədqiqatçıların fikrincə mollanəsrəddinçilər arasında nisbətən “bəxti gətirən” Əli Nəzmi olmuşdur. Çünki başqa mollanəsrəddinçilərə nisbətən Əli Nəzmi hələ salığında əsərlərinin böyük bir hissəsinin nəşrinə nail olmuş, Ö.F.Nemanzadə kimi tez-tez sürgünlərə, həbslərə məruz qalmamış, Ə.Qəmküsar kimi faciəli həyat yaşamamşı və s. Amma təəssüflər ki, onun da həyatı qələm, məslək yoldaşları olan mollanəsrəddinçilər kimi ehtiyac içində keçmiş, uşaqlığından ömrünün sonuna kimi bu ehtiyac onu tərk etməmişdi.

Ə.Nəzmi 1878-ci ildə Gəncənin Sərab kəndində kasıb bir ailədə dünyaya gəlib. Ailənin ilk oğul övladı dünyaya gəlmək münasibətilə atası Məhəmməd kişi yeganə dövləti olan bağını sataraq Məşədə ziyarətə səfər edir və bu səfərlə də ailə daha da müflisdəşir. Əlinin 11 yaşı yenicə tamam olanda atası rəhmətə gedir və elə həmin gündən altı baş ailənin ağırlığı onun üzərinə düşür. Mollaxanada dərsdən sonra Əli meşədən odun şələsi yıxıb satmaqla ailəni dolandırmaq üçün anasına kömək edir.

1898-ci ildə Buxaraya gedən Əli, orada yaxın qohumlarından birinin dükanında köməkçi kimi işləyərək ailəsiniə bir parça çörək qazanmışdı. Dükana tez-tez bir yəhudi mühəndis gəlirmiş. Əli ilə sözü tutan bu mühəndis Əliyə oxumaq üşün maraqlı kitablar, qəzetlər gətirərək onu elmə həvəsləndirir. Ə. Nəzminin günü-güzaranı çox ağır keçsə də onda ədəbiyyata maraq oyanır və ağır güzaranını nəzmə çəkərək, ara-sıra şerlər yazmağa başlayır.

İlk mətbu əsəri “Şərqi-rus”da çap olunan Əli Nəzminin ilk yaradıcılığı haqqında tədqiqatçların fikri belədir ki; “onun 1901-ci idən başlayaraq şerlər yazdığı və hətta bundan bir neçə il əvvəl Orta asiya dan öz dostlarına və məktəb yoldaşlarına mənzum məktublar göndərdiyi məlimdiur”. Bu haqda şair özü də sonralar xatirələrində yazırdı ki: “Mən, qürbətdə mütəəssir olduqca vətəndəki məktəb arkadaşlarıma məktub yazaraq və bəzən də təəssüratımı onlara daha kəskin anlatmaq üçün qəzələ oxşar, vəzni və qafiyəsi pozuq şerlər yazırdım”.

Əli Nəzmi ailəsini dolandırmaq üçün Buxara və Səmərqəndə gedərək ticarətlə məşğul olurdu. Belə səfərlərdən biri də 1904-cü ildə Tiflisə oldu. Lakin burada o yalnız ticarətlə maraqlanmadı. Həm də yenicə çap olunan “Şərqi-rus”un redaksiyasına gəlir və M.Şahtaxtinskilə tamış olur. Bu tanışlıqdan sonara qəzetdə ara-sıra şer və məqalələri ilə çap olunur. Növbəti gəlişlərindən birində elə həmin redaksiyada Mirzə Cəlil və Ö.F.Nemanzadə ilə tanışlığı sonralar möhkəm dostluğa cevrilir . O, “Molla Nəsrəddin”də ilk dəfə 1906-cı ildə “Əlidəyənəkli” imzası ilə kiçik bir məktubla (bəzi tədqiqatçlar bunu felyeton da adlandırıdlar) başlayır. Ə.Nəzminin jurnala gəlişini Mirzə Cəlil sonralar xatirələrində belə yazırdı: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki,ondan bir neçə vaxt sonra Sabirin “Təmeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və “pənah Allaha”- deyib, Sabirin “Təmeti-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şerini göndərdi”.

Lakin, Ə.Nəzmi “Molla Nəsrədddin”də ilk olaraq bir neçə mollanəsrəddinçidən fərqli olaraq nə şer, nə də felyoton ilə çıxış edib. Onun ilk çıxışları məktubları olub. Beləliklə jurnalla yaxınlıq edən gənc onun məqsədini, məramını daha yaxından başa düşməyə başlayır və sonralar nəyin ki, jurnalın daimi yazarına çevrilir, hətta Mirzə Cəlil onu dahi Sabirlə müqayisə edərək deyirdi: “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan –birinci Məşədi Sijimqulu Kefsiz olubdu”.

Mirzə Cəlilin bu fikrini sonralar ədəbiyyatşünas alim Mir Cəlal təsdiq edərək yazırdı ki: “İmza atmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çox çətindir”. Digər tədqiqatçların fikrincə də M.Ə.Sabirin vəfatından sonara istər “Miolla Nəsrəddin”də istərsə də “Məzəli”, “Tuti”, “Zənbur”, “Babayi-Əmir” və s kimi satirik jurnallarda əsasən “Şəmşirək”, “Şəmşir”, “Sijimqulu”. “Kefsiz”, “Məşədi Sijimqulu”, “Sərsəri”, “Şallax” imzaları ilə ən yaxşı şerləri yazan Əli Nəzmi olmuşdur. Bunlarla yanaşı Əli Nəzmi “Məlimat”, “Tərəqqi”, “Yeni irşad”, “Günəş”, “Qardaş köməyi” kimi qəzet və jurnallarla da əməkdaşlıq etmişdir.Bu mətbu orqanlarındakı çıxışı bir daha sübut edir ki, Ə.Nəzmi təkcə satirik şerlər deyil, eyni zamanda nəsrlə də maraqlanmış, publisistik məqalələr və felyetonlar da yazmışdır.

1914-cü ildə Əli Nəzmi “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirovdan bir məktub alır. Redaktor onu jurnalla əməkdaşlıq etməyə dəvət edirdi. Əli Nəzmi bu dəvəti qəbul edərək “Məzəli” ilə də əməkdaşlığa başlayır. Buradakı ilk “Pul” adlı satirası ictimayyət arasında böyük rəğbətlə qarşılanır. Bunu Haşım bəy də qiymətləndirərək şairi 20 manat pulla mükafatlandırır. Tədqiqatçı alim Firidun Hüseynovun yazdığına görə “bu, on ildən bəri qəzet və jurnallarda yüzlərlə əsəri çap olunan şairin aldığı birinci zəhmət haqqı olur”.

“Molla Nəsrəddin” başda olmaqla onun təsiri ilə çıxan satirik jurnalları gözdən kecirərkən belə bir maraqlı faktla rastlaşdım ki,Sabir ədəbi məktəbi, əsasən də 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı və bu məktəbin ən istedadlı davamçıları yetişməkdə idi. Sabir kimi nəhəng bir sənətkarla ünsiyyətdə olmaq, ondan öyrənmək, bəhrələnmək bu məktəbin davamçlarının tale qismətinə düşən bir xöşbəxtlik idi ki, Əli Nəzmiyə də qismət olmuşdu.

Jurnalın və özünün yaradıclığının ən məhsuldar dövründə yəni 1916-cı ildə Ə.Nəzmi Gəncə şəhərinə köçür. Tədqiqatçı alim Qulam Məmmədlinin yazdığına görə 1916-cı ildə Mirzə Cəlil Əli Nəzmiyə məktub yazaraq onu Tiflisə dəvət edir. Ə.Nəzmi isə yeddi başdan ibarət bir ailə ilə Tiflisdə dolana bilməyəcəyini nəzərə alaraq getmir və Mirzə Cəlildən üzr istəyir.

1920-21-ci illərdə Gəncədə müəllimlər kursunda oxuymaqla yanaşı müəllimlik edən Ə.Nəzmi ara-sıra mətbuatda da çap olunurdu. 1922-ci ildə “Molla Nəsrəddin”in Bakıda çap olunan dördüncü sayındakı kicik bir elan onun diqqətini cəlb edir. “Kefsizə. Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimqulunu). Harada olduğunu bilmədiuyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez vəqtdə öz lətafətli şerləri ilə məcmuəmizi zinətləndirəcəkdir”.

Beləliklə yenidən Ə.Nəzminin imzası “Molla Nəsrəddin”də tez-tez görünməyə başlayır. Bu zaman Gəncədə yaşayan Əli Nəzmi həm də “Yeni Gəncə “qəzetində çalışırdı. 1926-cı ildə qəzet bağlanır. İşsiz qalan Ə.Nəzmi üz tutur Bakıya. Burada bir neçə qəzet və jurnallarla əməkdaşlıq edən Ə.Nəzmi yenidən onun üçün çox doğma olan “Mola Nəsrəddin”ə qayıdır və jurnal bağlanana qədər burada katiblik edir. Ə.Nəzmi yenidən “Molla Nəsrəddin”ə qayıtdıqdan sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Bu günkü ədəbiyyatımız haqqında” ilk məqaləsini də özünə ustad sandığı Mirzə Cəlil yaradıclığına həsr edir. 1927-ci ildə Ə.Nəzmi “Sijimqulunamə” adlı “Azərnəşr”də çap etdirdiyi əsərini də ustadının xeyir-duası ilə (əsərə Mirzə Cəlil müqəddimə yazıb)oxucularının ixtiyarına verir.

Sovet dövründə “Kommunist”, “Yeni yol”, “Kəndli qəzeti” mətbu orqanlarında çalışan şair bir neçə kitablarını da çap etdirə bilir. Ömrünün son illərində isə “Molla Nəsrəddin” jurnalının nəşri tarixi ilə bağlı öz həyatı və müasirləıri haqqında maraqlı məlumatlar verən iri həcimli xatirələrini yazır. “Keçmiş günlər” adlı bu mənzum xatirə “XX əsr azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin bəzi məsələlərini öyrənmək üçün də qiymətli mənbələrdən biridir”.

Ömrünün sonuna kimi qələmi yerə qoymayan Əli Nəzminin 1946-cı il yanvarın 1-də “Kommunist” qəzetində “Aradan çıxanların bazarı” adlı beynəlxaq mövzuda bir satirası çap olunur. Səhəri gün yanvarın 2-də qəflətən vəfat edir. Məslək və amal dostları olan mollanəsrəddinçilər kimi o da Azərbaycan mətbuatı, ədəbiyyatı tarixində silinməz bir iz qoyub getməklə həmişəyaşar zirvəyə ucaldı.

Qərənfil Dünyamin qızı
BDU-nun fəlsəfə doktoru

KÖŞƏ YAZARLARI
TOP 10