Bəyim nənə

94 Baxış

letif

Lətif Şüküroğlu

Atam onu əmisinin yeganə yadigarı sayırdı. Ancaq bu ifadəni dilinə iki-üç dəfədən artıq gətirməmişdi. Özü də ancaq ikili söhbətlərimizdə. Başqalarının yanında bunu deməkdən utanıb çəkinmişdimi? Yoxsa sentimental görünməkdən xoşlanmadığı üçün belə etmişdi?! Uşaqlar hamısı onu “Bəyim nənə” deyə çağırardılar. Atam valideynlərini lap körpəliyindən itirmiş əmisi qızına böyük qardaşdan daha artıq, ata əvəzi olmuşdu. O da atamı həmişə öz böyüyü, ağsaqqalı bilmişdi.

Bəyim nənə bu adı elə-belə qazanmamışdı. Biz anamızdan ayrılanda təkcə 8 yaşlı böyük qardaşım nə baş verdiyini tam anlayacaq yaşda idi. Bu ayrılığın səbəbini, mahiyyətini başa düşməsəm də, ətrafdakıların, daha çox da qonşuların “Yazıqlar yetim qaldılar” deməsi nəyisə izah edirdi. Boşananda tək pencəyini çiyninə atıb çıxan atam məhkəmədə uşaqların onunla qalmasını istəmişdi. Bu proses anamdan ayrılmağımızdan 3-4 ay sonra baş vermişdi. Hakimin qərarı ilə böyük qardaşımdan və məndən kiminlə qalmaq istədiyimizi soruşduqda, əvvəl o, sonra da mən tərəddüdsüz atamı seçmişdik. Anam nə qədər şikayət etsə də, sonunda razılaşmış, bacımın da bizdən ayrı qalmasını istəmədiyindən 5-6 ay sonra süddən kəsiləndə onu da atama vermişdi. Həmin vaxta qədər Bəyim nənə bizə analıq etmiş, atam ikinci dəfə ailə həyatı qurmasına baxmayaraq, biz şəhərin ayağında ikimərtəbəli evimizə köçənədək belə davam etmişdi. Onda mən ikinci sinifdə oxuyurdum. Doğrusu, qonşuluqdakı dostlardan, ən çox da əmiuşaqlarından və Bəyim nənədən ayrılmaq bizə ağır gəlirdi. Ancaq nə edəsən? Bu məsələləri böyüklər yoluna qoyurdu. Bir də, bizi yeni həyat gözləyirdi. Keçmiş həyatımızda isə bizə anamız qədər doğma olan Bəyim nənə vardı. Atamdan da qarayanız, dolu bədənli, tund qonur gözlü, bir az şabalıdıya çalan qara saçları, ən əsası, xoş siması olan bu qadın nə qədər həyatsevər, mehriban, səmimi idi. Bizə çox nadir hallarda hirslənəndə də gözündəki sevgi işığı azacıq da dəyişmirdi. Pis hərəkətlərimizi, yaramazlıqlarımızı görməzdən gələr, bir dəfə də olsun atama deməzdi. Yeməklərin yaxşı yerini bizə verərdi. Həmyaşıd əmioğlum, ya da balacalardan kimsə niyə mənə orasını yox, burasını, yaxud az verdin deyəndə “səsini kəs, payına nə düşüb, onu da ye” deyərdi. Səsindəki qətiyyətdən, kişi kimi sözü bir dəfə deməsini yaxşı bildiyimizdən etiraz dərhal kəsilərdi. Bəlkə də bizə baxanda özünün körpəlikdən ata-anasız qaldığı illəri xatırlayırdı. Anası Mələyi lap südəmər vaxtında itirmişdi. Atası Əmirxan həbsxanada yatarkən ürək partlamasından vəfat etmişdi. Ona görə də bu gün anasız qalan doğmalarına başqa hansı duyğuları bəsləyə bilərdi ki?

Bəyim nənənin atası sovet quruluşunu qəbul etməyən qaçaqlara qoşulduğuna görə bir neçə il Gorus həbsxanasında yatmış, ona baş çəkməyə gedən bir nəfərdən qardaşının ölüm xəbərini eşitdikdə, ürəyi tab gətirməmişdi. Atam onun haqqında mənə çox danışmışdı. Əmisi hakimiyyət nümayəndəsini öldürən qaçaq Balacaya qoşulub bir müddət meşələrdə, dağlarda yaşamış, ancaq sonunda ələ keçmiş, Gorus həbsxanasına salınmışdı. Xasiyyətcə tündməzac, tərs, ancaq mərd və etibarlı adam imiş. Atam deyirdi ki, “əmim qoçaq, vurub-tutan adam idi. Böyük qardaşının başaşağı, güzəştə gedən adam olmasını həzm edə bilmir, hərdən onun üzünə ağ olurdu. Ancaq bu, nadir hallarda baş verər, dərhal da peşiman olub qardaşının könlünü alardı. Əmim böyük-kiçik yeri bilən adam idi, verdiyi sözü tutardı. Kənddə hamı ondan çəkinsə də, haqsızlıq etməz, səbəbsiz yerə kimsəyə söz deməzdi. Özü də çox güclü, çevik adam idi. Yaxşı da ovçuluğu vardı. Gəzib dolanmağı, kefinin duru vaxtlarında astadan zümzümə etməyi xoşlayırdı. Ətraf kəndlərdən başqa, Qafandan, Gorusdan, Qubadlıdan çoxlu dostları vardı. At üstündə elə otururdu ki, boy-buxunu, əzəməti adamı heyran qoyurdu. Deyərdin, başqasına belə yaraşmaz. Ancaq qəzəblənəndə gərək gözünə görünməyəydin, bir yumruğa şil-küt edərdi. Adamı nə qədər çox istəsə də, dilinə gətirməzdi”.

Laqeyd görünüşünün arxasında həqiqətdə nələrin gizləndiyini qardaşının ölüm xəbərindən sarsılıb, onun yanında ola bilmədiyinə görə qəzəbdən ürəyinin partlaması da göstərir.

Elə bu keyfiyyətlərinə görə, rayon ərazisində əksər kəndlərin sahibi olan Nəriman bəy onu öz yanında işə götürmüş, az keçmədən malikanəsinin əsas idarəçilik məsələlərini ona həvalə etmişdi. Nəriman bəyin qızı Həcər xanım isə atasının ölümündən sonra etibarına, mərdliyinə, qocaqlığına bir daha əmin olaraq onu övladlarına kirvə tutmuşdu. Həmin ailələr arasında bu qohumluq neçə nəsil davam etmişdi. Bu kirvəlik məsələsi barədə Həcər xanımın atama danışdıqları maraqlı olduğundan bunu çatdırmaq istəyirəm. Atasının ölümündən sonra uşaqlarına kirvə tutmaq barədə götür-qoy edən Həcər xanım Əmirxanın üzərində dayanır. Bu fikrini Əmirxana çatdırıb, həyat yoldaşı Cavad kişinin də onun kirvə tutulmasına razı olduğunu bildirir. Əmirxan “Siz bu fikrdəsinizsə mən nə deyə bilərəm, ancaq razı olsanız uşaqları mənim ağsaqqalım sayılan böyük qardaşımın qucağına qoyarsınız”, deyir.

Həcər xanım etiraz etmir, “nə fərqi var kirvə sən, ya qardaşın olsun”, deyir.

Beləcə vaxt gəlib yetişir, o vaxtın adətinə görə uşaqları müsəlman etmək üçün hazırlanmış boğçanı gətirirlər və kirvə, yəni babam Məmiş keçib oturur boğçanın üstündə. Başı içəridə hansısa işə qarışmış Həcər xanım mərasimin baş tutacağı eyvana çıxanda boğçanın üstündə oturan adamı görəndə çaşıb qalır. Bu adam bir vaxtlar meşə ətəyində qanlısını axtarakən rastlaşdığı və onun kimliyini bilmədən artıq söz işlədərək təhqir etdiyinə görə üstünə silah çəkdiyi adam imiş. Əhvalat belə olubmuş.

Bir nəfər düşmənçilik zəminində Həcər xanımın qardaşını öldürüb, qaçıb gizlənibmiş. Qardaşının qisasını almaq istəyən Həcər xanım onu ətraf dağlarda, meşələrdə axtarsa da tapa bilmirmiş. Bu minvalla neçə müddətimiş ki, gecə-gündüz, yaxın-uzaq demədən qatili axtarırmış. Bir gün axşamüstü meşənin yaxınlığından keçən bir neçə adam çiynində tüfəng bir qadının at belində ağacların arxasından çıxdığını görürlər. Aralarındakı məsafə azalanda Həcər xanımı yaxşı tanıyan həmin şəxslərdən biri ərkyana günün bu vaxtında meşədə nə axtardığını soruşur. Həcər xanım cavabında:

-  Düşməni axtarıram ki, öldürüm, məgər sənin xəbərin yoxdur, deyir?

-  Xəbərim var, ancaq daha gecdir, belə vaxt meşədə kimi tapmaq olar, deyir.

Adamların işərisində nisbətən cavanı, Həcər xanımı tanımadığından:

-  Sən adam öldürə bilərsən ki, çiyninə də tüfəng götürmüsən? qorx ki, sənin özünü vurmasınlar, deyir.

Həcər xanımı tüfəngi çiynindən aşırıb bu sözləri deyən həmin adamı vurmaq istəyəndə, bayaq ona birinci müraciət edən şəxs tez araya girir:

-  Sən allah bağışla, Həcər xanım, cavandır bilmədi bir səhvdir etdi. Sizi tanımadığına görə belə dedi. Keçin günahından, çevirin balalarınızın başına, – deyir.

Həcər xanım daha bu sözdən sonra atının başını çevirib yoluna davam edir. Ancaq içinə dolan qəzəbi bir neçə gün də boğa bilmir. İlk dəfə üzünü gördüyü tanımadığı birinin ona belə tənə etməsi qüruruna toxunduğundan urəyində nə vaxtsa bu adama yerini göstərməyin gərəkdiyinə qərar verir. Yol yoldaşları da babamı möhkəm danlayıb, kiminlə necə danışmaq lazım olduğunu başa salırlar. Babamın adını eşidib üzünü görmədiyi Həcər xanımla ilk tanışlığı belə olur.

İndi bir vaxtlar əlindən bərk qəzəbləndiyi həmin cavan oğlanı kirvəlik boğçasının üstündə oturan görəndə Həcər xanımın urəyində nələr keçirdiyini bir Allah bilir. Onun üzünü Əmirxana çevirib açıq sezilən narazılıqla:

- Əmirxan sənin məsləhət yerin, böyük qardaşın budur? soruşmuşdu.

Məsələdən az-çox xəbərdar olan Əmirxan:

-Həcər xanım, siz onu bir yaxından tanıyın, görəcəksiniz mənim qardaşım necə oğlandı, o məndən də yaxşıdır. Etdiyi səhv də sizi tanımamasının, bir də səbirsizliyinin xətasıdır, deyib.

Özünün sonralar danışdığına görə, Həcər xanım bu sözlərdən tam qane olmasa da, təmkinini pozmamış, “görünür bu da bir qismətdir” deyib kirvəliyin baş tutmasına razılıq vermişdi.

-  Məmişi tanıyandan sonra yüz yol Əmirxana sən hələ bunun tərifini az etmisən dedim. Məmiş nə Məmiş. Qızıl Məmiş, aydan-arı, sudan duru Məmiş.

Eşidənlər deyirdilər ki, hər dəfə bu sözləri təkrarlayan Həcər xanımın gözləri dolur, astadan köks ötürürmüş. Bu bəy qızı özünün rəiyyəti olan, ancaq mərdliyini, kişiliyini yüksək qiymətləndirdiyi sadə bir insanı kirvə seçməkdən çəkinməmişdi. Elə Əmirxanı kirvə seçməsini də, Məmiş kimi bir insanla tanış olmasını da talenin yaxşı qisməti sayırmış.

Bəyim nənə belə bir kişinin qızı idi. Dostuna görə həbsə düşən, aylarla ailəsindən, evindən kənarda dağda-daşda yaşasa da, təslim olmayan, tutulanda başqa qaçaq yoldaşlarını ələ versə bağışlanacağı vədinə qarşılıq heç nə bilmədiyini deyib duran, həbsi çuğulluqdan üstün tutan bir kişi. Yoldaşlarının yerini bildirməsə, erməni polisi onu özünü güllələyəcəyi ilə təhdid edibmiş. Ancaq açıq-aşkar edilən ölüm təhdidi də onu inadından döndərməmişdi.

Bəyim nənə də atası kimi istədiklərinə sevgisini əməlində göstərən, dilinə gətirməyən insandı. Yaşının indiki ağbirçək çağında hərdən xəstələnəndə yanına gələn cavanların dil-ağız etməsinə:

-  Bala, təki siz sağlam olun, ömrünüz mənimkindən də uzun olsun, ta mənim yaşımda adam xəstələnər də. Təki Allah sizi qorusun, – deyir. Yaşının 80-i ötdüyü çağında da ağrılardan bir dəfə şikayətlənməyən, doğmaları üçün ürəyi nanətək əsən bu insanın iradəsinə, qəlbinin böyüklüyünə qibtə edirsən.

Bilirəm ki, yurd həsrəti onu da üzür, dərdinin üstünə dərd gətirir. Yeganə arzusu bir saatlıq da olsa, doğmalarının yatdığı torpağa qayıtmaq, son nəfəsini onların yanında verməkdir. O yerlərdə ata-anası, körpə ikən itirdiyi bacısının, əmisi oğlunun, əmisi qızının, başqa doğmalarının və 28 yaşlı oğlunun da qəbirlərini qoyub gəlib. Atamın ilk və son məsləhət yeri olan Bəyim nənə.

Mən onun haqqında bu qeydlərimi əvvəllər qələmə almışdım. Uşaqlığı, gəncliyi əzablar, çətinliklər içərisində keçmiş Bəyim nənə heç olmasa ömrünün ahıl çağını oğul-uşağının, nəvələrinin əhatəsində qayğısız yaşamaq ümidində idi. Ancaq tale ona bu istəyi də çox gördü. Ağbirçək yaşında tale onunla elə amansız, elə qəddar davrandı ki. Sən demə qismətində ömrünün bəlkə də ən dəhşətli günlərindən birini görmək də varmış. Soyu-kökü bilinməyən bir nadanın, manyakın ucbatından körpə fidan kimi nəvəsi dünyadan kamını almadan gözlərini əbədi yumdu. Heç orta məktəbi də bitirə bilmədi. Öldürüldüyü yer qanı ilə boyandı və bu rəsmlər orta əsr vəhşiliyinin canlı tablosuna çevrildi. Həkim olub insanları qorumaq istəyən bir gəncin günahsız qanı axıdıldı, qönçə gül kimi açmaqda olan həyatı sona yetdi. Bu vəhşiliyin törədilməsində hədsiz laqeydləşmiş, deqradasiyaya uğramış, dəyərlərini itirmiş cəmiyyətin, kriminal mövzuları ucuz şou mövzusuna çevirmiş, yanlış təbliğata qucaq açmış medianın və digər səbəblərin də payı var. Bu çoxsaylı səbəblər qaldıqca cəmiyyət belə dəhşətli, tükürpədən cinayətlərin törədilməsindən sığortalana bilməyəcək.

Onu körpəliyindən «qara balamı çox istəyirəm», deyən babasının yanında torpağa tapşırdıq. Ruhları qovuşsa da, arzuları yarımçıq qaldı.

Ömrün qürubunda fələk deyilən amansız qüvvə çəkilməz dərd saldı ürəyinə Bəyim nənənin. «Allah mən dura-dura bu körpəyə necə qıydı» – deyib özü-özünə verdiyi cavabsız sualların qarşısında taleyinə, qismətinə yanır. Bu vaxtsız və faciəli ölüm varlığını elə sarsıdıb ki, başqa dərdləri yalan olub.

İxtiyarsız düşünürsən, onun həyatının son dövrü nədən bu qədər faciəli oldu? Bu xeyirxah ağbirçəyin dünyadan gözüyaşlı, çəkilməz dərdlə gedəcəyi fikri nə qədər ağırdır.

Bölmə : Nəsr, Ədəbiyyat