Babama məktub… – Sergey Yesenin

18 Baxış

ere

Senet.az oxucularına Sergey Yeseninin “Babama məktub” şeirlərini təqdim edir.

Salam, sən ey mehriban,

sevimli, əziz baba!

Bu məktubu yazarkən mən

tələsə-tələsə,

Yəqin ki evimizdə

 “gurhagur” yanır soba -

Sən də qulaq asırsan

 çardaqdan gələn səsə…

Qara-qura fikirlər

 gəlib dolur beyninə.

Guya ki, başın üstə

cinlər-zadlar at çapır.

İstəyirsən, atasan

pencəyini çiyninə…

Nə ayağın tərpənir,

nə qəlbin aram tapır.

Ah, mənim saf ürəkli,

ağzı dualı babam!

Elə təmiz böyüdüb

tapındığın din səni,

Gecələr tək qalanda -

hələ də avam-avam -

Düşünürsən, qorxudur

şeytan səni, cin səni.

Bəslənməyən dayçadan

at olarmı, dedin, at? -

Bir vaxtlar böyütdüyün

hər oğlun, qızın kimi,

Yüz cür dua öyrədib,

 hər dəqiqə, hər saat

Dindar görmək istədin

məni də özün kimi.

Bədbəxtlikdən tərs kimi,

fərsiz çıxdı nəvən də…

Atıb evi-eşiyi,

çıxıb getdi uzağa.

Avarayam, səfiləm,

düşünürsən sən həm də! -

Şeir də bir tərəfdən

 toy tutur mən yazığa.

Deyirsən,  sən axmaqsan!

Şəhər isə – oğrudur!

Baba, vallah, şəhərin,

pis çıxıbdır, pis – adı.

Mənim axmaq olmağım,

 bəlkə də, lap doğrudur;

Amma oğru çətin ki

 oğurlaya pis atı.

Dedim ki, kənd-kəsəkdə

vaxtı niyə ötürüm?

Çərləyər peyinlikdə

                        lap ən gözəl  kəhər at!

İstədim ki, dünyadan

 nəsə görüb-götürüm,

Ona görə yurdumu

 tərk elədim o saat…

Burda yazdır… Hər tərəf

                        bürünüb gül-çiçəyə…

Burda bütün il boyu

                        gül becərmək qaydadır.

Diqqətlə bax

            məktubda yolladığım ləçəyə,

Gör, ləçək o boydasa,

                        gül özü nə boydadır!

Çovğun-boran at çapır

                        Ryazanda bu saat.

İndi  burnunun ucu

                        göynəyir məndən ötrü.

Amma səni yanıma

gətirəmməz xizək-zad,

Qovrulursan, bişirsən, bilirəm,

bundan ötrü.

Bilirəm, gecə-gündüz

“ah” çəkirsən dərindən,

Bilirəm güldən ötrü

 ürəyin də tökülür.

“Qatar” adı eşidib

tərpənmirsən yerindən.

“Qatar” adı gələndə

 dizlərin də bükülür.

Bilmirsən, qatar necə yaxın edir

 uzağı

Bəsdir də yaşadığın

 yalana uya-uya!

 Birdən ölüb-eləsəm,

Dayanmazsan sən, axı,

Onda bura qatarla

gəlməyəcəksən guya?

Ta bəhanə axtarma

qaşını çata-çata

Mənim də təklifimi

azca ora-bura yoz;

Min,

xaricdən alınan dəmir ürəkli  ata,

Onda özün görərsən,

 necə atdır paravoz…

Tüstünü yalman kimi

başının üstə atıb.

Uçur- cuğun ağzından

od püskürə-püskürə.

Eh, o boyda yalmanı

 olsaydı bizim atın,

Süpürgə düzəldərdin

 ondan – yüz cür süpürgə.

Bilirəm ki, vaxt ötüb

 yaraları közəyər.

Qatarla yol gələndə

başa düşərsən hələ

Ki, ən yaxşı atı da

qoşsan belə xizəyə -

Bu diyara çatınca

sümüyü gələr ələ.

Baba, gəlsən,  görərsən,

kənd – hara, şəhər – hara…

Deyərsən: “Düz tüpürdün

o yeknəsəq həyata.”

Bir də…

birdəfəlik gələrsən ki qərara -

Lap ən səfeh oğru da

əl bulamaz pis ata.

Tərcümə edəni:  Qoca Xalid