Bacarıqlı şagird mütləq bir gün Ustad olacaq

69 Baxış

Şəmil Sadiq təlim

Senet.az “Ustad” dərgisinin ilk sayından jurnalın baş redaktoru, Fil.ü.f.d Şəmil Sadiqin “Bacarıqlı şagird mütləq bir gün Ustad olacaq” yazısını təqdim edir. 

Fil.ü.f.d. Şəmil Sadiq 

Bacarıqlı şagird mütləq bir gün Ustad olacaq

Ədəbiyyat və mədəniyyətimizin qarmaqarışıq bir durumunda dərgi çıxarmaq arzumuz axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar.

Həsən bəy Zərdabi ilə bir daha işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində elə bir toy-düyün qurmuşdu ki, dünya durduqca onun sədaları qulaqlarımızda cingildəyəcək. Cingildədikcə də ürəyimiz riqqətə gələcək, sevinc göz yaşlarından feyziyab olacağıq.

Dərgimizin adını “Ustad” qoyduq. Ünlərə inananları əmin edə bilərəm ki, adı biz qoymadıq, Ustad İsa Muğanna demiş, sanki “Göydən özləri dedi”.

Ustad sözünün izahlı lüğətdə verilmiş mənası elm və ya sənət sahəsində geniş, dərin biliyi və qabiliyyəti olan şəxsdir. Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır, çox zəngindir. Hətta o dərəcədə ki, müridlər kimi əllərimiz dizimizin üstündə saatlarla qarşısında oturub nəfəsimizi dərmədən dinləmək, razılığımızı ancaq baxışlarımızla bildirmək boynumuzun borcudur. Əgər dərginin də adqoyma mərasimi, taleyi insanlardakı kimi olsaydı, yəqin ki “Şagird” qoyacaqdıq. Böyüdükcə, özümüzü göstərdikcə, sevgiləri qazandıqca, bacarıqlarımızı sübut etdikcə oxucu özü bizə “Ustad” adı versin deyə. Amma “adı da elə Ustadlar qoyar”, – deyib ortaq bir qənaətlə “Ustad”la razılaşdıq. Ustadlardan biri olan Əziz Nesin öz soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə soyad qanunu çıxanda insanların xarakteri açılmağa başladı: “Dünyanın ən xəsisləri özlərinə “Əliaçıq”, ən qorxaqları “Ürəkli”, ən tənbəlləri “Çalışqan” soyadını götürdülər. Hər yağmalamada həmişə sona qaldığım üçün soyad yağmasında da sona qaldım. Özümə uyğun soyad tapa bilmədiyim üçün “Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki, “Nəsin” deyə çağırıldıqca nə olduğumu hər addımda düşünüb özümə gəlim”. Əziz Nesinin bu təvazökarlıq priyomu çox maraqlıdır. Bu anlamda hər dəfə “Ustad” adı çəkildikcə qulaqlarımızda ustadlarımızın pıçıltısı səslənəcək, bu ada layiq olmamız üçün bizə yol göstərəcək, ruhlandıracaq və əminəm ki, biz də bu adın haqqını verəcəyik. “Ustad” gəlməmişdən əvvəl qarşımıza bir sıra şərtlər qoydu: Sağçı və solçuların birliyini və barışığını təmin edib onları səhifələrimizdə qonaq etmək; Milli başları namilli başlardan fərqləndirərək gözləri, şüurları sadəcə milli başlara yönləndirmək; Yolunu yanlış gedənlərə yol göstərmək; Gəncliyi ağsaqqalların səhvindən nəticə çıxarmağa, düzündən yararlanmağa yönləndirmək; Sabahları dünənin cahil, mövhumatçı qoynundan alıb, bu günün həqiqətləri ilə tanış etmək; Ədəbi həqiqətlə əbədi həqiqəti təcəssüm etdirmək; Bacarıqlı şagirdləri Ustad etmək… Ustad ulu və amiranə səslə bir də onu dedi ki, əgər bunlara əməl etməyi bacaracaqsınızsa, adımı tutub işə başlayın, yox bacarmayacaqsınızsa, gedin özünüzə başqa ustad tapın. Ustad Ustaddır, onun bütün fikirləri birmənalı qəbul edilməli, şərtləri yerinə yetirilməlidir. Biz də and içdik ki, Ustadımızın yolundan zərrə qədər də olsun yayınmayıb, Bilgə Kağandan, Dədəm Qorquddan, Şeyx Nizamidən, Nəimidən, Nəsimidən, Xətayidən, Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan, Şəhriyardan, Muğannadan bu günə ötürülən ışığı özümüzlə gələcəyə daşıyacağıq. Hədəfimiz budur!