BAFTA mükafatının sahibləri məlum oldu

9 Baxış

 

Bafta

İngilis Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının (BAFTA) builki sahibləri bəlli olub.  “Ən yaxşı film” mükafatına Oskarın ən iddialı namizədi olan “Diriliş” filmi, filmin baş rol ifaçısı Leonardo Di Kaprio isə “ən yaxşı aktyor” mükafatına layiq görülüb.
“Diriliş” filminin rejissoru Alexandro Qonsales İnyarritu həm də “ən yaxşı rejissor” mükafatının qalibi olub. Film eyni zamanda kinematoqrafiya və səs effektlərinə görə də “ən yaxşı” hesab olunub.
Amerikalı aktrisa Bri Larson “Gizli dünya” filmindəki roluna görə “ən yaxşı aktrisa” mükafatını qazanıb.

“Oskar” mükafatı laueratı Keyt Uinslet “Stiv Cobs” filmindəki roluna görə “ikinci planda ən yaxşı qadın rolu”, Mark Rilens isə “Bridge Of Spies” filmindəki oyununa görə “İkinci planda ən yaxşı kişi rolu” mükafatını alıb.

İrland rejissor Con Kraulinin “Brooklyn” lenti “Ən möhtəşəm britan filmi” nominasiyasında qalib gəlib.

“Yeni parlayan ulduz” nominasiyasında mükafat “Ulduz savaşları: Gücün oyanışı” filmində “Finn” rolunu oynamış britaniyalı aktyor Con Boyeqaya verilib.

Rejissor Asif Kapadiyanın “Amy” lenti “Ən yaxşı sənədli film” sayılıb

BAFTA mükafatı ABŞ Kinoakademiyasının münsiflər heyətinin “Oskar”la bağlı səsverməsinin indikatoru sayılır.