Bağırov və Atatürkün qoruduğu Qiyas bəy Şıxlinski kimdir?

22 Baxış

aaaaaaaaaaa

Senet.az saytı enter.news-a  hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin stabs-kapitan Qiyas bəy Şıxlinski haqqında olan yazısını təqdim edir:

Vətənə vurulmuş yaranı bizim hər birimiz öz ürəyimizin dərinliklərində hiss etməliyik.

Viktor Hüqo (1802-1885) fransız yazıçısı

Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində meydan sulayan bolşevik-daşnak düşmənlərinə nifrətini də unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə Sovet sərhədlərinə gah Qars və Sarıqamış tərəfdən, gah da Başkeçid, Maymaq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi Sovet totalitar rejimində kolxoz və sovxozlarda qul kimi işlədilən həmyerlilərini xilas etmək idi.

1918-20-ci illərdə Ərəş qəzasının pristavlığında ikinci sahənin rəisi, ştabskapitan Qiyas bəy Cahandar ağa oğlu Şıxlinski 1895-ci ildə Qazaxda anadan olub.

Aprel çevrilişindən sonra 1930-cu ilə qədər Qazax qəzasında milis rəisi işləyən Qiyas bəy həmin ili bolşeviklərin ədalətsizliyi ilə barışmayıb Türkiyəyə mühacirətə

getmişdir.

M.C.Bağırovun məhkəməsi sənədlərindən: “Bağırovun antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxartdı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.

O illərdə Azərbaycan Baş Siyasi İdarənin işçiləri arasında Şıxlinski daima Bağırovla yaxınlığını qeyd edirdi.

1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı. Orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi. İstintaq zamanı M.C.Bağırov təsdiq etdi ki, Qiyas bəy Şıxlinskini o üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 avqustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi: “Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.

Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.

Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.

Bu ifadələri istintaq zamanı müttəhim T.M.Borşev də təsdiq etdi: “Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar Qiyas bəy Şıxlinski bununla fəxr edirdi. İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı”.

Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur.

Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olunmamışdır. Bundan əlavə, Qiyas bəy Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur: “Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin”.

Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlinskiyə o vaxtlar Azərbaycan Baş Siyasi İdarəsi Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış verildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu. Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı.

Qiyas bəy Şıxlinski 1909-1914-cü illərdə Qori şəhərindəki Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi.

***

Sovet çekistləri tərəfindən daima təqib olunan Qiyas bəy dəstəsilə Gəncəbasar və Dilican dağlarında gəzib dolanır. Nəhayət, 1931-ci ilin yanvar ayında Qazax, Dilican və Allahverdi rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir. Dəstədə onun yaxın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi Sovet hökumətinə nifrət edən oğullar vardı.

Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayonunun xüsusi idarəsinin rəisi Xoren Qriqoryan Şıxlinskilər nəslinə qənim kəsilir. O, bu nəsilin yaxın və uzaq qohumlarının əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin anası Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin iki qardaşını isə güllələdilər. Qalanları Qazaxıstana sürgün olundular.

1935-ci ildə Qiyas bəyin arvadı Badisəba xanım Səadəddin Əfəndi qızı, onun yeddi yaşlı qızı Əzizə və 1915-ci il təvəllüdlü oğlu Qiyasla birgə sosial təhlükəli ünsür kimi noyabrın 17-də üç il müddətinə Qazaxıstana sürgün edildilər.

Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy Şıxlinskinin ailəsindən də yan keçmədi. Qazax enkevedesi Xoren Qriqoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin əmisi qızı Şəkər xanım Adil bəy qızını (xalq yazıçısı Mehdi Hüseynin analığını) sürgünə göndərdi.

İkinci Şıxlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıxlinski ibtidai təhsilini kənd məktəbində almışdı.

1897-ci il sentyabrın 1-də Qori Müəllimlər Seminariyasına daxil olan Alay bəy 1902-ci ildə oranı əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala quberniya idarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə Qazax Seminariyasında riyaziyyat müəllimi olmuşdur. 1926-cı ildə Sovet hökuməti Alay bəyi, Məhəd bəy Vəkilovu və Məcid ağa Şıxlinskini “keçmişin qalığı” kimi səsvermədən məhrum etdi.

“Yuxarılara” şikayətlər yazan Alay bəy və dostlarına Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi (1892-1937) zəmanət vermişdir ki, hər üç nəfər uzun illərdir ki, xalq müəllimi kimi xidmət edirlər. Keçmişdə onları polis orqanlarında işləməyə Qəza Seçki Komissiyası təyin etmişdir. Sovetləşmədən sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yoxdur. 1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin katibliyinə “məxfidir” dərkənarı ilə yazılan bu məktubdan sonra onların səsvermə hüququ özlərinə qaytarılmışdır.

Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay bəyi yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən bezib cana doyan Alay bəy Şıxlinski başına dəstə toplayıb Altuntaxt yaylağına çəkilib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas bəylə birgə Türkiyəyə getdi. Ömrünün axırına kimi İğdırda yaşadı.

Qazax Seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy xalq şairi Səməd Vurğunun, Osman Sarıvəllinin, xalq yazıçısı Mehdi Hüseynin, Mehdixan Vəkilovun, Mirqasım Əfəndiyevin və onlarla seminaristin müəllimi olmuşdur. 1924-cü il buraxılışında müəllim və tələbələrlə birgə çəkilmiş foto şəkildə Alay bəy də var. Müəllim Alay bəy Şıxlinskinin dərslərini dərhal mənimsəyən, çətin məsələ və misalları alıcı quş kimi göydə tutan seminarist Səməd Vəkilovun haqqında Alay bəy demişdir:

- Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan gorünməmiş bir şey çıxacaqdır.

1924-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirən Səməd Vəkilova ən yaxşı xasiyyətnaməni də Alay bəy Şıxlinski vermişdir.

Alay bəy məşhur Qazax qazisi Səadəddin Əfəndi Müftizadənin (1837-1916) qızı Güləndam xanımla ailə qurmuşdu. Əmisi oğlu Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba xanım qazi Səadəddin Əfəndinin qızı idi.

Qiyas bəy Türkiyədəki fəaliyyəti haqqında məlumatı İqdırda yaşayan qardaşı oğlu Turan Həsənbəy oğlu Alqazaxdan almışdım. Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət müfəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi.

Rus – Sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və dostları Vana sürgün edildi. Van yolunda yerləşən Kara Köşedən Qiyas bəy Atatürkə zəng etdi.

Aralarında belə bir dialoq oldu:

- Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bilmək istəyirəm.

Atatürk:

- Başınızın salamat olması üçün bunu etməlisiniz.

- Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin. Ya da icazə verin Kara Köşədə qalaq.

Atatürk:

- Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm.

Qiyas bəy:

- Sağ olun, Paşam.

Atatürkün əmri ilə yerləşdirmə və əmlak məmurları Qiyas bəyə köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz gücünə yaşamağa üstünlük verdi. İkinci Dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Almaniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə əsasən Qiyas bəy Şıxlinskinin başçılığı ilə Türkiyədə yaşayan Qafqaz xalqları geri qayıdıb Sovet İttifaqını daxildən dağıtmaq üçün yeni bir cəbhə açmalı idilər. Lakin Qiyas bəyin “dostlarından” İman Bolluq adlı birisi bu məlumatları ruslara 20.000 (min) lirəyə satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahları ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə, Qiyas bəy mühakimə olundu. Ona edam cəzası kəsildi. Bu hadisədən xəbər tutan Alman hökuməti Türk hökumətinə belə bir ultimatum verdi: – Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik. Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olunur. O, Gümüxanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə yenidən Qarsa, 1955-ci ildə Ağrıya gəlir. 1965-ci ildə isə Bandırmada yeləşmişdir. 1970-ci ildə el-oba, qohumqardaş həsrətli Qiyas bəy vəfat etdi. Qiyas bəy Şıxlinski Ağrıda yaşayanda evləndi, üç oğlu və iki qızı oldu. Şıxlinskilər Türkiyədə ulu babaları Alqazaxın adını soyad kimi daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazax (1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qazanmışdır.

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10