Bakı küçələri­ – Azad  Qaradərəlidən YENİ HEKAYƏ

71 Baxış

 1421075028azad_Qara Pul. Zəhərə dönsün onu. Ağlım kəsəndən onunla cəngdəyəm. Yox, qaçmayıb məndən, əksinə, düz üstümə şığıyıb, amma gələndə də şərtlə gəlib: bax, bu min manatı alırsan, yüzü Onun, yüzü B-nin, yüzü  C-nin, qaldı 700, onun da ikisi Mənim, düz 500-ü də sənin halal xoşun olsun.

Direktor  olanda məktəbə daş kömür gətirirdilər. Şərt beləydi: beş maşın kömür veririk, üçü məktəbin qış ehtiyatı, iki maşınını sat, biri bizim, biri də sənin.

Bir-iki dəfə getdim buna. Nə gizlədim. Cavan idim, xərcləmək, forslanmaq istəyirdim. Amma anamın bir sözü sonralar kəsdi qabağımı: “Oğlum, mən səni tək böyütdüm, bir kimsəyə əyilmədim, kolxozda çalışdım, barama becərdim, mal-davar, toyuq-cücə saxladım, səni oxutdum… Sənə bu canım qurban, nolar, bizim halal çörəyimizə haramlıq qatma… Az aşım, ağrımaz başım. Allahın verdiyinə qayil ol, bəndəyə umud olma, bəndə umud kəsəndi…”

Həəəə… Allah da ki, neçə milyard adama baxır. Mən həmişə onun yadına düşmürdüm axı. Amma anamın sözünü qulağımda sırğa elədim. Hiyləgər, kələkbaz, 5 verib, 3 istəyənlərdən uzaq durdum. İndi bude, yazdığım yazının qonorarını almaq üçün Nizami metrosunun yanındakı  göydələnlərdən birinin yanındayam. Saytın redaktoru bu tərəflərdə olur, deyib axşamtərəfi buralarda görüşək. Mən də gəlmişəm, gəzişirəm özümçün, vaxtın getməsini gözləyirəm ki, redaktor gəlsin, pulumu alıb gedim.

İran əhlidir. Daha doğrysu, Təbrizdəndir redaktor. Yaxşı oğlandır, amma neynəsin, şəhərin tıxacları adamları bir-birinin yanında utandırır. Təzə bazara düşən küçənin baş tərəfində gəzişirəm və qulağım cığan-vığan səsi, uşaq qışqırığı eşidir; yadıma düşür ki, burada bir türk liseyi olmalıdır. (Vaxtilə radioda uşaq verilişi hazırlayanda bu liseyə də gəlmişdim, Türk Anadolu liseyinə) Maraq məni bürüyür və köhnə dar küçəylə  liseyə tərəf düşürəm.  (Nəydi bu küçənin adı?!) Liseyə çatmamış bir apteklə rastlaşıram və iki türk (Anadolu türkü,  biz hələ də özümüzə türk deməyə alışmamışıq, yəni türk deyəndə onları nəzərdə tuturuq) aptekin qapısında gileyləşirlər. Anladığım odur ki, bura onların birinindir və bu gün müştəriləri az olub. Onlardan aralanan kimi məktəbin  iri dəmir qapılarıyla rastlaşıram. Məktəmin adı, ünvanı-filanı yoxdur. Qapıçısından soruşuram bu barədə, qaş-qabağını tökür:

-Ne biliyim, abi, benim derdim bumu?

Boy, qapıçı da türk çıdı ki? Ay sizin məzəniz olsun! Gəzə-gəzə bir az da aşağı düşürəm və bir qəssabxana ilə burun-buruna gəlirəm. Alçaq binanın başında az qala özü boyda hərflərlə yazılıb: “TÜRK  KASABI”. Bu da belə…

Lopabığ qəssab məni görən kimi bıçağı əlinə alır və başlayır dil tökməyə:

-Gəl, abi, gəl. Bax, kişmiş kimi etimiz var…

-Türk malıdır?

Qəssab çaşır. Bir anlıq duruxub gülümsünür:

-Yox, efendim, Azerbaycan heyvanının etidir… Ama…

-Nə ama, sən bunu başqa üsullamı doğrayacaqsan?

Əsəbi şəkildə soruşuram:

-Elə isə, efendim, bu yuxarıda yazdığınız TÜRK KASABI nə?

-Oylemi, anlaşıldı öfkeniz… Doğru, çok doğru. Ama efendim, – udqunub davam edir, – bu mahlede yaşayan türkler bizden et alıyorlar. Ondan oyle yazdık…

Qəssabla sağollaşıb bir az da aşağı düşürəm. Bir  meyvə  dükanı görünür və elə ağzını açmasa da görürəm ki, o da türkdür – şərfi boğazına avropasayaq bağlayıb, bizim cavanlar kimi.

Heç  iyirmi metr aşağı düşməmiş, sağda təzə bazar, solda isə Qəmər arvadın evi  yerləşən həyət ilə üz-üzə dayanıram. Həəəə, Təzə bazarı bilirsiniz, amma bu Qəmər arvad barədə gərək ayrıca danışam…

***

…Mayın ortalarıydı. Yayda qurusa da, bu vaxtlar yerlə-göylə əlləşən çayımız yenə bizi tanımırdı. Yarğanları, böyürtkən kollarını, iri çinar ağaclarını yerindən qoparıb aparır, hirsi-hikkəsi özünü dağıdırdı. Belə bir vaxtda biz Şirinlə çayın kənarında oynayır, bu dəlisov çaydan qorxmadığımızı göstərmək istəyirdik sanki.  Çay aşağıda, biz yuxarıdaydıq. Yarğanın başında olsaq da onun zəhmli səsini eşidir, yarğana vurduğu zərbələri duyur, hətta  daşqın çay suyunun qoxusunu belə hiss edirdik. Mənim  12, Şirinin 9 yaşı olsa da, Şirin çox şeydə məndən irəlidəydi. Mən qorxunu, təhlükəni gec başa düşərdim, anam demişkən, kal idim,  amma qız az qala bir gün qabaq bunu duyar, hətta məni də xəbərdar edərdi.   Yenə anamın sözün deyim, oğlan uşaqları fəhmsiz yekəbaş olurlar – mən onun xəbərdarlıqlarını  tezbazar unudar, hətta bəzən qulaqardına vurardım.

İndi bu qızmış çayın yarğanla döyüşünün nə ilə nəticələnəcəyini anlamaq üçün qaçıb düz yarğanın başına çıxar, oradan əyilib sapsarı, bəlkə də qırmızıya çalan çayın yarğana vurduğu zərbələri sayardım. Bir qədər aşağı baxdıqdan sonra başım gicəlləndi. Gözlərim axdı və anladım ki, yarğandan düşməkdəyəm.

-Şirin! – deyib bağırdım və qızcığaz mənim kimi yekəbaş qanmazı arxadan tutub dartmağa başladı. Amma gücü çatmadığından “ana, ay ana,  Aslan çaya düşəcək” deyib xalamı çağırırdı. (Biz Şirinlə xalaoğlu xalaqızıyıq) Bir göz qırpımında bir əl uzanıb artıq yarğandan tam düşmək üzrə olan məni geri atdı, özü isə bir az aşağıda kola ilişib qalmış papağımı götürmək istəyəndə yarğan uçdu, məni xilas edən xalamı da özü ilə qanlı çayın ağuşuna apardı…

***

Haman bu üz-üzə durduğum məhlədə xalam qızı  Şirin kirayədə qalırdı. Oxuduğu ali məktəb bura yaxın olduğundan (APİ-nin ibtidai metodika fakültəsi bir az yuxarıda, Bakıxanov küçəsindəki korpusda yerləşirdi) atası  ona bu məhlədə ev tutmuşdu. Həyətdə üç ailə yaşayırdı: sonsuz Solmaz qarı, arvadı Fatimənin hər gün döydüyü Cümşüdün ailəsi, bir də Qəmər xala. Elə Qəmər xalanın da övladı yox idi, amma ona heç kim sonsuz demirdi. Şirin buranı Qafanlı qızı Bəsti ilə birgə  kiralamışdı. Mən də ayda bir dəfə, bəzən iki aydan bir Bakıya gələr, onda da Şirinə baş çəkərdim. Şirini çox istəyirdim. Son zamanlar isə deyəsən bu xalaoğlunun xalaqızına olan istəyindən  çıxmışdı. Amma ona söz deyə bilmirdim. Qorxurdum ürəyinə toxunaram. Anasının faciəli ölümündən sonra o elə qaraqabaq olmuşdu  ki…

Bir dəfə onunla  şəhərdə gəzəndə canımı dişimə tutub  ürəyimi açdım. Məni şəhərin ortasında tərgidib qaça-qaça uzaqlaşdı…

Amma daha aramız açılmışdı. Hərdən o mövzuya toxunan sözlər eşitdirirdim… O da daha qaçmır, amma mənə də bir söz-filan demirdi. Beləcə, düz iki ildən sonra Şirin institutu bitirdi,  biz evləndik…

Bax, bura, bu Qəmər arvadın həyəti mənə belə doğma  bir yer idi.

Gəlib qapını açıram. Düz otuz il əvvəl gəlmişdim son dəfə bura. Onda Qəmər arvadın 55-60 arası yaşı olardı. Görəsən indi dururmı? Elə qarşıma çıxan ilk adamdan (gözləri traxumalı yaşlı bir qadındır) soruşuram:

-Qəmər xanım burada yaşayır?

-Nə Qəmər, hansı Qəmər? Hə o bilgəli Qəmər? Yox, a bala, o çoxdan ölüb, həyət özü sökülhasöküldədir, sən min ilin Qəmərini axtarırsan…

Doğrudan, Solmaz qarı qalan yeri artıq söküblər. Yuxarısında da təzə  göydələn  başlayıblar. Yəqin buranı da 1-2 aya sökərlər.

Kədərli halda həyəti  tərk edib gəldiyim küçəylə geri qayıdıram. Nəydi bu küçənin əvvəlki adı?

İki adam oturub nərd  çırpır. Ötəri baxıram və daşların düzülüşündən bilirəm ki, döymə oynayırlar. Bunlar da yerli adam deyil, ermənistanlılardır, 90-cı illərdə gələnlərdir. Döyməni, adətən onlar oynayır. Bunların yanından ötürəm və qəssabın dükanına çatanda saata baxıram. Hələ redaktorun gəlməyinə düz yarım saat var. Bir çayxana olsaydı, bir stəkan çay içib qarnımı qızdırardım. Bu oktyabr soyuğnda çay nəyə desən dəyər. Əlac yoxdur, qəssabdan soruşası oluram.

-Abi, bir kaç metre yukarıda, liseyin yanında bir lokanta kibi var, bizimkiler işledir, liseyin direktorunun  kardeşidir.  Sızın tabirinizce bacısıdır. Yakşi kızdır, çayı da tatlı, bişirdikleri de…

Tapıram buranı. İki stol, hərəsinin ətrafında da 5 stul var. Stullardan yalnız biri boşdur. İzin alıb otururam. Xidmətçi dərhal alır başımın üstünü:

-Bi şeymi  isteyeceksiniz?

Gülümsünürəm və ürəyimdə deyirəm: “Əcaba, Türkiyədə xidmətçilik işi yoxmu?”

-Bir çay olurmu?

-Olur. Şekerlemi içyorsunuz, ya tatlı getireyim?

-Şəkərlə.

Arakəsmənin arasından bir xanım boylanır, yəqin qəssabın dediyi qız budur. Amma qıza oxşamır. Gəlindir məncə. O da mənə təəccüblə baxır. Yəqin buranın müştərilərindən olmamağıma görədir.

Çayı içə-içə stol qonşularımın danışıqlarndan öyrənirəm ki, bu liseydə oxuyan uşaqları aparıb-gətirən sürücülərdir. Biri qalxıb, biri oturur. Axşamtərəfi olduğundan hamısı  birdən gəlib – dərsin  bitməyinə azalıb yəqin.

İki stəkan çay içib 40 qəpik ödəyib qalxıram. “Sağ olun” deməyimlə həm buranın sahibi xanım, həm xidmətçi eyni anda dillənirlər: “Təşəkkür ediriz, efendim. Höş getdiniz. “

Bu vaxt telefonum zəng çalır – redaktordur, gəlibmiş.

Köhnə, dar küçəylə Nizami metrosuna tərəf qalxıram. Bəs bu küçənin  əvvəlki adı nəydi görən?

-Yadına gəlir? Bura Qoqol küçəsiydi, altdakı da Ketsoxeveli… Burdan bir az aşağıda APİ Leninin korpusu vardı… – İki mən yaşda kişi danışa-danışa qabağımdan ötüb keçirlər. Və elə bil bir saatdır ürəyimdə gəzdirdiyim küçənin köhnə adını ucadan deyirlər ki, sakitləşim…

…Qoqol küçəsi…

 

dekabr  2014

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10