Bakı nefçiləri müharibə illərində

28 Baxış

elyazma_xezinesi

Tarix üzrə elmlər doktoru, dosent AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadə, 

Məlum olduğu kimi, 1939-cu il sentyabrın 1-də başlanan, 2 sentyabr 1945-ci ildə bitən II Dünya müharibəsində dünya əhalisinin 75 faizi iştirak etmişdir. Çoxlu sayda insan həyatına son qoyulmuş bu müharibədə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan xalqının da mərd oğulları şəhid olmuş, yaralanmış və itgin düşmüşdür. Azərbaycan ərazisində elə bir ocaq tapılmaz ki, orada müharibə iz qoymamış olsun. Ona görə də hal-hazırda müharibə şəraitində yaşayan Azərbaycan xalqı da hər il II Dünya müharibəsi şəhidlərini hörmətlə anır, bu müharibənin az sayda qalmış veteranlarına ehtiram göstərir.

Biz 70 ildir ki, vətən övladının canı və qanı bahasına qazanılan qələbəmizi bayram edirik. Müharibənin acılarını yaşayan həmyerlilərimizin bir qismi arxa cəbhədə fədakarlıq göstərir, neft hasilatını artırmaq üçün yeni neft yataqları kəşf edir, istismara verirdilər. İş günü 12 saata qaldırılmışdı. Bakının Ramana, Zabrat, Sabunçu, Buzovna, Maştağa, Balaxanı qəsəbə və kəndlərində fədakarlıq göstərən neftçilərin adları tarix səhifələrində yaşamalıdır.

Mənbələr göstərir ki, 1901-ci ildə Rusiya imperiyasında hasil edilən neftin 91,5 faizin Bakı nefti verirdi. Müharibələrində Bakı ölkə neftinin 75 faizini, benzinin 85 faizini verirdi.

II Dünya müharibəsinin qələbə ilə başa çatmasının 70 illiyini qeyd etdiyimiz bu günlərdə Bakının Ramana kəndində anadan olmuş və müharibə illərində fədakarlıq göstərmiş və qələbənin tezləşdirilməsində əməyi olmuş bir neçə həmyerlimi xatırlamaq qərarına gəldim.

Baba Babazadə (1911-1962) Ramana kəndində anadan olmuşdur. Neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı (1944) kimi yüksək adlar almış, “Azərneft Birliyi”nin baş geoloqu vəzifəsində olarkən onun rəhbərliyi ilə bir sıra yeni neft yataqları, o cümlədən Buzovna-Maştağa, Zirə, Qaradağ, Qum adası və digər yataqlar kəşf olunmuşdur. Baba Babazadənin müharibə illərində göstərdiyi bu xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, yeni yataqlar kəşf edilmiş, Xəzərdə onun adına “Baba Babazadə” gəmisi üzür.

Məmmədov Mirkazım Midhəd oğlu (1911-?) Bakının Ramana kəndində doğulmuşdur. Geologiya-mineralogiya elmləri namizədi, Lenin mükafatı laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi SSRİ-nin fəxri neftçisi kimi şərəfli adlara layiq görülmüşdür. Müharibə illərində Azərbaycanda neft yataqlarının aşkar edilməsi və istismarı ilə məşğul olmuşdur, sonralar Azərbaycan Neft Sənayesi nazirliyinin Baş Geologiya idarəsində baş geoloq müavini, 1963-1974-cü illərdə Azərneft Birliyində rəhbər vəzifələrdə işləmişdir. Daha sonra dəniz neft yataqlarının kompleks mənimsənilməsi üsullarını tədqiq etmişdir.

2004-cü ildə “Suraxanı, bir əsr xalqın xidmətində” adlı kitab işıq üzü gördü. Kitab Suraxanı neftçilərinin Böyük Vətən Müharibəsi illərində göstərdikləri fədakarlıqlardan bəhs edir. Zəngin neft rayonu olan Suraxanının kəsirlə işləyən, ən geridə qalan mədənlərinin dirçəlməsində ixtiraçı mühəndis Dadaş Məmmədzadənin böyük əməyi olmuşdur. O, 1907-ci ildə Bakının Ramana kəndində neftçi ailəsində anadan olmuşdur. 15 yaşından Ramana neft mədənlərində işləməyə başlamış, N.Nərimanov adına Neft Texnikumunu bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilli mütəxəssis artıq bacarıqlı və yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. Ona görə də Dadaş Məmmədzadə çox tez-tez ən çətin, geridə qalmış sahələrə göndərilirdi. Müharibə illərində arxa cəbhədə olmuş, fədakarcasına çalışmışdır. Böyük Vətən Müharibəsi illərində dövlət plan tapşırığını kəsirlə yerinə yetirən “Siyəzənneft” trestinə rəis vəzifəsinə göndərilən D.Məmmədzadə burada işləri sahmana salmış, onu digər geridə qalan trestə – “Kaqanoviçneft” (sonralar Qaraçuxur) trestinin 6-cı mədəninə müdir vəzifəsinə göndərmişlər. D.Məmmədzadə 1949-cu ildən 1955-ci ilədək “Orconikidzeneft” (sonralar “Suraxanıneft”) trestinin 3-cü, 5-ci, 6-cı və 7-ci mədənlərində müdir vəzifələrində çalışmış, yeni üsullarla neft hasilatını tətbiq etmiş, bu mədənləri də qabaqcıllar sırasına çıxarmağa nail olmuşdur.

Müharibənin acılarını yaşamış ziyalılardan biri də yazıçı Süleyman Vəliyevdir. O, 1916-cı ildə Ramana kəndində anadan olmuşdur. S.Vəliyev II Dünya müharibəsi cəbhələrində döyüşmüş, İtaliya və Yuqoslaviyada Müqavimət hərəkatında iştirak etmişdir. Özünün dediyinə görə, İtaliyada olarkən qəhrəman döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni görmüşdür. “Mübahisəli şəhər” romanını vətənə qayıtdıqdan sonra yazmışdır. Bu roman Trestin faşist işğalından azad edilməsi uğrunda aparılan mübarizəyə həsr olunmuşdur. Onun məşhur “Şor cüllütü” povesti Ramana kəndinin ağır illərindən, insanların çətin güzəranından bəhs edir. Stalin repressiyasından əziyyət çəkmiş S.Vəliyevin bir sıra əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Qeyd etmək lazımdır ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində ön və arxa cəbhələrdə iştirak Azərbaycanda da ümumxalq xarakteri almışdır. Azərbaycanlılar, o cümlədən, bakılılar həm səngərlərdə canlı qüvvə ilə, həm arxa cəbhədə neft istehsalını artıraraq cəbhəni yanacaqla təmin etməklə, həm də müharibəni ədəbiyyatda əks etdirməklə misilsiz nümunələr yaradaraq qələbəni yaxınlaşdırdılar. Biz bu yazımızda onların çox az bir qismini yad edə bildik. Bu siyahını uzatmaq da olar!

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10