Bakı qırğını

7 Baxış


soyqırım 2Senet.az
1918-ci il QIRĞINLARI” kitabından bir hissəni təqdim edir.

BAKI QIRĞINI

1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nətiçəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə yetirilmələri üçun onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir.

Bu dəhşətli cinayətlərin təşkilatçıları cürbəcür vasitələrlə Leninin rəğbət və etimadını qazanmış Şaumyanın başçılıq etdiyi Bakı bolşevikləri, başlıca icraçıları isə daşnak hərbi hissələri olmuşdur.

Belə bir sual ortaya çıxa bilər ki, bu cür qanlı cinayətə əl atmaq, yaxud da ona göz yummaq məgər bolşeviklərə çoxmu gərək idi? Axı, onlar artıq beş aydan artıq idi ki, hakimiyyəti ələ keçirmişdilər. Məgər onlar düşünmürdülərmi ki, törətdikləri qanlı cinayətlərdən ötrü, nə vaxtsa cavab verməli olacaqlar?

Bu suallara cavab vermək üçün bolşeviklərin Bakıda hakimiyyətə gəlmələri, hansı ictimai-siyasi qüvvələr tərəfindən müdafiə olunmaları, yerli əhaliyə- azərbaycanlılara, onların ictimai-siyasi təşkilatçılarına münasibəti məsələlərini bir qədər geniş şərh etmək lazımdır.

Tarixdən yaxşı məlumdur ki, hər yerdə olduğu kimi, Bakıda da bolşeviklərin hakimiyyətə gəlməsi heç vaxt demokratik ənənələrə əsaslanmamış, yəni geniş əhali kütləsinin onları müdafiə etməsinin nəticəsi olmamışdır. Sadəcə olaraq, Bakı bolşevikləri Rusiyada 1917-ci il oktyabr çevrilişi ərəfəsində yaranmış qarışıqlıq zamanı özlərinə xas olan demoqoqluq məharətlərini ustalıqla işə salaraq elə həmin ayın 13-də Bakı Sovetinin İcraiyyə Komitəsini istefa verməyə məcbur etmiş, oktyabrın 15-də isə Bakı Soveti ilə mədən-zavod komissiyaları konfransının birgə iclasını keçirərək müvəqqəti geniş Bakı Soveti yaradılmasına nail olmuşdular. Həmin dövrdə bolşeviklərin Bakı proletariatı arasında nüfuzuna gəlincə, göstərmək olar ki, onlar bu məsələdə təkcə özlərini tamam hörmətdən salmış menşevikləri arxada qoya bilmişdilər. Qalan partiyalarla, xüsusən “Müsavat” partiyası ilə müqayisədə onların nüfuzundan heç danışmağına dəyməzdi. Sözlərimizin təsdiqi üçün 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilmiş yeni seçkilərin nəticələrinə nəzər salaq. Həmin nəticələrə görə partiyalar arasında seçicilərin səsləri aşağıdakı qaydada müəyyənləşdirilmişdi:

Müsavat – 9617səs

Bolşeviklər – 3623 səs

Eserlər – 6305 səs

Menşeviklər – 687 səs

Daşnaksutyun – 5288 səs.

Göründüyü kimi, seçkilər zamanı digər partiyalarla müqayisədə bolşeviklərin topladığı səslər xeyli miskin nəzərə çarpır. Bunun tam əksinə olaraq, “Müsavat”ın çoxmillətli proletar Bakısında ümumi səslərin 40 faizini toplaması bu partiyanın reytinqinin yüksək olduğunu göstərirdi. Lakin məhz “Müsavat”ın Bakı Sovetinin və onun İcraiyyə Komitəsinin tərkibinə daxil olmaqdan imtina etməsi eser və daşnaklarla ümumi dil tapmaqda çətinlik çəkməyən bolşeviklərin işini xeyli yüngülləşdirmişdir. Əgər bura, demoqoq şüarlarla Bakı proletariatının iqtisadi vəziyyətinin tezliklə düzələcəyini bəyan edən vədləri də əlavə etsək,o zaman aydın olar ki, niyə Rusiyada 1917-ci il oktyabr çevrilişindən az sonra-oktyabrın 31-də Bakı Soveti Bakı rayonunda bütün hakimiyyətin Sovetlərin əlinə keçməsini zəruri sayan bolşevik qətnaməsini qəbul etmiş, noyabrın 2-də isə şəhər ərazisində S. Şaumyanın başçılığı ilə Sovet hakimiyyati elan edilməsinə səs vermişdi. Beləliklə, 22 oktyabr seçkilərinin ziddinə olaraq, səslərin heç 15 faizini də qazanmamış bir partiya, əslində, Bakı şəhərində real hakimiyyətə sahib olmuşdu. Bəs ən güclü müxalifət partiyası olan “Müsavat”ın hadisələrin bu məcrada cərəyan etməsinə münasibəti necə idi? Bu suala partiyanın lideri M.Ə.Rəsulzadənin sözləri ilə cavab verək: “Müsavat partiyası hakimiyyətin Sovetlərə verilməsinə prinsipcə etiraz etmir, lakin Bakı Soveti demokratik əsaslarla seçilmədiyindən, həmçinin, onda kəndlilər təmsil olunmadığından “Müsavat” hakimiyyətin göstərilən Sovetə verilməsinə etiraz edir və onun İcraiyyə Komitəsinə daxil olmayacaqdır”.

Əlbəttə, əvvəllər, “Müsavat”ın geniş kütlələr, xüsusilə də Azərbaycan kəndliləri arasındakı böyük nüfuzundan qorxaraq, onun mövqeyinə sakit yanaşmağa üstünlük verən, daha çox hakimiyyəti öz əllərində cəmləşdirmək qayğısına qalan bolşeviklər, zaman keçdikcə, öz narahatçılıqlarını büruzə verməyə başlayırdılar. “Müsavat”ın, demək olar ki, gündən-günə artan nüfuzu onların hakimiyyətdə möhkəmlənmək arzusunun gerçəkləşməsi yolunda ciddi maneəyə çevrilmişdi. Bunu S.Şaumyan da etiraf etməyə məcbur olmuşdu. O, göstərmişdi ki, əvvəllər Zaqafqaziyada ən zəif partiya sayılan “Müsavat” Rusiyada fevral inqilabından bir il keçdikdən sonra Zaqafqaziyanın ən güclü siyasi partiyasına çevrilmişdi.

1918-ci il noyabrın 15-də S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunması və ona rus qoşunlarının işğal etdiyi Türkiyə Ermənistanın muxtariyyət və istiqlalını təmin etmək üçün fərman təqdim edilməsi vəziyyəti əsaslı surətdə dəyişdi. İndi arxasında Leninin nəfəsini duyan Şaumyan “Müsavat”a qarşı daha sərt mövqedən çıxış etməyə başladı. Hadisələrin sonrakı gedişi də bu münasibətləri kəskinləşdirməyə bilməzdi.

Hələ 1917-ci il noyabrın 9- 12-də “Müsavat”ın rəhbərliyi ilə Zaqafqaziya müsəlman milli komitələrinin Bakıda keçirilmiş konfransında azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq və Azərbaycanın muxtariyyətinə nail olmaq məqsədilə Milli Müəssisələr Məclisini çağırmaq haqqında qərarı Şaumyanın qəzəbinə səbəb olmaya bilməzdi. Çünki o, bura Bakı neftinin qeyd- şərtsiz Rusiyaya axıdılmasına nail olmaq və Türkiyə torpaqlarında ermənilərin muxtariyyəti məsələsini həll etmək üçün gəlmişdi.

Millətçilik mərəzinə tutulmuş bu adam “Azərbaycan” sözü barədə eşitmək belə istəmirdi. O, heç cür başa düşmək istəmirdi ki, Azərbaycan adlı ərazi, onun yerli əhalisi vardır, bu müstəqil bir xalqdır və onun da öz müqəddəratını təyinetmə hüququ təmin edilməlidir.

“Müsavat”la Bakıdakı oyuncaq Sovet hakimiyyəti arasında düşmənçiliyi artıran ikinci güclü hadisə 1917-ci il noyabrın 26-28-də Zaqafqaziyada Müəssislər Məclisinə keçirilən seçkilər oldu. Seçkilərdə iştirak etmiş 2455274 nəfər seçicidən 615816 nəfəri “Müsavat”a, 159270 nəfəri isə Müsəlman Sosialist Blokuna səs vermişdi. Bolşeviklər isə bütün Zaqafqaziyada yalnız 95581 səs toplaya bilmişdilər. Seçkilərin nəticələri bir daha təsdiq etmişdi ki, bolşeviklər Zaqafqaziyada çox zəif ictimai bazaya malikdirlər və yalan vədlər hesabına hakimiyyətə gəldikləri Bakı rayonundan başqa digər heç bir yerdə nüfuza malik deyildilər. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və onun İcraiyyə Komitəsinin Bakının özündə də mövqeyinin kifayət qədər möhkəm olmadığını isə belə bir faktdan aydın görmək olar ki, bolşeviklərin 5 aylıq hakimiyyətləri dövründə (1918-ci il mart faciəsinə qədər) onlar şəhərdəki vəziyyətə tam nəzarət etməyə nail ola bilməmişdilər. Sovet hakimiyyəti kapitalistlərin müqavimətini qıra bilməmiş, şəhər dumasının və milli şuraların fəaliyyətini dayandırmamış, milli qoşun hissələrini tərkisilah etməmişdi. Şəhər duması maliyyə işlərinə rəhbərliyi əlində saxlayır, kağız pullar buraxmaqda davam edir, şəhər nəqliyyatına nəzarəti həyata keçirirdi.

Deməli, real hakimiyyətə yiyələnmək üçün Bakı Soveti, onun İcraiyyə Komitəsi birinci növbədə ciddi siyasi qüvvə olub, qısa müddətdə təkcə azərbaycanlılar arasında deyil, digər müsəlman xalqları arasında da böyük nüfuz qazanmış “Müsavat”ı öz yolundan kənar etməliydi.

Yuxarıda deyllənlərdən aydın olduğu kimi, bunu dinc vasitələrlə həyata keçirmək bolşeviklər üçün sadəcə olaraq imkan xaricində idi. Belə olan halda bolşevik rejimi üçün səciyyəvi olan bir yol-zorakılıq yolu qalırdı. Bunun üçün isə, ən əvvəl döyüş qabiliyyətli silahlı qüvvələrə malik olmaq, sonra isə əməliyyatlara “özünü müdafiə” donu geyindirməklə onun labüdlüyün və proletariatın mənafeyinə xidmət etdiyini sübuta yetirmək tələb olunurdu.

Bəs faciə ərəfəsində Bakı Soveti öz bədxah niyyətlərini həyata keçirmək üçün: real silahlı quvvələrə malik idimi? Faktlar bu suala müsbət cavab verir. Faciə ərəfəsində Bakı Soveti rəhbərliyi özünün sərəncamında olan silahlı qüvvələrin təşkili və təchizatı sahəsində xeyli iş görə bilmişdi. Şaumyan bu məqsədlə RSFSR hökumətinə müraciət etmiş və kifayət qədər döyüş sürsatı, göndərilməsinə nail olmuşdu. Bakı Soveti qoşunlarının sərəncamına hətta top, zirehli maşın və təyyarələr də göndərilmişdi.

Lakin bütün müsəlman əhalisini fəal müdafiə etdiyi müsavatçılara qarşı gələcək hərbi əməliyyatlarda Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin olmayan Şaumyan faciə ərəfəsində daşnaklarla taktiki ittifaqa girməyi də unutmamışdı. Onu da qeyd edək ki, həmin dövrdə Bakıda daşnakların sayı 4 min nəfərdən artıq olan yaxşı silahlanmış silahlı qüvvələri var idi. Daşnaksütyun liderləri öz ənənələrinə sadiq qalaraq Rusiyada mərkəzi hökumətə, Gürcüstanda menşeviklərə, Bakıda isə onların “əbədi” milli ehtiyaclarına həssaslıqla yanaşan Şaumyan hökumətinə eyni dərəcədə yaltaqlıqla qulluq göstərirdilər. Elə Şaumyanın özü də görkəmli daşnak liderləri ilə sıx əlaqə şəraitində işləməyi bir an belə unutmurdu. Bunun müqabilində Şaumyanda azərbaycanlılara nifrət hissi o qədər güclü idi ki, hətta bu sahədə daşnaklar belə ona həsəd apara bilərdilər. İş o yerə çatmışdı ki, Şaumyan ömrü boyu qul kimi itaətində durduğu Leninin də azərbaycanlıların muxtariyyəti məsələsinə diqqətlə yanaşmaq barədəki məsləhətinə əməl etməyi mümkün saymamışdı. Axı, 1918-ci il martın 18-də V.İ.Lenin və RK(b)P Mərkəzi Komitəsinin tapşırığı ilə İ.V.Stalinin “Stepana, Alyoşaya, başqa yoldaşlara” məktubunda aydınca yazılmışdı ki, “Müsəlmanlar muxtariyyət tələb etsələr mərkəzdə və yerlərdə Sovet hakimiyyətini sözsüz olaraq qəbul etmək razılığını almaqla, onlara muxtariyyət vermək lazımdır”. Lakin Şaumyan bunları qulaqardına vurmuşdu. Daha sonra, həmin dövrdə Bakıda İran və Qərb cəbhəsindən qayıdan 7000 nəfərə qədər rus əsgəri (bunların da müəyyən hissəsi, bir neçə polkun isə hətta rəisləri ermənilərdən ibarətdi) ilişib qalmış, dəmir yolu bağlı olduğu üçün evlərinə gedə bilməmişdilər. Bolşeviklərin təşviqatı da bu işdə öz mənfur rolunu oynamış və sonralar həmin əsgərlərin bir çoxundan müsəlmanlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdu. Xəzər hərbi donanmasının matrosları eserlərin təsiri altında olduqlarından onların da gec-tez Bakı Sovetinin tərəfində vuruşacağı şübhə doğurmurdu. Öz növbəsində menşeviklər də Bakı Sovetini müdafiə etdiklərini gizlətmirdilər.

Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı Soveti silahlı qüvvələrinin, istər tərkibinin, istərsə də komandir heyətinin müəyyən hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında Bakı Soveti Qızıl Ordu qərargahının rəisi, çar ordusunun polkovniki “Daşnaksütyun” partiyasının üzvü Z.Avatisyan, 3-cü briqadanın komandanı Amazasp, daşnak partiyasının digər üzvü, qızıl qvardiyaçıların ümumi dəstəsinin başçısı, çar ordusunun məlum polkovniki Kazarov və başqaları var idi. Buradan məlum olurdu ki, daşnak qoşunlarından əlavə, Bakıda Qızıl Ordu sıralarında xidmət edənlərin də bir çoxu “Daşnaksütyun” partiyasının nəzarətinə tabe edilmişdi.

Beləliklə, yuxarıda göstərilənlərdən aydın olduğu kimi, mart faciəsi ərəfəsində Bakıda hərbi qüvvələr nisbəti müsavatçıların tam zərərinə olmuşdu. Daha doğrusu, bir tərəf müharibəyə yaxşı hazırlanmış özünün hərbi imkanlarını hərtərəfli ölçüb-biçmiş, toqquşma başlayarsa, müttəfiqlərinin kimlərdən ibarət olacağını dəqiq müəyyənləşdirmiş, digər tərəf isə, yarımçıq hərbi hazırlıq görmüş əsgərlərinin çoxluq təşkil etməsi, hərbi əməliyyatların gedişi planının olmaması, intizamın zəifliyi, pis silahlanmaları, ağır silahlarının isə, demək olar ki, olmaması ucbatından çox çətin vəziyyətə düşmüşdü. Toqquşma ərəfəsində hər iki tərəfin silahlı qüvvələrinin sayca bərabər olmasına (hər tərəfdən on min nəfər) dair indiyə qədər tarix ədəbiyyatında verilmiş rəqəmlərin dəqiqliyi barədə isə heç söhbət də ola bilməz. İstər canlı qüvvə, istərsə də texnika sahəsində hərbi üstünlük Bakı Soveti qoşunları tərəfində olmuşdur. Təsadüfi deyildir ki, mart faciəsi ərəfəsində bir tərəf (Bakı Soveti) müharibəni udacağına tam arxayın olduğu üçün onu tezliklə başlayıb, qalibiyyətlə qurtarmağa can atırdısa (hərbi toqquşmaların milli münaqişə zəmininə keçə biləcəyi barədə N. Nərimanovun xəbərdarlıq və yalvarışlarına baxmayaraq), digər tərəf (müsavatçılar) şəhərdəki hərbi qüvvələr nisbətinin onlar üçün əlverişli olmadığını tamamilə dərk edərək hərbi-toqquşmaya yol verməmək, ya da heç olmazsa, onu bir qədər yubatmağa nail olmaqla, dinc əhalini, xüsusilə də qocaları, uşaqları, qadınları şəhər ətrafında yerləşdirmək üçün vaxt qazanmaq barədə daha çox düşünürdülər.

Nə qədər acınacaqlı olsa da, etiraf edilməlidir ki, müsavatçılar məğlub olacaqlarını sanki əvvəlcədən bilə-bilə həmin dəhşətli faciəyə cəlb edilmişdilər. Görünür, bu məsələdə erməni milli şurası üzvlərinin və daşnak liderlərinin xəyanətkar rolu da az iş görməmişdir. Onlar müsavatçıları Bakı Soveti ilə silahlı töqquşmaya təhrik etmək üçün özlərinə məxsus riyakarlıq, xainlik keyfiyyətlərindən bütün səviyyələrdə istifadə etmişdilər. Onlar əvvəlcə bolşeviklərlə mübarizədə müsavatçılarla ittifaqa girməyə hazır olduqlarını bildirmiş, sonra isə bitərəf qalacaqlarına söz vermişdilər. Səmimilikdən uzaq olmuş bu adamlar özlərinin əsl niyyətlərini isə, həmişə olduğu kimi, gizli saxlamışdılar. İndi isə faciə ərəfəsində erməni liderlərinin “diplomatik fəallığını” əks etdirən bir neçə fakta nəzər salaq:

“…martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən İslamiyyə binasına gələrək erməni milli şurası və daşnaksütyun partiyasının adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər”.

“Erməni milli şurasının başqa bir nümayəndəsi Ter Zaxaryan həmin gün müsəlman milli şurası və müsavat partiyasının binasına gələrək demişdi ki, daşnaklar müsavatçılarla birlikdə bolşeviklərin əleyhinə çıxmaq üçün məsləhətləşmək istəyirlər. Ter-Zaxaryan əlavə etmişdi ki, bu mübarizə siyasi əqidələr üstündə mübarizədir, müsəlman və erməni milli şuraları çıxış etmək üçün sazişə gələ bilərlər. (Sitatlar Z.İ.İbrahimovun “Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi” (Bakı, 1957) kitabından götürülmüşdür).

Bəs ümumi düşmənə, (Sovet hakimiyyətinə) qarşı birgə çıxış müqabilində onlar hansı şərtlər irəli sürürdülər? Erməni milli şurasının da, daşnakların da başlıca şərti bundan ibarətdi ki, bolşeviklər qovulduqdan sonra Bakıda müsavatdaşnak hökuməti yaradılsın. Deməli, nə az, nə çox, müsavatçılar doğma şəhərləri olan Bakının idarə olunmasında ermənilərin də tam səlahiyyəti olduğunu rəsmi qaydada təsdiq etməli idilər. Əlbəttə, müsavatçılar belə milli xəyanət yolunu tuta bilməzdilər. Bunu, yəqin ki, həmin qəbuledilməz təklifi irəli sürənlər də yaxşı bilirdilər.

Müsavatçıların qəti mövqeyi ilə rastlaşan daşnaklar heç də “ruhdan düşmədilər”. Onlar təhrikçilik əməllərini davam etdirərək yeni bir təklif irəli sürdülər. Həmin təklifin mahiyyəti bundan ibarətdi ki, müsavatçılarla bolşeviklər arasında vuruşmalar başlanacağı təqdirdə daşnaklar bitərəf qalacaqlar və guya rəğbət bəslədikləri azərbaycanlılara silah verməklə yardım göstərəcəklər. Bu təklif də riyakarlıqdan başqa bir şey deyildi. Əslində isə onların azərbaycanlılara silah vermək niyyətləri belə yox idi. O ki, qaldı, bitərəf qalmağa, mart hadisələrinin bütün sonrakı faciəli gedişi bu “bitərəfliyə” neçə “vicdanla” əməl olunduğuna şəhadət vermişdi. Deməli, bu təklif də sonrakı hadisələrin bir daha təsdiq etdiyi kimi, yalnız müsavatçılarla bolşevikləri toquşdurmağa, müsavat hərbi hissələrini Bakı Soveti qoşunlarının əli ilə tərksilah etməyə, dinc müsəlman əhalisinə divan tutmağa yönəldilmişdi.

Deyildiyi kimi, müsavatçılar yaxınlaşmaqda olan fəlakəti görməyə bilməzdilər. Şəhərdə çoxlu erməni silahlı dəstələrinin toplanması azərbaycanlı əhalisinin əhval-ruhiyyəsinə son dərəcə mənfi təsir göstərirdi, onların bir çoxu sürətlə şəhəri tərk etməkdə idi. Beləliklə, şəhərdəki əhali tarazlığı pozulurdu. Müsavatçılar buna yol verməmək üçün öz qəzetləri “Açıq söz” vasitəsilə əhaliyə müraciət edərək onları fitnələrə uymamağa, sabitliyi qoruyub saxlamağa çağırmışdılar. Lakin belə bir sabitlik artıq Bakı Sovetinin rəhbərliyini təmin etmirdi. Onlar müsavatçıları şəhərin siyasi həyatından tamamilə kənar etmək üçün çox dəhşətli bir plan hazırlamışdılar. Həmin plana görə, kiçik fitnəkarlıqlar törətməklə siyasi şüurca yetişməmiş azərbaycanlı əhalini cavab tədbirlərinə sövq etmək, sonra isə hərbi qüvvə və texnika üstünlüyündən istifadə edərək bütün cəbhə boyu hücuma keçmək və əlbəttə, bu zaman təqsiri müsavatçıların üzərinə yıxmaq nəzərdə tutulurdu. Beləliklə, Bakıda müsavatçıların siyasi rəqiblər siyahısından silinməsi üçün hər şey edilmiş, əməliyyat planları ən xırda təfərüatı ilə işlənib hazırlanmışdı. Güman etməyə tamamilə əsas vardır ki, daşnak hərbi hissələrinin Bakı Soveti tərəfində müharibəyə qoşulacağı məsələsi də hələ hərbi toqquşmalar başlanmazdan xeyli əvvəl razılaşdırılmışdı. Əgər belə olmasaydı, hələ 1918-ci il martın ortalarında Bakı Soveti şəhərin mühasirəsini yarmaq bəhanəsi altında öz qoşunlarını Lənkərana, Şamaxı və Muğan düzünə göndərməyə cəsarət etməzdi. Erməni milli şurasının və “Daşnaksütyun” partiyası nümayəndələrinin qeyriməqbul şərtlər irəli sürməklə müsavatçılarla, başladıqları danışıqlar isə, görünür, gözə kül üfürmək və iz azdırmaqdan başqa bir şey deyilmiş.

Bakı faciəsinə başlamaq uçün bəhanə tapmaq çox da çətin olmadı. Çünki Bakı Sovetinin şəhər daxilində dözülməz amirlik mövqeyindən çıxış etməsinin güclənməsi onsuz da müsəlman əhalisi arasında gərginliyi son həddə çatdırmışdı. Lakin Bakı Soveti rəhbərliyinin davakar mövqeyi hər dəfə müsavatçıların sağlam düşüncəyə əsaslanan soyuqqanlı, təmkinli mövqeyi qarşısında öz məqsədinə nail ola bilmirdi. Belə olduqda Bakı Soveti rəhbərliyinin açıq şantaj tədbirinə əl atmaqdan başqa çarəsi qalmadı.

Bakıda vətəndaş müharibəsi adı altında milli qırğının başlanğıcını qoymuş həmin fitnəkar tədbir bundan ibarət olmuşdu ki, 1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə “Evelina” gəmisində Lənkərana üzməyə hazırlaşan müsəlman diviziyasının (“Dikaya diviziya”nın azərbaycanlı süvari polku nəzərdə tutulur. – K. M.) bir neçə yüz nəfərlik zabit və əsgəri tərksilah edilmişdi. Bu, açıq-aşkar meydan oxumaq, öz gücünü nümayiş etdirmək, əsl amirlik hərəkəti idi. Şəhərdə minlərlə yaxşı silahlanmış daşnak hərbi hissələri sərbəst hərəkət etdikləri halda, müsəlmanların kiçik bir dəstəsinin tərksilah edilməsi müsəlman əhalisi arasında narazılığı artırmış və ciddi etirazlar doğurmuşdu. Çünki bu tədbir, əslində, üstün daşnak hərbi qüvvələri qarşısında şəhərin azərbaycanlı əhalisinin tərksilah edilməsi tələbi idi. Digər tərəfdən bu fitnəkar tədbirin məntiqsizliyi orada özünü göstərirdi ki, axı, müsəlman hərbi hissələri Bakıdan gedirdilər, şəhərə kiməsə köməyə gəlmirdilər.

Martın 30-da səhər tezdən Bakı məscidlərində etiraz mitinqlərinin keçirilməsinə başlandı. Belə bir gərgin şəraitdə “Müsavat” partiyası rəhbərliyinnn azərbaycanlı əhalini sakitliyə və əminamanlığa çağırması da arzu olunan nəticəni vermədi. Silahların geri qaytarılması tələbinin uzanması (görünür, N. Nərimanovun vasitəçiliyi ilə bolşeviklərin silahları qaytarmağa əvvəlcə razılaşmaları da onların növbəti fitnəkarlıq manevri olmuşdu) narazılığı son həddə çatdırdı. Günortadan sonra Şamaxı yolunda (C. Cabbarlı küçəsi) və Tatarski küçəsində Qızıl Ordunun süvari hissəsinə fitnəkarların təşkil etdiyi hücum şəhərdə əminamanlığın bərpa olunacağına bütün ümidləri puça çıxardı. Bununla da, Şaumyan və daşnaklar istədiklərinə nail oldular.

Bu hücuma bəndmiş kimi Qızıl Ordu hissələri dərhal müsəlman məhəllələrinə soxularaq fəal hərbi əməliyyatlara başladılar. Sonralar həmin qanlı hadisələrlə bağlı Şaumyanın etirafı məsələnin əsl mahiyyətini dərk etmək üçün çox əhəmiyyətlidir. O yazmışdır: “Biz süvari birləşmələrimizə ilk silahlı basqına qarşı hər cür hazırlıq görmüşdük və dərhal bütün cəbhə boyu hücuma başladıq”. Zənnimizcə, bu sözlərin əlavə izaha ehtiyaçı yoxdur. Həqiqətən də Şaumyana və onun həmfikirlərinə ilk atəşin hansı tərəfdən açılması olduqca lazım idi ki, özlərinin çoxdan ürəklərində gəzdirdikləri bədxah niyyətlərini sərbəst həyata keçirsinlər.soyqırım

Beləliklə, əvvəlcədən hazırlanmış ssenari üzrə Bakı faciəsinin həyata keçirilməsinə başlandı. Elə həmin gün, yəni martın 30-da bolşeviklərin rəhbərliyi ilə Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Şaumyan, Korqanov, Caparidze, Nərimanov, Suxartsev (bu həmin Suxartsev idi ki, mart günlərindən sonra keçirilən bolşevik yığıncaqlarından birində “Müsavat” partiyasının bayrağını çeynəyə-çeynəyə- “Türkiyənin Bakı cəbhəsi alındı”-deyə şadlığını bildirmişdi) daxil edilmiş, sağ eser Saakyan, daşnak Yolçiyan onun işində iştirak etmək üçün dəvət olunmuşdu. Komitənin sərəncamı ilə daşnak Martikyan bolşevik dəstəsinin komandiri təyin edilmişdi. Görünür, komitənin də tərkibi əvvəlcədən hazırlanmış, son məqamda isə Nərimanovun da siyahıya əlavə edilməsi zəruri sayılmışdı.

Bolşeviklərin daşnaklar, sağ eserlər və başqa anti azərbaycanlı qüvvələrlə əlbir işlədiyini belə bir faktdan da aydın görmək olar ki, İnqilabi Müdafiə Komitəsinin “inqilaba sadiq qüvvələrə” müraciətindən dərhal, sonra, martın 31-də “bitərəflər” – daşnak hərbi hissələri və Xəzər hərbi donanması matrosları Bakı Soveti tərəfində vuruşacaqlarını bildirmiş və fəal surətdə hərbi əməliyyatlara qoşulmuşdular. Həmin “inqilaba sadiq qüvvələrin” həmrəyliyi sovet qoşunlarına elə həmin gün müsavatçıların qeyri-mütəşəkkil silahlı qüvvələrinə qarşı bütün cəbhə boyu qəti hucuma keçməyə imkan vermişdi. Döyüşlərdə zirehli maşınlardan, top və aviasiyadan istifadə edilməsi azərbaycanlı əhali arasında çaşqınlıq yaratmış, qorxu və təlaşa səbəb olmuşdu. Axı, kim güman edə bilərdi ki, kiçik bir münaqişə şəhər hüdudları daxilində dinc əhalinin gözü qarşısında əsl müasir müharibəyə çevriləcəkdir. Bakı Soveti qoşunlarının sərəncamında olan topların lülələri şəhərin müsəlman məhəllələrinə tərəf tuşlandı, hərbi gəmilərin topları isə şəhərin yuxarı məhəllələrini atəşə tutmağa başladılar. Onlar hətta tarixi binaları, məscidləri belə dağıtmaqdan çəkinmirdilər. Müsavatçıların səngər etdikləri İçərişəhər ətrafında, Şamaxı yolunda və şəhərin digər hissələrində şiddətli küçə vuruşmaları başlandı. Dinc, əhali arasında ölənlər və yaralananlar çox idi.

Düşmənin üstün quvvələri qarşısında müqavimət göstərməyin yalnız günahsız qurbanların sayını artıra biləcəyini görən müsavatçılar martın 31-də atəşi dayandıraraq sülh danışıqlarına başlamağı təklif etdilər. İnqilabi Müdafiə Komitəsinin ultimatumu (Bakı Soveti Hakimiyyətinin qeyd-şərtsiz tanınması və onun sərəncamlarına tam tabelik; müsəlman hərbi birləşmələrin, bunun ardınca nsə erməni qüvvələrinin şəhərdən çıxarılması; Bakıdan Tiflisə və Petrovska dəmir yolunun açılması) müsavat rəhbərliyi tərəfindən qəbul edildi. Bununla da güman etmək olardı ki, bolşeviklərlə ilk hərbi toqquşmada hədsiz olmasa da, xeyli qurban vermiş azərbaycanlılar) yenidən dinc yaşayış dövrünə qayıda biləcəklər. Lakin hadisələrin əsl faciəli davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik ittifaqının şəhərin müsəlman hissələrində qarətlər, yanğınlar, qətllər törətməsi ilə baş verdi.

Müsavat hərbi birləşmələrinin şəhərdən çıxarılmasına nail olmuş daşnak hissələri elə martın 31-də şəhərdə fitnə-fəsad, nizamsızlıq törətməyə, milli qırğını qızışdırmağa əl atdılar. Onlar şəhərdə dinc əhalini talan edir və öldürürdülər. Beləliklə, İnqilabi Müdafiə Komitəsinin irəli sürdüyü şərtlərin müsavatçılar tərəfindən imzalanması və yerinə yetirilməsi silahlı toqquşmalara son qoya bilmədi. Bakı bolşeviklərinin xəyanətkar, ermənipərəst mövqe tutmaları daşnakların əl qolunu açmış, dinc azərbaycanlı əhaliyə vəhşi usullarla divan tutmaq üçün onlara hədsiz imkanlar vermişdi. Daşnak dəstələrindən olan talançılar və soyğunçular özləri yandırır, dinc əhalini qarət edib qırırdılar. Onlar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir, qocalara rəhm etmirdilər. Bu insanabənzərlər, hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və sair vəhşiliklər törədirdilər. Bunlar barədə o dövr hadisələrinin salamat qalmış bir çox şahidlərinin söylədiklərini sakitcə dinləmək sadəcə mümkün deyildir. Bu vəhşilikləri öz gözləri ilə görmüş bir çox xristian əhali nümayəndələri də həmin qeyri-insani hərəkətlər barədə əsl həqiqəti tam çılpaqlığı ilə qələmə almışlar.

Baki_soyqirim-1Ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar dövründə bir çox görkəmli memarlıq nümunələri dağıdılmış, yandırılmış, yararsız hala salınmışdı. Bunların sırasında Xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, müsəlman siyasi partiyaları iqamətgahlarını, qəzet – redaksiyalarını (rusca çıxan “Kaspi”, azərbaycanca çıxan “Açıq söz” qəzetləri) göstərmək olar. Bakının ən böyük məscidlərindən biri top mərmiləri ilə dəlik-deşik edilmişdi. Bu vəhşiliklərin nəticəsi olaraq çoxlu azərbaycanlı Bakını və onun neft mədənlərini tərk etməli olmuşdular. Ən görkəmli müsəlman siyasi xadimlərn həbs edilmiş və güllələnmişdi. Yerli azərbaycanlı əhalinin rəhmsizliklə məhv edilməsi və öz doğma şəhərindən didərgin salınması, heç şübhəsiz, uzaq məqsədlər güdən, erməni millətçilərinin, siyasi niyyətlərinə xidmət edirdi. Onlar bu yolla Bakını yerli əhalidən təmizləmək, onun sərvətlərinə sahib çıxmaq, hadisələrin özləri üçün sonrakı uğurlu cərəyanı təqdirində isə bu qədim Azərbaycan şəhərini Ermənistan torpağı elan etmək istəyirdilər. Erməni Milli Şurası Bakı bölməsinin göstərişi ilə azərbaycanlılara qarşı vəhşiliklərdə nizami erməni ordusu əsgərlərinin də Bakı ermənilərinə yaxından yardım göstərməsi, erməni qoşunlarına başçılıq edən Amazasp, Stepan Lalayan və başqaları kimi bədnam ad çıxarmış daşnakların şəraitin tələblərindən, bolşeviklərin rəğbətindən istifadə edərək Qızıl Ordunun komandirlərinə çevrilməsi, erməni polkları da daxil olmaqla, bütün milli qoşun dəstələrinin Qızıl Ordu sıralarına cəlb edilməsi nə qədər sərsəm görünsə də, belə bir planın həqiqətən mövcud olduğuna dəlalət edir.

“Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular… Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər”. Bu sözlərin müəllifi İnqilabi Müdafiə Komitəsi üzvləri sırasında adı çəkilən Nəriman Nərimanov olmuşdur. Onun münaqişanin ikinci dövrü haqqında bu qeydləri sadəcə daşnaklara qəzəbini ifadə etmirdi, həm də müsəlmanlar əleyhinə bolşevik-daşnak ittifaqına mənfi münasibətini bildirirdi.

Deyildiyi kimi, martın 31 – də müsavatçılar Bakı Sovetinin ultimatumunu qəbul etdikdən sonra sanki şəhər orta əsr qaydaları ilə iki günlüyə qaliblərin ixtiyarına verilmiş və bundan istifadə edən silahlı daşnaklar saysız-hesabsız cinayətlər törətmişdilər. Yalnız ayrı-ayrı yerlərdə azərbaycanlı əhalinin fədakarlıqla müdafiə olunması onların tamamilə məhv edilməsinin qarşısını almışdı. Beləliklə, azərbaycanlı əhali 15 min nəfər itki versə də, öz şərəfinin, ləyaqətinin axıra qədər tapdalanmasına yol verməmişdi (itkilərin sayı barədə rəqəmlər müxtəlifdir).

Bolşevik-daşnak alyansına dair başqa bir nümunə, İnqilabi Müdafiə Komitəsinin, indiyə qədər tarix kitablarında oxuduğumuz kimi, “fəal səyləri sayəsində” guya aprel ayının 2-də Bakı şəhərində qayda-qanun bərpa olunmuş və talanların qarşısı alınmışdı. Əgər erməni milli şurası və daşnak polkları buraxılmamışdısa, deməli, qayğıkeş hamilərin köməyi sayəsində fitnə-fəsad yuvaları və mənbələri saxlanılmışdısa, o zaman qayda-qanunun bərpa olunmasından axı necə danışmaq olardı? Belə məlum olur ki, İnqilabi Müdafiə Komitəsi yalnız 1918-ci il 18 aprel tarixli məktubunda erməni milli şurasından bir hakimiyyət orqanı (?!) kimi təxirə salınmadan öz varlığına son qoymağı tələb etmiş və ona müsadirə etmək, vergi qoymaq, həbsə almaq, axtarış aparmaq və başqa bu kimi hökumət vəzifələrini (?!) yerinə yetirməyi qadağan etmişdi. Belə çıxmırmı ki, həmin talanlar və qırğınlar bir qədər yüngül formada olsa da, aprelin 18-dək davam etdirilmişdi (bəlkə elə buna görə Şaumyan yalnız qırğının 13-cü günü V.İ.Leninə yazmışdı ki, “Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadlğın edilmişdir”). Yaxud əgər etməni milli şurası hökumət funksiyalarını yerinə yetirirdisə, bu o demək deyildimi ki, Bakıda o vaxt ikihakimiyyətlilik mövcud olmuşdur?

Lakin Bakı bolşevikləri 18 gün sonra verdikləri bu sərəncamın da yerinə yetirilməsində təkid göstərməmişdilər. Hətta daşnak qoşun hissələrinin yenidən təşkil edilərək Sovet qoşunlarına qatılması belə başa çatdırılmamışdı. Nəticədə daşnak polkları əslində mütstəqil və əlahiddə dəstələr kimi qalmış, erməni milli şurası isə öz fəaliyyətini əvvəlki qaydada davam etdirmişdi. Bütün bunlar isə bir məntiqi nəticəyə gəlib çıxmaq üçün tam əsas verir ki, 1918-ci il aprelin 25-də təşkil edilmiş və fəaliyyətə başlamış Bakı Xalq Komissarları Soveti ilə əslində bolşevik-daşnak alyansının icraedici orqanı olmuşdur.

Elə üç aylıq hakimiyyəti dövründə onun qan və zorakılığa əsaslanmış bütün fəaliyyəti və şərəfsizliklə hakimiyyətdən gedərək öz yerini eser-menşevik-daşnak sağ alyansına təhvil verməsi də bu deyilənlərin bir daha təsdiq edir.

Bölmə : Manşet, OxucuKlubu