Bakı Slavyan Universitetində Nüsrət Kəsəmənlinin xatirə gecəsi keçirilib

10 Baxış

Tanınmış şair, publisist  Nüsrət Kəsəmənlinin 70 illiyi münasibəti ilə Bakı Slavyan Universitetində (BSU) xatirə gecəsi keçirilib. Təntənəli mərasimdə şairin ailə üzvləri, yaxın dostları, tanınmış incəsənət xadimləri iştirak ediblər.

BSU-nun rektoru, professor Asif Hacıyev nəğməkar şair Nüsrət Kəsəmənlinin yaradıcılığından söz açıb. Unudulmaz sənətkarın Azərbaycan poeziyası üçün əhəmiyyəti və onun ədəbiyyatımızda tutduğu mövqedən danışıb. Asif Hacıyev yazdığı şeirlərlə oxucularının ürəyində silinməz iz qoyan şairin nəğmələrinin hələ də dillər əzbəri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən akademik Teymur Bünyadov, millət vəkili Aqil Abbas, kinorejissor Əbdül Mahmudov, xalq artisti Tariyel Qasımov ölməz şair Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini bölüşüblər.

Şairin oğlu, gənc şair Rəşad Kəsəmənli Nüsrət Kəsəmənlinin yaradıcılığana verdiyi dəyərə, yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlığını bildirib, atasına həsr etdiyi şeiri dinləyicilər üçün sədləndirib.

Bədii gecə konsert proqramı ilə davam edib. Tanınmış sənət adamlarının ifasında Nüsrət Kəsəmənlənin şeirlərinə bəstələnmiş mahnılar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Mərasimdə BSU tələbələri şairin “Biri vardı, biri yox”, “Getmək istəyirsən…”, “Bəlkə bu təsadüf məhəbbət oldu”, “Etiraf” və b. şeirlərini səsləndiriblər.

Aytəkin Qardaşova

BSU-nun Mətbuat xidməti