Bakıda Əli bəy Hüseynzadənin şəxsi əşyaları təqdim olunub

9 Baxış

14970175195544252574_1000x669

 

İyunun 9-da Muzey Mərkəzində Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçirilib.

Senet.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar sərgi ilə tanış olublar. Təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları nümayiş edilib. Ümumiyyətlə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan muzeylərinə ilk dəfə belə dəyərli əşyalardan ibarət kolleksiyanın hədiyyə olunması çox əhəmiyyətli hadisədir. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub.

Əsərlərlə tanışlıqdan sonra dövlət himnimiz səsləndirilib.

Tədbirdə Əli bəy Hüseynzadənin həyatı, fəaliyyəti və onun qızı – İstanbulda yaşayan Feyzavər xanım tərəfindən göstərilən vətənpərvərlik nümunəsinə həsr edilmiş videogörüntü nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bir neçə ay əvvəl Feyzavər xanımın Əli bəy Hüseynzadənin şəxsi əşyalarının Azərbaycan hökumətinə hədiyyə etmək arzusunu dilə gətirdiyini söyləyib. Qeyd edib ki, o vaxtdan başlayaraq qanun çərçivəsində bu arzunun gerçəkləşdirilməsi üçün işlər görülüb. Nazir böyük mütəfəkkirin arxivinin qaytarılmasına görə Türkiyə dövlətinə də minnətdarlığını bildirib.

Ə.Qarayev deyib ki, 2014-cü ildə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Bu Sərəncama əsasən keçirilən silsilə tədbirlər vasitəsilə Əli bəyin azərbaycançılıq və türkçülük ideyasına nə qədər önəm verdiyi bir daha diqqətə çatdırılıb.

Nazir vurğulayıb ki, bu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında verilən sərəncamlar Azərbaycan dövlətinin Əli bəy Hüseynzadə şəxsiyyətini, onun zəngin irsini yüksək qiymətləndirdiyinin sübutudur.

Bildirilib ki, dövrünün qabaqcıl mütəfəkkiri və proseslərin fəal iştirakçısı olan Əli bəy Hüseynzadənin qoyduğu irs millətin özünüdərk etməsində çox önəmlidir. O, həm də Azərbaycan və Türkiyə arasında mənəvi körpüdür.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, Əli bəy Hüseynzadə Azərbaycan və Türkiyənin “İki dövlət, bir millət” olmasının ən gözəl nümunəsidir. Bizim sevgimizi həqiqətə çevirən Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərin apardığı mübarizədir.

Diplomat Əli bəy Hüseynzadənin Türkiyə üçün göstərdiyi əhəmiyyətli fəaliyyətindən söhbət açıb. Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurulmasında onun böyük əməyi olub. Onu fikir adamı və həkim olaraq xatırlayırıq.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu günün Azərbaycanın ictimai həyatında xüsusi önəm daşıdığını vurğulayaraq deyib: “Biz burada XX əsr Azərbaycan türk ədəbi fikrinin görkəmli nümayəndəsi, yazıçı, publisist, maarifçi, həkim, bir sözlə görkəmli ziyalı Əli bəy Hüseynzadənin vətəninə mənəvi qayıdışını qeyd edirik. Əli bəy Hüseynzadə türk dünyasının çox böyük şəxsiyyətlərindəndir. O, harada yaşamasına baxmayaraq öz əsərlərində, məqalələrində hər zaman türkçülük ideyasına üstünlük verib, hər zaman ümumtürk mənəvi dəyərlərini təbliğ edib. Türk xalqlarının mədəni inteqrasiyasının təşəkkülü naminə çalışıb, türk xalqlarını öz köklərinə bağlı olmağa çağırıb. Redaktoru olduğu “Füyuzat” jurnalında Əli bəy Hüseynzadənin “Bizə türk hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai lazımdı” sözləri milli istiqlalın devizinə çevrilib. Görkəmli türkçü alim Ziya Gökalp deyirdi ki, Əli bəy Hüseynzadənin bu üçlük ideyası bütün türk dünyası üçün yeni üfüqlər açıb. Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra bu ideya öz əksini üçrəngli bayrağımızda tapdı”.

G.Əfəndiyeva bildirib ki, ölkə başçısının verdiyi Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunacaq və o böyük şəxsiyyətlər, o cümlədən Əli bəy Hüseynzadə də yad ediləcək.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, Əli bəy Hüseynzadə qədər türkçülüyə qiymət verən olmayıb.

Çıxış edənlər böyük mütəfəkkirin şəxsi əşyalarını Azərbaycan hökumətinə təqdim etdiyinə görə Feyzavər xanıma minnətdarlıqlarını bildiriblər.

Feyzavər xanımın ailə dostu İbrahim Yıldırım, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının tədqiqatçısı Yavuz Akpınar çıxış edərək Türkiyədə böyük mütəfəkkirin arxivinin mövcud olduğunu söyləyiblər. Bildirilib ki, Ege Universitetində olan həmin arxivin bir hissəsi nəşr edilib və elektron kataloqu hazırlanır.

Qeyd olunub ki, burada təqdim edilən orijinal əşyaların foto nüsxəsi Feyzavər xanımda qalıb.

Mütəfəkkir ədibin ailəsi adından tədbirdə çıxış edən Cəmilə Hüseynzadə iştirakçılara minnətdarlıq edib.

Səhhəti ilə bağlı tədbirdə iştirak edə bilməyən Feyzavər xanım video bağlantı vasitəsilə türk dünyası adına təşəkkürünü bildirib.

Feyzavər xanımın xahişi ilə əsərlərin Azərbaycana hədiyyə olunmasının təşəbbüskarı Əməkdar Rəssam Teymur Rzayevə üçrəngli bayrağımız təqdim olunub.

Teymur Rzayev Əli bəy Hüseynzadənin ideya müəllifi olduğu bayrağı 100 il sonra qəbul etməkdən qürur duyduğunu söyləyib. Rəssam özünün çəkdiyi Əli bəy Hüseynzadənin portretini muzeyə hədiyyə edib.

Sonda Xalq Artisti Azərin “Çırpınırdı, Qara dəniz” mahnısı ifa edib.

KÖŞƏ YAZARLARI
TOP 10