Bakıda Dağıstan Mədəniyyəti Günləri – FOTO

4 Baxış

 Mayın 12-13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyəti Günləri keçirilir. Tədbirin məqsədi Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək və dağıstanlıların zəngin mədəniyyəti ilə tanışlığı genişləndirməkdir.

Mayın 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Ekspozisiyaya milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s. daxil edilib. Ziyarətçilər sərgiyə böyük maraq göstəriblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsi ölkəmizin həyatında mühüm mədəni hadisədir. İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din, adət-ənənələr bir-birinə bağlayıb. Oqtay Əsədov deyib: “Biz ortaq tarixi yol qət etmişik. Mən Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin töhfələrini xüsusilə qeyd etmək istəyirəm. Ölkəmiz Rusiya Federasiyasının 70 subyekti ilə iqtisadi və 30 subyekti ilə mədəni əlaqələr qurub. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar təşkil edib”.

Milli Məclisin sədri Dağıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını vurğulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağıstana böyük sevgi ilə yanaşıb, Dağıstan da ona eyni münasibət göstərib. Təsadüfi deyil ki, Dərbəndin mərkəzi küçələrindən biri ulu öndər Heydər Əliyevin adını daşıyır. Vaxtilə Dağıstana rəhbərlik edən görkəmli siyasi xadim Əziz Əliyevə Mahaçqalada abidə ucaldılması hər iki xalqın həyatında mühüm hadisə oldu.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Oqtay Əsədov deyib: “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar, ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dağıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər. Odur ki, mayın 13-də Dağıstanın incəsənət ustaları Xaçmazda, Qusarda və ölkəmizin digər bölgələrində çıxış edəcəklər. Qeyd edim ki, Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edib”.

Oqtay Əsədov məlumat verib ki, Azərbaycan Respublikasının Milli Məclisi və Dağıstan Respublikasının Xalq Məclisi mayın 12-də əməkdaşlıq haqqında Saziş imzalayıb. Parlament sədri deyib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylərə görə Rusiyaya minnətdarıq. Azərbaycan regionda sülhün tərəfdarıdır”.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səmimi qəbula görə və dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. R.Abdulatipov deyib: “Azərbaycan və Dağıstan din, mədəniyyət və tarix baxımından qardaşdır. Bu əlaqələrin möhkəmlənməsinə böyük töhfəni görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev və Prezident Vladimir Putin verib. Bu gün mən Prezident İlham Əliyevin qəbulunda olarkən bir sıra mühüm məsələləri müzakirə etdik. Bir daha əmin oldum ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq birləşdirir. İstərdim ki, mədəni əlaqələr də möhkəmlənsin”.

Ramazan Abdulatipov Dağıstanın inkişafına görkəmli siyasi xadim Əziz Əliyevin böyük töhfəsini vurğulayıb. Dağıstan Respublikasının başçısı deyib: “Bu parlaq şəxsiyyətin abidəsinin açılışı xalqımız üçün mühüm hadisədir”. R.Abdulatipov ulu öndər Heydər Əliyevin həmişə Dağıstana dəstək verdiyini bildirərək qeyd edib ki, o, Dağıstanın bir çox siyasi və mədəniyyət xadimləri ilə dost idi. Ümummilli lider Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. R.Abdulatipov deyib: “Dağıstanlıların Bakının necə gözəl olduğunu görməsini və bu tərəqqini mənimsəmələrini istərdim”. O, həmçinin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətini qeyd edib.

Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib.

Tədbirdə “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Dağıstan” Dövlət Mahnı və Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı və digər qruplar çıxış ediblər. Dağıstan dövlət teatrlarının aktyorları ölkənin orta əsr həyatına dair “Dərbənd qapıları”, “Aşıqların yarışı” və s. adlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Dağıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.