BAKIDA ŞİMALA DOĞRU ƏDƏBİYYAT

22 Baxış

 

 

(AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Ədəbi Proses -2017” yaradıcılıq müşavirəsindəki “Bölgələrdə ədəbi həyat” məruzəsi)

 

ustad

Nizami HÜSEYNOV

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

kiçik elmi işçi

 

Artıq beşinci ildir ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Ədəbi proses” yaradıcılıq müşavirəsi keçirir. Ötən əsrdə yaradılan və daha sonra uzun müddətli fasilədə olan bu müşavirələr dövrün, mühitin ədəbi mənzərəsini tam şəkildə aydınlaşdırır və ictimaiyyətə təqdim edir. Bu işin yüksək səviyyədə qurulmasında, heç şübhəsiz ki, akademik İsa Həbibbəylinin rolu böyükdür. Xüsusən, bu müşavirələrdə məruzələrin əksəriyyətinin gənclərə həvalə olunması da təqdirəlayiq haldır. Biz gənclər üçün “Ədəbi proses” yaradıcılıq müşavirəsində dövrün ədəbi mənzərəsini açmaq həm məsuliyyətli, həm də önəmli işdir. Bu inama və etimada görə akademik İsa Həbibbəyliyə öz təşəkkürümü bildirirəm. Üzərimizə düşən bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə çalışacağam.

Artıq bir neçə ildir ki, “Ədəbi proses” müşavirələrində bölgələrdəki ədəbi həyatla bağlı məruzə filologiya üzrə elmlər doktoru Vaqif Yusifli tərəfindən edilir. Uzun illərdir ədəbi tənqid cəbhəsində döyüşən və bütün bölgə ədəbiyyatı nümayəndələrini yaxından tanıyan Vaqif Yusifli bu il də öz dəstəyini bizdən əsirgəmədi və 2017-ci ildə bölgə ədəbiyyatının bədii mənzərəsinin yaradılmasında yaxından kömək etdi. Vaqif Yusifli kimi ustaddan sonra təqdim edəcəyim məruzəmin yanlışlıqlardan hali olmayacağını düşünür, öncədən ola biləcək nöqsanlara görə üzr istəyirəm. Bu məruzədə yaşlı nəslin bizə olan etimadı və gənclərə olan güvənini əsas tutaraq 2017-ci il bölgələrdə ədəbi həyatla bağlı fikirlərimizi, əsasən, gənc nəsil üzərinə yönəltmək istəyirik. Düşünürük ki, bir neçə ildir haqqında danışılan və artıq klassikləşən ədəbiyyat nümayəndələri haqqında geniş şərhə yol verməsək, hələ ədəbiyyata yeni-yeni addımlar atan istedadlı gənclər barədə danışsaq, daha məqsədəuyğun olar.

Ədəbiyyat – bölgə, şəhər, ölkə və s. ilə bağlı olmayan, “istedad”dan qaynaqlanan təbii prosesdir. Dünya ədəbiyyatı maddi, ictimai, siyasi durumundan asılı olmayaraq hər yerdə formalaşır. Fransa, İspaniya, Çin, Yaponiya, Kanada, Peru, Türkiyə, Avstriya, Car kimi müxtəlif ölkələrdən Nobel mükafatçıları çıxır. Eyni zamanda, Azərbaycan ədəbi mühitində də bölgə və Bakı ayrıseçkiliyi olmadan yeni ədəbi-bədii nümunələr yaranır, kəmiyyət və keyfiyyətcə daha da böyüyür. Son illərdə şəhərləşmə prosesinin sürətlənməsi, insanların paytaxta sürətli axını və s. proseslər nəticəsində əsas ədəbi qüvvələr Bakıya yerləşsə də, hələ bölgələrdə Ramiz Qusarçaylı (Quba), Musa Yaqub (İsmayıllı), Asim Yadigar (Naxçıvan), Bahadur Fərman (Gəncə), Qərib Mehdi (Gəncə), Vaqif Aslan (Şəki) kimi sənətkarlar yaşayır, yaradırlar. Ümumilikdə bölgə ədəbi mühiti nümayəndələrini isə sayıb bitirə bilmərik. Təkcə onu xatırlatmaq kifayətdir ki, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunan “Bölgələrdən səslər” kitabında 63 müəllifin, Şimal bölgəsi şairlərinin şeirlərindən seçmələrin toplandığı “Bir yanı Şahdağı, bir yanı Xəzər” kitabında 54 müəllifin şeirləri dərc edilmiş, elmlər doktoru Vaqif Yusiflinin 2017-ci ildə çap olunmuş “Bölgələrdə ədəbi həyat” kitabında 100-dən çox şair və yazıçı xatırlanmışdır.

Son illər Azərbaycan ədəbiyyatı yeni axımlara və cərəyanlara meydan açmışdır. Həm nəsrdə, həm də poeziyada yeni ədəbi istiqamətlər formalaşmış, postmodern ədəbiyyat adı altında müsbət və mənfi hər şey ədəbiyyata sırınmışdır. Bu qeyri-sistemlilik mərkəzdə – paytaxtda daha aşkar şəkildə hiss olunur. Heç bir ədəbi cərəyana, məktəbə, ədəbi təmayülə mənsub olmayan bədii nümunələr dayanmadan artır, müəlliflər fərqli metodlar yaradır, yeni formasiyalar ortaya qoyurlar. Əksər hallarda uğursuzluqla nəticələnən bu axtarışlar nə bədii dəyər qazana bilir, nə də kütlə – xalq tərəfindən qəbul olunur. Əgər paytaxt ədəbi mühiti haqqında yeni təmayüllərdən, fərqli janr axtarışlarından, poetika və nəsr harmoniyasından danışırıqsa, bölgə ədəbiyyatı üçün bunun tam əksini söyləməli oluruq. Çünki bölgə ədəbiyyatı yeniliyə və novatorluğa qapalı, klassik janrlar və ideyalar üstündə oxşar məzmunlu yeni bədii faktlarla zəngindir. Xüsusən, ömrünün cavanlıq dönəmini keçirmiş sənətkarlar dəfələrlə işlənmiş və çox parlaq nümunələr yaranmış mövzularda yeni əsərlər yaratmaqla məşğuldurlar. Janr və forma xüsusiyyətlərinə görə ədəbiyyata heç bir yenilik gətirməyən bu əsərlər, eyni zamanda, bədii estetik dəyərinə görə də sələflərinin yaradıcılığını üstələmək gücünə malik deyil. Tək-tək istisnaları çıxmaq şərti ilə bölgə ədəbiyyatı hələ də qəlib mövzularda, qəlib məzmun və forma çərçivələrində davam edir. Əlbəttə, biz də istərdik ki, sonuncu cümləmizi “inkişaf edir” sözləri ilə bitirək. Amma təəssüf ki, bölgələrdə ədəbiyyat yerində sayır, irəliyə doğru ciddi sıçrayışlar yaşaya bilmir. Bu ciddi sıçrayışları və iri addımlarla irəliyə doğru gedişi mərkəz ədəbiyyatında belə görməsək də, paytaxtda yenilik axtarışları baş verir.

Region, xüsusən, Şimal bölgəsi ədəbiyyatı haqqında araşdırma edərkən, belə bir fikir ortaya çıxır: “Bölgələrdə ədəbi həyat” adı 2017-ci il üçün həm də “Bölgələrdə poeziya” adı ilə əvəz oluna bilər. Çünki bölgə ədəbiyyatı hələ də nəzm çərçivələrini aşa bilmir, bədii yaradıcılığın digər istiqamətlərinə yönəlməkdə çətinlik çəkir. Ədəbiyyatşünaslığın digər ana istiqamətləri olan ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin, demək olar ki, yoxluğu fonunda ədəbiyyatın özü də yalnız poeziya səviyyəsində genişlənə bilir. Nəsrdə olan ağır addımlar və dramaturgiyanın, ümumiyyətlə, yoxluğu bölgə ədəbi mənzərəsi üçün acınacaqlı vəziyyət ortaya çıxarır.

Poeziya özü də regionda iki istiqamətdə yaranır, genişlənir. Birinci istiqamət nəsihət formalı şeirlərdir. Əsasən, yaşlı nəslin yaradıcılığında rast gəldiyimiz bu çoxsaylı nəsihət şeirləri, əlbəttə ki, lazımdır və önəmlidir. Amma müəllifin öz yaşına və həyat təcrübəsinə arxalanaraq bədii estetikası olmayan şeirlər sıralaması nə oxucu rəğbəti qazanır, nə də kütləviləşə bilir. Bir çox hallarda belə şeir kitabları qalaq-qalaq yığılır, müəllifin evində ya toz basmış şəkildə qalır, ya da dost məclislərində yaxın insanlara paylanmaqla kifayətlənir. Belə ədəbiyyat özünü sevdirə bilmir, oxucu ilgisini toplamaqda çətinlik çəkir və oxucunun ürəyində əsərə sevgi hissini alovlandıra bilmir. Bu ədəbiyyatın oxucu sevgisini toplamaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri də müəlliflərin digər əsərlərlə tanış olmamasından irəli gəlir. Əvvəla, müəllif klassik ədəbiyyatı oxuyaraq yazmaq istədiyi fikirlərin, tərənnüm etdiyi gözəlliklərin əvvəllər necə şux bir dillə tərənnüm olduğunu görər, sonrası da öz müasirlərini oxuyaraq yeni ədəbi təmayülləri dərk edər, standart və qəlib formalardan kənara çıxmağa çalışar.

Bölgə ədəbiyyatında ikinci istiqamət isə gənclərin yaratmaqda olduğu prozaik şeirlərdir. Bu şeirlər, əsasən, mənzum təhkiyə formasında olur, lirik şeir tərənnüm qəlibindən çıxaraq nəsrləşir. Belə şeirlərdən xeyli dəyərli nümunələri xatırlaya bilərik, amma kor-koranə “yeni şeir” adı altında yazılmış ardıcıl sətirlər və yoxsul qafiyəli nümunələr də az deyil. İkinci istiqamətdə yazan gənclər təkcə bölgələr üçün yox, mərkəz üçün də aktualdır. Hətta internet və sosial şəbəkələr vasitəsilə bu tip şeirlər daha sürətlə yayılmaqda, oxucuların şeir menyusuna təqdim olunmaqdadır.

Poeziyanın mövzu arealı haqqında danışmalıyıq. Ədəbiyyatın aparıcı mövzuları olan “Vətən”, “Eşq”, “Ailə” 2017-ci il üçün də aktuallığını qorumuşdur. “Vətən” mövzusu sadalananlar içində ən aktualdır. Xüsusən, 2016-cı il aprel döyüşlərindəki müzəffər qələbənin ədəbiyyata gəlişi və nəşri 2017-ci ilin ədəbi hadisəsidir:

Vətən darda olsa, əgər,

Qeyrətini mərdlər çəkər.

Hamı olsun igid əsgər,

Künc-bucağa qısılmasın,

Azərbaycan basılmasın!

(Qüdrət Minhacoğlu)

Analar vərdişin dəyişər əlbət,

Daha corab deyil, kəfən toxuyar.

Boyunlar bükülü qalacaq bu yaz,

Bu yaz bənövşələr şəhid qoxuyar.

(Habil Rzanur)

Çalındı intiqam, zəfər nəğməsi,

Vətən əsgərinin ucaldı səsi.

Kəsildi düşmənin mənfur nəfəsi,

Düşdü vahiməyə bu səksəkədən,

Tutuldu atəşə Lələtəpədən.

(Zakir Bayramlı)

 

2015-ci ilin ədəbi yekunlarına həsr olunmuş ədəbi müşavirədə tənqidçi, filologiya elmləri doktoru Akimova Elnarə yazır: “Araşdırma apararkən milli poeziyamızda da rəşadətli ordu simvolikasının əlamətlərini axtarmağa rəvac verdim. Amma bu şeirlərdə dominant olan başqa xüsusiyyətlərlə rastlaşdım: sevinc hissinin, məmnunluğun, “gözəl gələcəklə” bağlı qurulan xəyalların ifadəsi azalıb, “döyüşkən xalq” obrazını göz yaşı tökən, gücsüzləşən “məzlum xalq” obrazı əvəz edib. Belə bir ordu ilə qələbə sevincli şeiri Xankəndinin ən uca zirvəsində səsləndirə bilərikmi? Yox! Poeziya yenə də XX əsrin birinci yarısının hürr, istiqlal duyğulu şeirlərinə uduzur.” Baxmayaraq ki, 2016-cı il aprel döyüşlərindəki qələbə şeirə də təsir göstərmiş və şeirdə nikbinliyi bir az da artırmışdı, amma hələ də “Xankəndinin ən uca zirvəsində səsləndirə biləcəyimiz” şeirlər yoxdur.

Qələbə və savaş əzmindən yoğrulmasa da, o taylı-bu taylı Azərbaycan dərdini qələmə alan ustad şairimiz Ramiz Qusarçaylını bir daha xatırlamalıyıq. 2017-ci ildə Cənubi Azərbaycana olan səfəri zamanı müəllifin qələmə aldığı şeirinə baxaq. Bu şeiri ilə Ramiz Qusarçaylı bir növ “daha hecada gözəl şeir yazılmır” deyənlərin də, “bölgələrdə ədəbi həyat yoxdur” söyləyənlərin də dodağının üstünə barmağını qoyub, “Susun!” deyir:

Gəl gəzək Təbrizin küçələrini,
Gəzişək qolbaqol, dolanbadolan…
Çəkək gözümüzə gecələrini
Təbriz pıçıldasın: – Xoş gəlib balam…

 

Çıxaq Aynalıya çiçək dərməyə,
Bir şeir bağlayaq gül tağlarından.
Yanır duz içində susuz Urmiya
Gəl, öpək qurumuş dodaqlarından…

 

Ötək Araz boyu ayrılıqları,
Həsrətin gözünə ağ çəkib gəzək.
Çırpaq üstümüzdən yad qınaqları
Tənəyə, hikkəyə dağ çəkib gəzək…

 

Öpüb səcdə qılaq burda hər şeyə,
İkimiz bir daşın üstə baş qoyaq.
Vuraq Şah gölündə badə badəyə
Şallaqdan qorxmayaq, dardan qorxmayaq…

 

Dolaşıb Səhənddən Səlmasa kimi,
Sevginin dadını çıxarıb gəzək.
Qubanın ağ üzlü alması kimi
Bir bəstə boyunca ağarıb gəzək.

2017-ci ildə mətbuatda tez-tez imzası ilə rastlaşdığımız şairə Xatirə Fərəclinin yaradıcılığında da mövzuların harmoniyasını, prozaikliyin mənəvi duyğularla sintezini görürük. Onun “Tənha türk məzarına” yazdığı şeir də dəfələrlə işlənmiş bu mövzuya fərqli baxış və üslub gətirir:

 

Ey,
başına türlü-türlü müsibətlər gətirilən
bir millətin ər balası,
daşıyırsan iftixarla Türk adını
özü boyda heykəl olmaq düşüb sənin qismətinə
görən hansı ana səni
ağrısını sevə-sevə gətirmışdi bu dünyaya
beşiyini yelləyəndə bilirdimi
o bir igid ər böyüdür
iki xalqın qürur yeri, səcdə yeri
heç bildimi yavrusunun qərib sandığı məzarı
neçə-neçə anaların ürəyində,
bu ölkəni vətən sanan,
bu millətin taleyinə yananların
ürəyində
sən torpağı qucaqladın, torpaq səni…

Sumqayıt ədəbi mühitinin Azərbaycan ədəbiyyatına qazandırdığı dəyərli qələm sahiblərindən olan Gülnarə Cəmaləddin təzadlı, bir-birinə əks duyğuları, zaman etibarilə keçmişi və indini, gözəlliyi və bunun qəsdinə duran aləmi şeirlərində əks etdirir. Bizə məlum olan motivlərə mürəciət edəndə mütləq sxemdən, deyilmiş fikirlərdən mümkün qədər uzaqlaşır. Vətəndən şeir yazanda Vətən sevgisini şablona çevirmir, bu sevginin təzə çalarını bizə təqdim edir:

Mən səni elə sevirdim, vətən,

Şəhid qəbirlərinə

qərənfillər düzülməmişdi,

Xocalı əsir düşməmişdi.

Mən səni elə sevirdim, vətən,

Quşlar göy üzünü sevəntək.

Mən səni elə sevirdim, vətən,

Pioner balaların gül daşıyırdı

Bolşeviklərin bəzəkli məzarına,

Proletar balaların inanırdı

Kommunizmin nağılına.

Bir də

səni o cürə sevməmək

o vaxt

Gəlməzdi heç kəsin ağlına.

Mən səni elə sevirdim, VƏTƏN,

Çünki sən məndən çox,

özgənin idin

o vaxt.

 

Hər mövzuya bu sayaq sərbəst, özünün düşündüyü, lakin bizi də düşündürdüyü kimi yanaşdıqda baxış bucağı dəyişir, məlum nöqtəyə bir başqa cür boylanırsan. Gülnarə Cəmaləddin bu “gəlimli-gedimli dünyaya” da adi baxmır, həmişə qeyri-adilik axtarır.

Janra və üslubda qeyri-adilik, yenilik axtarışları 2017-ci ədəbi həyatı üçün daha çox sevgi şeirləri üzərindən gerçəkləşdi.

Sevgi şeirləri yaş və təcrübə ayrımı etmədən 2017-ci ilin bütün şeir kitablarında boy qaldıran mövzudur. Bir çox hallarda təkrarlanan poetik təsvirlər və sintaktik fiqurlar əhatəsində bu sevgi şeirləri yeniliyi ilə seçilmir. Amma fərqli üslubda, fərqli və yeni (bu hər zaman uğurlu olmur) bənzətmələrlə “sevgi” şeirləri yaranmaqdadır. Sumqayıt ədəbi mühitində gənc qələm sahibləri bu cəhətdən fərqlənir. Sevinc Qəribin “Hardasa o uzaqlarda” şeir kitabında oxuyuruq:

 

Qoltuq ağaclarına söykənən

əlilin ümidləri kimidi ümidlərim.

Hərdən ölür, hərdən:

“Bir gün mütləq yeriyəcəm” – deyir,

Yanır gözlərimdə bir ulduz,

Ürəyimdə bir qığılcım alışır,

Tutunuram həyata…

Sən qoltuq ağaclarının

Verdiyi əzab kimi

Ürəyimdə qövr edən

Yaranın üstünə basırsan

Ayrılığınla…

 

XXI əsr Azərbaycan şeirində bu tip bənzətmələrlə tez-tez rastlaşırıq. Məişət dili və üslubu şeirə keçdikcə, şeir əsrlərdir davam edən pafosundan uzaqlaşır, sadələşir, xəlqiləşir. Amma bəzən şişirtmənin əndazədən çıxması şeirin estetikasını alt-üst edir.

Bölgə ədəbiyyatında son illər Şəfa Vəli imzası ilə də tez-tez rastlaşırıq. 2017-ci il ədəbi hadisəsi olan “Poçtalyona məktub” kitabının da əsasını sevgi şeirləri təşkil edir:

Sevirdi deyə səni

Ölçüsüz “böyütmüşdü”.

Qurduğu evciyinin

“Adamı” düzəltmişdi.

Yıxmısan dünyasını

O kür, utancaq qızın.

Səni görcək, ovcunda

Saçı “oyuncaq” qızın.

Sevgi mövzusunu ənənəvi qəlibindən çıxararaq yeni poetik donda təqdim edən gənc şairlərdən biri də Günel Eyvazlıdır. Günelin lirik qəhrəmanı Leyli kimi şamlara, pərvanələrə dərdini danışmır, sevginin onda buraxdığı izləri tərənnüm edir. Günel Eyvazlı “Mən sevəndə” şeirində yazır:

Mən sevəndə məni tərk et,

Yəni dərk et.

Unut, dərd ver, intizar ver,

Məhəbbəti yumaq elə

Toxumaqçün əllərə ver.

Mən sevəndə dəymə mənə

Qoy ağlayım, qoy sızlayım.

Varlığında yoxluğunu,

Yoxluğunda varlığını

Tarazlayım.

XXI əsr Azərbaycan şeirində hiss olunan “Allahın şeirləşdirilməsi” Günelin şeirlərində də hiss olunur.

Sən sevgisən.

Bir ovuc torpaq götür

Yenidən dünya yarat

Yenidən Adəm yarat

Yenidən Həvva yarat

Hər şeyi lap əvvəldən

Hər an başlamaq olar.

Sən Tanrısan.

Son illər ədəbi mühitdə imzası və kitabları ilə özündən söz etdirən qələm sahiblərindən biri də Emin Piridir. Emin Pirinin 2017-ci ildə çap olunmuş “Sağ qalan varmı?” şeirlər kitabında oxuduğumuz şeirlər də yenilik və fərqli ədəbi priyomlar baxımından xüsusi diqqət çəkir. E.Piridən bir şeirə diqqət edək:

Gah nazını, gah fikrini,

Gah da yükünü çəkirəm.

Mən yazıq çarmıxa gedən

İsa çəkəni çəkirəm.

Emin Pirinin şeirlərində lirik qəhrəman milli obraz deyil, dünyəvidir. Bu qəhrəmanın duyğuları təkcə sevgi ilə zəncirlənməyib, həm də çoxcəhətli psixoloji ovqatın tərənnümünü ehtiva edir.

Havası alınmamış mətbəxin

Nəmlənmiş divarları küncündə

Boyat çörək kimisən.

Nə özüm yeyə bilərəm,

Nə də bərəkətdi deyə

Çölə ata bilmədiyim –

SƏN!

Şeirlərinin kəmiyyət yükünün sevgi mövzusunun üzərinə düşdüyü digər şairə Aybəniz Əliyardır. Bu şeirlərdə ayrılıqdan və həsrətdən doğan hislər, duyğular qələmə alınır, daha doğrusu, bir sevginin tarixçəsi oxunur. Şeirdə yalançı hislərlə həqiqi, yaşanılan hisləri ayırd etmək o qədər də çətin deyil. Sevgi hislərinin təsvirində isə təkcə doğru danışmaq, yəni təbii və səmimi təsir bağışlamaq azdır, əsas məsələ bu hisləri obrazlı şəkildə ifadə etməkdir. Füzuli kimi. Təbii ki, Aybəniz Əliyar və eləcə də onlarla qadın və kişi şairlərimizin heç biri Füzuli mənziləsinə yetə bilməz. Amma rəhmətlik füzulişünas Sabir Əliyev yazırdı ki, bu saat Azərbaycan şeirində tam və bütöv bir Füzuli yoxdur, amma hər bir şairdə Füzulidən lap kiçik də olsa, bir parça var. Aybəniz Əliyarın sevgi şeirlərində də bunu azacıq da olsa, hiss edirik.

Həsrətin üşüyür gecədən bəri,

Keçib boylanırsan şəhərə sarı.

Yenə nəfəsinə od qatacaq, od,

Mənim şəhərimin gur işıqları.

 

Əllərin yanacaq işıq selində,

Əllərim dağların qarı kimidir.

Mənim xəyallarım sənin əlində,

Bir gülü qoxlayan arı kimidir.

Yenə belə uğurlu misallar gətirmək olar. Amma Aybənizin sevgi şeirlərinin içində adi fikirlərin ifadəsi olan nümunələr də az deyil. Xüsusilə, bir-birini təkrar edən, bir şeirdən digərinə adlayan motivlər diqqətdən yayınmır.

 

***

 

Bölgələrdə ədəbi həyat həm pərakəndə, həm də birlik halında nəzərə çarpır. Müxtəlif ədəbi məclislər, poeziya klubları, oxucu klubları və bu kimi müxtəlif yaradıcılıq birlikləri bölgə ədəbiyyatının inkişafı üçün çalışır. Belə birliklərin fəaliyyəti əyalətdə bədii yaradıcılığın canlanmasına, müəlliflərin sıx görüşünə, yaradıcılıq müzakirələrinin və kitab təqdimatlarının keçirilməsinə kömək edir. Şimal regionunda Qubada “Ay işığı” və “Gülüstan” ədəbi məclisləri, Şabranda “Xaqani poeziya evi”, Sumqayıtda “Sumqayıt poeziya evi”, “Əli Kərim poeziya klubu”, “Zərif qadınlar məclisi” və digər ədəbi birliklər fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Yazıçılar Birliyinin müxtəlif rayonlarda mərkəzləri fəaliyyət göstərir ki, bunlar da ədəbiyyatın təmayülləşməsinə xidmət edir. Quba, Şabran, Sumqayıtda fəaliyyət göstərən ədəbi birliklərin 2017-ci il üçün fəaliyyət istiqamətini aşağıdakı kimi ümumiləşdirə bilərik:

1 – Sumqayıt“Poeziya Evi”ndə “Qəlbdəki və qələmdəki Qarabağ”, eləcə də “Şeir çələngi” kitablarının təqdimatı keçirilmiş,  Aida Eyvazlı Göytürkün “Qalibiyyət – Şəhidlər və Şahidlər”, “Samir, Nazim, Elşən!” kitablarının təqdimatı baş tutmuşdur. Jurnalist Namiq Dəlidağlının “Otel otağından reportaj” adlı yeni kitabının “İmza günü”, Nigar İsmayılqızının “Bakıdan İstanbulacan və dönüş” adlı kitabının təqdimat mərasimi, “Qazax şeiri antologiyası”nın təqdimatı və imzalanma mərasimi keçirilmişdir. Bu işlərin həyata keçirilməsi Sumqayıt Poeziya Evinin adı ilə bağlıdır.

2 – Şabrandaşairə Qızqayıt Mahmudovanın “Burdan yol başlanırdı” şeir kitabının, şair Şərbətəli Mahmudovun “Yoldayam” kitabının, “Şabran nəğmələri – VIII” almanaxının, şair Nəcməddin Mürvətovun “Şairdə sirr olmur” kitabının, şair Zakir Bayramlının “Mən çağlayan bir bulağam” şeirlər kitabının təqdimatları keçirilmişdir.

3 – Qubaədəbi mühiti haqqında daha ətraflı məlumat vermək istəyirik.

Təməli böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə “Gülüstan” ədəbi məclisiylə qoyulan Quba bölgəsinin ədəbi mühiti bu gün Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi, Şabran bölməsi, “Ay işığı”, “Ulduzlar”, “Şabran” və “Gülüstan”  ədəbi məclisləriylə  daha da inkişaf edir.

“Gülüstan” ədəbi məclisinin əhatə dairəsi A.A.Bakıxanovun rəhbərliyi altında Rusiyadan adlayaraq bir sıra Avropa ölkələrinə qədər uzanmış, bu əlaqələrin nəticəsi kimi nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə ilk qadın dramaturq olan Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının, Yetim Eminin, M.Qorkinin XX əsrin Homeri adlandırdığı Süleyman Stalskinin və digər saz və söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatımızın və mədəniyyətimizin  zənginləşdirilməsi sahəsində böyük tövhələrini vermişdir.

1993-cü ildə Ramiz Qusarçaylının təşəbbüsü və rəhbərliyi ilə Qubada “Ay işığı” adında yeni bir ədəbi məclis yaradıldı. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Dəmirqapı Dərbəndi  təmsil edən istedadlı qələm sahibləri bir işığa üz tutdu, bu işığın içində bir əyalət tənhalığı, ədəbi nigarançılıq və narahatlıq əriyib yox oldu, mənəvi və əbədiyaşar sabahlara ümidlə baxılmağa başlanıldı.

Bölgədə yaşayıb yaratmış klassiklərlə birgə Dəmirqapı Dərbəndin də Hüseynəli Xan Məhzun, Xəlil Dərbəndi, Zərnigar Dərbəndi, Əhməd Dərbəndi, Niftullah Dərbəndi, Məşhur Dərbəndi, Şikəstə Dərbəndi, Bayat Abbas, Yusif Dərbəndi, Diləfruz Pəri, Məhəmməd Tağı Qumru kimi ulu qələm sahibləri, eyni zamanda, Fəxrəddin Oruc Qəribsəs, Təhmiraz İmamov, Şıx İbrahim Manafov, Əmirbəy Çepivi, Elman Abbas, Düriyyə Rəhimova, Aşıq Sakit, Natiq Seyidov və başqaları kimi müasir dövrün söz ustalarının da əsərləri “Ay işığı” ədəbi məclisinin toplularında dərc olunur, respublika mətbuatında təbliğ edilir. Bu il Qubanın “Ay işığı” ədəbi məclisinin 25 və məclisin rəhbərinin isə 60 yaşı tamam olur. Bu münasibətlə “Ay işığı” ədəbi məclisində yubileyə hazırlıq işləri gedir, hazırda bölgə yazarlarının əsərlərindən ibarət “Ay işığı – 25” adlı almanaxı çapa hazırlanır.

Bu gün Qubadakı ədəbi mühit milli tərkibi müxtəlif olan bir bölgədə böyük ədəbiyyata, eləcə də dostluğa, qardaşlığa, ən başlıcası isə bütöv Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına  xidmət edir.

 

Bədii tərcümə və ədəbiyyatşünaslıq

 

Regionlarda ədəbi yaradıcılığın nəsr və dramaturgiya qollarının zəif inkişafı kimi, tənqid və ədəbiyyatşünaslıq işi də diqqətdən yayınmışdır. Bir çox region şairləri haqqında ön sözlər Bakıda görkəmli alim və tədqiqatçılar tərəfindən yazılmış, yaxud ciddi təhlildən uzaq şərhlər verilmişdir. Burada da təəssüfedici bir məqam ortaya çıxır: region yazarlarının bir çoxu haqqında yazan müəllif ilə daha çox öyünür, bunun üçün də görkəmli alimlərdən və peşəkar tənqidçilərdən rəy almağa səy göstərirlər.

2017-ci ildə regionlarda tərcümə işi xeyli sürətlənmişdir. Bu istiqamətdə diqqətçəkən əsas region Sumqayıtdır. Burada 2017-ci ildə türk dillərindən, rus və ingilis dillərindən bədii tərcümələr həyata keçirilib. “Əli Kərim poeziya klubu”nun sədri İbrahim İlyaslının “Sən eşqsən” adlı tərcümə kitabı Sərvət Gürcan qələminin məhsuludur. Son illərdə şeir tərcüməsində müsbət məqamlar artsa da, qəbul etmək lazımdır ki, hələ ki şeir tərcüməmiz yüksək səviyyədə deyil. Xüsusən, türk dilindən edilən tərcümələr yarımçıq tərcümələrdir. Amma İbrahim İlyaslının tərcüməsində şeirin ruhunu, məğzini aydın duymaq olur, şeir orijinalı qədər təsir buraxır:

Bu il baharı sevdim.

Daha əvvəllər fərqinə varmazdım baharın.

Qocalığın başlamağındandır, yəqin.

Bu qədər stressini yaşamazdım rüzgarın.

Özləmini duyaraq gözlədim neçə həftə, neçə ay.

Bu il baharı sevdim.

Bölgələrdə ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin öyrənilməsi prosesi də davam etməkdədir. Son illərdə ali məktəblərin regionlarda açılan filialları elmi tərəqqini də regionlara apara bilmişdir. Bu cəhətdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Sumqayıtda fəaliyyət göstərən universitetlər diqqət çəkir. ADPU Quba filialı müəllim heyatinin Bakı elmi mühiti ilə sıx əlaqələri burada ədəbiyyatşünaslıq elminə yeni töhfələr verməkdədir. Sözügedən filialın Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülşən Ağabəyin son illərdə apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Müəllifin ardıcıl şəkildə həm dünya, həm də Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaları və dərslikləri var. Bu materiallar eyni zamanda paytaxtda vaxtaşırı çap olunur və təhlilə cəlb edilir.

Ümumiyyətlə, bölgələrdə bədii yaradıcılıq və ədəbiyyatşünaslıq sahəsində əldə olunan uğurlar tam ürəkaçan olmasa da, 2017-ci il ədəbi mənzərəsinin yetəri qədər hərəkətli və zəngin olduğunu söyləyə bilərik. Növbəti illərdə ədəbiyyatın daha da kamilləşəcəyi, oxuculara daha yaxın ola biləcəyi ümidilə fikrimizi tamamlayırıq.

PS: 2017-ci ilin əsas ədəbi hadisələrindən biri də televiziyada yayımlanan “Xalqın şairi” layihəsi oldu. Bu layihə televiziya məkanında yayımlanan ədəbiyyata həsr olunmuş verilişlər arasında ilk idi ki, tamaşaçılar tərəfindən geniş müzakirə olundu. Buna qədər dövlət televiziyalarında yayımlanan “Məclisi-üns”, “Ovqat”, “Səhər ovqatı” və s. kimi proqramlar olsa da, bu veriliş ictimai müzakirəyə yol açmırdı. Eyni zamanda, həmin layihələr öz sözünü demiş qələm sahiblərinə meydan açdığı halda, “Xalqın şairi” layihəsində ədəbiyyata yeni addımlarını atan, tanınmayan şairlər dəvət olunurdu. Bu hal təqdirəlayiq olsa da, şairlərə qarşı qeyri-obyektiv münasibət, münsiflərin bəzi hallarda qərəzli mövqe tutması diqqətdən yayınmırdı. Onu da xatırladaq ki, layihənin müəyyən texniki səbəblərdən dolayı final verilişi hələ də yayımlanmayıb.

Bölmə : Sənət xəbər