Bakıda “Türk İslam sənətləri” sərgisi

7 Baxış

108940_xre9a9b6hi

Apre ayının 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Böyükşəhər Bələdiyyəsi Sanat ve Meslek Eğitim kursları) inventarında olan əsərlərdən ibarət “Türk İslam sənətləri” adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) birgə təşəbbüsü ilə reallaşan sərginin açılış mərasiminə ADRA-nın rəhbər heyəti ilə yanaşı, millət vəkilləri, rəsmi qonaqlar, tələbə və müəllimlər, sənətsevərlər və media nümayəndələri qatılıblar.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəhbəri olduğu elm ocağında belə bir sərginin açılmasından məmnunluq ifadə edən Ö. Eldarov layihənin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Bursa bələdiyyəsinin sədri Hikmət Şahin iki qardaş ölkə arasında inkişaf əlaqələrindən danışıb. Bildirilib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr həyata keçirilir. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu deyən natiq bu münasibətin son illər ərzində yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Qeyd edilib ki, sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş (ebru sənəti, keramika, təzhib, xəttatlıq və s.) 80-dən artıq əsər nümayiş olunur. Sərgini Türk-Azərbaycan qardaşlığının daha bir möhtəşəm nümunəsi adlandıran Milli Məclisin deputatı Qənirə Paşayeva bu cür tədbirlərin xalqlar arasındakı mədəni əlaqələrin inkişafındakı əhəmiyyətindən danışıb.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov iki qardaş ölkə arasında əlaqələrin inkişafından danışaraq belə bir sərginin təşkilini yüksək qiymətləndirib.

Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir iki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğunu vurğulayaraq bildirib ki, müxtəlif üslub və motivləri əhatə edən tablolarda türk-islam sənətinin tarixi haqda məlumatlar da yer alır.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərginin ekspozisiyasında nümayiş olunan keramika, ipək xalça toxuması, miniatür işlər, xəttatlıq nümunələri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi aprelin 22-dək davam edəcək.