Bakının heykəlləri – FOTOLAR

12 Baxış

149924696855101657_1000x669

Çoxəsrlik Azərbaycan incəsənətində heykəltəraşlığın küçə və meydanlara gec yol açmasının müxtəlif səbəbləri var. Bunu çoxları kimi dinə bağlamaqdan uzaq olmaqla, demək istəyirik ki, əslində xalqımızın plastik duyumu özünü sənətin ən müxtəlif sahələrində göstərməkdə idi. Odur ki, XX əsrdə yaşamağa məhkum olduğumuz yeni ictimai-siyasi şəraitdə Azərbaycan tişə ustalarının bir-birindən maraqlı heykəltəraşlıq nümunələri yaratmaları təbii qəbul olundu. Paytaxtımızı, eləcə də müxtəlif bölgələrimizin küçə və meydanlarında ucaldılan abidələr bunun əyani göstəricisidir. Onların əməli, sözü və sənəti ilə xalqımıza başucalığı gətirən görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılması, belə heykəllərin hər birimiz üçün qürur mənbəyinə çevrilməsi danılmazdır. Bununla belə çox vaxt onların müəlliflərini tanımaqda, yaradılma tarixini bilməkdə çətinlik çəkirik. Təəssüf ki, bu daha çox vurğuladıqlarımızın heykəllərin üzərində qeyd olunmaması ilə bağlıdır. Güman edirik ki, nə vaxtsa çoxlarına xırda görünə biləcək bu məsələyə diqqət yetiriləcək və abidələrin üzərində onun müəllifləri və yaranma tarixi qeyd olunacaq. İndi isə bunun intizarında olanlara paytaxtımızdakı bəzi heykəllər barəsində yığcam məlumat vermək istəyirik…

Öncə deyək ki, paytaxtımızda heykəllərin ucaldılmasına ölkəmizin sovetləşməsindən sonra başlanıb. Bu işə geniş kütlənin o qədər də yaxşı tanımadığı inqilab rəhbərlərinə abidə qoymaqla başlayanlar az sonra başa düşüblər ki, bu gedişlə yerli əhalini qıcıqlandıra bilərlər. Odur ki, çox düşünüb-daşındıqdan sonra xalq arasında məşhur olan bir-neçə tanınmış azərbaycanlıya heykəl qoymağa qərar veriblər. İlk olaraq satirik şeirləri ilə böyük rəğbət qazanmış Mirzə Ələkbər Sabirə abidə ucaldılıb. 1922-ci ildə, yəni şairin vəfatından cəmisi on il sonra, anadan olmasının 60 illiyində indiki abidənin yerində onun betondan hazırlanmış heykəlinin (müəllifi Yakov Keylixis) açılışı olub. Şairi ayaq üstdə təsvir edən bu heykəl M.Ə.Sabirin anadan olmasının 100 illiyinin qeyd olunması ərəfəsində – 1958-ci ildə tunc abidə ilə əvəzlənib. Əvvəlki heykəli isə şairin bir vaxtlar dərs dediyi Balaxanı qəsəbəsinə aparıblar və həmin plastika nümunəsi bu günə kimi də oranı bəzəməkdədir.

1930-cu ildə isə paytaxtda görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin abidəsinin açılışı olmuşdur. Müəllifi Pyotr Sabsay olan bu tunc heykəl daşıdığı yüksək bədii-estetik məziyyətlərə görə bu günə kimi də Bakının ən yaxşı abidələrindən sayılmaqdadır.

İkinci Dünya savaşından öncə dahi söz xiridarı Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd olunması barəsində qərarın qəbul olunması, onun 1947-ci ildə Gəncədə, 1949-cu ildə isə Bakıda abidələrinin ucaldılmasını şərtləndirdi. Hər iki əsərin müəllifi gənc heykəltəraş Fuad Əbdürrəhmanov idi. Gəncədəki heykəlin 1948-ci il SSRİ Dövlət mükafatına layiq görülməsi ilk növbədə azərbaycanlı tişə ustasının yüksək sənətkarlığına verilən qiymətin göstəricisidir.

Bundan sonra da paytaxtımızın küçə və meydanlarında görkəmli ədəbiyyat və incəsənət xadimlərinə abidələrin qoyulması prosesi davam etdirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə (1960, müəllifi Tokay Məmmədov), görkəmli şairlərdən Xurşidbanu Natəvana (1960, müəllifi Ömər Eldarov), Məhəmməd Füzuliyə (1962, müəllifləri Ömər Eldarov və Tokay Məmmədov), Səməd Vurğuna (1961, müəllifi Fuad Əbdürrəhmanov), Mikayıl Müşfiqə (1968, müəllifi Münəvvər Rzayeva), qəzəlxan Əliağa Vahidə (1990, müəllifləri Natiq Əliyev və Rahib Həsənov), Hüseyn Cavidə (1993, müəllifi Ömər Eldarov) və dramaturq Cəfər Cabbarlıya (1992, müəllifi Mirəli Mirqasımov) ucaldılan heykəllər bu qəbildəndir.

Bu gün Bakımızı bəzəyən abidələrin arasında xalqımızın tarixində işıqlı əməlləri ilə dərin iz salmış digər görkəmli şəxsiyyətlərin heykəlləri də vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə (2005, müəllifləri Mixail Nogin və Salavat Şerbakov), dövlət xadimi Şah İsmayıl Xətaiyə (1991, müəllifi İbrahim Zeynalov və Zakir Mehdiyev), Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov (1949, müəllifi Fuad Əbdürrəhmanov) və Mehdi Hüseynzadəyə (1973, müəllifi Fuad Əbdürrəhmanov), əmək qəhrəmanı Sevil Qazıyevaya (1968, müəllifi Münəvvər Rzayeva), ulu Dədə Qorquda (2013, müəllifi Görüş Babayev), görkəmli maarifçi Həsən bəy Zərdabiyə (1992, müəllifi Elmira Hüseynova), memar Zivərbəy Əhmədbəyova (2011, müəllifi Natiq Əliyev), rəssam Əzim Əzimzadəyə (2002, müəllifi Ömər Eldarov), 20 Yanvar şəhidlərinə (2012, müəllifləri Azad Əliyev və Cavanşir Dadaşov) və başqa abidələrimiz belə cəlbedici və yaddaqalan sənət nümunələrindəndir…

Ziyadxan Əliyev

KÖŞƏ YAZARLARI
TOP 10