Bakının kitab mağazaları – Kim Kimdir?!!!

169 Baxış

kitabSenet.az Rafiq Hunaltayın bloqundan Bakının kitab mağazaları – Kim Kimdir?!!! məqaləsinin bir hissəsini təqdim edir:

Bu dəfə Bakıdakı kitab mağazalarından yazmaq istəyirəm. ˝Bugünün Marketinqi˝ kitabını 31 oktyabrda ilk dəfə DMC2015-də satışa çıxardıq. O gündən sonra fasilələrlə həmin kitabı şəhərimizin məşhur bütün kitab mağazalarına verdim. Hətta şəxsən bu işlə məşğul oldum. Təxmini 15-20 gündür ki, proseslərin içinə girdiyim üçün kitab bazarı haqqında artıq bəzi fikirlər qəti olaraq formalaşıb. Ona görə də bu gün gəldiyim bəzi qənaətləri paylaşacam.

Bazarın ümumi vəziyyəti

Əvvəla onu qeyd edim ki, Bakıda iri-xırdalı, tanınmış, az tanınmış hardasa 50-ə qədər kitab mağazası, kitab evləri fəaliyyət göstərir. Bunların arasında günün tələblərinə digərlərilə nisbətdə daha uyğun 2-3 kitab evi var ki, bunlardan ilki də təbii ki, ˝Ali-Nino˝dur.  Günün tələbləri dedikdə brendləşmiş, il ərzində fərqli sosial aktivliklər edən, bir sözlə ancaq alverlə məşğul olmayan mağazaları nəzərdə tuturam. Bu dediklərim Bakı şəhərinə aiddir, bölgələrdən xəbərim yoxdur. İndi isə keçək əsas mətləbə.

˝Bugünün Marketinqi˝ kitabını təxmini bir aydır ki, facebook və instagramda 50 000-dən çox adama göstərmişik. Azərbaycan dilində və 33 müəllifin 130 yazısını özündə birləşdirən, bazar üçün yeni tərz bir kitabdır. Olduqca faydalı kontent, həm də praktik olduğu üçün düşünürük ki, menecerdən sahibkara kimi hər kəs bu kitabda özü üçün nəsə tapa bilər.

Həmişə tv və radio verilişlərdə eşitmişik ki, ya yazarlar şikayət edir kitab evlərinin işindən, bəzən monopoliyasından, ya da kitab mağazaları yazarları satıla bilən əsərlər, ədəbiyyatlar yarada bilməməkdə suçlayır və s. Biri deyir mən yazaram, işimi-gücümü atıb kitab evlərinin nazı ilə niyə oynuyum, o biri də deyir ki, nəyi istəyərəm sataram, nəyi istəsəm yox və s. Bunları bilən adam kimi ilk olaraq düşündüm ki, ən yaxşısı prosesin içinə girməkdir. Eləmədim təmbəllik, kitabları maşına yükləyib kitab evlərinə tək-tək dağıtdım. Deməli, hazırda kitabımız  Ali-Nino˝Akademiya˝ kitab mərkəzi, WH Smith AzerbaijanAzərbaycan Respublikası Prezident İşlər İdarəsinin Kitab EviKitab Evim, Aygun City-dəki Book House kitab mağazaları, fiksbook.com onlayn kitab mağazasında satılır.

Kitab mağazalarının iş prinsipləri necədir?

  • İlk partiya üçün yazardan 5-20 arası kitab alırlar
  • Satışdan 30-40% aralığı komision alırlar
  • Hər birinin ayırca hesablaşma (satışa görə ödəniş) günü var
  • Kitabın mağazada düzülüş və yerləşməsinə yazar qarışa bilməz
  • Kitab bitdikdə mağaza Sizi yeni partiya verilməsi üçün xəbərdar edir (istəsə, unutmasa, baxan olsa və s.)

Kitab mağazalarının zəif cəhətləri nələrdir?

  • Satıcıların xidmət səviyyəsinin aşağı olması
  • Merçendayzinqin, kitabların düzülüş qaydasının qarmaqarışıq olması
  • Satılan kitabların online rejimdə izlənilərək bitdiyi halda həmən təmin olunması
  • Ancaq özlərinə maraqlı kitabların və ya nəşriyyatların kitabını daha çox satmaq, nəşriyyatlar arası ayrı seçkilik
  • Kitab təhvil-təslim və ödəniş işlərinin mürəkkəbliyi, yoruculuğu
  • Pirat kitabların hələ də ümumi kitablar içində çoxluq təşkil etməsi

Yazarlar üçün nə kimi çətinliklər mövcuddur?

  • Yüksək tirajla kitab çap olunmasa baha başa gəlir və demək olar ki, sərfəli olmur
  • Kitab mağazaları ilə fərdi qaydada işləməli olduğu üçün əlavə vaxt və əsəb itkisi yaşayır
  • Mağazalarda ayrı seçkiliklə qarşılaşa bilər
  • Azərbaycanda kitab çapı daha baha başa gəlir
  • Bizim millət oxumağı yumşaq desək, hələ ki, çox da zad eləmir
  • Yazarlar piratçılığa qarşı qanunun boşluğu səbəbindən mübarizə apara bilmirlər…

…Kitabevim.az isə açıq deyim ki, içəri daxil olanda məni ən çox açan mağazadır. Məsələn, ancaq bu kitab mağazasında işçilərin daxili uniforması var, ancaq burada kitablar çox səliqə ilə düzülüb. Kitablar həm kateqoriyalara görə, həm də nəşriyyatlara görə bölünüb. Xudmanı book cafe lap yerinə düşür. Ən bəyəndiyim xüsusiyyəti isə yazarlar üçün cuzi şərtlər daxilində kitabın təqdimat imkanının verilməsidir. Kaş ki, bu mağaza daha böyük kvadratlı olardı, bir az geniş olardı. Bu arada kitabevim isə 40% komisionla işləyir, ödəmə və qalıq öyrənmə istənilən vaxt mümkündür. Çox gülərüz personalı var. Eyni zamanda aktiv olaraq online satış da işləyir. Balaca mağazada ˝Qoy-Götür˝ tipli guşənin olmasını çox bəyəndim. Bir kitab qoyursan, orda olanlardan birini götürürsən. Maraqlı idi həqiqətən. Hiss olunur ki, rəhbərlik ədəbiyyat meylli adamdır. Tanımasam da, şəxsini təbrik edirəm. Ticarət mərkəzlərinin içində bu konsepti görmək maraqlı olardı.

Book House kitab mağazası ilə bugün tanış oldum. Marketinq Azərbaycan qrupundan tanıdığımız Toğrul bəy oranın idarəçilərindəndir. Sağ olsun, bu gün ora həm kitabımızı verdik, həm də kitabın roll-up-ını qoyduq. Görək, orada satışlar necə olacaq. Sistem baxımından, kitabların qiyməti və gətirilmə şərtləri, piratçılığın olmamasına görə buranı çox bəyəndim. Mağaza iki hissədən ibarətdir. Yuxarı yaxınlarda book-cafe olacaq, aşağıda Aygun City-nin birinci mərtəbəsində isə xüsusi rəflər hazırlanır. Bura da digərləri kimi 40%  komisionla çalışır. Eyni zamanda bütün yazarlar üçün çox sərfəli bir sistem üzərində işlədiklərini də söylədi ki, bu da elan edilənədək sirr qalsın.  Mağaza dizaynına görə elə də xüsusi fərqlənmirdi, amma türk kitablarının zənginliyinə görə digərlərindən seçilirdi.

Online kitab mağazalarından ancaq fiksbook.com-da satışda varıq. Fiksbook ancaq iqtisadiyyat tematikalı kitablar satır, düşünürəm ki, buranın yaxın gələcək üçün yaxşı perspektivi var. Ümumiyyətlə yuxarıdakı mağazalardan kitabevim və Ali-Nino-nun gözə gəlimli həm də online satış saytları var. Online mağazalardan dostumuz Alokitab.az-ı çox təriflədi, bu gün saytları ilə tanış oldum, deyilən qədər varmış. Yəqin ki, kitabı onlara da satışa verərik.

Qənaət

Yuxarıda yazdığım kimi 2 həftədən bir az çoxdur ki, dərin olmasa da kitab mağazaları ilə daha çox ünsiyyətdə oldum. Yazdıqlarım tam obyektiv olmaya bilər təbii ki. Amma ilkin qənaətim belədir ki, Bakıda kitab bazarında ümumiyyətlə yazarın deyil, mağazanın bazarıdır. Mağazalar yazarlara diktə edir. Bütün mağazalar içərisində daha köklü, brendləşmiş Ali-Nino-dur, amma onun da özünəməxsus problemləri var, digərləri, eləcə də digər yazarlar tərəfindən birmənalı qarşılanmır. Kitabevim perspektivli görünür. Uzun sözün qısası isə əgər düşünürsünüzsə ki, bazar artıq tutulub yanılırsınız, hələ də bu sferada daha sistemli, daha ciddi işləyən şəbəkəyə ehtiyac var. Və bir də kim deyirsə, kitab satışı biznes deyil, eşidin, inanmayın. Sadəcə kitaba biznes nöqteyi nəzərindən yanaşmaq lazımdır.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…

 

 

Yazının tam mətnini buradan oxuya bilərsiniz

 

 

 

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10