Bakirəliyini itirməmiş ləyaqət

159 Baxış

sadiq F.ü.f.d., dos Şəmil Sadiq

17 dekabr 2015-ci ildə “Anamın Kitabı” ədəbi mükafatı 1-in premyerası, 2-nin isə təqdimat mərasimini keçirdik. Bu layihəni ideya olaraq irəli sürəndə çox ciddi qəbul edib alqışlayanlar da oldu, gülərək “bizdə teatr var?” -deyib keçənlər də. Əsərin səhnədə oynanılması bir daha göstərdi ki, hədəf vurulmuşdur.

Mükafatı təsis etməkdə şəxsən məqsədim M.F.Axundzadədən başlanan milli teatrımıza dəstək, gəncliyin yolunu teatra yaxınlaşdırmaq idi. Birinci məqsəd, əlbəttə ki, hamımızın ürəyindən keçən və arzusunda olduğumuz amildir.

Amma mən daha çox ikinci mətləbin üzərində durmaq istəyirəm. Çünki bugünkü gəncliyin heç də hamısı Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi fədakar deyil. Hamısı gözləyir ki, kimsə onu yuxuda görəcək və dəvət edəcək. Bunun bir səbəbi gənclərin laqeydliyidirsə, ikinci səbəbi, bəlkə də, əsas səbəbi gənclərin bəziləri tərəfindən həmişə burunlarından vurulmasıdır. Ona görə də bir dəfə teatra müraciət edən bir də etmir. Bilirsiniz, niyə etmir? Başıma gələn kiçik hadisəni xatırladım, bəlkə fərqinə varmaqda kömək oldu. Onsuz da sizlərin bildiyinizi bilirəm. 2005-ci ildə “Qana qan qarışdı” pyesimi götürüb getdim teatrlarımıza. Kitab kimi çap edilmişdi. Elə bir ciddi əlaqəm də yox idi teatrlarla. Birtəhər Azərbaycan Dövlət Dram Teatrında indi adını unutduğum biri ilə görüşdüm və əsərimi təqdim etmək istədiyimi dedim. Dedi, cavan oğlan, bilirsən, necədir, gərək sənin bu əsərin “Azərbaycan” və ya “Ulduz” jurnalında çap edilsin. Tənbəllik etmədim. Getdim ora.  Elə bu gün də həmin vəzifədə olan İntiqam Qasımzadə ilə görüşdüm. Teatrda mənə dediklərini ona danışdım. Yüngülvari gülümsədi, sonra o da məni şirin dillə yola saldı. Hardasa onun da dediyindən belə çıxdı ki, əsər səhnədə oynanılsın, sonra da çap etmək olar. Və məni Dövlət Gənclər Teatrına istiqamətləndirdi. Orda da rəhmətlik Hüseynağa Atakişiyevlə görüşdüm. Rəhmətlik həm də şagirdlərimdən birinin əmisi idi. Hüseynağa müəllim məni çox böyük ehtiramla qarşıladı. Əsəri qəbul etdi və 5-10 gündən sonra gələrsən, – dedi. Bütün bunlar hardasa bir il çəkmişdi. 2006-ci ilin aprel ayında getdim Gənclər Teatrına. Və onda öyrəndim ki, Hüseynağa müəllim rəhmətə gedib. Beləcə, mənim də dramaturq olmaq arzum öldü. Hüseyn Cavidi oxuya-oxuya onun təsiri altında olduğum üçün iki dram əsəri də yazmışdım. Düzdür, sonralar bu “Qana qan qarışdı” əsərini 20 nömrəli məktəbdə şagirdlərimlə səhnələşdirdim, amma teatr arzusu başqa idi. Bu əsər bir də uzun illər sonra 2010-cu ildə Naxçıvan Musiqili Dram teatrında səhnələşdirildi. Amma mən dramaturq olub teatra əsərlər yazmaqdan çoxdan vaz keçmişdim.

Məhz bu cür amillər gəncləri teatrlardan uzaq salır. Klassiklərə qarşı hardasa üsyanın bir səbəbi də bundan yaranır. Buna görə də düşündüm ki, bəlkə bizim vasitəmizlə imkanı olmayanlar teatra yol tapdılar. Və dünən buna nail olduq. Akademik İsa Həbibbəylinin də böyük sevinclə dəstək verdiyi mükafat mərasimi baş tutdu və Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun verdiyi sözə əməl etməsi gənclərə bir daha stimul verdi.

Gələk tamaşaya….

Sevinc Elsevərin müəllifi olduğu “Ürəyində arzu tut” bir pərdəli pyesinin quruluşçu rejissoru Gülnar Haciyeva idi. Tamaşa  “Arzu və Murad” adı ilə tamaşaçılara təqdim edildi.

Bir hekayə motivi üzərində qurulan əsərin ideyası günümüzdə hamımızı incidən, qəlbimizdə bir yara olaraq qalan Xocalı faciəsi idi. Gerçəklikləri özündə çılpaqcasına əks etdirən bu əsərə psixoloji məzmun çox yaraşdı. Amma gerçəklik o qədər ağırdı ki, insan əsərdəki geçəkliklə həyatdakını yan-yana qoyanda hansının ağır olduğuna qərar verə bilmir.

Mövzu baxımdan müharibədən sonrakı qaçqın həyatını və əsirlikdən qayıtmış bir gəncin faciəsini ifadə edən əsərdə müəllif , məncə, məqsədinə çatdı. Əsərdə hər kəsi düşündürən cavabsız suallar vardı: Əsirlikdən qayıtmış bir qızı evdə gəlin etmək istəməyən oğul anası haqlı idimi?, Əsirlikdən qayıtmış bir qız həyatda özünə necə yer tapa bilər?, Əsirlikdən qayıtmış bir qız yenidən sevə və ailə qura bilərmi, onun buna haqqı çatırmı? Bir kişi əsirlikdə müxtəlif işgəncələr yaşamış bir qız ilə qayıtdıqdan sonra necə rəftar etməlidir? Əsirlikdən gələn qız sadəcə fahişə olmalıdırmı? Cavabı sadəcə subyektiv dəyərlərə görə dəyişən bu cür suallar əsərin ana xətti idi. Amma müəllif əsərin sonunda yox, lap ortasında (bu ortanı həm kulminasiya, həm də finiş adlandırmaq olardı) kulminasiyanı və finişi təqdim etdi bizə. Çünki sonluq nə əsərdə, nə də tamaşada öz həllini tam tapmamışdı. Dediyim o kulminasiya və finiş isə Arzunun “Mən bakirəliyimi itirmişəm, ləyaqətimi yox”,- deyərək bakirə və ləyaqətsiz bəşəriyyətə ünvanlanan hayqırtısı idi. Çox ağır sözdür. Bəşər övladı namus və qeyrəti hələ də iki qıçın arasında görür. Bunun üçün də Arzular Muradına ya çatmır, ya da ləkələnərək çatır. Erməni vəhşiliklərini öz faciəmizin içində verməklə müəllif çox yaxşı manevr etmişdi. Əsərdən çıxan ideya budur ki, erməninin törətdiyi alçaqlığın bir tayını da Azad edir. İçkili halda Arzunun əsirlikdə olduğunu biləndə onunla yatmaq istəyir. Rejissorun bu səhnəni çox az işlədiyi diqqətimi çəkdi. Sanki yola verilib, ya da Azad rolunu oynayan gəncin ürəkaçan bir oyun göstərməməsi bizi belə düşünməyə vadar edir. Azad “erməni ilə yatmısan, mənimlə də yat”,- deyərək bir az öncə evlənmək təklif etdiyi qıza qarşı təcavüz etməsi idi əslində müəllifi düşündürən faciə. Problem düzgün qoyulsa da, düşünürəm ki, bu problemin həlli düzgün tapılmayıb. Azad kimi alçaqların olduğu bir cəmiyyətdə yaşayırıq. Onlardan isə qurtulmağımızın bir yolu maarifçilikdir. Ölümlə cəzalandırılma heç bir halda düzgün deyil. Məhz buna görə də Hüseyn Cavidin “Ana” əsərində Ana oğlunun qatilini bağışlayır. Qisas hissini rədd edir. Zənn edirəm ki, Sevinc Elsevər də Azadı içkili olduğu üçün bağışlaya,  əsəri Arzunun tük ürpədən bir monoloqu ilə bitirə bilərdi. Bir qadının ürək çırpıntısı ilə utandıra və vicdanı ilə baş-başa buraxa bilərdi. Amma olmadı. Bunu rejissor da edə bilərdi, amma o da etməmişdi.

Bütün zəhməti keçənlərə bir daha təşəkkürümü bildirirəm.

 

 

 

 

 

 

Bölmə : Şəmil Sadiq