Balet sənətinin sönməz ulduzu –LEYLA VƏKİLOVA

92 Baxış

16290İncəsənətin ən qədim növlərindən biri rəqsdir. Rəqslərin harmoniyası əsasında qurulan balet isə plastika ilə musiqini özündə birləşdirən bir sənətdir. Bu sənətin görkəmli nümayəndələrindən biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilova olub. O, səhnə həyatı verdiyi Qaraca qız, Şirin, Odilliya, Avrora, Kitri, Jizel, Gülyanaq və s. obrazlarla ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb.

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından rəqsə böyük həvəs göstərib. Valideynləri bu marağını nəzərə alıb onu Bakı Xoreoqrafiya Məktəbinə qoyurlar. O, əvvəlcə Ədilə Almaszadənin, sonra isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə bu sənətin incəliklərinə yiyələnir. Təhsilini başa vurduqdan sonra 1943-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist qəbul olunur. İki il Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçərək sənətin dərinliklərinə varır. Doğma şəhərinə qayıtdıqdan sonra Opera və Balet Teatrında aparıcı ifaçı kimi balet tamaşalarında əsas partiyaları ifa edir, tamaşaçıların qəlbinə yol tapır.

Onun səhnədə debütü R.M.Qlierin “Qırmızı lalə” baletində Tao Xoa rolu olub. İlk dəfə olaraq milli rəqslərimizə xas olan keyfiyyətləri klassik rəqs texnikası ilə birləşdirir və tamaşaçılar qarşısında son dərəcə maraqlı və qeyri-adi bir mənzərə canlandırır. Sənət müəllimi Q. Almaszadə tələbəsinin bu uğurunu fərəhlə qarşılayıb və “Əhsən, sən məndən də irəli gedəcəksən”, – deyib.

Onun səhnədə ilk uğurlu addımlarından biri də Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində canlandırdığı Gülyanaq obrazı olub. Bu obraz onun gələcək yaradıcılıq taleyində mühüm rol oynayır. Balerina çox böyük ustalıqla obrazın həyatsevərliyini, qəlboxşayan lirizmini və kədərini təqdim edə bilir. Soltan Hacıbəyovun “Gülşən” baletində də göstərdiyi yüksək ifa məharəti sənətsevərlərin böyük marağına səbəb olub. SSRİ Xalq artisti Qara Qarayevin “Yeddi gözəl” baletinin quruluşçu rejissoru P.Qusev müsahibəsində balerinanın ifasından heyrətləndiyini deyib: “Əla rəqqasə, qıvraq, möhkəm… hər şey canlandı, başqa bir aləm yarandı”.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə L.Vəkilova “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində çıxış edir. Onun özünəməxsus ifası Moskva tamaşaçılarını heyran edir. Onlar balerinanı “Ulduz saatı” adlandırırlar. L.Vəkilova məhz bu çıxışından sonra, 40 yaşında “SSRİ Xalq artisti” fəxri adına layiq görülür.

“Yeddi gözəl”in parlaq uğurundan sonra görkəmli bəstəkar Qara Qarayev “İldırımlı yollarla” baletini yazır. 1960-cı ilin sonunda baletin premyerası keçirilir. Leyla xanım bu baletdə də öz qəhrəmanının hiss və duyğularını çox dolğun canlandırır.

Aktrisanın daha bir uğuru Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti ilə bağlıdır. Əsər 1962-ci ildə səhnəyə qoyulur. Bu tamaşada o, Şirin obrazını çox böyük ustalıqla yaradır. SSRİ Xalq artisti Arif Məlikov bu barədə belə deyib: “Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova-Şirin tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Bu surəti yaradan balerina sübut edirdi ki, Şirin – poeziyadır, işıqdır, Şirin – azadlıqdır. Balerina parlaq məharətlə gənc və zərif qəlbli bir qızcığazın həyatını yaşadı. Təcrübəli aktrisanın müstəsna ustalığı nəticəsində dolğun və sönməz bir surət yarandı”.

Bundan əlavə, onun müxtəlif illərdə Opera və Balet Teatrının səhnəsində A.Adanın “Jizel”, R.Qliyerin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi” və digər baletlərdə yaddaqalan obrazları bu sənətin parlaq səhifələrini təşkil edir.

Ötən yüzillikdə Azərbaycan baletinin bütöv bir mərhələsi Leyla Vəkilovanın adı ilə bağlıdır. O həm də Azərbaycan balet sənətinin dünyada təbliğinə böyük töhfələr verib. Avstraliya, Fransa, Polşa, Suriya, Türkiyə və keçmiş SSRİ-nin müxtəlif respublikalarında nümayiş etdirdiyi səhnə mədəniyyəti, professional ifaçılıq bacarığı yüksək dəyərləndirilib.

1972-ci ildə “Yeddi gözəl” əsərində çıxışı ilə səhnəyə “əlvida” deyən görkəmli balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib. 1992-ci ildən təhsil ocağının bədii rəhbəri olub. Onun yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstərirlər.

Milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Medeniyyet.az

Bölmə : Bölməsiz, Sənət, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10