Ballardın romanı ekranlara gəlir- Video

6 Baxış

kinopoisk.ruCeyms Qrem Ballardın 1975-ci ildə qələmə aldığı əsər bu il ekranlarda olacaq. Ballardın eyni adlı romanı əsasında Ben Uitlinin rejissorluğu ilə çəkilən “High-rise” (“Göydələn” və ya “Çoxmərtəbəli”) filmi yaxın vaxtlarda geniş auditoriyaya təqdim ediləcək.

Filmin treyleri onun maraqlı bir ssenari əsasında çəkildiyini deməyə əsas verir. “High-rise” Tom Hiddlston, Sienna Miller və Lyuk Evansı biraraya gətirib. Əsərin baş qəhrəmanı-gənc Dr. Robert Lainq rolunu aktyor Tom Hiddlston ifa edir.

Film hündür göydələndə lüks həyat tərzi keçirən gəncin başına gələnlərdən bəhs edir. Göydələndə mənzildən başqa insan üçün lazım olan hər şey var: restoran, mağaza, ofislər, əyləncə məkanları. Lakin göydələn sakinləri bir-biri ilə ədavət aparmağa başlayır. Onlar siniflərə bölünürlər.

Hadisələr də Robertin yuxarı mərtəbədəki bir film prodüseri ilə tanış olmasından və onun binadakı sosial ədalətsizliyi göstərən sənədli film arzusundan sonra dəyişməyə başlayır. İş hətta güc tətbiq olunmasına qədər gəlib çıxır. Belə ki, baş rol ifaçısı- gənc həkim Robert özü üçün göydələndə gizli həyat kəşf edir. Lakin o, aqressiv insanların münaqişəsinə qarışmış olur. Sosial təbəqələr arasındakı gərginlik bir anda sanki vəhşi qəbilə savaşlarına çevrilir.

Əsər 70-ci illərdə yazılmasına baxmayaraq filmin böyük maraq doğuracağı gözlənilir. Çünki kitabda ifadə edilən düşüncələr 30 il öncəyə aid olsa da, yazar 70-ci illərin düşüncəsi ilə dünyaya baxsa da, bugünkü dünyanı xatırlatdığı bildirilir.

ABŞ-da 13 may tarixində ekrana çıxacaq filmin aprel ayında İstanbul Film Festivalında tamaşaçılara nümayiş etdiriləcəyi gözlənilir. Elə Rusiyada da “High-rise” aprelin ortalarında ekranlara çıxacaq.