Baninin təhqir elədiyi əri

119 Baxış

dilqem

 

 

 

 

 

 

 

Dilqəm Əhməd

 

Baninin təhqir elədiyi əri

Və ilk dəfə yayımlanan fotolar

Azərbaycan əsilli fransız yazıçısı Banin (Ümmülbanu) “Qafqaz günləri” əsərində əri ilə bağlı bir sıra məqamlara toxunur. Adını Cəmil kimi təqdim etdiyi adam haqqında Banin bu kimi aşağılayıcı ifadələrdən istifadə edir:“Cəmili xoşlamır, ondan zəhləm gedirdi; Qalın qaşları altından bir cüt hiyləgər göz parlayırdı; Burnu çox uzun, səsi isə cır idi; Bakının başqa kişiləri kimi qumarxanada vaxt keçirə bilirdi; O, çox da zəkalı deyildi; Saçının qırmızı rəngi məni lap haldan çıxarırdı; Özümü onunla bir çarpayıda təsəvvür edəndə tüküm ürpəşir, gözümün önünə gələn ər-arvad münasibəti ürəyimi bulandırırdı; İstəmirdim ki, zəhləm getmiş, murdar, nifrətəlayiq Cəmilə ərə gedim; Onunla birgə yatmaq fikri mənə əzab verirdi; Ondan zəhləm gedir, özünü yaraşıqsız, ağlını isə yarımçıq hesab edirdim…”

Ümumiyyətlə, kitabda bu kimi ifadələr çoxdur. Bəs, Baninin ərindən bu qədər nifrət etməsinə səbəb nə idi?

Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal olunandan sonra həbs edilənlər arasında Baninin atası, keçmiş milyonçu və Ticarət naziri Mirzə Əsədullayev də var idi.

Bir müddət sonra Bakının tanınmış gənclərindən biri yeni hökumətdəki komissar tanışı vasitəsilə Əsədullayevi həbsdən çıxarmağa nail olur. Bunun müqabilində isə keçmiş nazir qızını ona ərə vermək məcburiyyətində qalır.

Banin yazır: “Cəmillə görüşdən sonra atam məni yanına çağırıb onun elçiliyi barədə söhbət etdi: “Cəmil məni azad edib. O olmasaydı, Allah bilir həbsxanadan nə vaxt çıxacaqdım. Onun xidməti tək bununla bitmir. Mən xaricə getmək istəyirəm, özün yaxşı bilirsən ki, pasport almaq nə qədər çətindir. Amma Cəmilin komissar dostu kömək edə bilər. Mən səni məcbur edə bilmərəm, ancaq xahiş edirəm bütün bunları fikirləşəsən. Onu da demək istəyirəm ki, Cəmil çox mərd oğlandır, təhsillidir, biliklidir, iş bacarandır; hələ üstəlik səni sevir də. Axı nəyə görə ona “yox” deməlisən? Yenə də təkrar edirəm ki, səni heç kəs məcbur etmir. Get fikirləş, sabah cavabını bildirərsən”.  

Banin atasına bu qədər yaxşılıq etmiş bir şəxslə evlənməyə razı olur: “Özümdən asılı olmayaraq cavab vermişdim ki, necə istəyir, elə də olsun”.

Beləliklə, onlar evlənirlər və Cəmil onlar üçün son vəzifəsini də görür: keçmiş nazir və qızının xaricə getməsi üçün pasport təşkil edir.

Onlar əvvəlcə İstanbula gedir, şəhəri gəzirlər, Fransaya getmək üçün gözləyirlər. Tiflisdə olduğu kimi, Banin İstanbulda da şən günlər keçirir, tezliklə Avropaya-azadlığa qovuşacağına görə hər gününü əyləncə ilə başa vurur: “Günüm məclislərdə və gecə kabarelərində ötdüyündən vaxt da tez gəlib keçirdi. Amma mən çox tələsirdim. İstanbuldan Cəmilsiz gedəcəyimi bildiyim üçün tələsirdim”.

Nəhayət, pasport alınır və Ümmülbanu Cəmilsiz Parisə doğru yola düşür. “Qafqaz günləri”nin sonluğunda onların vağzalda əbədi ayrılması barədə qeydlər var: “Onun cır səslə dediyi son sözlər bunlar idi: – Məktub yazarsan, eləmi? Məni unutmazsan ki?”…

Banin onu ər olaraq unutdu, amma əsərinin qəhrəmanı kimi mənfi bir şəxs kimi əbədiləşdirdi. Halbuki, atasını həbsdən çıxaran, onların Avropaya getməsinə bilavasitə kömək edən bu şəxs əbədi minnətdarlıq hissi ilə yad edilməli idi. Banini haradasa başa düşmək olar: sevmədiyi, özündən 20 yaş böyük şəxsə ərə verilmişdi. Amma bu şəxs onu sevirdi, bolşeviklərin hakimiyyəti dönəmində keçmiş Cümhuriyyət nazirinə kömək etmişdi, onu bir ömür azadlıqda yaşayacağı Parisə yola sala bilmişdi.

Qeyd edək ki, Baninin atası Mirzə Əsədullayev 1875-ci ildə Bakıda milyonçu ailəsində doğulub. Atası Şəmsi Əsədullayev iri sahibkar, neft sənayeçisi idi. O, erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlayıb. 1903-cü ildə atası Moskvaya  köçəndən sonra Bakıdakı işlərlə o məşğul olmağa başlayıb.

Cümhuriyyət dönəmində o, Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsinə təyin edilib.

1919-cu ilin yazında Xoyski hökuməti istefaya çıxdığı üçün, Əsədullayev də nazir vəzifəsini itirir. Cümhuriyyətin işğalından sonra isə 1920-ci ilin mayında həbs edilir.

Baninin Cəmil adlandırdığı şəxsin dəstəyi ilə o, həbsdən qurtulur və ölkəni tərk edir. Ömrünün sonuna kimi Parisdə yaşayır, 1936-cı ildə vəfat edir.

Mirzə Əsədullayev digər milyonçu Musa Nağıyevin qızı Ümmülbanu ilə evlənmişdi. Ümmülbanu dördüncü övladını dünyaya gətirərkən vəfat edir, ona görə də uşağa anasının adı qoyulur. Bu qız Banin idi.

İndi isə gələk Baninin ancaq təhqir edərək yada saldığı və “Cəmil” adlandırdığı şəxsin kimliyinə.

Qeyd edək ki, “Qafqaz günləri”ndə bəzi şəxslərin adları olduğu kimi saxlanılsa da, bəzilərinin adı dəyişdirilib. Baninin “Cəmil” adlandırdığı ərinin əsl adı Balabəydir.

Balabəy Qocazadənin kimliyi ilə bağlı mühacirətdə çap olunan “Azərbaycan” jurnalında “İtkilərimiz” başlığı altında bir məlumat var. “Balabəy Kocagil” adlı həmin yazıda kiçik foto da təqdim edilib: “İstanbuldan verilən xəbərə görə, tanınmış və hər kəs tərəfindən sevilən yurddaşlarımızdan Balabəy Kocagil səksən yaşlarında, keçirdiyi infarkt nəticəsində həyata gözlərini yumub. Azərbaycanın paytaxtı Bakının tanınmış ailələrindən Aşurbəylilərə mənsub olan Balabəy Bakıda və Belçikanın Lyej şəhərində təhsil alıb. Azərbaycanın istilasından sonra Türkiyəyə sığınan ən köhnə qaçqınlardan biridir. Bir müddət Beykoz şüşə fabrikində məmur olaraq çalışıb və yaş həddini doldurduqdan sonra təqaüdə çıxıb. Birbaşa siyasi fəaliyyətlə əlaqəsi olmasa da, mərhum Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi altında Türkiyədə və Türkiyə xaricində Müsavat bayrağı altında aparılan bütün milli fəaliyyətləri əvvəlindən sonuna qədər əlindən gələn hər cür vasitələrlə dəstəkləyib.

Rusca və fransızca bildiyi üçün Azərbaycan haqqındakı arxeoloji əsər və yazıları maraqla tədqiq edər və dərgimizdə istifadə edilməsi üçün qaynaq olaraq bizə göndərərdi. Balabəy mütəvazi, hər kəsə yardıma hazır, gözəl ürəyə sahib bir insan idi. Bu səbəbdən ölümü hamımızda dərin hüzn yaradıb. Rəhmətlə anır, qohumlarına, dostlarına və yaxın yurddaşlarına başsağlığı diləyirik” .

Balabəyin Belçikada təhsil alması ilə bağlı Baninin də əsərində bir qeyd var: “Cəmil Bakının gözəçarpan, təhsili yarımçıq qalmış gənclərindən sayılırdı. O da “az qala” mühəndis olacaqmış, Lyej şəhərində üç il təhsil almış, bir az fransız dilini öyrənib, bir belçikalı məşuqəni də qoltuğuna vurub geri qayıtmışdı”.

 

İstanbulda çəkilən iki foto

Şəxsi kolleksiyamda iki maraqlı foto var. Birinci fotonun arxasında yazılıb:

“Hürriyyət təpəsində. 9 haziran 1924. İstanbul. Yekşənbə. Saat 5 tamamda. Balabəy Qocazadə. Mirzə Əsədullayevin kiçik qızı, Balabəyin rəfiqəsi”.

Şəkildə Müsavat Partiyasının qurucularından, Cümhuriyyət dönəmində parlament üzvü olmuş Abbasqulu Kazımzadə ilə yanaşı, azərbaycanlı yazıçı Banin (Ümmülbanu), yoldaşı Balabəy Qocazadə və bir qadın təsvir olunub. Digər fotoda da eyni şəxslərdir.

Əldə etdiyimiz fotodan görünür ki, Balabəy Qocazadə xanımı ilə İstanbula gedərkən orada mühacirlərlə görüşüb və birgə şəhər gəzintisinə çıxıblar…

Təəssüf ki, Banin “Qafqaz günləri”ndə bu barədə yazmayıb.

Beləliklə, Balabəy Qocazadədən ayrılan Ümmülbanu Parisə yollanıb. Burada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyib. Fransalı dostlarının məsləhəti ilə xatirələrini yazmağa başlayıb və 1946-cı ildə “Banin” imzası ilə “Qafqaz günləri” kitabını nəşr etdirib. Bu kitab ona uğur qazandırıb, Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernst Yunger kimi Qərb yazıçılarında rəğbət oyadıb. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yungerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin hətta Yunger haqqında kitab da yazıb.

Banin daha sonra “Paris günləri”, “Ernst Yungerlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” kimi əsərlər də qələmə alıb. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görüb. Yazıçı İvan Bunin ona “Şamaxı şahzadəsi” adı vermişdi.

Banin Azərbaycanın müstəqilliyinin bərpasını görə bilib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü kimi o, görkəmli diplomat Ramiz Abutalıbovun təşviqi ilə Fransanın kütləvi informasiya vasitələrində Qarabağ hadisələri ilə bağlı çıxışlar edib.

Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayıb: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…”.

“Ustad” jurnalının 4-cu sayından

Bölmə : Dilqəm Əhməd