Baqqal Məşədi Rəhim

12 Baxış

ce1-1

Cəlil Məmmədquluzadə

Tәbrizdә olduğum vaxtlar mәhәllәmizdә, “Usta-şәyird” bazarında bir baqqal ilә üns tutmuşduq vә hәtta axır vaxtlarda dost da olmuşduq. Mәn Bakıya köçüb gәlәndәn il yarım sonra haman Mәşәdi Rәhim gәldi çıxdı “Molla Nәsrәddin” idarәsinә. Mәlum oldu ki, Mәşәdi Rәhim Tәbrizdәki baqqal dükanını yığışdırıb, gәlib Bakıda dәrya kәnarı tәrәfindә genә baqqal dükanı açıb.
Bir neçә vaxt keçdi, daha Mәşәdi Rәhim yadımdan çıxdı.
Bir gün bulvarın qabağı ilә keçirdim, gördüm bir sәliqәli baqqal dükanında dostum Mәşәdi Rәhim әylәşib alış-veriş elәyir. Girdim içәri. Mәşәdi Rәhim durdu ayağa, gәldi mәni qucaqladı, altıma kürsü qoydu. Az qalırdı ki, kişi mәhәbbәtin çoxluğundan uşaq kimi ağlasın. Mәni boşlayıb, Mәşәdi Rәhim cәld qaçdı dükanın mәtaından әvvәl bir neçә alana gәtirdi, ovcunda tutdu qabağıma. Mәn istәdim almayam; amma “mәn ölüm”lә Mәşәdi Rәhim bu alanaların üçünü mәnә yedirtdi. Sonra getdi, ovucları tutduqca bir neçә ağ alma gәtirdi qoydu qabağıma vә dedi:
“Bax, bu almalar anton almasıdı. Qoy bundan bir qәdәr göndәrim, ver uşaqlar yesin.” Bu sözlәri deyә-deyә Mәşәdi Rәhim bir yekә kağız torbasına bu almadan doldurub qoydu tәrәziyә. Almadan sonra Mәşәdi Rәhim dükana göz gәzdirib, getdi ovcunda iki xurma gәtirdi, tutdu qabağıma:
“Bax, bu xurma Bağdad xurmasıdı. Plovun qarasına qoydur, ye, elә bil ki, mәcundu.” — Vәәlinә bir kağız torbası alıb, istәdi içinә xurma doldura.
Söz yox, bunu lazımdı nәzәrә almaq ki, mәn buraya alış-verişә gәlmәmişdim vә hәr halda bu şeylәri almağa nә meylim vardı, nә dә cibimdә ona görә pulum vardı. Vә o biri tәrәfdәn dә Mәşәdi Rәhim o şivә ilә ki, başlamışdı, deyәsәn dükanın hamısını elә bu saat tәrәziyә qoyub, mәnә satmaq xәyalında idi. — Dedim:
“Mәşәdi Rәhim, sәn elә elәmә vә bu nahaq zәhmәti dә çәkmә. Bu şeylәrin heç birisi mәnә lazım deyil vә plovun qarasına xurma qoymağı mәn çoxdan yadırğamışam. Vә bu şeylәri dә ki, sәn çәkib düzürsәn bura, bunların pulunu vermәyә heç mәnim cibimdә tavana da yoxdur.”
Mәşәdi Rәhim dik baxdı üzümә; amma elә baxdı ki, bilmәdim mәnim sözlәrim onun xoşuna gәldi, ya acığına gәldi. Bir az da baxandan sonra dedi:
“Molla dayı, sәn o sözlәri mәnә demә; çünki o sözlәr mәnә toxunur. Allah şahiddi ki, biz sәnnәn neçә ildi ki, bir evli kimiyik. Mәn heç sәnnәn pul istәmirәm. Bax, qoy mәn bu şeylәrdәn sәnә bir qәdәr verim, apar qoy evindә qalsın. Nә eybi var, bugun lazım olmaz sabah lazım olar. Evdi, evin qonaq-qarası olar. Belә şeylәr hәmişәәlә düşmәz. Bax, bir-iki girvәnkә bu püstәdәn qoyum; tәzә Mazandarandan gәlib. Çox da ucuzdu. Bu il püstәnin ilidir. Üç-dörd girvәnkә bu pendirdәn qoyum: Gәncә pendiridi, çox da yemәlidi, yekcә yağdı. Bu şabalıtdan on girvәnkә çәkim, nuxalı rәfiqim Mәşәdi Sadıq tәzәcә gәtirib. Bax, bu sәdri düyüsündәn istәrsәn bir put, istәrsәn yarım put apar; Rәştdәn öz әxәvim Mәşәdi Kәrim seçib göndәrib. Amma evdә gәrәk tapşırasan ki, pişirәndәn bir gün qabaq suya qoysunlar. Amma zalım oğlunun düyüsü nә qәdәr desәn gәlimlidir.”
Mәşәdi Rәhim bu sözlәri dedikcә bir kağız torbaya anton alması qoyub çәkdi, bir kağız torbaya xurma qoydu çәkdi, bir qәdәr püstә qoydu, pendir qoydu, şahbalıt qoydu, iki yekә torba düyü qoydu çәkdi vә genә istәyirdi әlini uzatsın kağız torbasına tәrәf, mәn dedim:
“Mәşәdi Rәhim, sәn zarafat elәyirsәn, ya doğrudan bu çәkdiyin şeylәri mәndәn ötrü hazırlayırsan?”
Dostum genә üzümә dik baxdı vә dedi:
“Bax, Molla dayı, and verirәm sәni mabeynimizdә olan sәdaqәtә, әgәr evinizdә qәnd var, xub, olsun; әgәr yoxdursa, beş-on girvәnkә yarmarka qәndi apar. İki paçka qoyum; hәr biri beş girvәnkәlikdi, ikisi on girvәnkәdi….”
Cәmi bu şeylәri Mәşәdi Rәhim yığdı sәbәtә, küçәdәn bir hambal çağırdı, cibindәn iki şahı pul çıxartdı verdi hambala vә dedi:
“Әlihüseyn, bu şeylәri apar Molla dayının mәnzilinә. Şeylәri boşalt, sәbәti gәtir dükana.”
Mәn mәәttәl qaldım vә Mәşәdi Rәhimә dedim:
“Mәşәdi Rәhim, sәn niyә belә elәdin vә mәn heç başa düşә bilmirәm ki, bu nә işdir.”
Ola bilәrdi ki, bu şeylәri dükanda qoyub çıxıb gedә idim; amma bunu elәmәdim. Bircә sәbәbә: Mәşәdi Rәhim çox yalvardı; o qәdәr yalvardı ki, kişiyә yazığım gәldi.
Hambal sәbәti dalına atıb baxırdı üzümә ki, düşüm qabağa; amma mәn dә istәdim ki, mәnsiz getsin. Burada da mәlum oldu ki, zalım oğlu bizim evi tanımır. Әlacım kәsildi.
Evә yavıqlaşanda qonşuluğumuzda bir tanış rus arvadı dalımca hambalı bu şeylәrlә yüklәnmiş görәndә gülә-gülә “zdrastı” deyib keçdi. Bunun gümanı iki yerә gedә bilәrdi: ya xәyalına gәlә bilәrdi ki, ev adamımızın birinin ad günüdü, ya da anadan olan günüdür; ya güman elәyә bilәrdi ki, mәnim güzәranım çox yaxşı keçir. Halbuki bu iki gümanın ikisi dәbatil idi.
Evә lap yavıqlaşdıq. Hambal da dillәndi vә dedi:
“Molla әmi, maşallah, qәribә yemәli mal almısan. Yәqin ki, bugun qonaqlıq elәyirsәn?”
Mәn burada hambaldan çox utandım vә utanmağımın da sәbәbi bu idi ki, mәn, köhnә bir türk yazıçısı, bu halәtdә vә bu dәqiqә bir evdar qarınqulu mәşәdiyә oxşayırdım.
Sonralar Mәşәdi Rәhimә bir dәfә bir qәdәr pul göndәrdim. Qalan borcunu da bu yavıqda üzdüm.

Bölmə : Nəsr