Barmaqları iflic olan bəstəkar – Səma Fuadqızı

26 Baxış

15871126_1318245628195708_370828246_n

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad dərsi” rubrikasından Səma Fuadqızının təqdimatında “Barmaqları iflic olan bəstəkar” adlı yazını oxucularına təqdim edir.        

Alman bəstəkarı Robert Şuman qısa və ağır xəstəliklə müşayiət olunan əziyyətli həyat yaşayıb. O, 8 iyun 1810-cu ildə anadan olub və 29 iyul 1856-cı ildə vəfat edib. Şumanın ailəsində heç kim musiqi ilə məşğul olmurdu. O, dörduşaqlı kitab satıcısının ailəsində anadan olub. 7 yaşından musiqi ilə məşğul olmağa başlayan Şuman, 12 yaşında ilk bəstəsini yazmağa cəhd edir. Valideynləri onun hüquqşünas olmasını istəyirdilər. Şuman onların bu istəyini yerə salmamaq üçün bir neçə il hüquq təhsili alır. Amma Leypsiqdə hüquq fakültəsində oxuyanda belə, o, bütün gününü musiqiyə həsr edir. Şumanın Frans Şubertlə tanışlığı, Venesiyaya səyahəti, Paqanininin konsertlərini izləməzi, onda musiqiyə olan sevgini daha da alovlandırır. Fridrix Vikdən fortepiano dərsləri almağa başlayır  və  təhsil aldığı müddətdə gələcək həyat yoldaşı (Fridrix Vikin qızı) Klara ilə tanış olur. Şumanın həyatını bütünlüklə musiqiyə həsr etməsi Klaranın kənarda qalmasına səbəb olsa da, arvadı ömrünün sonunadək həyat yoldaşına sadiq olur.

Şumanın pianoçu olmaq istəyi faciə ilə nəticələnir. Belə ki, tədris müddətində onun orta barmağı və işarə barmağı iflic qalır və o, musiqiçi olmaq istəyindən vaz keçir. Lakin o, bütün vaxtını musiqi bəstələməklə keçirir. Şuman digər gənc musiqiçilərlə birlikdə “Yeni musiqili qəzet” adlı jurnal yaradır və bu jurnalda dövrünün müasir musiqi sənəti haqqında tənqidi məqalələrini dərc etdirir. Robert Şuman  romantizm dövrünün ən böyük bəstəkarlarından biri kimi tanınır. Onun ən məşhur bəstələri “Karnaval”, “Kreysleriana”, “Kəpənəklər”, “Fantastik pyeslər”dir. Robert Şuman xüsusilə ailə həyatını quranda o daha çox uğur qazanır. Çünki Klara istedadlı pianoçu idi və buna görə də Robertin onunla evliliyi  xoşbəxt olur. Ömrünün son çağlarında bəstəkar ağır ruhi xəstəlikdən əzab çəkir və 46 yaşında vəfat edir.

Sizə Robert Şumanın “Musiqiçilərin həyat qaydaları” kitabından olan məsləhətlərini təqdim edirik.

Musiqi duyumunun inkişafı çox vacibdir. Fərdi səsləri və tonallıqları gənc yaşlarından ayırd etməyə çalış. Zınqırov, pəncərə şüşəsi, ququ quşu – onların hansı səsləri çıxardıqlarını dinlə.

Qammaları və  barmaqların üçün olan digər çalışmaları  səylə ifa et.

Ahıl yaşlarına qədər günün çox hissəsini texniki çalışmaları etməklə keçirən insanlar elə düşünürlər ki, bununla hər şeyə nail olurlar. Bu, təxminən hər gün  əlifbanı sürətlə tələffüz etməyə bənzəyir. Vaxtını daha səmərəli keçirməyə çalış.

Ritmlə ifa et. Bəzi virtuozların ifası sərxoş insanın yerişinə bənzəyir. Onlardan nümunə götürmə. Mümkün olduğu qədər harmoniyanın qanunlarını əvvəlcədən öyrən.

Nəzəriyyə, ümumi bas, kontrapunkt və digər sözlərdən qorxma; onlarla necə davransan, onlar da səni elə qarşılayacaq.

 Pyesi həmişə həvəslə sona qədər ifa et və heç vaxt yarıda buraxma.

Ləng ifa etmək və tələsmək – bir-birinə bərabər olan böyük səhvlərdir.

Asan pyesləri yaxşı və gözəl ifa etməyə çalış; bu çətin pyesləri laqeydliklə ifa etməkdən daha yaxşıdır.

İfa etdiyin musiqi alətinin texniki cəhətdən qaydasında olmasına həmişə diqqət et.

İfa etdiyin pyesi barmaqlarının mənimsəməsindən əlavə, sən onu musiqi aləti olmadan da zümzümə etməyi bacarmalısan. Təsəvvürün o dərəcədə  “iti” olmalıdır ki, təkcə bir melodiyanı deyil, melodiyaya aid olan harmoniyaları da yadda saxlamağı bacarmalısan.

Əgər sənin azca da olsa səsin varsa, çalış vərəqdən musiqi alətinin köməyi olmadan musiqini ifa edəsən; belə olduqda musiqi duyumun hər dəfə inkişaf edəcək. Əgər yaxşı səsin varsa, heç bir şey gözləmədən onu inkişaf etdir; buna, ilahinin sənə bəxş etdiyi möhtəşəm vergi kimi yanaş.

Sən özünü o dərəcədə inkişaf etdirməlisən ki, musiqini anlaya, onu gözlərinlə oxuya  biləsən.

Musiqini ifa etdiyin zaman kiminsə səni dinləməsindən narahat olma.

Həmişə elə ifa et ki, sanki səni ustadın dinləyir.

Əgər sənə tanış olmayan musiqini vərəqdən ifa etməyi təklif etsələr, ilk olaraq onu nəzərdən keçirt.

Ahıl yaşına çatanda müasir musiqidən heç birini ifa etmə. Vaxt hər şeydən dəyərlidir. Sən bunun üçün gərək 100 insanın yaşına sahib olasan ki, dünyada mövcud olan hansı yaxşı musiqi varsa, onların hamısı ilə tanış olasan.

Şirniyyat, qurabiyə və konfetlərlə qidalanan uşaqdan sağlam insan böyüdə bilməzsən. Mənəvi qida, maddi qida kimi sadə və sağlam olmalıdır. Böyük ustadlar bu “qida”nın qayğısına qalıblar; sən də o “qida”dan faydalan.

Uğursuz alınmış bəstələrini paylaşmamalı, əksinə bütün var gücünlə onların yayılmasının qarşısını almalısan.

Səni məcbur etmirlərsə, pis bəstələri ifa etməməyə, onları dinləməməyə çalış. Heç vaxt xilas yolunu texnikada axtarma. Çalış ifa etdiyin musiqi müəllifin nə demək istədiyini, nəyi nəzərdə tutduğu təəssüratını yaratsın; bundan artığı lazım deyil, bu təhrifə yol aça bilər. Yaxşı bəstəkarların bəstələrini dəyişdirməyi, onlara yeni “bəzək” vurmağı rəzalət hesab et. Əks təqdirdə bu incəsənət üçün edə biləcəyin ən  böyük təhqir olar.

Pyesləri seçərkən böyüklərlə məsləhətləş; belə olduğu halda sən vaxtına qənaət etmiş olacaqsan. Mütəmadi olaraq bütün ustadların yaratdıqları bəstələrlə tanış ol.

Zamanında dəbdə olan hər şey bir müddət sonra dəbdən düşür və əgər sən dəblə ayaqlaşaraq yaşayacaqsansa, heç kimin hörmət etmədiyi bir şəxsə çevriləcəksən.

Tez-tez ifa olunan musiqi cəmiyyətə xeyirdən çox ziyan verir. Heç vaxt daxilən utanacağın musiqini ifa etmə.

Heç vaxt duet, trio və digər müştərək ifalarda iştirak imkanını əldən vermə. Bu sənin ifana azadlıq və canlılıq gətirəcək. Müğənniləri tez-tez  müşayiət et.

Əgər hər kəs ilk skripka ifasını çalmaq istəsəydi, o zaman heç orkestrə də ehtiyac olmazdı. Hər musiqiçiyə hörmətlə yanaş.

Öz musiqi alətini sev, ancaq onu digərlərindən üstün bilmə. Yadda saxla ki, sənin musiqi alətin qədər, digər gözəl musiqi alətləri də mövcuddur.

Yaşa dolduqca virtuozlardan çox partituralarla “ünsiyyət saxla”.

Böyük ustadların, xüsusilə İohan Sebastiyan Baxın fuqalarını ifa etməyə səy göstər. “Yaxşı templəşdirilmiş klavir” sənin çörək ağacın olmaldır. Bu zaman sən, sözsüz ki, hərtərəfli musiqiçi olacaqsan.

Yoldaşların arasında səndən daha çox bilənlərlə ünsiyyət qur.

Musiqi çalışmalarından dincəlmək üçün şairlərin yazdıqlarını oxu. Tez-tez təbiətin qoynunda ol.

Müğənnilərdən çox şey öyrənə bilərsən, amma hamısına inanma.

Musiqi haqqında ən gözəl kitab Tibonun “ Musiqi sənətinin saflığı” kitabıdır.  Bəlli bir yaşa dolduqdan sonra o kitabı mütəmadi olaraq oxu.

Kilsənin yaxınlığından keçəndə orqan alətinin ifa olunduğunu eşitsən kilsəyə daxil ol və dinlə. Orqan skamyasında əyləşmək imkanın olsa, balaca barmaqlarını o klavişlərdə yoxla və  bu möhtəşəm musiqidən zövq al.

Xorda orta səslə ifa etməyə səy göstər. Bu sənin musiqi duyumunun inkişafına kömək edəcək.

Bəs, musiqi duyumlu olmaq nə deməkdir? Musiqi notlarına qorxaraq, gözünü dikərək baxır və pyesi çox çətinliklə bitirirsənsə sən musiqi duyumlu deyilsən; Əgər kimsə musiqi notlarının 2 səhifəsini qəfildən çevirəndə və sən ifanı dayandırıb, davam edə bilmirsənsə, musiqi duyumlu deyilsən. Amma əgər yeni pyesi ifa edəndə növbəti notların nə olacağını təxmin edə bilir və sənə tanış olan pyesi əzbər bilirsənsə (bu zaman musiqi sənin nəinki barmaqlarında, həm də ağlında və ürəyində də yaşayır), musiqi duyumun var.

Bəs musiqi duyumlu necə olmalı? Əzizim, əvvəla, həssas eşitmə qabiliyyəti, fitri-istedad insana  ilahidən verilir. Lakin qabiliyyəti inkişaf etdirmək, təkmilləşdirmək mümkündür.

Bütün xalq mahnılarını diqqətlə dinlə; xalq mahnıları, gözəl musiqilərin xəzinəsidir və onlar səni müxtəlif ölkələrin xüsusiyyətləri, xarakterləri ilə tanış edəcəklər.

Mümkün qədər erkən yaşdan müxtəlif musiqi alətlərinin səslərini və xarakterlərini ayırd etməyi bacar, onların özünəməxsus səslərini yaddaşında saxlamağa çalış.

Heç vaxt yaxşı operanı dinləmək fürsətini əldən vermə.

Köhnə olana ehtiram göstər, amma yenilikləri də açıq, isti ürəklə qəbul et. Sənə tanış olmayan adlara qarşı qərəzli yanaşma.

Bəstəni bir dəfə dinləyəndən sonra onu mühakimə etmə; ilk dinləmədə bəyəndiyin məqam həmişə yaxşı olmur. Ustadlar öyrənməyi, maariflənməyi tələb edirlər. Yaşa dolduqdan sonra bunların çoxu sənə daha aydın olacaq.

Musiqini mühakimə edərkən həmin musiqinin peşəkar musiqiyə aid olub-olmadığını və ya həmin musiqinin sadəcə həvəskar əyləncə üçün yazıldığını ayrıd et.

Fortepiano üçün kiçik melodiyalar seçirsənsə, bu əlbəttə ki, xoşagələndir. Lakin əgər bu musiqinin alətdə ifa olunmuş halı deyil də, onun özüdürsə. Bu halda sən daha çox sevin. Deməli, səndə musiqi şüuru oyanır. Barmaqlar ağlın nə istədiyini etməlidir, əksinə yox.

Dirijorluq sənəti ilə nə qədər tez tanış olsan bir o qədər yaxşıdır. Peşəkar dirijorları mütəmadi olaraq dinlə; onlarla birlikdə tədricən dirijorluq etməyi öyrənə bilərsən.

Həyatı diqqətlə müşahidə et, elm və incəsənətin digər sahələri ilə tanış ol.

Əxlaq qanunları ilə sənətin qanunları eynidir.

Səy göstərməyin və səbrli olmağın həmişə sənə daha yüksək nailiyyətlər qazandıracaq.

Həvəssiz, istəksiz incəsənətdə təbii heç bir şey yaranmır.

Sənət varlanmaq üçün nəzərdə tutulan bir nəsnə deyil. Yaxşı sənətkar olmağa çalış, qalan hər şey özü gələcək.

Formanı anlasan, o zaman məzmun da sənə aydın olacaq.

Bəlkə də yalnız dahilər digər dahiləri daha yaxşı anlayırlar.

“HƏYAT QAYDALARINA” ƏLAVƏ

Hər yeni dövrün parlaq nailiyyətləri var.

Hər dövrün  pis bəstəkarları və onları alqışlayan axmaqları olub.

Kiminsə qarşısında ifa etməlisənsə, ruhdan düşmə. Musiqini ya ifa elə, ya da bundan imtina et.

Sən təkcə bir ustadı sevməli deyilsən. O ustadlardan çox olub.

Köhnə musiqilərin qocaldığını düşünmə. Gözəl, həqiqi musiqi heç vaxt qocala bilməz.

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10