“Başdıx”, “bayramnıx”, “Qapıbağlaması” – Bu sözlərin mənasını bilirsinizmi?

108 Baxış

 

atr

AZƏRBAYCAN DİLİNİN QƏRB ŞİVƏLƏRİ VƏ TÜRK DİLİNİN QARS ŞİVƏLƏRİNDƏ TOY MƏRASİMİNDƏ İŞLƏDİLƏN ORTAQ SÖZLƏR

 

Azərbaycan və türk dili şivələrinin müqayisəli-tarixi üsulla tədqiqi bu dillərin mənşəyinin araşdırılmasında mühüm rol oynayır. Azərbaycan dilinin qərb şivələri və türk dilinin Qars şivələri indiyə qədər müxtəlif istiqamətlərdə araşdırılsa da, müqayisəli şəkildə tədqiq edilməmişdir. Hər iki şivənin lüğət tərkibində kifayət qədər ortaq sözlər olduğuna görə həmin şivələrin leksikasının müqayisəli şəkildə araşdırılması dilçiliyimiz üçün əhəmiyyətlidir.

Hazırda Türkiyə Respublikasının ərazisinə daxil olan Qars torpaqları tarix boyunca müxtəlif dövlətlərin çəkişmə meydanına çevrilmişdir. XI əsrdə oğuzlar Qars torpaqlarını öz hakimiyyətləri altına almışlar. Fasilələrlə gürcülər, monqollar, Ağqoyunlular buranı ələ keçirmiş, Qəsri-Şirin (1639) müqaviləsi ilə Qars Osmanlılara, Sürməli çuxuru isə Səfəvilərə verilmiş, XVIII əsrdə İrəvan xanlığının tabeliyində olmuşdur. Ədirnə (1829) və Berlin (1878) müqavilələri ilə Qars Rusiyanın əsarəti altına keçmişdir. Nəhayət, Brest-Litovsk (1918) müqaviləsi ilə Qars Türkiyəyə qaytarılmışdır.

Qars vilayətinin ərazisində məskunlaşan əhalinin etnik tərkibi müxtəlifdir. Buraya azərbaycanlı, türkmən, tərəkəmə, qarapapaq, kürd və digər etnoslar daxildirlər. Azərbaycan Respublikasının qərb zonası ilə Türkiyənin Qars vilayətində yaşayan əhalinin şivələrindəki çoxsaylı ortaq xüsusiyyətlər burada məskunlaşan etnosların eyni və oxşar olmasından irəli gəlir. Məsələn, qarapapaqlar Azərbaycan Respublikasının qərbində (əsasən Qazax rayonunda) yerləşmişlər. Hazırda Qazaxda bu qədim türk tayfasının adı ilə bağlı kənd və yer adları vardır. Dilçilik ədəbiyyatında qarapapaqların şivəsi ilə bağlı fikirlər müxtəlifdir. Belə ki, bəzi dilçilər bu şivəni Azərbaycan dilinin cənub qrupuna (N.A.Baskakov və b.), bəziləri isə qərb qrupuna (A.B.Ercilasun və b.) daxil edirlər. E.Əzizov isə həmin şivəni keçid xarakterli şivə kimi səciyyələndirərək hesab edir ki, qarapapaqların şivəsində cənub ləhcəsinin əlamətləri ilə yanaşı qərb ləhcəsinin də xüsusiyyətləri var.

Məqalədə hər iki şivədə işlədilən ortaq və fərqli sözlərin bir qisminin-toy mərasimi terminlərinin tədqiqat obyekti kimi götürülməsi təsadüfi deyildir. Belə ki, hələ ta qədimdən türk tayfaları yeni bir ailənin qurulması münasibəti ilə keçirilən toy mərasimlərini xüsusi təmtəraqla keçirmiş, bu mərasimlə bağlı bir çox adət və ənənələr yaşatmışlar. Oğuzların “böyük hörmətlə əldən-ələ dolaşdırdıqları” “Kitabi-Dədə Qorqud”abidəsində də biz bunun şahidi oluruq. Qambörənin oğlu Bamsı Beyrəklə bağlı olan boyda (Qambörəniη oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım hey…) toy mərasimi ilə əlaqədar bir çox adətlər göstərilmişdir. Məs.: -Oğul zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi: Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi.

Etnik mədəniyyətimizi əks etdirən toy mərasimi ilə bağlı adətlərimizin bəziləri tamamilə unudulmuş,bəziləri isə öz ilkin, əsl formasından uzaqlaşdırılaraq müasirləşdirilmiş, sadələşdirilmişdir. Məqalədə Azərbaycanın qərb regionu və Türkiyənin Qars vilayəti üçün həm spesifik olan, həm də ortaq olan bəzi toy adətləri və onlarla əlaqədar olaraq hər iki şivədə qorunub saxlanılan sözlər araşdırılmışdır.

Başdıx – başlıq, toy ərəfəsində qız evinin oğlan evindən aldığı pul, heyvan və s. Məs.: -Başdığa nə:tirmişdilər irəsillilər (Gədəbəy); – Qəhrəman qızına beş yüz manat başdıx aldı (Hamamlı).

Qars azərbaycanlılarının şivəsində bu vahid işlədilir. Məs.: -Başdıh keserih. Beş bin lire; -Başdığı, heleti, yağı götürüb gederih.

Bayramnıx – bayram münasibətilə qız evinə göndərilən pay, bayram hədiyyəsi. Bu söz Ağdam, Füzuli və digər qərb şivələrində işlədilir. Məs.: – Savax mama gedəjəx´ Pakizə xalagilə, deir Laliyə bayramlıx gətirəjəx´lər (Gəncə).

Qars azərbaycanlılarının şivəsində bu vahid istifadə edilir. Məs.: -Zaman geler, bir sene sora; gurbanda gurbannı göndererih, bayramda bayramlığını göndererik.

Belbağlaması – toy günü gəlin evdən çıxarılmazdan əvvəl doğmalardan olan bir oğlan uşağı qırmızı bir lenti üç dəfə gəlinin başına dolandırıb axırda belinə bağlayır. Son vaxtlarda bu adəti yerinə yetirmək üçün qırmızı lenti gəlinin belində üç dəfə açıb bağlayırlar. Azərbaycan ərazisində bu adət geniş yayıldığı kimi Türkiyənin Qars vilayətində də onu mühafizə edərək yaşadırlar. Məs.: – Nə: belə tələsirsiz eyy, hələm belbağlaması olajaxdı (Gəncə).

Xələt – hədiyyə, pay. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə xələt Tovuz şivəsində “yas yerində yığılan pul” mənasını bildirən söz kimi izah edilmişdir. Biz bununla razı deyilik, belə ki, qərb zonasında toy mərasimlərində “bəytərifi” deyilən bir adət var ki, bəyə tərif deyildikdən sonra masabəyi tərəfindən adları çəkilən şəxslər ona hədiyyə, pay, pul verirlər ki, bütün bunlara da el arasında “xələt” deyilir.

Qars azərbaycanlılarının şivəsində də bu vahid həmin mənanı bildirmək üçün istifadə edilir. Məs.: – Padişah dedi “meni isdiyen mollıya halet versin. Mollaya o geder para yığdılar, halet verdiler ki molla haletin altında itdi.

Xonçaqabağı qaytarmax – Qərb zonasında belə bir adət var ki, nişanda qız evinə gətirilən xonçalara şirniyyat və s. qoyularaq oğlan evinə qaytarılır. Həmin adət də xonçaqabağı qaytarmax adlanır. Məs.: – Xanımın xonçaqavağını qaytarmax uçun neçə gün şey-şüy bişirməx´dən qırıldıx batdıx (Gəncə).

Qapıbasması – gəlin aparılarkən qapını bağlayıb alınan pul. Məs.: -Yengə dedi kin, qapıbasmasını verməsəη, gəlini qoymuyajam aparasan (Basarkeçər); -Qapıbasması ver, gəlini verəx´ (Qazax).

Qars azərbaycanlılarının şivəsində həmin dialektizmdən istifadə edilir. Məs.: -Gız saabı gapıya bir adam tiker. Diyer “ver meim gapı basmamı, çığartginen gelinini”.

Qapıbağlaması – Qarsda belə bir adət var ki, balaca bir oğlan uşağı oturdulur gəlinin cehizlik sandığının üstündə və qapı bağlanılır. Həmin uşağa verilən pay, pul qapıbağlaması adlanır. Qapıbasması ilə qapıbağlamasının da fərqi onunla izah olunur ki, birinci qız evində, ikinci isə oğlan evində baş verir.

Nəmər – 1.toyda ev sahibinə və aşığa verilən pul (Gəncə, Gədəbəy, Laçın). Məs.: -Xörəyi yeyif üş manat nəmər verdim (Qazax); 2.toyda paylanan şirniyyat (Ağdərə, Cəbrayıl, Laçın). Məs.: -Aşığın nəməri bir manatdı (Gəncə); 3.oğlan evlənəndə və qız ərə gedəndə onlara verilən hədiyyə (Qazax, Borçalı).

Qars azərbaycanlılarının şivəsində bu sözdən istifadə olunur. Məs.: – Onnan sora nemerler toplanır tekrer.

Şax bəzəməx´Azərbaycanın qərb zonasında toylarda şax (bu adəti yerinə yetirmək üçün taxtadan hazırlanmış xüsusi formalı fiqur) bəzədilir. Şax adətən gəlinin sağdışı tərəfindən yeni ildəki şam ağacı kimi bəzədilir, üzərinə şirniyyat, ləpə, meyvə və s. asılır. Gəlin ilə birlikdə bir dəstə adam şaxı toy evinə gətirməyə gedirlər. Məs.: – Sağdışım ma: elə şax bəziyif ki, bu üzünnən baxanda o üzü görümmer (Qazax).

Türkiyə ərazisindəki Qars vilayətində də bu qədim adət qorunub saxlanılaraq yaşadılır.

Şekerleme – Qars azərbaycanlılarının şivəsində bu söz “şirinlik” mənasında işlədilir və xoş, əlamətdar bir səbəblə bağlı olaraq paylanılan şirniyyat, konfet və s.deyilir. Məs.: – Sora “hayirli olsun” diye bir şekerleme dağıdarlar.

Dialektoloji ədəbiyyatda türk dilinin Qars şivələri qarışıq xarakterli şivələr kimi səciyyələndirilir. Qərb-Oğuz ədəbi ləhcəsinə daxil olan Azərbaycan və türk dilinin təsir dairəsində olan Qars şivələri ilə Azərbaycan dilinin qərb şivələri arasında kifayət qədər ortaq leksik material vardır.Azərbaycan və Türkiyə türkcələrini bir-biri üçün anlaşıqlı edib uzaqlaşmağa qoymayan da elə lüğətlərindəki həmin qədim türk leksik təbəqəsidir.

 

 

 F.ü.f.d.Qəmbərova Sevinc

 

 

Bölmə : Tənqid