Bataqlıqda zanbaq bitirmək və ya fin möcüzəsinin sirri

17 Baxış

Rəhimov FərruxRəhimov Fərrux Məhəmməd oğlu- Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti, universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Aqrobiznesin təşkili və idarəedilməsi kafedrasının dissertantı 

 

Finlandiya barəsində ilk eşitdiyim ifadə “fin evləri” olmuşdur, hansında ki, 1996-cı ildə Ağcabədi rayonu Pərioğullar kənd orta məktəbinin birinci sinfinə gedəndə sinif otağı kimi istifadə edilirdi. Sonralar ailəm mənə ilk mobil telefonu alanda məşhur “bəyaz gecələr”in ölkəsi Finlandiya yenə gündəmdə idi – öz “Nokia” mobil telefonları ilə, təbii ki. Tale elə gətirdi ki, Rusiyanın İsveçlə sərhəddi boyunca yerləşən bu kiçik ölkənin adı (məktəbdə oxuduqlarım xaric) yenə təhsillə əlaqəli bir məsələdə qarşıma çıxdı. Belə ki, alternativ təhsil sistemləri barəsində kiçik bir araşdırma apararkən ölkələrinə Suomi deyən bu xalqın özünəməxsus bir təhsil sistemi qurduğunu və hətta, bu sahədə öndə gedən ölkələrdən də bu təcrübəni öyrənmək üçün gələnlərin olduğunu oxudum. Ölkə haqqında coğrafiya dərslərindən yaddaşımda qalan və sonra yenidən oxuduğum maraqlı məlumatlardan biri də ərazinin 75 faizinin meşələrdən, 10 faizinin isə su hövzələrindən ibarət olmasıdır.

Bu yaxınlarda Türkiyədə yaşayan gənc müəllim dostumun tövsiyəsi ilə adını ilk dəfə duyduğum Qriqoriy Petrov adlı müəllifin “Bəyaz zanbaqlar ölkəsində” kitabını elektron variantda Türkiyə türkcəsində əldə etdim. Kitabı tapıb oxumağa başladığım və Azərbaycan türkcəsinə uyğunlaşdırmaq barəsində düşündüyüm günün axşamı internetdə bu kitabın Azərbaycanda artıq çap olunduğu xəbərini oxudum. Bu kitabın Türkiyə türkcəsində olan nəşrinin ön söz əvəzi olan və Azərbaycan dilinə tərcümə edilməmiş “Petrov’a ve Eserine Dair” adlı bölümün bəzi yerlərini sizin diqqətinizə çatdırmaq istəyirəm.

Qriqoriy Petrov başda Rusiya olmaqla Bolqarıstanda ən çox oxunan məşhur bir rus yazıçısıdır. Müəllifin 32 əsəri də bolqarcaya tərcümə olunmuş və hər əsəri 8-10 dəfə çap edilmişdir. Dərin bilgisi ilə Petrov bütün insanlığın daha rahat bir həyat sürməsini, yüksəlməsini və xoşbəxt olmasını arzu etmiş və bu istiqamətdə əsərlər qələmə almışdır. Xüsusilə, kasıb kəndlilərin və işçilərin geridə qalmaqdan və əzilməkdən qurtulması istiqamətində səy göstərmişdir.  O, hələ uşaq yaşlarında olarkən beyni bu cür fikirlərlə dolmuşdur:“İnsan oğlu yer üzünün ən dəyərli varlığıdır. O, yaradan Rəbbin baş tacıdır. Dünyada var olan hər şey insan üçün yaradılmışdır. Elm, fəlsəfə, incəsənət və din daima insanın kamilləşməsi üçün mövcud olmuşdur. Bunların hər biri insanlığa xidmət etmək üçün yaranmışdır. Əgər bütün bunlar yer üzündə daha xoşbəxt, daha işıqlı və həqiqətən cənnət həyatı yaratmağa və təqdim etməyə xidmət etməyəcəksə, heç bir önəm və dəyəri yoxdur deməkdir”.

Bolqar yazarı G. Baltaciev,  Petrovun Bolqarca  yayımlanan   əsərləri ilə  əlaqədar: “İnanıram ki, çox yaxında bu kitabların hər hansı bir məktəb kitabxanasında olmamasını qanun pozuntusu olaraq qəbul edəcəyik; xüsusilə də, “Bəyaz Zanbaqlar Ölkəsində” adlı Finlandiyaya dair kitabı. Millət üçün yazılmış belə bir kitab nadirdir. Bu kitab hər kəs üçün dəyərli və yararlıdır” – deyən yazıçı bu kitabda Petrovun sanki bu sözləri demək istədiyini qeyd etmişdir: “Bir bu ölkəyə bax, bir də təbii sərvətləri olmayan, bataqlıqlarla dolu bir ölkə olan Finlandiyaya bax! Ora da sənin ölkən kimi bir vaxtlar işğal altında olub, yadellilərin qamçıları altında inləmişdir. Bu ölkə 60-70 il ərzində inanılmaz bir inqilab etmiş, inkişaf etmiş ölkələrlə girdiyi yarışda rekord nəticələrə imza atmışdır. Bu inkişafa da böyük elm adamları, güclü liderləri olmadan nail olmuşlar. Nəticədə güclü nəsillər, böyük vətənsevərlər, çalışmağı sevən vətəndaşlar, inancları qranit kimi möhkəm bir cəmiyyət yaratmışlar. Ölkənin yetişdirdiyi bu insanlar, isimsiz qəhrəmanlar, yerin altında işləyən işçilər, xalqın maariflənməsi üçün vuruşan mədəniyyət döyüşçüləridir. Sadəcə Vətənlərini  və millətlərini düşünmüş və bu yolda hər şeylərini fəda etməkdən çəkinməmişlər.

İndi isə tükənməz sərvətlərlə və möhtəşəm təbiət mənzərələrinə sahib olan öz ölkəni düşün. Şəxsən sənin, ətrafındakı insanların bu milli sərvətləri necə məhv etdiyini və istismar etdiyini düşün!

Bu vəziyyət qarşısında sıxılmaz, utanmazsanmı?”

Adı çəkilən kitabın Türkcə tərcüməsi də böyük əks-səda yaratmış, hətta o dövrkü Milli Təlim və Tərbiyə Heyəti rəisi (təhsil naziri) Mehmət Əmin bəy “Həyat məcmuəsi” adlı jurnalın 74-cü nəşrində kitab haqqında bunları demişdir: “Mümkün olsa Heydərpaşa – Ankara arasında səyahət edən hər sərnişinin əlinə bu kitabı verər, kitabı oxudarkən bir tərəfdən də ətrafda olan torpaq yığını halındakı kəndləri göstərərdim. (Bakı-Gəncə yolunu təsəvvür edə bilərik)

Müəllim olsaydım uşaqlara yaşadığımız şəhərin kənar məhəllələrini gəzdirərkən evlərdə müzakirə edilənləri təkrar etdirərkən Qriqoriy Petrovun kitablarından yemək-içmək, geyinib-kecinmək mədəniyyəti ilə əlaqəli hissələr oxuyardım.

Komandir olsaydım, əsgərlərimin yığışdıqları kazarmalara bu kitabın bəzi səhifələrinin sürətini asardım. Düşüncələrə davranış və həyat tərzinə təsir edəcəyinə inandığım bu kitabdan faydalı nəticələr gözləyərdim.

Kitabı oxuyub qurtardıqdan sonra ətrafdakı toz-torpaq yığını halındakı kəndlər uçub gedir. Hər şeyi əyləncə zənn edən, məsələlərə bu niyyətlə fikir bildirən, ruhsuz, eqoist insanlar sizin yanınızdan uzaqlaşır. Yalnız millət sevgisini, Vətən eşqini duyursunuz. O zaman “Bəyaz Zanbaqlar Ölkəsinin” nə demək olduğunu başa düşürsünüz” (26.04. 1928)

İsmayıl Həbib BəyAdana  Bölgəsi Maarif  Məcmuəsinin 5-ci  sayında yazırdı:“Demokrat bir millət nə deməkdir, bütünlüklə bir millət necə yüksələr, ziyalıların xalq qarşısındakı rolu nədir, əsl vətənsevərlik necə olur? Xalqa əsl xidmət necə edilməli? Bir neçə ziyalının öz həyatını xalqa həsr edən fədakarları ilə bütünlüklə bir millət cəhənnəmdən cənnətə necə yüksələ bilər? Bütün bunları o kiçik kitabda birnəfəsə bütün ruhunuza hopduraraq öyrənəcəksiniz”. (15 May 1928)

“Bəyaz zanbaqlar ölkəsində” adlı əsər Müdafiə-i Milliyə Vəkaləti (Milli Müdafiə Nazirliyi) tərəfindən əsgərlərə tövsiyə edilmiş və Maarif Vəkaləti (Təhsil Nazirliyi) tərəfindən müəllimlik ixtisasını bitirən hər məzuna bir nüsxə hədiyyə edilmişdir. Əsərin ilk yayımlanma tarixi olan 1923-cü ildən beş il öncə yəni 1918-ci ildən azadlıq mübarizəsinə başlayan, bir əsr ərzində iki dəfə cümhuriyyət qurmağı bacaran xalqımız əminəm ki, fin möcüzəsindən daha böyük möcüzələrə imza atacaqdır. Bu mübarək yolda insanlara işıq ola biləcək əsərlərdən biri olan “Bəyaz zanbaqlar ölkəsində” kitabının tezliklə bizim ölkəmizdə də çox satılanlar siyahısına girəcəyini ümid edirəm.