Bauhaus: Dizayndakı inqilabın 100 ili

14 Baxış

2019-01-28_600x450

Senet.az “Ustad” dərgisinin növbəti sayında yayımlanan Xavər Zahirin “Bauhaus: Dizayndakı inqilabın 100 ili” məqaləsini təqdim edir:

 

Bauhaus: Dizayndakı inqilabın 100 ili

Qeyri-adi dərəcədə sadə, amma sadə olduğu qədər də funksional ideyaları ilə gələcəyə dizayn verən, XX əsrdən bu günə qədər aktuallığını qoruyub saxlayan məşhur Bauhaus məktəbinin yüz illiyi dünyanın bir çox ölkələrində qeyd olunur. Memarlıq və bədii quruculuq üzrə ilk ali məktəb olan Bauhaus 1919-cu ildə Almaniyada yaradılıb. Cəmi 14 il fəaliyyət göstərməsinə baxmayaraq, Bauhaus müasir memarlığın təməllərindən sayılır və avanqard rəssamlar nəslinin yetişməsində əvəzsiz rola malikdir. Təkcə memarlığa deyil, həmçinin, məişət əşyalarının, mebellərin, tekstilin, hətta şriftlərin dizaynına da yeniliklər gətirərək tətbiqi incəsənətdə inqilab yaradan istiqamətə çevrilib. Qısa müddət ərzində Almaniyadan bütün Avropaya, oradan da dünyaya yayılan Bauhaus ideyaları indi də müasir memarlar və dizaynerlər tərəfindən müxtəlif formlarda işlənib tətbiq edilir.

Bauhausun yaranmasında təkan rolunu oynayan Verkbund məktəbini (Deutsche Werkbund) 1907-ci ildə dizayner Anri Van de Velde və Herman Metezius təsis etmişdilər. Lakin onların arasındakı narazılıqlar məktəbin işinə əngəl törədir. Bir müddət sonra gənc memar Valter Qropius iki rəqib dizayn məktəbinin zəminində yeni Bauhausu (almanca “bau” – tikmək, “haus” – ev) yaradır.

Bauhaus məktəbi üç müxtəlif şəhərdə fəaliyyət göstərib: Veymar (1919-1925), Dessau (1925-1932) və Berlin (1932-1933). İlk rəhbəri elə təsisçisi Valter Qropius olub. Sonrakı illərdə Hannes Meyer (1928-1930), Lüdviq Mis van der Roe (1930-1933) onun yolunu uğurla davam etdiriblər.

XX yüzilliyin ortaları Almaniya üçün həm ağır, həm də ilhamlandırıcı olub. İki dünya müharibəsi arasındakı müddətdə Berlin Avropanın diqqət mərkəzindəydi. Yeniliyə, köklü dəyişikliyə can atan yaradıcı insanlar durmadan təcrübələr keçirir, fərqli ideyalar irəli sürür, müxtəlif cərəyanlar yaradırdılar. Çətin həyat şərtləri incəsənət üçün müəyyən sərhədlər qoysa da, ruhən rahatlıq axtaranlar, müharibə dəhşətlərindən can qurtarmaq istəyənlər gələcəyə böyük ümidlərlə baxırdılar. Elə müharibə iştirakçısı Valter Qropius da maşınların, fərqli konstruksiyaların artıq insanın xeyrinə istifadə olunmasını arzulayırdı.

Bu cür şəraitdə doğulan Bauhaus məktəbi incəsənət və texnologiyanın vəhdətini aşılayırdı. Müxtəlif həndəsi formalar, möhkəm materiallar, rəng nəzəriyyələri incəsənət aləmi üçün universal bir dil yaratmışdı. Bauhausda eyni zamanda həm ağıl, təxəyyül, həm də əllər işləyirdi.

3_600x416

1923-cü ildə məktəbin müəllim və şagird heyəti tarixə düşəcək böyük sərgi nümayişi keçirirlər. Uğurlarına və qazanılan rəğbətə baxamayaraq, nasional-sosialistlərin hakimiyyətə gəlməsilə Veymardan köçməli olurlar. Dessauya gələndən bir il sonra Qropiusun layihəsi əsasında Bauhaus məktəbinin məşhur binası tikilir. Binanın dizaynı məktəbin ideya istiqamətində də yenilik edir – artıq Bauhaus sənaye funksionalizminin ardınca gedirdi.

Bauhaus yaradıcılarına görə, yeni dövr insanını mənasız dekor deyil, köməkçi əşyalar əhatələməlidir. İstənilən naxış və ornamentlərdən imtina edilmişdi, onları parlaq və ya mat səthlər əvəzləyirdi. Əhəmiyyətli olan, hər hansı bir əşyada həm isti, həm də soyuq çalarların istifadə olunması idi. Məsələn, ağacın, taxtanın isti sarısı, yaxud qəhvəyi rəngi və metalın soyuq gümüşü çalarları.

Beləliklə, böyük ideyaların və Bauhaus fəlsəfəsinin birliyi “dizayn” anlayışını formalaşdırdı. Məktəbin emalatxanalarında, yaradıcılıq laboratoriyalarında ərsəyə gələn işlər, həqiqətən də, XX əsr incəsənət və memarlığına dərindən təsir göstərir və Avropanın mədəni inkişaf yolunu yeni istiqamətə kökləyir. Burada müəllimlər və tələbələr bərabər statusda idilər, hətta perspektivli görünən istənilən cəsarətli fikir tezliklə maddiləşib həyata vəsiqə qazanırdı.

1928-ci ildə Qropiusu Hannes Meyer əvəz edir. Az vaxt ərzində məktəbi kommersiya cəhətdən daha uğurlu səviyyəyə qaldırır. Mühazirələrə iqtisadiyyat, psixologiya dərslərindən əlavə, bütün qərbi Avropa intellektuallarının fikirlərini zəbt edən marksizmi də salır. Təəssüf ki, 1933-cü ildə faşizm dominant paradiqma kimi cəmiyyətdə özünə yer edəndə Bauhaus bağlanır. Təqibdən gizlənən nümayəndələr Britaniyadan ABŞ-a mühacirət edirlər və ideyalarını burada da yayırlar.

İkinci Dünya Müharibəsi zamanı Bauhaus-Dessau dağıdılır və yalnız otuz beş ildən sonra tarixi bina kimi bərpa olunur. 1960-cı ildə Bauhaus arxivi bütün məlumatları, sənədləri, işləri və s. yığmağa başlayır. Köhnə məzunlar, sağ qalmış veteranlar, Avropa və ABŞ-ın müxtəlif yerlərində Bauhaus üzvlərinin ailələrindən nəhəng arxiv əldə olunur – təsviri sənətdə eksperimentlərdən tutmuş, heykəllərin, memarlıq nümunələrinin, fotoqrafiya və dizayn örnəklərinin, məktub və kitabların, qeyri-rəsmi fotoların da daxil olduğu 26 min iş. Hazırda Bauhaus-Dessau binası eksperimental dizayn və tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Bauhausun xüsusi prinsiplərinə görə, sənətkar və rəssam arasında heç bir fərq yoxdur, rəssamlıq – sadəcə sənətkarlığın daha yüksək pilləsidir. Xoşbəxtliyin əsas şərti yaradıcılıq və gözəlliyə olan sevgidir. Memar koordinator kimi texniki, iqtisadi və bədii problemləri bir-biri ilə əlaqələndirməlidir. Məkan konsepsiyası isə insanın məsafə və miqyas qavrayışını düzgün qiymətləndirməyi memarlığın əsas intizamı kimi nəzərdə tuturdu. Bauhausçular düşünürdülər ki, tələbələr qrup halında işləməyi öyrənməlidir. Müəllimlər isə nəzəri və praktiki bilikləri hərtərəfli olanlardan seçilirdi. Əsas prinsiplərdən biri də yaradıcı incəsənətlə incəsənət tarixini bir-birinə qarışdırmaqdan boyun qaçırmaq idi. Rəssamın işi “yeni düzən qurmaq”dırsa, tarixçi də keçmişin düzənini yenidən kəşf etməli və onun izahını verməlidir.

Bauhausda dövrün öz dəsti-xətti ilə şeçilən sənətkarları dərs deyirdi. İsveçrəli memar Hannes Meyer “tikintinin yeni nəzəriyyəsini” yaradırdı. O düşünürdü ki, arxitekturada əsas olan estetika yox, düzgün quruluşdur. İçveçrəli rəssam İohannes İtten isə rəng nəzəriyyəsində novator olmuşdu. Rəng kontrastlarının funksiyalarını araşdıran rəssam rəng dairəsində də dəyişikliklər edərək modernləşdirmişdi. Rus avanqardçı rəssam, abstrakt işləri ilə tanınan Vasili Kandinski bədii rəssamlıq və freska dərsləri verirdi. Kommunikativ dizayn və metalla iş dərslərini verən macar rəssam Laslo Moxoy-Nad boş vaxtlarında fotoqrafiya sahəsində eksperimentlər aparırdı. Tanınmış avanqard ustası Paul Klee eyni zamanda bir neçə emalatxanaya rəhbərlik edirdi: kitab cildlənməsi, metalla iş və vitraj rəssamlığı.

18_600x450

Tələbələr də orijinallıqları və məxsusi yaradıcılıq maneraları ilə müəllimlərindən geri qalmırdılar. Qrafik dizaynda tez-tez müraciət olunan kiçik hərflərlə yazma üsulunu ilk dəfə məhz Bauhaus tələbəsi Herbert Bayer təklif etmişdi. Şriftlərlə uzun müddət işləyən Bayer deyirdi ki, “nəyə görə iki müxtəlif əlifba formasında yazmalıyıq, axı nitqimizdə böyük “A”, yaxud kiçik “a” deyə ayrıcalıq etmirik”. Bauhausdan ayrılandan sonra Herbert Bayer alman “Vogue” dərgisində art-direktor vəzifəsini tutur. Sonradan Amerikaya köçür və burada da dizayn, fotoqrafiya kimi sahələrlə məşğul olur.

Rəssam, heykəltəraş, fotoqraf və dizayner Marianna Brandt yeganə qadın idi ki, Laslo Moxoy-Nadın metalla iş emalatxanasına buraxılmışdı və bir müddət sonra onunla bir yerdə dərs demişdi. Marianna yaradıcılıq fəaliyyəti ərzində növbənöv məişət əşyaları, interyer predmetləri hazırlamışdı ki, onların əksəriyyəti indi də günlük həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər tərəfə əyilə bilən lampalar, minimalist üslubda dizayn edilmiş saatlar, külqabılar, çaydanlar, mətbəx əşyaları və s.

Bauhaus tələbələrindən biri Marsel Broyerin orijinal formada təqdim etdiyi B3 kreslosu 60-cı illərdə “Vasili kreslosu” (Vasili Kandinskinin şərəfinə) adını aldı. Avtomobil sənayesində işlədilən oturacaq modelindən ilhamlanaraq yaratdığı yeni kreslonun karkası polad borulardan, oturacağı isə möhkəm parçadan (sonralar dəridən) hazırlanmışdı. Bu kreslodan sonra dizaynında metal borulardan istifadə olunan mebel seriyası – masalar, divanlar, saxlama dolabları və s. axını başladı. Hazırda da bir neçə məşhur mebel şirkəti Boyerin üslubunda mebellər istehsal edir.

Yəqin ki, Bauhaus emalatxanasından çıxan ən məşhur məhsullardan biri şüşədən hazırlanmış çay servizidir. Vilhelm Vaqenfeldin müəllifi olduğu zərifliyi və şəffaf dizaynı ilə diqqət çəkən serviz indi də fərqliliyi sevən xanımların, müştərilərini məmnun etməyə çalışan kafelərin seçimidir. Çünki şəffaf qabda çayın dəmlənmə prosesini izləməyin özü də zövq verir.

“Barselona kreslosu”nun yaradıcısı dizayner və memar Lüdviq Mis van der Roe öz işini məxsusi olaraq Barselonadakı Beynəlxalq sərgi üçün hazırlamışdı. Nazik, parlaq metal karkasla geniş və yumşaq oturacaq bir-birilə kontrast təşkil edirdi.

Naum Slutski həm də zərgər idi. Onu çox vaxt müasir zərgərlik sənətinin banisi adlandırırlar. Slutskinin hazırladığı metal çaydan Bauhaus hərəkatının manifestini təsdiqləyirdi: dizaynda hər hansı əlavə dekorativliyə ehtiyac yoxdur. Praktiki əşyalar bəzək predmetinə çevrilməməli, formanın özü gözəlliyi əks etdirməlidir. Bauhausun yaradıcısı Qropiusun “predmetlər möhkəm, praktiki, uzuc və gözəl olmalıdır” fikrini rəhbər tutan Yozef Albersin “bir-birinin içinə keçən rəngli masaları, Alma Zidhof-Buşerin taxtadan hazırlanmış uşaq konstruktorları bu gün də istehsal olunur.

Tekstil emalatxanası Bauhausun kommersiya cəhətdən ən uğurlu layihəsi idi. Belə ki, müştərilərin sifarişləri kəsilmirdi. Struktrunun möhkəmliyi – müxtəlif növlərə, fərqli tərkibə və qalınlığa malik saplardan istifadə parçaları daha keyfiyyətli edirdi. Ən məşhur işlər Otti Bergerə, Anni Albersə və Qunta Şteltselə aiddir.

sanatiktidarkapak-1507-690-497-p-center_center-ffffff1_600x373

Bauhausun maraqlı müəlliflərindən biri də Yozef Hartviqdir. Şahmat fiqurlarının forma cəhətdən sadələşdirilməsi, abstraktlıqdan çıxardılaraq oyunun mahiyyətinə uyğun dizayn edilməsi fikri Hartviqi düşündürürdü. Onun düzəltdiyi yeni fiqurlar şahmatın anlamını əks etdirir və ikili məna daşımırdı. 32 fiqurun sadəşdirilmiş, eyni zamanda da funksionallığını qoruyan kvadrat, xaç, kürəşəkilli formaları onların gedişini bildirmək üçün hazırlanmışdı.

Həddindən artıq gərgin bir dövrdə yaşamağa cəhd göstrəsə də, maliyyə çatışmazlığı, Dessaudan da köçmək məcburiyyəti, məktəb üzvlərinin təqibi və s. Bauhausun bağlanmasını labüd edirdi. Ancaq məktəbin bağlanmasına, mühacirət həyatına baxmayaraq, uzun illər Bauhaus ideyaları yayılmaqda davam edir və sənətin bütün sahələrinə yol tapırdı. Valter Qropiusla Mis van der Roe ABŞ-da ən nüfuzlu memarlar kimi tanınırdılar. Laslo Moxoy-Nad isə Çikaqoda “Yeni Bauhaus” açmışdı, Hannes Meyer bir qrup tələbəsilə SSRİ-yə üz tutmuşdu.

1940-1950-ci illərdə Bauhaus ideyaları öz əksini İtaliya memarlığında tapdı. Amerikada isə mühacirlərin təsiri sayəsində yeni internasional üslub yarandı. 1950-ci ildə İsveçrə məktəbi Bauhausun kommunikativ dizayn və tipoqrafiya sahəsindəki işlərini təkrarlayırdı. Sonradan bu hərəkat Amerikaya da keçdi və elə məhz həmin dövrdə “Helvetica” (1957, Maks Midinger) şrifti yarandı.

Postmodernizmin ilk nümayəndələri də sovet konstruktivistlərini, Avropa avanqardçılarını, Bauhaus üzvlərini yaradıcılıqlarına ən güclü təsir göstərmiş amil kimi qiymətləndirirdilər. Məişətdən tutmuş incəsənətin, memarlığın ən dərin qatlarına qədər kök salan Bauhaus prinsipləri müasir mədəniyyət aləmində də yaradıcı insanları ilhamlandırmaqda davam edir.

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10