Südabə Babazadə
Bahar böyüyüb
Bax necə də , narazıymış
Yollardaykən ağaclardan
Asfaltüstü örtüklərdən
Sürücünün söhbətindən.
Görüşürkən qonaqlardan
Olacağı hotellərdən
Bezikibmiş.
Ehtirasdan məhəl gəlməz,
Nə sevgili, yad bir insan
Yarar olmaz bu həyatda-
Deyib calayarmış günlərini
illərini bizim Bahar.
Gözəl günlər, unudulmaz xatirələr
Yaşayıbmış
Elə eyni mənzilində, elə eyni adamlarla-
Atası və anasıyla,
Qardaşları, bacısıyla.
Evlərinin fəsli olmuş
Bizim Bahar, uzun illər!
Atası da bütün ömür-dövranında
Yaz yaratmış öz qızına.
Bahar içrə yetişibmiş
Bizim Bahar!
Təbiətin fəsli varmış
Canlandırar o, torpağı
Tumurcuqlar dilə gələr,
Günəş gülər Yer üzünə
Barlandırar ağacları.
Amma bir də payız varmış…
Gözlərində nəm işartı
Yanaqları tarımdadır
Bənizini soyundurmuş
Nə pamada, nə də sürmə gözə dəyir
Saçlarını qara rəngli bir örpəyə calaq etmiş
Bizim Bahar.
Budur, məclis qurulmuşdur
İnsanları qarşılayır, yola salır.
Başsağlığı yarışını başa vurub
Dincə gəlir.
Qollarıyla qıçlarını qucaqlamış
Baxışları bir nöqtədə,
Xeyli düşüncəyə gəlir.
Bu da yeni öhtəliklər-
Qara torpaq üzərində qərənfildən naxış salmaq
Atasına soyuq yurdda çiçəklərlə dayaq olmaq
öz-özünü danışdırmaq…
Sorğusuna təkbaşına cavab tapmaq!
Bizim Bahar böyüyübmüş…