“Baxıb qəmləndiyim köçən durnalar” – Səbuhi Şahmursoyun şeiri

57 Baxış
yu86086308.jpg
Senet.az tərcüməçi Səbuhi Şahmursoyun “Bu payız” şeirini təqdim edir:
 
Bu payız ömrünü tez vurdu başa,
Bu il bəxtimizlə tez barışdı qış.
Nə xəzan gətirdi könlümü cuşa,
Nə məni doyunca islatdı yağış.
 
Baxıb qəmləndiyim köçən durnalar
Nə vaxt qatarlandı? Xəbərsiz oldum.
Axı, sevincimdə bir sızıltı var,
Bəs nəyə aldanıb kədərsiz oldum?
 
Nakam səbəblərdir həsrət payımız,
Məyus nəticədən qurulmadı köç.
Nəsə gücsüz oldu builki payız,
Yazda qovuşanlar ayrılmadı heç.
 
Payız düşüncədən bitdi çox erkən,
Özüylə yarımçıq fikir apardı.
Bilmədik, aydınlıq bu ömrümüzdən
Duman arxasında nə sirr apardı.
 
Dünyanın bu hissə vidası alqış,
Üşümək misaldır son aldanışa.
Şairlər kədərli şeir qoşmamış
Bu payız ömrünü tez vurdu başa.
 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10