“Bayraq geyilməz, bayraq doğranmaz, bayraq yeyilməz…” – Təranə Arifqızı

32 Baxış

175260_g25oqivenc

Senet.az oxucularına tanınmış şairə, Təranə Arifqızının “Bayraq geyilməz, bayraq doğranmaz, bayraq yeyilməz…” yazısını  təqdim edir.

Başlıq bəlkə də bir az sərt oldu. Amma məcburam. Bayraq deyəndə müqəddəs, Ay, Günəş kimi toxunulmaz, əlçatmaz, qeyrət, vicdan qədər qorunub uca tutulan dəyərimiz gözüm önündə canlanır. Ona görə hər zaman baş üstündə tutulur, məqamı zirvələr olur. Ona görə şair “ Bayraq mənliyimdir, bayraq kimliyim”- deyir.

Bəs mənliyi, kimliyi, müqəddəsliyi, toxunulmazlığı bəzən niyə yanlış məqsədlər üçün istifadə edirlər? Niyə? Yəni bayrağın bayraq olmasını anlamaq bu qədər çətindi? Bayraqdan paltar biçilir, tikilir, əyinə geyilir. Bu harada görünüb? Bir başqa xalqda, millətdə görmüsünüzmü, heç nə demirəm, elə təkcə dövlət atributu olaraq bayrağı nüfuzdan salacaq bir işə qol qoysunlar? Biz bir millət, xalq olaraq vətəni, dövləti, onun müqəddəsliyini simvolizə edən atributlarını hər zaman qoruyuruq, əziz tuturuq.

Sosial şəbəkələrdən aktiv istifadə edən biriyəm. Təbii ki, burada qarşımıza əksəriyyətini heç tanımadığımız insanların paylaşımları çıxır. Bir az əvvəl də bəzi müğənnilərin vətənpərvər mahnı oxuyarkən bayrağı geyinməsi ictimaiyyət tərəfindən sərt tənqid olunmuşdu. Hətta hörmətli professorlarımızdan biri, həm də türkoloq-alim bu məsələyə münasibət bildirərək, “bayraqdan paltar geyinmək olar, amma yaxşı olar ki, qurşaqdan yuxarı olsun” yazmışdı. Yəni bu qədərmi vacibdi, bayrağın geyim paltarına çevrilməsi? Olmaz, qətiyyən tərəfdarı deyiləm. Mənimlə razılaşanlar çoxdu bilirəm. Qarşıma çıxan başqa bir paylaşım məni bunları diktə ilə yazmağa vadar etdi. Tortun üzərinə salınmış bayraq cəbhə bölgəsindən gəlmiş əsgər tərəfindən bıçaqla şirinlik kimi kəsilir. Olmaz! Niyə olmaz?

Qırx dörd günlük Vətən müharibəsi dövründə bəlkə də ən çox gözümüzü oxşayan, hər yerdə qarşımıza çıxan üçrəngli bayrağımız oldu. Əlimizdən düşmədi, başımızın üstündən yerə enmədi. Qarabağda, azad olunan torpaqlarımızda ən müqəddəs zirvələrdə ucaldı. Yadıma dövrümüzün ən möhtəşəm bayraq şeirini yazan Ramiz Qusarçaylının iki misrası düşür:

Şuşada sən qonduşun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Bəli, pir kimi, ocaq kimi müqəddəsdi BAYRAQ! Baş əyirik önündə, “ Sən, ey İstiqlalımın əbədiyyət sancağı!” Kölgəsi düşən torpağı gözünə çəkir şair…

Bayraq, onu o zirvələrə qaldıran müqəddəs şəhidlərimizin tabutuna, məzarına örpək oldu. Hər şəhid atası, hər şəhid yaxını o bayrağı öpərək gözünün üsünə qoydu, bağrına basdı balası kimi, atası kimi: qardaşı kimi…Bəs, belə bir müqəddəsliyi geyim kimi istifadə etmək, doğramaq olarmı!? Cəfər Cabbarlının bayraq şeiri də yəqin ki, yadınızdadır. Deyir:

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

 

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Bu gün bayrağı əyin paltarı kimi biçib tikənlər, onu bədənin hər yerinə geyinənlər, tort bişirib satanlar, onu bıçaqla tikə-tikə doğrayıb yeyənlər, bu şeiri oxuyun və düşünün. Şair onu çiçəyə bənzətmir ki, çiçək solur, yaşıl ota bənzətmir ki, ot yerdə tapdanır. Bayrağımız ulduzlardan, Aydan yüksəklərdə dalğalanır…Onun yeri əngin səmalardı. Onun mənası bölünməzlikdi, şərəfdi, qürurdu. Bayraq bizim türkçülüyümüz, dinimiz, azadlığımızdır!

Sadaladığım mənfi halları edənlər isə xalqın bəzi ziyalıları, üzdə olan bəzi məhşurlarıdır. Sadə insanların etdiyi səhvi bəlkə də bağışlamaq olar. Amma ziyalılara yox. Hər gün şagirdinə bayrağın ucalığından danışan müəllim bayrağı qulaqlarının arxasına sancıb rəqs edir. Hər gün milyonların qarşısına çıxıb “Bayrağım mənim”oxuyanlar əvvəl özlərinə sual versinlər:

-Mənliyim, kimliyim dediyim bayrağı səhnə paltarı kimi geyinib ortalığa çıxmaq hansı məntiqə sığır?

Bayrağı məşəl kimi başının üstünə qaldıran, şəhid yoldaşının tabutuna büküb onu əbədi məkanına göndərən əsgərə evdə bayraqla bəzənmiş tortu kəsdirmək düzgündürmü? Onu doğrayıb yeyəndə hansı hissləri yaşayırsınız, bunun fərqinə vardınızmı heç? Bəlkə də həyəcandan, sevincdən heç düşünməmisiniz. Bu həyatda başqalarından fərqli olmaq üçün çox gözəl əməllər var!

Məsələn, bayraq və tortla bağlı başqa bir video izləmişdim. Və o video da, xəstəxanada ad günü qeyd edilən qazimizin üstündə bayrağımızın şəkli olan tortu kəsməməsi, israrla imtina etməsi də yaddaşıma yazılan qürurverici görüntü idi. Budur vətənpərvərlik!

Yəqin ki, hər birinizin qarşına çıxıb, diqqətinizi cəlb edib. Bəzən dirəklərə, yüksəkliklərə vurulmuş bayrağı külək dolaşdırır. Əlim çatacaq olsa heç kəsə demədən onu oxşayaraq , sevərək düzəldərəm, təki üstündəki ay-ulduz daha da aydın görünsün, rəngləri göz oxşasın. O bayrağı ora vuran onu daim diqqətdə saxlamalıdır. Çünki o adi parça deyil, milli atributlarımızın ən önəmlisidir, dövlət rəmzidir. Rəngləri günəşdən, qardan, yağışdan bozarmış bayraqlar vaxtında yenisi ilə əvəz olunmalıdır. Şəxsi evlərin eyvanlarından, pəncərələrindən asılmış ( hansı ki, biz Vətən müharibəsi dövründə bunu daha çox müşahidə edirdik.) bayraqları qorumaq məsuliyyəti isə o evdə yaşayan insanların üzərinə düşür. Birliyimizi, gücümüzü, dövlətçiliyimizi ifadə edən üçrəngli bayrağımıza qarşı hər zaman, hər yerdə diqqətli olmaq insanlıq, vətəndaşlıq, vəzifə borcumuzdur.

Hər yeri bayraqla bəzəməklə vətənpərvərlik olmur! Vallah olmur. Ürəyinizdə gəzdirin yetər! Yeri ürək olanın, məkanı əbədilik olur. Müharıbə vaxtı, evlərə bayraq bükülmüş tabutlar gələndə ürəyimdən ağrıyaraq qürur dolu bu misralar keçmişdi:

Hər şəhid bir bayraqdır,

Hər şəhid bir vətəndir.

Qaldırın göy üzünə!

Çiyninizin üstündə

Göyə dua göndərin!

O göyün duasıdı.

Ruhumun, mənliyimin,

Qələbə havasıdı!

Bu yazı üçün bəlkə də məni qınayanlar olacaq. Qınamayın! Mən Vətənimi də, onun bayrağa dönən qəhrəman, nurüzlü oğullarını da, himnimizi də, üçrəngli bayrağımızı da belə, bəzək-düzəksiz sevirəm…Ya dəyər verib sevəcəksən, ya da sevib dəyər verəcəksən!