BDU-nun yataqxanalarından reportaj – HEKAYƏ

152 Baxış

Arif Alimİkinci mərtəbədə, pilləkənlərdən yuxarı çıxan kimi sol tərəfdə Şakir adlı bir məcburi köçkün qalırdı. Yaşlı adam idi. O vaxt əlli iki-əlli üç yaşları olar­dı. Vərəm idi. Tez-tez tüpü­rür­dü. Ha­ra gəldi tüpürürdü. “Hıııq” eləyib tü­pü­rürdü. Bəl­ğəm­lə qarı­şıq tüpür­cək lopası düşürdü yerə. Tələbələrlə qaçqın­lar eyni mət­­bəxdə yemək bişirirdilər. Yəni ümumi mətbəx idi. Qışda soyuqdan dayanmaq olmurdu içəridə, yayda istidən. Xörəkləri buradakı qazın üstü­nə qo­yub gedirdik otağımıza. Əslində tələbələr elə də  çox xörək bişirmirlər. Menyuda əksər hallarda kolbasa və çörək olurdu. Ancaq tibbi nöqteyi-nəzərdən sulu yeməklərin xeyirini düşünüb arabir sup kimi kulinariya predmetlərinə də müraciət edilirdi. Mətbəxin təyinatı müxtəlif idi. Burda paltar da asırdıq. Paltar asır­dıq deyəndə ki, qaz sobasının üstünnən ip çəkilmişdi. Həmin ipdə qazın istiliyinə görə paltarlar tez quruyurdu. Gö­rür­dün, kimsə ye­mək bişirib. Ağdamlı tələbə Əlvan da gə­ti­rib alt paltarlarını asır qazanların üstündəki ipdən. Pal­tar­­ların suyu tökülürdü yemək­lərin içinə. Adi paltarlar ol­say­dı, ye­nə cəhən­nəmə. Alt paltarı olduğuna görə yeməyin da­­­dı dəyi­şir­di. Əlvan da ki, iki-üç aydan bir yuyurdu pal­tar­­la­­rını. Çətin idi ya­şa­maq. Hə, bir dəfə mən də paltarlarımı yu­­yub gətir­dim ki, asım mətbəxdəki ipdən. Qə­fil mətbəxə gi­­rəndə gör­düm, Şakir bir-bir tələbələrin yemək qazanlarını açıb tüpü­rür içinə. Məni görüb çaşdı. Dedim, ay Şakir, na­ğay­­­­­rırsan? Dedi, heç nə, yemək daşır­dı, qapağını açdım ki, dağılmasın. Mən də bir-bir bütün tələbələrə dedim ki, ye­mək bi­şi­rəndə yanında dayanın. Şakir içinə tüpürür. Lerikli tələ­bə Zəfər dedi ki, hə, mən də deyirəm axı, dü­nən­ki supun içində nəsə saqqız kimi şeylər vardı. Dedim, hə, Şaki­rin fəa­liy­­­yətidi. Ondan sonra uşaqlar bir az ehtiyatlı oldular. Am­ma nə xeyi­ri. Ya­taq­xana­da yaşamaq çətin idi. Yaşa­yan­da hiss eləmir­sən. Am­ma üstündən müəyyən müd­dət ke­çib. Yada salanda görür­sən, ağır şərait imiş. Məcburi köç­kün­lərlə tələ­bələrin bir yer­də qalması mürəkkəb məsələdi. Təzə gələn tə­lə­bə­ləri sın­dırırdılar. Gərək ira­dən möhkəm olaydı. Mən ikimininci ildə yataqxanaya gəl­miş­dim. İkin­ci kursda oxuyur­dum. Qar­­da­şımla bir il Yasamalda dağlı məh­lə­sində kirayədə yaşadıq. Yerli adamlar rayo­nu­mu­zu yaxşı tanıdığına görə on­la­rınkı bizimlə tu­turdu. Diyir­dilər ki, siz də bizim kimisiz, yaxşı “çəkməyiniz” var. Cavab verirdim ki, belə şeylər mənlik de­yil. Deyirdilər, fərqi yoxdu, oranın suyunu içmisən. Nə isə. Bir-iki məhləarası söz-söh­bət­dən son­ra hamı mənimlə dost­laşdı. Basıb-bağ­la­dım ki, kara­te ilə məşğul oluram. Bir-iki ingiliscə söz adı-zad da de­dim. Gu­ya zərbələrin adıdı. Hə, bir də dedim ki, kara­te­nin­ki sa­kit­diydi, biz dava-şavanı elə də xoşlamırıq. Məh­lə­nin ağsaqqalları da bir gözlərini qıyıb do­daq­larını qəribə şə­kil­də irəli uzadaraq siqaretin tüstüsünü ha­vaya buraxa-buraxa başları ilə təsdiq eləyib bildirdilər ki, qa­qaş düz diyir. Brus Li də əvvəlcə özünü sakit aparır. Əsə­bi­lə­şən­də hamının mitilinə qoyur. İşim beləcə əla ge­dir­di. Amma yataq­xanaya gələndə məsələ başqa cür oldu. Bir-iki dəfə yataqxanaların direktorunun yanına gedib gəl­dim. O da ki, otaqları tə­lə­bələrə rüşvətlə verirdi. Elə bil, camaata “Hilton” ote­lin­də-zadda yer verir. Mən de­dim ki, nə im­ka­nım, nə də pul verməynən aram var. İmka­nım olsa, elə kiryədə qalaram da. Direktor gördü, əl çəkən de­yi­ləm, ba­şın­nan eləməyçün dedi, get ikinci mərtə­bə­yə, on səkkizinci otağa. Orda qa­­la­ssan. Dedim, bəs qardaşım da mənim­lə­dir. Dedi, bir otaq­­da qalarsız. Mən qalxdım ikinci mər­tə­bə­yə. Qrup yol­da­şım orda otaq­lardan birində qalırdı. İndi Tər­tər­də müəllim iş­lə­yir. Pu­lu özünə qis­mət, yaxşı da uşaq hazırlayır. Getdim onun yanına. Dedim, bəs məni on səkkizinci otağa göndə­rib­lər. De­di, sən o otağa getmə. Dedim, niyə? Dedi, o otaq­da hardasa iyirmi nəfər qalır. Çox ava­ra otaq­dı, dəlixanadı. Y. rayo­nunun uşaq­ları hamısı ora­da qalır. Dedim, sən nə danı­­şır­san, məni ora gön­də­ri­b­lər, mən də gedəcəm. De­di, qa­qa, özün bilərsən, mən də getdim. Qa­pı­nı döy­düm. İyirmi nə­fər deyildilər, mən qapını dö­yən­də on-on iki nəfər otaqda siqaret çəkə-çəkə söhbət eləyirdi. Siqaretin tüstüsündən otaq­­da göz-gözü görmürdü. Girdim içəri. De­di­lər, nəsə lazım­dı? Dedim, hə, mən bu otaq­­da qalacam. De­di­lər, niyə? De­dim, bəs direktordan otaq istə­dim, məni bura gön­­dərdi. Dedilər, get direktora de ki, day bu otağı istə­mir­sən. Dedim, yox, məni bura gön­də­rib­lər, mən də buranı bəyə­ni­rəm. Nə isə, uzun sözün qısası, buları başa saldım ki, bəs mə­­nim sizin­lə işim yoxdu, mən burda qala­cam. Dava elə­mək istə­səz, problem yoxdu, mən karate ilə məşğul olmuşam, nə bilim, Brus Li, Van Damm, Ter­mi­na­tor. Qa­pı­nı bağlayaq, bir-bir da­laşaq. Birinizlə dalaşıb qur­ta­ran­nan sonra o bi­riniz gə­lər, am­­ma polisə şikayət elədi yox­du. Bu­­lar razılaşdılar. Ara­la­rın­dan biri dedi ki, qaqaş, sən də bi­zim kimi tələ­bə­sən. Dava­ya ehtiyac yoxdu. Biz onsuz da ha­mı­mız axırıncı kur­­su bu il bitir­mişik. Sənin də dərs­­lə­rin bir aya başlayır. Biz on beş-iyirmi günə gedirik. Sən də iyirmi-iyir­mi beş gündən son­ra gələ­cək­sən. O vax­ta burda olma­ya­ca­ğıq. Danışdıq, razı­­laş­dıq. Yaxşı qurtardım.

Yataqxana arıq eşşəyin yay­la­ğı idi. Külək pən­cə­rə­dən girib qa­pıdan çıxırdı. Rütubətdən, bir də yeldən böy­rək­lə­ri­miz az qala çü­rü­yürdü. Külək möhkəm əsəndə otaqda çarpayılardan tuta-tuta gəzirdin ki, səni divarlara çırpmasın. Yuxarı mər­­­­tə­­­bə­­lərin sa­kin­ləri zibilləri axşam düşən kimi atırdılar yerə. Pən­cərə açıq qalan kimi həmin zibillərlə qidalanmış  azğın dit­di­li-ağcaqanad sürüsü adamı yeyir­di. Özü də buranın ağca­qa­nad­ları dişləyəndə ada­­mın dərisi ya­man pis qaşın­ır­dı. Hər mər­tə­bə­nin sonunda ayaq­yo­lu olur­du. Da­i­ma poxla dolub-daşırdı. Bir də­fə ayaq­yoluna girəndə iki gün üst-başından gələn pox iyindən dayan­maq ol­mur­du. Bütün paltarın ətrafa pis qoxu yayırdı. Bir də görürdün, ka­na­­li­za­si­ya borusu part­ladı. Orada olan pox topası töküldü yerə. Üfu­nət olur­du. Kənddəkilər də de­yir­di ki, bular şə­hər­də kef çəkir. Bir dəfə dayım şəhərə gəl­miş­­di. İşi uzun çəkdi. Qalmaq üçün axşam gəldi ya­taq­xanaya. Gecə yatanda pəncərələri aç­­dıq ki, sərin olsun. İçəri ya­­lan olmasın, mil­yon­larla ditdili hü­cum çəkdi. Lənət şey­ta­na. Da­yım dəli oldu. Tez əynini ge­yinib düşdü həyətə ki, mən bu­ra­da heç itimi də sax­la­ma­ram, amma siz qalırsız. Hər adam yataqxana şəraitinə dözə bilmirdi.

Yataqxanaların həyətində kafelər vardı. Anasından küsən, atasından qaçan, kənddən qovulan, polisin axtardığı kimsə vardısa, hamısını bu kafelərdə tapardın. Axşam düşən kimi mahnı səsi, içkili adamların anqırtısı şəhərciyi bürü­yür­dü. Söyüşün biri üç qəpik. Camaat yeyib-içib kef eləyirdi. Kafelərin yanında nə istəyirdin, satırdılar. Amma yüz faiz ya qiymətdə aldadırdılar, ya da keyfyyətsiz məhsulu bahalı mal adı ilə soxuşdururdular. Bir də görürdün, Qubadlı məcburi köçkünü Mövlan qış­qı­rır­dı ki, “Ay camaat, torpaqları kirayə verib gəlmisüz bura ki, kef eliyəsüüüz?” O tərəfdən başqası  başlayırdı nəsə de­mə­yə. Bir sözlə, aləm bir-birinə qarışırdı. Məcburi köç­kün­lərlə tələbələr yola getmirdi. Hər gün axşamlar möh­kəm davalar olurdu. Davalara görə hər yataqxanada tələbələrin qrup­laş­ma­ları yaranmışdı. N.-lıların, y.lıların, ş.lilərin, s.lıların, a.lıların, t.ların, l.lərin qruplaşmaları vardı. Davalar düşəndə tələbələr birləşirdi. Yüz-yüz əlli, bəlkə də, daha çox tələbə yığılırdı da­va vaxtı. Kim-kimə vurdu olurdu. Səhərisi heç nə olma­mış kimi həyat davam eləyirdi.

Yataqxana uşağı uzaqdan tanınırdı. Əynindəki pal­ta­rın ucuzluğu, diribaşlığı, ayaqqabının dabanının iti bucaq şəklində olması, bir də xüsusi yataqxana qoxusu onu fərqləndirirdi. Bir də hər an paltarının cibindən çıxıb kənara atıla bilən tarakana görə seçilirdin. Tarakan çox axmaq və sırtıq həşəratdı. Yataqxanada hər dəlmə-deşikdə yalan olma­sın, milyonlarla tarakan olurdu. Paltar dolabının içi, bir də mətbəx tarakanın əsas məskəni idi. Yeməyin içinə tez-tez tarakan düşürdü. Tarakana və hər cür murdarlığa alışmışdıq. Yeməyin içinə düşmüş onlarla tara­kanı sakitcə çıxarıb yeməyi acgözlüklə və iştahla yemək bacarığı yataqxana haqqında çox şeyi bildirir.

Və bir də yataqxananın ümumi hamamı başqa aləm idi.

 

Arif Alim

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10