Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi
Qasım bəy xasiyyətcə həlim, mürvətli və rəhmli bir şəxs imiş. İnsafdan, vicdandan kənar sözlər və işlər şairin qəzəbinə və hiddətinə səbəb olarmış. Ədaləti ilə başqa bəylərdən seçilər, əməkçi kəndlilərə xüsusi hörmət edərmiş. Belə nəql edirlər ki, bir gün bədxasiyyət bəylərdən biri kəhrizi bağlayır və kəndlilərə su buraxmır. Kəndlilər şairin yanına gəlib şikayətlənirlər ki, bəyin adamları kəhrizin başında durub, suyu bağlayıblar: bizə kömək edin, yoxsa əkinimiz məhv olub gedir. Zakir onlara söz verir ki, qorxmayın, hücum çəkib bəyin adamlarını qovun. Kəndlilər də şair deyən kimi edirlər. Bəy adamları ilə kəndlilər arasında savaş, dava düşür. Həmin toqquşmada əməkçi kəndlilər istəklərinə çatırlar. Rəvayətə görə, bu əhvalat şairi ruhlandırır və o, fəqir və zəiflərin birlik əzmini ifadə edən “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilini yazır.
***
Zakirin başına gələn müsibətlər, ona məxsus Xındırıstan kəndinin dağıdılması, təqib və təhdidlər, özünün Şuşadan Bakıya sürgün edilməsi, oğlu və qardaşı oğlunun Sibirə göndərilməsi, o biri qardaşı oğlu, çar çinovliklərinin qənimi Behbudun tutulub vəhşicəsinə öldürülməsi, ailəsinin müsibətlərlə üzləşməsi şairin yenilməz vüqarını sarsıda bilmir. Əksinə, onda mübarizəni alovlandırmaq, şiddətləndirmək niyyətini daha da qüvvətləndirir:
Rahi-müsibətdə keçmişəm candan,
Müxənnəsdir qorxan bir qaşıq qandan,
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!
***
Zakirin qızı Nənəş xanım da atası kimi qoçaq, dilli-dilavər imiş. O, Şuşa həbsxanasında öldürülmüş əmisi oğlu, cəngavər Behbudun qala divarı yanında basdırılmış meyitini qohumlarının köməyi ilə gizlicə oğurlatmış və hara isə apartdırmışdır. Bu əhvalat yerli çar hakimlərini xüsusi qorxuya salmış, onları yuxarılara raport yazdırmağa məcbur etmişdir.