Beşikdən qəbrə kimi: Zülm Altında

288 Baxış

elicefer Azər Cəfərov

 

XIX əsrdə İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşayan müxtəlif etnik qrupa mənsub 7 milyondan çox insanı birləşdirir. Bu birlik BMT-nin bir sıra orqanları ilə əməkdaşlıq edir. Onun BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında nümayəndəliyi fəaliyyət göstərir. Bəhai Dini qadın və kişi hüquq bərabərliyinin bərqərar olması, təbii sərvətlər üzərində beynəlxalq nəzarətin qoyulması, vahid qlobal təhsil sisteminin tətbiqi, Bəşəriyyətin Birliyi, Dünya Vətəndaşlığı və planetimizdə yeni ədalətli beynəlxalq münasibətlərin yaradılması ideyalarını təbliğ edir.  Onun vətəni İran olsa da dünyanın heç bir ölkəsində bəhailər İranda olduğu kimi ciddi təqiblərə məruz qalmırlar.

İslam inqilabından sonra bəhai icmasının zəiflədilməsi və sonda məhv edilməsi İran hökumətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Bu dövlətin ilk 10 ili ərzində (1979-1989) 200 nəfərdən çox bəhai öldürülmüş və ya edam edilmiş, yüzlərlə insan incidilmiş, zindana atılmış, on minlərlə insan işdən və təhsil müəssisələrindən qovulmuş və başqa hüquqlardan məhrum edilmişlər. 1980-ci ildə Bəhai icmasının 9 nəfərdən ibarət inzibati rəhbərliyi həbs edilmiş və onların taleyi barədə bu gün də məlumat yoxdur. Onları əvəzləyən digər 8 nəfər isə dərhal həbs olunaraq edam olunmuşlar.

Hökumətin göstərişi ilə İranda bəhailərə qarşı təqib dalğası son on ildə daha da güclənmişdir. 2005-ci ildən bəri 800 nəfərdən çox bəhai həbsə salınmışdır. Həbs olunanlar arasında icmaya rəhbərlik funksiyasını yerinə yetirən 7 nəfərdən ibarət qrupa 20 il həbs cəzası kəsilmişdir ki, bu da İranda vicdan məhbuslarına indiyənə kimi verilən ən yüksək cəza hesab olunur. Ardıcıl basqınlar və həbslər təhlükəsi bu gün İran bəhailərinin gündəlik həyatının əsas əlamətlərindən biridir. Təqiblərin digər növləri – iqtisadi fəaliyyətlərə və təhsilə məhdudiyyətlərin tətbiqi, möminlərin  bir yerə toplanmasına qadağaların qoyulması və KİV-lərdə anti-bəhai təbliğatının aparılmasıdır. 2005-ci ildən bəri 52 dəfə bəhailərə məxsus əmlak yandırılmış, bəhai qəbirstanlıqları 42 dəfə  vandalizmə məruz qalmışdır. Bununla da İranda bəhailərə qarşı aşkar zülm siyasəti həyatın bütün istiqamətlərində beşikdən qəbirə kimi davam edir. H. Ruhaninin prezident seçilməsi ilə vəziyyət dəyişməmişdir. Onun hakimiyyəti dövründə 108 bəhai həbs olunmuş, 22 nəfər universitetdən qovulmuş, bəhailərə məxsus 180 müəssisə bağlanmış, KİV-lərdə bəhailərə qarşı 6300 iftira xarakterli material yayılmışdır.

 

 

Həbsxanalarda

 

Hazırda 74 bəhai saxta ittihamlarla İran həbsxanalarında müxtəlif müddətlərə cəza çəkir. Onların arasında “milli təhlükəsizliyi pozmaq” və “cəsuzluq” ittihamları ilə həbs olunmuş və 20 il həbs cəzasına məhkum olunmş icmanın yeddi lideri də vardır.  2008-ci il mayın 14-də həbs olunmalarına baxmayaraq, onlara rəsmi ittiham yalnız 2009-cu ilin ortalarında bildirilmiş və  2010-cu ildə onlara İranda vicdan məhbuslarına hələ indiyinə kimi verilməmiş ən uzun həbs müddəti kəsilmşdir. Onların həbsi və İran məhkəməsinin çıxardığı qərar beynəlxalq etirazlara səbəb olmuşdur. Yeddi bəhainin hüquqlarını müdafiə edən Nobel mükafatıçısı xanım Şirin İbadinin və cənab Əbdülfəttah Soltaninin başçılıq etdiyi qrupun üzvləri təzyiqlərə məruz qalmışlar. Bəhailərin məhkəmə tarixi elan olunan zaman cənab Soltani həbs olunmuşdur.

2005-ci ildən etibarən, daha 800 nəfərdən çox bəhai həbsə məruz qalmışdır. Əksər həbslər analoji sxem üzrə həyata keçirilir: Kəşfiyyat Nazirliyinin nümayəndələri bəhailərin evlərinə gəlir, axtarışlar aparır, kitab və kompüterləri müsadirə edir və həbslər həyata keçirirlər.

11 avqust 2014-cü ildə Tehranda optika dükanına reyd zamanı 5 bəhai – dükanın sahibləri Ələddin Xancani və Babək Mobaşer, işçilər – Naser Arşi-Moghaddam, Ataollah Əşrəfi və Rouhollah Monzavi həbs olunmuşdur. Cənab Ə.Xancani 20 illik həbsə salınmış yeddi bəhai liderindən birinin – C. Xancaninin oğludur.

2015-ci ilin aprelində Həmədanda 13 bəhai həbs olunmuş, evlərində axtarışlar həyata keçirilmiş və onlara qarşı  standart ittiham irəli sürülmüşdür: “rejimə qarşı təbliğatda iştirak”. aralarındakı bir qadın 10 gün ərzində karserdə saxlanmışdır.

 

 

İqtisadi təzyiqlər

 

İranda bəhailərin dövlət idarələrində, iri dövlət müəssisələrində, həmçinin dövlət və özəl mətbu orqanlarında işləməsi qadağandır. 2007-ci ildə Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı iqtisadi təziqləri təsdiq edən 650 hadisənin sənədləşdirilmiş faktını təqdim etmişdir. Bura bəhailərin yaşayış vasitələrini kəsmək məqsədilə işlədikləri dükanların bağladılması, işdən qovulmalar, lisenziyaların ləğvi və s. daxildir. Bu qadağalar özəl sektorun bəzi sahələrinə (zərgərlk, turizm, fotoməhsulların istehsalı, kompüter texnologiyaları və ərzaq sənayesi) də aiddir. Hazırda  Bəhai icmasına iqtisadi təzyiqlər özünü aşağıdakı formalarda göstərir :

v  özəl sektorda işləyən bəhailərin işdən qovulmasına nail olmaq;

v  biznes fəaliyyəti üçün bəhailərə və ya bəhai şəriki olan müsəlman iş adamlarına lisenziyaların verilməməsi;

v  bəhailərə məxsus müsəssisələrin müxtəlif bəhanələr altında bağlanması.

2009-cu ildə Semnan şəhər Ticarət-Sənaye Palatası bəhailərin biznez fəaliyyətinə son qoymaq məqsədilə lisenziyaların verilməsini dayandırır. 28 may 2012-ci ildə Kəşfiyyat Nazirliyi Semnan şəhərində bəhailərin şərikli istifadə etdiyi iki müəssisədə (birinci müəssisədə 15 bəhainin və 36 müsəlmanın, ikincidə 2 bəhainin və 6 müsəlmanın işlədiyi) axtarış aparır və müəssisələr möhürlənir. Eyni zamanda bəhailərə banklar tərəfindən kreditlərin verilməsi də dayandırılır. Şəhərdə fəaliyyət göstərən tikinti şirkətlərinə işsiz qalmış bəhailəri günəmuzd işə götürməmək göstərişi verilir. Bununla kifayətlənməyən şəhər hakimləri Semnan ətrafında fermerliklə məşğul olan bəhailərin şəxsi mülkiyyətində olan örüş sahələrini əllərindən alır və su quyularını möhürləyirlər.

2013-cü ilin aprelində Bircand şəhərində bəhailərə məxsus dörd dükan bağlanmış və  möhürlənmişdir. 2015-ci ilin aprel-may aylarında hökumət Rəfsancan, Kerman, Sari və Həmədan şəhərlərində özlərinin müqəddəs günlərini qeyd edən bəhailəri cəzalandırmaq məqsədilə onlara məxsus 35 dükanı bağlatmışdır. Hökumət dairələri bəzi dükan sahiblərinə təzyiq göstərib, dini bayramları qeyd etməyəcəkləri barədə öhdəlik götürməyə, faktiki olaraq öz dini inanclarından imtina etməyə cəhd etmişlər. Analoji hadisə bir qədər əvvəl 2014 –cü ilin oktyabrında da baş vermişdir. O zaman da Kerman, Rəfsəncan və Cirofti şəhərlərində müxtəlif bəhanələrlə (ticarət qaydalarının pozulması və s.) bəhailərə məxsus 80 dükanda ticarət əməliyyatları dayandırılmışdır. Bu dükanların bir qisminin sonradan (2015-ci ilin yanvarında) fəalyyətinə icazə almaq mümkün olsa da, onlar 2015-ci ilin aprel-may aylarında bir daha bağlanmışdır. İranda kiçik biznes fəaliyyəti iri dövlət müəssislərində və idarələrində işləməkdən məhrum edilmiş bəhailərin yeganə gəlir mənbəyi olduğuna görə, onların bağlatdırılması onsuz da maddi durumu ağır olan icma üzvlərinin vəziyyətini daha da ağırlaşdırmışdır. Bəhailərin gündəlik həyatada rastlaşdığı digər təqib formaları aşağıdakılardır: bank hesablarının nəzarət altına alınması; təqaüdlərin verilməsindən imtina edilməsi; vərəsəlik hüququnun tanınmaması və s.

 

 

Evlərə edilən hücumlar

 

3 fevral 2014-cü il tarixində  Bircand şəhərində bir bəhai ailəsinin üç üzvü öz evlərində nəmalum şəxs tərəfindən basqına məruz qalmışlar. Üzünə maska taxmış cinayətkar axşam 8 radələrində Qüdrətullah Moodi və onun həyat yoldaşı Tuba xanımın evinə soxularaq heç nə tələb etmədən evin sahiblərinə hücum etmiş, onlara və qızları Əzəmə çoxsaylı bıcaq zərbələri endirərək onları öldürməyə cəhd etmişdir. Xanın Moodi kömək çağırmağa imkan tapmış və ailənin hər üç üzvi ağır halda xəstəxanaya çatdırılmışlar.

2 oktyabr 2014-cü ildə nəmalum şəxslər Yəzddə bəhainin evinə Molotov kokteylisi atmışlar, lakin xoşbəxtlikdən butulka alışmamışdır. Oktyabrın 5-də yenə Yəzddə başqa bəhainin evini yandırmağa cəhd edilmişdir. Bu dəfə yanğını vaxtında söndürmək mümkün olmuşdur.

3 noyabr 2014-cü ildə Həmədən əyalətində Ovj Pellah kəndində naməlum şəxslər sakinləri evdə olmadığı vaxt bəhainin evinə soxulmuş, pəncərələri qırmış, divarlara şüarlar yazmış və evi yandırmağa cəhd etmişlər.

7 noyabr 2014-cü ildə nəmalum şəxslər Həmədan əyalətinin Amzajerd kəndində bəhainin evini  yandırmışlar. Sakinlərə xəta toxunmamışdır. Bütün bu hadisələr haqqında polisə məlumat verilmiş, lakin heç bir nəticəsi olmamışdır.

 

 

Bəndər -Abbasda bəhainin qətli

 

24 avqust 2013-cü ildə Bəndər Abbasda bəhai icmasının tanınmış üzvi qətlə yetirilmişdir. Cənab A. Rezvaninin meyidi peysərindən vurulmuş güllə yarası ilə Bəndər-Abbasın kənarında dəmiryol vağzalının yaxınlığında öz şəxsi avtomobilində aşkar edilmişdir. Bütün faktlar qətlin qarət deyil, dini motivlər əsasında həyata keçirildiyini göstərirdi. Bir müddət əvvəl O, kəşfiyyət nazirliyinin təzyiqi ilə işədiyi şirkətdən çıxarılmış, ölümünə bir neçə gün qalmış isə naməlum şəxslərdən hədələyəci zənglər almışdır. 2005-ci ildən bəri İranda şübhəli şəraitdə 9 bəhai ölmüş və ya öldürülmüşdür.

 

 

Uşaqlar, yeniyetmələr və gənclər

 

Bəhai uşaqlarına məktəblərdə müsəlman uşaqları ilə bir parta arxasında oturmağa icazə verilmir. İranda bəhailərin ən zəif zümrəsi sayılan məktəbli uşaqlar və yeniyetmələr məktəblərdə açıq-aşkar təhqir edilir və hədələnirlər. Azyaşlı məktəbliləri tənbeh etmək üçün onların gözlərini bağlayıb döyürlər. Bəhai şagirdlərini məcbur edirlər ki, öz dini mənsubiyyətlərini bildirsinlər. Uşaqlar isə bəhai olduqlarını bildirdikdən sonra onlara hədə-qorxu gəlirlər. Məktəb məsulları bəzən şagirdlərdən tələb edirlər ki, onlar islamı qəbul etsinlər. Məktəb rəhbərlərinin tələblərinə müqavimət göstərən bəhai şagirdlər kütləvi şəkildə müxtəlif bəhanələrlə məktəbdən xaric edilirlər. İranın dövlət və özəl universitet və kollecləri gənc bəhailərin üzünə bağlıdır. Bəhai gənclərin ali təhsil almasını təmin etmək məqsədilə icma tərəfindən yaradılmış təhsil sistemi (BIHE) Kəşfiyyat nazirliyi tərəfindən aşkar edilirək dağıdılmış, müəllimlər isə həbs edilmişdir.

 

 

 

Bəhai qəbirstanlıqlarının dağıdılması

 

2012-ci ilin dekabrında Yəzddə, 2013-cü ilin dekabrında isə Sənəndacda meyitlərin qüsul edildiyi bina və qəbirstanlıqdakı qəbirlər isə dağıdılmışdır. 2012-ci ilin oktyabr-noyabr aylarında Semnan şəhərində bəhai qəbirstanlığında əvvəlcə cəsədlərin qüslə verildiyi bina dağdılmış, 2013-cü ilin yanvarında isə buldozerlə bütün qəbirlər 40 sm lik torpaq qatı ilə örtülmüşdür.

Şirazda bəhailərin tarixi qəbirstanlığında müxtəlif dövrlərdə dünyalarını dəyişmiş bəhailər uyuyur. Onların arasında Bəhai dininin tanınmış şəxsləri də vardır. 1983-cü ildə İslam İnqilab məhkəməsinin qərarı ilə asılmış 10 bəhai qadın da həmin qəirstanlıqda dəfn olunmuşdur. 2014-cü ilin aprelində İslam qvardiyası üzvlərinin Şirazda bəhailərin tarixi qəbirstanlığını dağıtmağa və yerində idman obyekti yaratmağa başlaması məlum oldu. İran cəmiyyətinin bütün təbəqələrindən olan vətəndaşların etirazları və bu məsələnin Beynəlxaq dairələrdə səsləndirilməsi dağıntı işlərini bir müddət dayandırdı.  Lakin 2014-cü ilin avqustunda qəbirlərin dağıdılması və tikinti işlərinin aparılması yenidən bərpa olunur. BMT-nin və başqa Beynəlxalq və milli qurumların çağırışlarına baxmayaraq, qəbirstanlığın dağıdılması davam etdirilir.

2015-ci ilin aprelində Təbriz şəhərində bir bəhainin şəhər qəbirsanlığında dəfninə icazə verilməmiş, nəşi ailəsinin razılığı olmadan Qərbi Azərbaycan vilayətini göndərilib, orada nəmalum yerdə torpağa basdırılmışdır.

Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin hökumətləri, dünyanın tanınmış siyasətçiləri, elm, incəsənt, mədəniyyət xadimləri İran dövlətindən milli və dini azlıqlara, o cümlədən Bəhai icmasına qarşı ayrı-seçkiliyə son qoymağı, Bəhai liderlərini və müəllimləri həbsxanalardan azad etmələrini tələb edirlər. 2015-ci ilin martında BMT-nin Baş Katibi Pan Ge Mon və İranda insan haqları ilə bağlı xüsusi məruzəçi Əhməd Şah insan haqları üzrə Şuraya İranda bəhailərə qarşı ayrı-seçkiliyin zəifləmədiyini söyləmişlər.

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10