Beynəlxalq heykəltəraşlıq simpoziumu – Bakıda

7 Baxış

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

Senet.az saytının APA-dan əldə etdiyi xəbərə əsasən simpoziumda Azərbaycan, İspaniya, Macarıstan, Almaniya, ABŞ, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edir.

Simpoziumun davam etdiyi müddətdə iştirakçılar yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradacaqlar. Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışırlar.

Macarıstandan olan tanınmış heykəltəraş Bita Rostas (Beata Rostas) Azərbaycan təbii daşlarının incəsənət nümunələri yaradılması üçün çox münasib olduğunu bildirib: “Bizə təqdim olunan daş növləri ilə işləmək çox rahatdır. Əminəm ki, biz öz düşüncələrimizi, yaradıcı fikirlərimizi bu materiallarda tam ifadə edə biləcəyik”.

Heykəltəraşlar üçün mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları məhəbbət, həyat eşqi və digər mövzularda işləyir.

Oktyabrın 2-dək davam edəcək simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.