“Biganəlik” sindromunu dağıdan qəhrəman

109 Baxış

Südabə BabazadəSüdabə Babazadə

Sərdar Həmidovun əziz xatirəsinə

Qəhrəmanlar haqda eşidəndə və ya danışanda ağızbüzənlərə rast gəlirəm. Keçmiş Qarabağ müharibəsi qazilərinin qarşılaşdıqları şübhəli eyhamlar, onların döş nişanları və mükafatlarının simvolik mənalandırılması bu müharibənin dəyərləndirilməsində müşahidə olunan suallardan irəli gəlir. Suallar haqsız və ya yersiz görünə bilər. Amma bu suallar davamlı olaraq gündəmi zəbt etməkdədir. Müharibənin acı nəticələri olduğu halda hərbiçilərin dövlət mükafatlarına layiq görülmələri, onların rəsmi qəbullanma faktlarının cəmiyyətdə biganəliklə qarşılanmasına təəccüblənmirəm. Bu gün cəmiyyətimizin “biganəlik”  sindromuna düşməsin deyə tənbeh edilməsi fonunda bir qəhrəmanın həm məmur, həm də keçmiş döyüşçü olaraq illər sonra öz yurdunda alnıaçıq, üzüağ, sakinlərin sevgi dolu, qürur dolu alqışlarına qərq olduğunu əks etdirən videomənzərəni xatırlayıram. Azərbaycanın bir sıra şəhərlərində də onun iştirak etdiyi Qarabağ gerçəklikləri haqqındakı müxtəlif faktları müharibə veteranlarından dinlədikcə gördüyüm həmin mənzərələr birər-birər öz təsdiqini tapırdı. Təkcə gördüklərim və eşitdiklərim əsasında deyil, həmin insanların göz dolusu, ağız dolusu hayqırtılarında da Tərtər batalyonunun komandiri Sərdar Həmidovun qəhrəman şəxsiyyətini tanımış oldum. Ağır müharibədən sonrakı ilk illərədək  icra hakimiyətinin başçısı olduğu Tərtər rayonunun sərhədləri boyu vətən torpağını oxşayan, onu göz bəbəyi kimi qoruyan bir azərbyacanlı məmur şəxsiyyətini tanımış oldum. Məhz bu insanın əsl qəhrəman axtarışında olan cəmiyyətimizdə qəhrəmanca tanınması həmin “biganəlik” sindromunu darmadağın edir. Odur ki, insanlar yaşatmaq və unutmamaq üçün parıltılı nişanlara, yüksək çinli rütbələrə, şöhrətə, mükafata lüzum görməməkdə haqlıdırlar. Ölüm də haqqdır. Bugünkü gün kimi. Bugünkü günün – 29 fevral 2016-cı il tarixinin təntənəsi ondadır ki, adı dillər əzbəri olan Sərdar Həmidov öz əlləri, ürəyi, şücaətilə qoruduğu torpaqda dəfn olunur. Bizim üçün bir şəhidin, igidin sahibsiz, düşmən tapdağında deyil, azad, firəvan torpaqlarda uyuya bilməsi bir başqa fərəhdir. Bu fərəhi ölümü üçün təmin edən bir qəhrəmanın dəfn təntənəsi yaşanır. Sərdar Həmidov müqəddəs torpağında doya-doya uyuyacaq, çünki indi onu rəhmətlə anacaqlar, onu ziyarət edəcəklər və bu məzar ərazilərimiz uğrunda gələcək əzmkar mübarizələrin mayakı olacaq.

Qəbrin nurla dolsun, ruhun  şad olsun, Qəhrəman!