Bilmirik ki, nə məhzəbdə, dindəyik…-Həsən Meracın şeirləri

30 Baxış

Həsən_Merac

Senet.az saytı mərhum şair-publisist Həsən Meracın şeirlərini təqdim edir:

Şəhriyarın var olsun!

Haraydısa, vulkan kimi qalxıb göyə millənər,
Həsrətdirsə, qönçə-qönçə çiçəklənər, güllənər,
Ağrıdırsa yaşa dönüb, ürəyimdə göllənər.
Ağlayıram, bəlkə qəlbim boşala…
Vay o gözdən, yaş çıxmaya, boş ola…

Qadaqdadır, sözü də tutmaz dilimiz,
Uzandıqca, hey uzanar əlimiz,
Danışmağa neyləyirik dili biz.
Göz deyəni, dil onsuz da deyəmməz…
Dərdsiz olan, dərdliləri bəyənməz…

Ulu Tanrı deyən bizdən incidi,
Qalanlar yox, ölənlər birincidi,
Indi gülək, hər gülüş bir incidi.
Ağlamağın, gülməyi də olurmuş…
Ağlayanda bütün dünya doluymuş…

Heydər baba, Şəhriyarın var olsun,
Qurdun-quşun hər daşına yar olsun,
Bizdən sonra doğulanlar ər olsun
Ər olanı hər daş atan vurammaz…
Vurulan kəs, yıxıldısa, durammaz…

Heydər baba, qəltan oldum qanıma,
Dostlar qıydı, cavan şair canıma,
Bir yer saxla, gələcəyəm yanına.
Şəhriyarım tək yatmasın qoy orda…
De ki, ona yas saxlayır bu tay da…

Heydər baba, biz də yaman gündəyik,
Bilmirik ki, nə məhzəbdə, dindəyik,
Demə burda çox uzaqda, gendəyik,
Siz yandığız oda, biz də yanırıq…
Sınmasaq da, sındırırlar, sınırıq…

Oktyabr, 1988

 

Azadlıq marşı

Azadlıq yoludur tutduğumuz yol,
Vətən gözümüzə, könlümüzə dol.
Ölərik, biz səni vermərik yada,
Yaşa Azərbaycan, sən yaşa, var ol.

Üç rəngli bayrağım elə yaraşı, elə,
Azadlıq şərqisiynən dünya gələcək dilə.
Uğrunda şəhidlər vermişik Vətən,
Qədrini yaman gec bilmişik Vətən.

Ölərik, biz səni vermərik yada,
Ölümü öldürüb gəlmişik Vətən.
Üç rəngli bayrağım elə yaraşı, elə,
Azadlıq şərqisiynən dünya gələcək dilə.

Noyabr, 1989

Bölmə : Poeziya, Ədəbiyyat