Binamusluq – Cəlil Məmmədquluzadə

32 Baxış

3

Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan ayağa kimi müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar ki, “ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri millətlər kimi tərəqqi et…”

İndi dünyada heç bir müsəlman qəzeti yoxdur ki, bu cür haray-dad eləməsin. İndi müsəlman aləmində heç bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. İndi Azərbaycan və Tehranda heç bir mücahid və millətpərəst yoxdur ki, deməsin: “Ey biçarə müsəlman, oyan xabi-qəflətdən!”

Bəli, qəzetlər və məcmuələr belə yazırlar, mücahidlər və millətpərəstlər belə buyururlar və bu sözləri oxuyanlar da və eşidənlər də bir-birinə baxıb, öz-özlərinə deyirlər: “Pəh, pəh! Nə gözəl yazıb! Pəh, pəh! Nə gözəl danışır!”

Amma mənə qalsa, mən, Molla Nəsrəddin, deyirəm ki, bu sözlərin qiyməti bir dənə çürük qəpikdir. Ondan ötrü ki, bir şəxs bir sözü danışanda lazımdır ki, o sözü bəyan eləsin, açsın, o sözə isbat və dəlil gətirsin, yoxsa boş-boş söz danışmağa nə var? Onu cijim də danışar.

Bəli, ağzı qəşənglər buyururlar ki, “ey biçarə müsəlman, xabi-qəflətdən oyan!”. Çox gözəl, bəs burada lazım deyilmi ki, mətləbi açmaq və sözü bir az açıq danışmaq? Yəni necə “xabi-qəflətdən?” Məgər müsəlman xabi-qəflətdir? Nə eləyib yazıq müsəlman ki, xabi-qəflətdə olsun?

Heç bir insaf əhli bunu inkar edə bilməz ki, millətlər içində heç bir millət Allaha ibadət və böyüklərə itaət etməkdə müsəlman millətlərinə bərabər deyil və ola bilməz.

Həqiqət, nə eləyib yazıq müsəlman ki, xabi-qəflətdə olsun? Yəni müsəlman milləti o günə qalıbdır ki, yəcuc-məcuca oxşayan yapon bütpərəstlərindən də əskik olsun? Yəni beş-on top-tüfəng sahibi olmaq ilə murdar firənglər müsəlmanlardan artıq oldular? Yainki beş-altı milyon cinni Cəfər qonşunu saxlamaq ilə kafir ingilislər müsəlmanlardan şərafətli oldular?

Mənə qalsa, mən Molla Nəsrəddin, deyirəm ki, müsəlmanlar barəsində “xabi-qəflət” sözünü danışmaq və “özgə millətlər kimi tərəqqi et” nəsihətini müsəlmanlara eləmək eyni biqeyrətçilikdir.

İki il bundan irəli ruslarla yaponlar dava edən vaxt gün olmazdı ki, bizim şeyxül-islam və müftilərimiz, qazı və mollalarımız məscidlərdə belə dua etməsinlər “Bari pərvərdigara! Urusun qılıncını kəskin elə ki, Allaha şərik qərar verən bütpərəstləri, yəni yaponları bir günün içində qırıb, müzməhill eləsin”. Amma indi Tehranda “Məclis” ruznaməsi yazır ki: “İndi-şəhəriyari səadətmənd rötbeyi xudra ba-imperaturi japon bərabər saxtəəst”; yəni bizim padşahımız öz rütbəsini yapon padşahının rütbəsi ilə bərabər elədi… Bəli, yapon padşahının…

Amma mən elə bilirəm ki, bu sözlərin yarısı doğrudur: İran padşahının başı yapon padşahının başına çox oxşayır, amma özgə bir işləri oxşamır. Güman edirəm ki, Təbriz əhli sözümü təsdiq edərlər.

Bəli, sözümüz burada deyil; sözümüz buradadır ki, müsəlman padşahını bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik. Məgər bu biqeyrətçilik deyil?

Deyirik ki, dala qalmışıq, elm oxuyaq, tərəqqi edək ki, biz də mədəni millətlər cərgəsinə daxil olaq. Pəh, pəh! Maşallah belə gözəl sözlərə! Yəni hansı millətlərin cərgəsinə daxil olaq? Kimdirlər o mədəni millətlər? Bilirsiniz kimdirlər? Haman firəng və ingilislər, haman rus və almaniyalılar, haman amerikan və yaponlar.

Yadımdadır, uşaqlıqda evimizdə şitəngilik edib, bir qab sındıranda rəhmətlik nənəm məni belə söyərdi: “Ay bütpərəst oğlu bütpərəst!” Yazıq nənəm! İndi bir sağ olaydın və görəydin ki, padşahımızı bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik.

Məgər bu binamusluq deyil?

Bir neçə il bundan irəli Mirzə Həsən Avropada təhsilini qurtarıb, şəhərimizə gələndə firəng börkü qoymuşdu və mollalarımızın heç biri biçarə Mirzə Həsənin salamını almırdılar ki, özünü firəngə oxşadıb. Amma indi deyirik tərəqqi edək və Avropa millətlərinin cərgəsinə daxil olaq.

Bunlar hamısı keçəndən sonra mən başa düşürəm ki, necə elm? Hansı elmləri oxuyaq ki, tərəqqi edək və haradadır o elmlər? Məgər kimya elmindən savayı yenə elm var?

Bəli, maarif. Necə yəni maarif? Məgər maarif bir uzaq yerdədir? Hansı millətlərin alimləri “İxtiyarat” kitabı kimi bir kitab yaza bilər? Məgər rəvadır ki, biz müsəlman ola-ola özümüzü əcnəbi millətlərdən bu dərəcədə alçaq tutaq? Bəs harada qaldı bizim etiqad və əfkarımız, ibadət və itaətimiz?

İndiyədək deyirik ki, hər bir müsəlman özünü bir özgə millətə oxşatsa, qiyamətdə haman millətlə həşrə aparacaqlar. Bəs indi Məhəmmədəli şah başına nə çarə qılsın ki, mikado ilə həşri qopacaq?

Belə olan surətdə necə ola bilər ki, mömün müsəlmanlar tərəqqi eləsinlər, yəni özlərini kafirlərə oxşatsınlar?.. Məgər deyil bu biar və binamusluq?

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  3 mart,  1906,  N 9.

KÖŞƏ YAZARLARI
TOP 10