Bir əsrin iki faciəsi – “Yarımçıq xatirələr” – Nuranə Abbasova

15 Baxış

Yarımçıq xatirələr filmindən fraqment (3)

“İnsanın bəxtinə düşən ən böyük haqsızlıq müharibədir”.

Filmdə səhnələrin birində səsləndirilən bu ifadə əslində süjet xəttinin insanlara çatdırmaq istədiyi əsas məqsədi ortaya qoyur. Bu haqsızlıq film boyunca Azər İbrahimovun müharibənin ana xətt təşkil etdiyi həyatının təsvirində, Vanyanın öz ölkəsindən kənarda – başqasının torpağında vuruşarkən anası üçün nigaran qalmasında və üstəlik, babası ilə eyni taleyi paylaşan veteranın cəsədi uğrunda mübarəzəsində özünü göstərir. Söhbət “Yarımçıq xatirələr” filmindən gedir…

 

Böyük Vətən Müharibəsinin 70-ci il dönümünə həsr olunmuş bu ekran əsəri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilib. Film Azərbaycan, Belarus, Rusiya, Gürcüstan və Almaniya aktyorlarının ortaq layihəsidir. Real hadisələr əsasında çəkilən filmdə iki süjet xətti əsas götürülüb: uzaq Böyük Vətən Müharibəsi və yaxın Qarabağ müharibəsi…

Filmin ilk hissəsinin çəkilişləri Belarusun Brest və Minsk şəhərlərində aparılıb. Səhnələrin əksəriyyəti Dubitsada və Brest qalasında lentə alınıb. Kütləvi səhnələrdə iki yüzdən çox Brest əhalisi iştirak edib. Onlar gah partizan, gah faşist, gah da hərbi əsir rolunda çəkiliblər.

Filmin rejissoru Elxan Cəfərov 2015-ci ildə belə bir film çəkməsinin səbəbini müsahibələrinin birində bu cür izah edib:

“2015-ci ildə Böyük Qələbənin 70 illiyidir. Bu isə keçmiş Sovet insanları üçün xüsusi tarixdir. Rəsmi statistikaya görə, Azərbaycan üç yüz mindən çox oğul və qızını itirib. Onların hamısı o zamanlar yeganə ümumi vətənləri üçün qəhərmanlıqla vuruşublar. Filmdə Azər İbrahimov nümunəsində Azərbaycan əsgərinin cəsarətini göstərmək istəmişik. Hər bir filmin müəyyən məqsədi olur. Bizim məqsədimiz sülhə çağırışdır. Bu gün buna ehtiyacımız var”.

Yarımçıq xatirələr filmindən fraqment

Filmin ssenari müəllifi Konstantin Vorobyovdur. O, Brest qalasında döyüşən azərbaycanlı Daniel Abdullayevin həyatını qələmə alıb. Daniel komandirinin ölümündən sonra rəhbərliyi ələ alıb və döyüşlərdən yoldaşlarını qəhrəmanlıqla çıxarıb. Əsirliyə düşsələr də, çətinliklə də olsa, mühasirədən qaça biliblər.

Ssenari Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Böyük Vətən Müharibəsi ilə Qarabağ döyüşlərinin paralel əlaqləndirilməsini məsləhət görülməsiylə ekranlaşdırılıb. Filmin Qarabağla bağlı hissəsinin ssenarisini Yavər Rzayev hazırlayıb.
Yeri gəlmişkən, qeyd edək ki, “Yarımçıq xatirələr” Elxan Cəfərovun Qarabağ mövzusunda çəkdiyi ilk filmi deyil. Bundan əvvəl “Qarabağdır Azərbaycan”, “Dolu” filmləri də onun rejissor qələmindən çıxıb.

E.Cəfərov “Yarımçıq xatirələr”in əsasən rusdilli auditoriya arasında geniş yayılmasının tərəfdarı olduğunu bildirib. Bunu isə belə əsaslandırıb: “Bu film təkcə bizim tamaşaçıya deyil, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin auditoriyasına anlaşılan olmalıdır. Film hər şeydən əvvəl Azərbaycan sərhədlərindən kənarda nümayiş üçün nəzərdə tutulub”.

Filmdə iyirmidən çox aparıcı obraz var. Baş rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nidjaradze, Veronika Plyaşkeviç, Şamil Süleymanov, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkilib.

Mövzusu:

Film 1945-ci ildə Brest qalasını faşistlərdən qəhrəmanlıqla qoruyan, əlli il sonra isə doğma Qarabağı üçün ermənilərə qarşı vuruşan əsgərin həyat hekayəsindən bəhs edir.

Baş qəhrəman rus dili müəllimi olan, müharibə zamanı isə snayper olmuş Azər İbrahimov 90-cı illərdə Qarabağda döyüşlər zamanı öldürülür. Veteranın öldürülməsi göstərişini alan zabit sinif otağında onun medalını, gündəliyini və fotosunu tapır. Zabit (Vanya) fotodan anlayır ki, öldürdüyü veteran onun babası ilə birlikdə faşistlərə qarşı vuruşub…

Yarımçıq xatirələr filmindən fraqment (2)

Vanya veteranın gündəliyini vərəqlədikcə paralel olaraq Böyük Vətən Müharibəsi illərindəki səhnələr canlanır: Brest qalasının müdafiəçisi olan qəhrəman üçün müharibə 1941-ci ildə başlayır. O, faşistlərə qarşı vuruşur, daha sonra Dubitsada əsir düşərgəsinə düşür. Oradan qaçaraq partizanlara qoşulur. Filmin leytmotivini isə Azərbaycan, rus və erməni əsgərinin müharibə zamanı faşist işğalçılarına qarşı birgə mübarizə aparması və onların dostluq münasibəti təşkil edir. Azər yaralanan zaman Vanyanın babasının onlara kömək etmək istəməyən erməniyə “Sənin üçün fərqi var hansı millətdəndir?” müraciəti filmin ideyasını ortaya qoyur.

Erməni zabit Artavazd Azər İbrahimovun cəsədini sataraq biznes maraqlarını qoruyur. Vanya isə babasının dostunun cəsədini ermənilərə güzəştə getmək niyyətində deyil. Bu işdə erməni snayper Janna da Vanyanın tərəfini saxlasa da, onun həyatı üçün narahatdır. Çünki Artavazd heç bir azərbaycanlının cəsədini belə qarşı tərəfə verməyi planlaşdırmır. Buna səbəb həm azərbaycanlılara olan nifrət, həm də pul hərisliyidir. Vanya həm babasının, həm də özünün ruhunu rahatlatmaq üçün veteranın cəsədini axtarıb tapmaqda israrlıdır. O, bunu keçmişi və dostluq qarşısında bir vəzifəsi kimi görür. Bu səbəbdən Artavazdın cəsədi kimə satdığını öyrənib tapır. Yeganə məsələ cəsədi Azərbaycan tərəfinə təhvil verməkdir. Artavazd Vanyanın fikrindən daşınmayacağını görüb, “bir daşla iki quş vurmaq” qərarına gəlir. Azərbaycan döyüşçüsü Cavanşiri “özünə qurban seçən” Artazavd cəsədin məhz onun təhvil almasını yoluna qoymaq üçün Vanyanın Cavanşirlə əlaqə qurmasını təşkil edir. Hər şey plan üzrə getsə də, cəsədlərin təhvil verilməsi zamanı Janna snayperlə Cavanşiri vurmaq tapşırığı alır. Ancaq güllə Jannanın aşiq olduğu Vanyaya dəyir. Bu zaman başlayan atışma Jannanın da sonu olur.

Filmin Qarabağda döyüşlərlə bağlı çəkilən hissəsində bir tamaşaçı kimi hiss etdiyim yeganə çatışmazlıq adlara yer verilməməsidir. Məsələn, Vanyaya ermənilərin “hansısa dəhlizi” almalarını bayram etdikləri xəbər verilir. Xarici tamaşaçı üçün bu “dəhliz” və kimin hansı torpaq uğrunda apardığı mübarizə qaranlıq qalacaq. Filmin İkinci Dünya Müharibəsi lentə alınan hissəsi Qarabağ müharibəsi ilə müqayisədə bir qədər peşəkar və aydın işlənib. Birinci süjet xəttində tamaşaçı mübarizənin səbəbini və tarixini bilir, ikinci xətdə isə bu, bir o qədər açıqlanmır. Vanyanın “Mən bilmirəm, bura kimin torpağıdır” replikası, həqiqətən, açıqlanmamış qalır.

Faşistlərlə mübarizə səhnələrində isə məşhur “Şindlerin siyahısı” filmindən bəzi təkrarları görmək mümkündür. Xüsusilə, əsirlərin gətirilməsi, qadınların yandırılmaq üçün taxta sığınacaqlara yerləşdirilməsi səhnəsi diqqətcil tamaşaçı üçün təkrar təsiri bağışlaya bilər.

Ümumilikdəsə, aktyorların peşəkar oyunu, üzlərindəki ifadələr və hadisələri dərindən dərk etmələri təqdirəlayiqdir.

Rus dilində çəkilən filmdə erməni obrazlarını gürcü aktyorları canlandırıblar. Janna rolunu canlandıran aktrisa Gülzar Qurbanova 2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

Filmdə alman əsir düşərgəsi Minskdə – Rakovda və Vileykada lentə alınıb. Texniki dəstəyi “Belarusfilm” göstərib. 90 dəqiqəlik tarixi-dram janrında çəkilmiş filmin büdcəsi 2 milyon manatdır. Azərbaycan və Belarusun ortaq layihəsi olan “Yarımçıq xatirələr”in ilk premyerası 9 may 2015-ci ildə baş tutub.

 Mənbə: “Ustad” jurnalının 20-ci sayı.