Bir cizgi qəhrəmanın həyat hekayəsi

174 Baxış

peterpen

Səma Fuadqızı

 

Əvvəli burada:

Piter Pen obrazı necə yaranıb?

 

 

“Piter Pen”  pyesinin tarixi Ceyms Barrinin Devis ailəsinin uşaqlarını öz kotecinə dəvət etməsindən – 1901-ci ildən başlayır. Orada Barri  uşaqlarla birlikdə  adaya düşən və quldurlarla   döyüşən oğlanların hekayəsini oynayır ( Bu oyunların əsasında yazıçı “Gəmi qəzasından zərər çəkən oğlanlar” fotokitabını nəşr etdirir).  Ceyms Barrinin uşaqlar üçün yaratdığı sehirli dünyası “Neverland” adlanır. 1903-1904-cü illərdə Barri “Piter Pen və ya heç vaxt böyüməyəcək oğlan”  adlı yeni pyesini  yazır. O, bu pyesi həm də Devis ailəsinin uşaqlarına ( Corc, Cek, Piter, Maykl və Nikolas) həsr edir.

Bu pyesdə Piter Penin yaşı 6 və ya 7 olaraq göstərilir. Burada Piter Pendən əlavə kapitan Kryuk quldurları  ilə, onun timsahı, balaca pəri Din-din (Tinker Bell) və s.  kimi personajlar da yer alıb.

1904-cü ilin 27 dekabrında York hersoqluğunun London teatrında Çarlz Folknerin rejissorluğu ilə Barrinin pyesinin  premyerası keçirilir.  İlk tamaşalarda Piter Peni qadınlar ifa edir ( ilk aktrisa 37 yaşlı Nina Butsiko idi).

Barri pyes üzərində işləyərkən ona düzəlişlər edirdi. Devis ailəsinin uşaqlarının istəyinə görə o ilk olaraq bütün quldurları  “öldürür”. Lakin sonra qərara gəlir ki, quldurlardan  ikisini saxlasın. Müəllif həm də Vendinin evə qayıdandan sonra Kenqsinqton parkında məktəb müəllimi obrazında Kryukun peyda olma səhnəsini pyesdən çıxarır.  Premyeranın ən çətin səhnəsi Tinkerbellin (Din-din) Piteri xilas etmək üçün onun bardağından zəhərli içkini içməsi idi. Barrinin düşüncəsinə görə Piter Pen Tinkerbelli alqışlamaq üçün zala müraciət etməli idi. Çünki yalnız insanların pərilərə inamı onun həyatını xilas edə bilərdi.

Premyeradan iki il sonra (1906)  Barri “Balaca ağ quşcığaz” romanını 6 başlığa bölərək  “Piter Pen Kenqsinqton bağında” adı ilə nəşriyyatlara çap etdirməyə verir. Qeyd edək ki, kitabdakı illustrasiyaların müəllifi Artur Rekxemdir.  1911-ci ildə isə müəllif öz qəhrəmanı (Piter Pen)  haqqında ən məşhur kitabını  “Piter Pen və Vendi” ni nəşr etdirir. Bu kitab ilk dədə F.D. Bedbordun illustrasiyaları ilə nəşr olunur, 1921-ci ildə isə Barrinin şəxsi istəyi ilə kitabın rəssamı Meybl Lyusi Etvvel olur.

Barrinin hekayəsinin uğurlu tərəfi həm də onun özünəməxsus üslubunun olmasındadır. Müəllif oxucuda  “ikinci reallıq” illuzyasını yaratmaq niyyətində deyil. Bunun əvəzində o sanki oxucunu oyuna dəvət edir. Bu oyunda isə nə istəsən var : pərilər, su pəriləri, quldurlar, hindular və s.

Onu qeyd edək ki, Barri  aprelin 30-dan mayın 1-nə keçən gecə Kenqsinqton parkında  mühafizəçilərdən xəbərsiz Corc Fremptonun hazırladığı Piter Penin heykəlini qoydurur. Lakin Barri heykəltaraşın işindən o qədər də razı qalmır. Çünki heykəlin modeli  olaraq Barri Maykl Devisi məsləhət görür. Lakin Fremton bunun üçün başqa oğlanı seçir. Digər tərəfdən isə Barriyə görə heykəltaraş Piter Pendə olan “şeytanlıq”ı  göstərə bilməmişdi. Kenqsinqton parkında qurulan heykəl İngiltərə parlamentində qalmaqalla qarşılaşır. Onlara görə bu müəllifin özünü reklam etməsi idi. Lakin yaranan səs-küy tez yarandığı kimi, tez də bitir.

1922-ci ildə Ceyms Barri “ Xidmətə görə” ordenlə təltif olunur. 1930-cu ildə isə Edinburq universitetinin kansleri seçilir. Lakin nə pul, nə də ad-san  Bariyyə yaxınlarını xilas etməyə kömək olmur. 1906-cı ildə Artur Devis xərçəng xəstəliyindən vəfat edir. Devis ailəsinin qayğısını çəkməyi Barri öz üzərinə götürür. 3 ildən sonra Arturun həyat yoldaşı Silviya da xərçəngdən dünyasını dəyişir. Barri onların övladlarının qeyri-rəsmi qəyyumu olur.

Ölüm Devislər ailəsinin kabusuna çevrilir. Silviyanın üç oğlu faciəvi şəkildə həlak olur:  Corc I Dünya müharibəsində 1915-ci ildə həlak olur,  Maykl 1921-ci ildə dənizdə batır, Piter isə 1960-cı ildə özünü metro qatarının altına atır. Barri Piterin ölümünü görmür, çünki 1937-ci ilin 19 iyununda yazıçı pnevmoniyadan dünyasını dəyişir.

Piter Pen haqqında ilk film Barrinin sağlığında 1924-cü ildə çəkilib.  1953-cü ildə isə məşhur Uolt Disney studiyasında Piter Pen haqqında cizgi filmi ekranlaşdırılıb. Əslində Disney “Piter Pen” i daha tez çəkməyi – “Ağbəniz” cizgi filmindən sonra-  planlaşdırmışdı. Lakin müəllif hüquqlarında yaranan problem, daha sonra II Dünya müharibəsinin başlaması bu işi gecikdirdi. II Dünya müharibəsi bitəndən sonra  Uolt Disney studiyası Klayd Ceronimi və Uilfred Ceksonun rejissorluğu ilə “Piter Pen” cizgi filmini çəkdi.

Animatorlar Piter Peni səsləndirmək üçün 15 yaşlı Bobbi Driskollu dəvət etdilər. Çoxları elə düşünürdü ki, pəri Tinkerbellin obrazının siması Merlin Monronun üz quruluşundan götürülüb, əslində isə  bu aktrisa Marqaret Kerrinin siması idi.

2003-cü ildə isə Cey Xoqanın rejissorluğu ilə “ Piter Pen” filmi ekranlara çıxdı. Cey Xoqanın filmi ajiotaj yaratmasa da “Piter Pen” pyesinin ruhunu tamaşaçılara təqdim etməyi bacarır. Film parlaq, nağılvari dekorasiyaları ilə seçilir.

 

 

“Gəmi qəzasından zərər çəkən oğlanlar” fotokitabından

1

 

 

Maykl Devis “Piter Pen” rolunda

2

 

 

Barrinin uşaqlar üçün yaratdığı sehirli dünyası “Neverland”

3

 

 

“Piter Pen” tamaşasının premyerasından (1904)

4

 

 

Kenqsinqton parkında Piter Penin heykəli

5

 

 

“Piter Pen” haqqında ilk film (1924)

6

 

 

1953-cü ildə Uolt Disney studiyasının çəkdiyi “Piter Pen” cizgi filmi

7

 

 

Tinkerbell (Din-din) obrazı

8

 

 

2003-cü ildə isə Cey Xoqanın rejissorluğu ilə çəkilmiş “ Piter Pen” filmi

9

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10