Bir cümlə – ESSE

163 Baxış

yıl-donumu-hediyesiSəninlə bağlı düşüncələr masa üstündəki rəngli karandaşlara oxşayır.Birlikdə necə də gözəl görünürlər…Əslində rəngli karandaşları çox xoşlayıram.Bəlkə ona görə səni yadıma salır. Bilmirəm.

Onu bilirəm ki,sənli düşüncələr hər yanda mənimlədir. Hər şey mənim yadıma səni salır. Niyə? Bu əzablardan xilas olmağın bir yolu olmalıdır,axı…
İstəyirəm ki,heç nə səni xatırlatmasın,heç nə səni yada salmasın.Və günlərin bir günü bunun çıxış yolu tapıldı,deyəsən.Allahımdan hafizəmin itməyini dilədim. Günlərlə dilədim.Olmadı…

Sonra özüm üçün yəqin etdim ki,yaddaşımdan hər şey silinsə belə bircə sən qalacaqsan,buna yüz faiz əminəm…


Ən dəhşətlisi odur ki,özüm özümü tanıdığım kimi heç kim məni tanımır.Bəlkə hamı belədir.Hamı özünü yaxşı tanıyır.Bir də Allah hamını yaxşı tanıyır və məni də,mənim özümdən də yaxşı…


Onda Allahım sənə görə mənə nə cəza verəcəksə,razıyam.Təkcə sənə görə onun qarşısında günahkaram.Hər gün Allahıma yalvarıram ki, Allahım ,nə olar,onun adını,səsini,surətini mənim yaddaşımdan sil,apar…


Hə..Özümü yaxşı tanıyıram və bilirəm ki,ölən günəcən bu düşüncələr mənimlə olacaq.Əvvəllər qul olmaq sözünü heç xoşlamırdım.Niyə qul olum ki,”Azadlıq ən böyük nemətdir” deyiblər.Amma Allahım bilir ki,özümü birinci onun qulu hesab edirəm,sonra isə sənin quluna çevrilmişəm və sənin quluna çevrilməyimə bütün varlığımla üsyan etmək istəyirəm.Alınmır.Və bu mənə əzab verir.Sənli düşüncələrlə mübarizə apara bilmirəm,məndən əl çəkmirlər..
Belə yaşamaq əsl insan yaşamağı deyil…


İtlər haqqında oxumuşam ki,onlar qeyri-adi heyvanlardır.Onlar üçün kasıb,dövlətli,yalançı,oğru yoxdur.Onun dostusan ,vəssalam.Hərdən sənə bağlılığımda özümü o heyvanların sədaqəti ilə tutuşdurmuşam.Sənə itlər kimi sədaqətliyəm..Bu sözü bəlkə haçansa sənə deyə biləcəyəm…


Rəngli karandaşlardan savayı yaşıl kəndlər,yaşıllığa bürünmüş üzun yollar səni mənim yadıma salır.
Dəniz..Möhtəşəm dalğalı dəniz,füsunkar dəniz.Gözlərim yaşarana qədər baxdığım dəniz səni xatırladır.Sənin kimi inamlı,coşqun,əzəmətli və əlçatmaz…


Rəngli karandaşlarla sənin haqqında alabəzək,gözəl cümlələr yazardım ,ya da gülməli şəklllərini çəkərdim.Yaşıl kəndlərdə günlərlə səninlə qalardım.Yaşıllıqlara bürünmüş yollarla səninlə günlərlə yol gedərdim.. Dalgaları möhtəşəm dənizin sahillərində səninlə gəzərdim,dalğaların hayqırtısını dinlərdim səninlə…


Metroda, avtobusda kiçik bir uşaq görəndə səni xatıladığımı demişdim, yox , deyəsən , deməmişəm. Bax sənin kimi saf olan o uşağa baxıb , ikimiz də eyni vaxt gülərdik.


Heç bütün gözəl mahnıların səni yadıma saldığını da deməmişəm.Kaş , o musiqilərə birgə qulaq asaydıq və birgə rəqs edəydik.


Bilirsən ,o rəngli karandaşlar,yaşıl kəndər,yaşıl yollar,dalğalı dəniz,gülərüz uşaq,musiqilər,rəqslər hamısı realdır,hamısı mövcuddur.Deməli,mənə səni xatırladanlar realdır,sən də onlar qədər ,həyat qədər realsan…”Əslində həyatda yaşadığım müddət ərzində bu günə qədər rast gəldiyim ən real qüvvə sənsən…”


Bu bir cümlə yazdıqlarımın hamısının əvəzinə yazılmalıydı.Bu bir cümləni nə vaxtsa sənə deyəcəyəm..Bunu deyə biləcəyimi bilirəm.Ya da ürəymdə sənə yazılan və sonra köçürülməyən o biri sözlər kimi ürəyimdə dəfn olunacaq.Əsi Polzunov qəbirstanlığı kimi…


Əgər sənə deyəcəyim sözlər yazılsaydı, sonralar sevənlər bir –birlərinə yazmağa ,deməyə tapılan ən gözəl sözlər olardı..
Amma bir cümləni deməyə nə var…”Həyatda yaşadıgım müddət ərzində bu günə qədər rast gəldiyim ən real qüvvə sənsən”…


Tamara Heydərqızı 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10